Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7419/2022 06.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı (3-cü şəxs: X2 və digərləri) “qeydiyyatdan çıxarma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı yaşayış sahəsini alqı-satqı və ipoteka müqaviləsinə əsasən əldə etmişdir. İddiaçı qeyd edir ki, yaşayış sahəsində qeydiyyatda olan şəxslərin qeydiyyatı formal xarakter daşıyır. Belə ki, həmin şəxslər hazırda yaşayış sahəsində yaşamır. Hazırkı vəziyyətdə qeyd olunan şəxslərin qeydiyyatda qalması onların hüquqlarının pozulmasına səbəb olur ki, müvafiq polis orqanı müraciəti əsassız olaraq qəbul etməmiş və həmin şəxsin qeydiyyatdan çıxarılmasını həyata keçirməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə X12, X2, X9, X15, X10, X13, X7, X11 və X14 və üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmələri (zəruri cəlbetmə) qərara alınmışdır. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə dəqiqləşmə təqdim edərək qeydiyyatdan çıxarılması xahiş edilən şəxslərin bəzilərinin könüllü olaraq qeydiyyatdan çıxdıqlarını nəzərə alınmaqla, yalnız X1, X4, X3 və X5 Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 37a, mənzil 53 ünvanından qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İlk olaraq qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur ki, məhkəmə hesab edir ki, yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə məntiqi nəticə etibarı ilə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə də münasibət bildirilə bilər. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmaması hər nə qədər xüsusi hüquq sahəsinin predmeti kimi mülki icraat qaydasında aydınlaşdırılmalı olmalı olan məsələ kimi görünsə də, qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində publik hüquq münasibətləri çərçivəsində, eləcə də hazırkı iş üzrə olduğu kimi yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə dair işə baxılan zaman şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmadığının müəyyən edilməsini istisna etmir. AR MM-nin 2.5-ci maddəsinə görə əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. Göründüyü kimi qanunvericilikdə nəzərdə tutulmuş hallarda mülki hüquq normalarının inzibati münasibətlərdə tətbiqi mümkün hesab edilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının Vİİİ hissəsinə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin öz səlahiyyətlərinə aid edilən məsələlərə dair Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə qərarları inzibati münasibətlərdə mülki hüquq normalarının tətbiqinə səlahiyyət yaradır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020ci il tarixli qərarından göründüyü kimi müəyyən edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olubolmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda, həmin qərarda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Qərarın məzmunundan da göründüyü kimi inzibati məhkəmə icraatı qaydasında məhkəmə şəxs və ya şəxslərin yaşayış sahəsinə əmlak hüquqları, eləcə də istifadə hüquqlarının olmadığını müəyyən edərsə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi inzibati orqana həvalə etmək səlahiyyətinə malikdir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında işə baxan məhkəmənin şəxsin əmlak hüququna malik olubolmadığını müəyyən etmək imkanı nəzərdə tutulmuşdur ki, məhkəmə hesab edir ki, müəyyən edilmiş bu səlahiyyətin icrası da müvafiq mülki hüquq normalarının tətbiqini zəruri edir. İşin faktiki halları ilə bağlı isə ilk olaraq qeyd edilməlidir ki, İddiaçı, bir tərəfdən "xxxx" ASC, digər tərəfdən isə X6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən R.Fətəlizadə mülkiyyətində olan yaşayış sahəsini iddiaçının mülkiyyətinə vermişdir. Müqavilədən müəyyən edilir ki, satıcı yaşayış sahəsindən qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyyatdan çıxma barədə öhdəlik götürmüşdür. Göründüyü kimi qeydiyyatdan çıxarılması tələb olunan şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilənin mövcudluğunun hüquqi əhəmiyyətinə münasibət bildirilməsi zərurət yaranmışdır. AR MM-nin 646.1-cı maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Burada mülkiyyətə vermə özündə əmlaka dair mülkiyyət hüququnun da verilməsini ehtiva edir ki, mülkiyyət hüququ dedikdə AR MM-nin 152.1-ci maddəsində nəzərdə tutulan subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ başa düşülür. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan, sərəncam hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan da göründüyü kimi sahiblik, istifadə və sərəncam hüquqları ilkin olaraq iddiaçıya məxsusdur. Təbii ki, bu hüquq yaranmasının əsası kimi alqı-satqı müqaviləsi çıxış edir. Həmin hüquq isə iddiaçıya R.Fətəlizadədən keçmişdir ki, mənzilin köhnə mülkiyyətçisi əvvəllər yaşayış sahəsinə dair ona məxsus olmuş mülkiyyət hüququndan haqq müqavilində imtina edərək onun iddiaçının keçməsi ilə bağlı iradə ifadəsini nümayiş etdirmişdir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, alqı-satqı müqavviləsi bağlandığı tarixdən əvvəl mənzilə qeydiyyata alınmış X4 (qeydiyyata alınma tarixi: xx.xx.2007) və X1 (qeydiyyata alınma tarixi: xx.xx.2022) da qeydiyyatı həmin alqı-satqı (ipoteka) müqavilənin bağlanması ilə əhəmiyyətini itirib. Beləliklə yuxarıda adıçəkilən mülki hüquq normalarının tələbləri ilə müəyyən edilir ki, üçüncü şəxlər yaşayış sahəsinə istifadə hüququ olmayan şəxslərdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş sorğuya cavab məktubu da həmin şəxslərin istifadə hüququna malik olmadıqlarını təsdiq edir. Belə ki, AR MM-nin 139.1-ci maddəsinin tələblərinə uyğun olaraq həmin yaşayış sahəsi ilə bağlı istifadə hüququ qeydiyyata alınmalıdır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Bundan əlavə, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin məzmunu baxımından da qiymətləndirmə aparıldıqda hazırkı iddia tələbinin təmin edilməsi üçün əsas yaranır. Belə ki, yuxarıda adıçəkilən Konstitusiya Məhkəməsinin qərarında qeyd edilmişdir ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Məhkəmə, həmçinin Mənzil-Kommunal İstismar Sahəsinin arayışına əsasən üçüncü şəxslərin iddiaçıya məxsus yaşayış sahəsində hal-hazırda yaşamamalarını nəzərə almalıdır. Göründüyü kimi istər, üçüncü şəxsin yaşayış sahəsinə istifadə hüququnun olmaması baxımından, istərsə də şəxsin yaşayış yerini dəyişməsi, başqa sözlə şəxsin həmin yaşayış sahəsində yaşamaması baxımından aparılan qiymətləndirmə iddia tələbinin təmin edilməsini, üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını qanuni və əsaslı edir. Bundan əlavə, mövcud məhkəmə praktikasında rast gəlinən bir-neçə yaşayış sahəsinə eyni ünvanın verilməsi ilə bağlı da araşdırma aparılmış və üçüncü şəxslərin iddiaçının yaşayış sahəsindən kənar eyni ünvan üzrə başqa yaşayış sahəsində yaşamadığı da müəyyən edilmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin cavab məktubundan da görünür ki, sözügedə ünvanın başqa şəxslərin də yaşayış sahəsinə verilməsi ilə bağlı məlumat mövcud deyil. Azyaşlı kateqoriyasına aid digər xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X5 yaşayış sahəsinə hazırkı vəziyyətdə istifadə hüquqlarının olmaması ilə bağlı isə qeyd olunur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 2 və 4-cü bəndlərinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxsin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Beləliklə, mülkiyyətçi qanuni və əsaslı olaraq şəxsi mülkiyyətində olan yaşayış sahəsindən həmin yaşayış sahəsinə istər əşya hüququ, istərsə də ailə münasibətlərindən yaranan hüquq kimi istifadə hüququna malik olmamış, qeydiyyatı formal xarakter daşımış şəxsin qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarında da göstərildiyi kimi şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən yaşayış sahəsindən qeydiyyatda olan X1, X4, X3 və X5 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-7419/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7419/2022
06.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver