Məhkəmə qərarları › İş №2-1(112)-742/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-742/2021

17.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-742/2021 17.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “10 noyabr 2017-ci il tarixdən əlilliyin təyin edilməsi” barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “əlilliyin təyin edilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı uzun müddət ikinci tip ağır formalı şəkərli diabet (insulindən asılı şəkərli diabet), böyrəklərin zədələnməsi ilə bağlı diabet proteinurik nefropatiya, gözlərin zədələnməsi ilə diabetik retionapatiya, perifetik qan dövranının pozğunluğu ilə diapetik anqiopatiya, durğunluq ürək çatmamazlığı üç İİİ f.s, ürəyin aterosklerotik xəstəliyi, uix aterosklerotik kardioskleroz, ürək çatmamazlığı ilə müşayət olunan əsasən ürəyin zədələnməsi ilə hipertenziv xəstəlik, hipertoniya İİİ dərəcəli xəstəliklərdən əziyyət çəkmişdir. O əlillik dərəcəsinin müəyyən olunması üçün Qobustan Rayon Xəstəxanasına müraciət etmiş, uzun müddət xəstə olsa da, 10 noyabr 2017-ci ildən həmin xəstəxanada qeydiyyatda olmuşdur. Qobustan rayon Xəstəxanası Səhiyyə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına ümumi xəstəlik üzrə 0242003AACRD saylı göndəriş göndərmişdir. Lakin cavabdeh heç bir qanuni əsas olmadan və onu müayinə etmədən əlilliyinin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən imtina etmişdir. Bu səbəbdən İddiaçı əlilliyinin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Realibitasiya Xidməti tərəfindən iddiaya münasibət olaraq yazılı şəkildə bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0242003AACRD saylı göndərişi əsasında 03.04.2019-cu il tarixdə qiymətləndirilmiş və diaqnoz öz təsdiqini tapmaması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0242003AACRD saylı göndərişdə əsas xəstəlik kimi “İnsulindən asılı şəkərli diabet, Şəkərli diabet İİ tip ağır forma” diaqnozu, ağırlaşma kimi “İnsulindən asılı şəkərli diabet, Böyrəklərin zədələnmısı ilə., diabetik proteinurik nefropatiya,İnsulindən asılı şəkərli diabet, Gözlərin zədələnməsi ilə., diabetik retinopatiya. İnsulindən asılı şəkərli diabet, Periferik qan dövranının pozğunluğu ilə., diabetik anqiopatiya. Durğunluq ürək çatmamazlığı, ÜÇ İİİ f.s” xəstəlikləri göstərilmişdir. Yanaşı xəstəlik kimi “Ürəyin aterosklerotik xəstəliyi, ÜİX Aterosklerotik kardioskleroz. [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Hipertonıya xəstəliyi İİİ dərəcə” xəstəliyi qeyd edilmişdir. Göndərişdə ağırlaşma kimi qeyd edilmiş xəstəliklər obyektiv müayinələr və köməkçi diaqnostik müayinələrə təsdiq edilməmişdir. Diaqnoz və ağırlaşmalar instrumental və laborator müayinələrlə öz təsdiqini tapmadığına görə əlillik təyinatı aparmaq mümkün olmamış və əsaslı olaraq diaqnoz öz təsdiqini tapmaması barədə qərar verilmişdir. Belə ki, Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə’’nin 2.2.7. bəndinə əsasən "endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər” olduğu halda ikinci dərəcə əlilliyin təyini nəzərdə tutulur. Lakin səhiyyə müəssisəsi tərəfindən İddiaçı rəsmiləşdirilmiş 0242003AACRD saylı göndərişdə şəkərli diabet xəstəliyinin hədəf orqanlarda funksiya pozuntusuna səbəb olan patoloji hallar ətraflı şəkildə qeyd edilməmiş və köməkçi diaqnostik müayinələrlə təsdiq edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə uyğun olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə Əlillik altsistemi üzərindən qiymətləndirilməklə müəyyən edir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Həmin Əsasnamənin 4.2.bəndinə görə “Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır”. 4.7. bəndinə görə isə “Səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar.” İddiaçı səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş 0242003AACRD saylı göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmamış, əlilliyin təyininə əsas verən ağırlaşmalar müayinələrlə təsdiq edilməmişdir. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq imtina qərarı verilmişdir. Buna görə də 0242003AACRD saylı göndəriş əsasında düzgün olaraq diaqnoz öz təsdiqini tapmaması barədə qərar verilmişdir.Tibbi-sosial ekspert komissiyaları tərəfindən İddiaçı hüquqlarının pozulması istiqamətində hər hansı qanunazidd hərəkət və ya hərəkətsizliyə yol verilməmişdir. Daha sonra iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək əlilliyinin və sağlamlıq imkanlarının məhdudluğunun 10 noyabr 2017-ci ildən müəyyən edilməsi və dəyən mənəvi zərərə görə cavabdeh tərəfindən 100.000 manat ödənilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Ərizə icraata qəbul edilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclasında məhkəmənin 2-1(112)-742/2021 saylı, 17 avqust 2021-ci il tarixli qərardadı ilə iddia tələbi “cavabdehdən 100.000 (yüz min) manat mənəvi zərərin alınaraq ona ödənilməsi” hissəsində mümkün sayılmamışdır. 17 avqust 2021-ci il tarixə təyin edilmiş şifahi məhkəmə baxışı iclasında cavabdeh orqanının nümayəndəsi məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçının hazırki iddia tələbi ilə mübahisələndirdiyi məsələ ona əlilliyin 10 noyabr 2017-ci ildən təyin olunması ilə bağlıdır. Məhkəmə iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan sənədlər: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının 0242003AACRD saylı göndərişdən görünür ki, iddiaçının əsas xəstəlik kimi “İnsulindən asılı şəkərli diabet, Şəkərli diabet İİ tip ağır forma” diaqnozu, ağırlaşma kimi “İnsulindən asılı şəkərli diabet, Böyrəklərin zədələnməsi ilə, diabetik proteinurik nefropatiya, İnsulindən asılı şəkərli diabet, Gözlərin zədələnməsi ilə, diabetik retinopatiya. İnsulindən asılı şəkərli diabet. Periferik qan dövranının pozğunluğu ilə diabetik anqiopatiya. Durğunluq ürək çatmamazlığı, ÜÇ İİİ f.s xəstəlikləri göstərilmişdir. Yanaşı xəstəlik kimi “Ürəyin aterosklerotik xəstəliyi, ÜİX Aterosklerotik kardioskleroz. “Durğunluq” ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv xəstəlik. Hipertoniya xəstəliyi İİİ dərəcə xəstəliyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 23 yanvar 2020-ci il tarixli, **********1 saylı məktubdan görünür ki, İddiaçı müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0242003AACRD saylı göndərişi əsasında 03.04.2019-cu il tarixdə qiymətləndirilmiş və diaqnozun təsdiqini tapmaması qərarı verilmişdir. İddiaçı səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə edildikdən sonra xəstəliyin ağırlaşmaları göstərilməklə yeni göndəriş (forma 088) rəsmiləşdirdiyi halda, Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarına uyğun olaraq, əlillik vəziyyəti iddiaçının iştirakı olmadan adsızlaşdırılmış sənədlər əsasında qiymətləndirilib müvafiq qərar veriləcəkdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Realibitasiya Xidməti tərəfindən İddiaçı ünvanlanmış **********7 saylı 16.06.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyəti “Qobustan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın 0242003AADZY nömrəli göndərişi əsasında 29.03.2021-ci il tarixdə qiymətləndirilmiş və “İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İİ tip ağır forma Ağırlaşma Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Sol budun aşağı 1/3 hissədən amputasiyası əməliyyatı icra edilmiş, (24.11.2020) ağırlaşma E10.2 İnsulindən asılı şəkərli diabet, Böyrəklərin zədələnməsi ilə, Diabetik proteinurik nefropatiya” diaqnozu ilə “ümumi xəstəlik” səbəbi ilə müddətsiz ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Hazırda həmin qərarın qüvvədə olduğu bildirilmişdir. İşin araşdırılmış hallarından və iş materiallarından aydın göründüyü kimi, ilk olaraq iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0242003AACRD saylı göndərişi əsasında 03.04.2019-cu ildə qiymətləndirilmiş və diaqnoz öz təsdiqini tapmaması barədə qərar verilmişdir. İş məhkəmə icraatında olan ərəfədə İddiaçı barəsində Qobustan rayon Mərkəzi xəstəxanası tərəfindən 19.03.2021-ci il tarixli 0242003AADZY nömrəli göndəriş əsasında 29.03.2021-ci il tarixdə qiymətləndirilmə aparılaraq, “ümumi xəstəlik” səbəbi ilə müddətsiz ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Hazırda iddiaçı ona təyin edilən əlliliyin 10 noyabr 2017-ci il tarixdən hesablanmasını xahiş edir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1-ci maddəsinə əsasən əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; ... 3.1-ci maddəsinə əsasən Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3-cü bəndinə əsasən TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4-cü bəndinə əsasən Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6-cı bəndinə əsasən Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7 bəndinə əsasən Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1-ci bəndinə əsasən Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6-cı bəndinə əsasən Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanmış normalarının təhlilindən görünür ki, əlillik yalnız bu barədə qəbul edilmiş TSEK qərarı ilə müəyyən edilir və əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Bu mənada, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin 19.03.2021-ci il tarixli 0242003AADZY nömrəli göndərişi əsasında 29.03.2021-cu il tarixdə TSEK qərarı ilə müəyyən olunduğundan, iddiaçıya 10 noyabr 2017-ci il tarixdən əlilliyin verilməsi tələbi əsassızdır. İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cü, 68ci, 69-cu, 85-ci,10-cu mаddələrini rəhbər tutаrаq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 10 noyabr 2017-ci il tarixdən əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar