Məhkəmə qərarları › İş №2-1(112)-7418/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7418/2024

29.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7418/2024 29.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Üçüncü şəxs X7, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə (üçüncü şəxs X11) qarşı “sərəncam və kirayə müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Mənzil- Kommunal Təsərrüfatı Departamentinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X5 adına Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 22/2 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamı və mənzilə dair bağlanan kirayə müqaviləsinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X11 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Fərman Kərimzadə küçəsi, 39 saylı evin 28 saylı mənzili xx.xx.1984-cü ildə məhrum atasına işlədiyi müəssisə tərəfindən işlədiyi dövr ərzində istifadəyə verilmişdir və müvafiq olaraq kirayə müqaviləsi bağlanmışdır. Daha sonra xx.xx.1993-cü ildə mərhum həyat yoldaşının ərizəsi ilə kirayə müqaviləsi oğlu İddiaçı adına rəsmiləşdirilmişdir. İddiaçı X11 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 28 saylı mənzilə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, 2-1(112)-5157/2022 saylı xx.xx.2022-ci il tarixli qətnamə ilə iddia tələbi təmin edilmiş, ünvan 2 ünvanında yerləşən 28 saylı mənzilə dair mülkiyyət hüququnun X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmasına dair qərar qəbul olunmuşdur. Həmin qətnamə maraqlarına toxunduğu üçün məhkəməyə rəsmi müraciət etməklə qərarın surətini almış və qərardan apellyasiya şikayəti vermişdir. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 22/2 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamı ilə isə mənzilə dair kirayə müqaviləsi X5 adına bağlanılmışdır. Həmin sərəncamın qanunsuz hesab edilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinə rəsmi müraciət etmiş və həmin sərəncamın etibarsız hesab olunmasını və X5 adma bağlanmış kirayə müqaviləsinin etibarsız hesab edilməsini istəmişdir. İş materiallarına əlavə olunan 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 137 saylı Mənzil Kommunal İstismar Sahəsinin verdiyi arayışdan göründüyü kimi iddiaçı X8 tərəfındən xx.xx.1994-cü ildən 1711 saylı şəsxi hesabı X9 adına keçrilməsi barədə Sərəncam verilmiş və xx.xx.2020-ci ilə qədər Şəxsi hesab X3 məxsus olmuşdur. Mənzilin kirayə haqqı 220-ci ilə qədər X2 adına olmuşdur. İddiaçının adına mənzilin keçməsinə dair sərəncamın arxivi mövcuddur. Mənzil iddiaçının istifadəsində olduğu və kirayə pulu ödənildiyi halda hansı əsasla Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 22/2 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamı ilə mənzilə dair kirayə müqaviləsi X12ma adına bağlana bilərdi. İddiaçı tərəfindən kirayə müqaviləsinin X5 adına bağlanılmasına dair heç bir razılıq ərizəsi mövcud deyildi. Bu əsasla Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 22/2 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamı və mənzilə dair kirayə müqaviləsi X11 adına bağlanılması etibarsız hesab edilməlidir. Bundan başqa, mənzildə onunla bərabər qeydiyyatda olan ailə üzvilərinin də kirayə müqaviləsinin onun adına keçrilməsi barədə məlumatları olmamışdır. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Üçüncü şəxs iddiaya yazılı etirazını təqdim etmiş və bildirmişdir ki, xx.xx.1975-ci ildə Azərbaycan Respublikasının vətəndaşı olan X8 ilə rəsmi nikaha daxil olmuşdur, xx.xx.2015-ci ildə həyat yoldaşı vəfat etmişdir. ünvan 1, mənzil 28-də qeydiyyatda olmaqla yaşayır. Bu mənzil xx.xx.1984-cü ildə məhrum həyat yoldaşına işlədiyi müəssisə tərəfindən işlədiyi dövr ərzində istifadəyə verilmişdir və müvafiq olaraq kirayə müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixində Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Komunal Təsərrüfatı Departamentinin 22/2 №-li Sərəncamı ilə ünvan 1, mənzil 28 onun adına rəsmiləşdirilmişdir. O, xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, ünvan 1, 28 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmişdir. Lakin cavabdeh müraciətinə xx.xx.2021-ci il tarixli **********56 №-li məktubu ilə imtina etmişdir. Bundan sonra isə çıxarış alınması öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üzərinə qoyulması üçün Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və xx.xx.2022-ci il tarixli qətnamə ilə iddiası təmin edilmişdir. Övladları İddiaçı və X6 həmin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi üçün Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə iddiasını təmin etmişdir. İddiaçı xeyli vaxtdır ki (10 ildən artıqdır ki), həmin ünvanda yaşamırdı, qeydiyyatı formal xarakter daşıyırdı. Buna görə də məhkəmədə iddia qaldıraraq onların istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir və Suraxanı Rayon Məhkəməsi iddiasını təmin etmişdir. İddiaçı həmişə problemli övlad olmuşdur. İddiaçı heç bir zaman ona ana kimi hörmət etməmiş, hər zaman pis davranmış, hətta mübahisə zamanı o qollarını tutmuş, yoldaşı isə kasanı dəfələrlə başına çırpmışdır. Həmin zədələr hələ də başında qalır. Yoldaşı da övladlarının bu davranışlarından stressə düşmüş, uzun müddətli stressdən sonra xərçəng xəstəliyinə tutmuş və vəfat etmişdir. İndi isə həmin anları o təkrarən yaşayır. Belə ki, mübahisəli mənzil məhkəmə qərarı ilə sənədləşdirilsə də, hal-hazırda da həmin çıxarışın ləğv edilməsi üçün çalışır. Halbuki, qanun qayda ilə məhkəməyə müraciət edib əmlaka almışdır. Hətta çıxarın verilməsi tələbinə dair iş üzrə üçüncü şəxs kimi işə cəlb edilməyini xahiş edərək çıxarışın ləğv edilməsinə nail olmağa çalışmış, heç bir nəticə əldə edə bilmədiyi üçün hazırkı iddianı qaldırmışdır. Bununla belə iddia ərizəsində də bildirmişdir ki, guya şəxsi hesab onun adına olmuş, mənzilin kirayə haqqı 2020-ci ilə qədər onun tərəfindən ödənilmişdir. İddiaçı tərəfindən hər hansı ödəniş edilməmiş, ödənişlər onun tərəfindən edilmiş, qeyd edilən halı təsdiq edən qəbzləri də məhkəməyə təqdim edə bilər. İddiaçının mənzilin onun adına sənədləşdirilməsinə dair notarial qaydada tasdiq edilmiş ərizəsi olmuş, həmin ərizənin əsasında onunla kirayə müqaviləsi bağlanılmış, sonra isə çıxarış verilmişdir. İddiaçı kirayə haqqlarının özünün ödədiyini iddia edir, belə olan halda həmin halı təsdiq edən süburtları məhkəməyə təqdim etməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs və onun nümayəndəsi iddiaya etiraz edərək onun rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə qeyd olunanlara əsasən işin hallarını araşdıraraq hesab edir ki, hazırkı iddia iddianın mümkünlük şərtlərinə cavab vermir. Belə ki, iş materiallarında olan “Qum adası” NQÇi-nin xx.xx.1993-cü il tarixli mənzil kirayə müqaviləsinin dəyişdirilməsi haqqında qərarından görünür ki, Qara Çuxur qəsəbəsi, Kərimzdə küçəsi, ev 39, mənzil 28 ünvanında yerləşən mənzilin ilkin kirayəçisi X2 ərizəsi ilə əlaqədar mənzilin kirayə müqaviləsinin X10 ilə bağlanılması qərara alınmışdır. İşdən görünür ki, X11 xx.xx.2020-ci il tarixdə ərizə ilə Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət edərək, qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən 28 saylı mənzilin kirayə müqaviləsinin onun adına bağlanmasına sərəncam verilməsini xahiş etmişdir. İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən 28 saylı mənzilin kirayə müqaviləsinin X5 adına bağlanmasına heç bir etirazı yoxdur, razıdır. Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 22/2 saylı, xx.xx.2020-ci il tarixli sərəncamından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Fərman Kərimzadə küçəsində yerləşən 39 saylı evin, yaşayış sahəsi 25,0 kv.metr olan 1 otaqlı 28 saylı mənzilinə 4 nəfər ailə üzvü ilə (özü, oğlu və 2 qızı) X4 adına kirayə müqaviləsi bağlanılmış və o, həmin mənzilin kirayəçisi hesab olunmuşdur. xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 28 saylı mənzilə X5 mülkiyyət hüququ qeydə alınmış və bu barədə ona reyestrdən çıxarış verilmişdir. İddiaçı hazırda Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 22/2 saylı, xx.xx.2020-ci il tarixli sərəncamının və həmin sərəncam əsasında X11 ilə bağlanmış kirayə müqaviləsinin ləğv edilməsini xahiş edir, hansı ki, bu iddia mübahisələndirmə haqqında iddia növünə uyğun iddiadır. Belə ki, İPM-in: -2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri iləbağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər; - 35.1-ci maddəsinə əsasən, həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında vəmüəyyən hərəkətləri etməkdən çəkinməyədair iddia mümkün sayılır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarı). İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, İPM-nin 38-ci maddəsində inzibati aktın mübahisələndirilməsi üzrə müddətin axımının başlanması onun təqdim və ya elan olunduğu vaxtla müəyyən edilmişdir. Habelə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Beləliklə, inzibati qanunvericliklə müddətin axımının başlanğıc tarixi bilavasitə inzibati aktın təqdim və ya elan edilməsi tarixi ilə əlaqələndirilmişdir. İşin yuxarıda sadalanan hallarından görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi ünvanlayaraq, qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən 28 saylı mənzilin kirayə müqaviləsinin üçüncü şəxsin adına bağlanmasına razılıq vermiş, etirazının olmadığını bildirmişdir. Deməli, mübahisəli sərəncam iddiaçıya təqdim edilmədiyi güman olunsa belə, o həmin tarixdən sonra 28 saylı mənzilin kirayə müqaviləsinin üçüncü şəxsin adına dəyişdirilməsindən xəbərdar olmuş, iddiaçı məhkəmə iclasında bu halı qəbul etmişdir. İPM-in 24-cü maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir (maddə 24.1). Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır (maddə 24.2). Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir (maddə 23.3). Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz (maddə 24.4). İstinad olunan normalardan görünür ki, qanunverici prosessual müddətin ötürülməsindən 1 il keçdikdən sonra ötürülmüş müddətin bərpası imkanını belə istisna edir, bir şərtlə ki, müddətin ötürülməsi təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmasın, hansı ki, hazırkı işdə belə bir halın olması müəyyən edilmir. Belə olan halda aydın olur ki, iddiaçı xx.xx.2020-ci il tarixli sərəncamdan həmin ildən məlumatlı olmuş, lakin onun ləğvi üçün xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə yuxarıda istinad olunan normaların tələblərinə əsasən mübahisələndirmə üçün prosessual müddəti, habelə buraxılmış müddətin bərpası üçün ərizə verilməsi imkanını nəzərdə tutan 1 illik müddəti ötürmüşdür. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar