Məhkəmə qərarları › İş №2-1(112)-7420/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7420/2024

09.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7420/2024 09.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının bərpa edilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyası məbləğinin əvvəlki vəziyyətə bərpa edilməsi, yəni hər ay 997,92 AZN məbləğində müəyyən edilməsi; ona güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyası məbləğindən qanunsuz əsaslarla tutulmuş 21.535,15 AZN məbləğin birdəfəlik şəkildə iddiaçıya geri qaytarılması; ona güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyası məbləğindən qanunsuz tutulmaların aparıldığı xx.xx.2020ci ildən hazırkı iş üzrə yekun qərar qanuni qüvvəyə minənədək ödənilməmiş və ya az ödənilmiş fərqin hesablanaraq birdəfəlik şəkildə iddiaçıya ödənilməsi; ona güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasından qanunsuz olaraq tutulmaların aparılması və həmçinin cavabdeh inzibati orqanın öz hüquqi öhdəliklərini pozması nəticəsində iddiaçıya vurulmuş mənəvi zərərə görə 5.000 (beş min) AZN məbləğdə pul vəsaitinin kompensasiya olaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilən materiallardan da göründüyü kimi, xx.xx.1957-ci il təvəllüdlü iddiaçı xx.xx.1980-ci ildən xx.xx.2006-cı ilədək ARDNŞ "Suraxamneft" NQÇİ-də quyuların yeraltı təmiri üzrə usta vəzifəsində xüsusilə zərərli işlərdə çalışıb. Onun zərərli əmək şəraitindən 25 ildən çox, ümumilikdə isə 42 ildən artıq ümumi əmək stajı mövcuddur. Buna görə də xx.xx.2014-cü il tarixdən etibarən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Lakin təyin edilən pensiyanın məbləği qanuna müvafiq şəkildə hesablanmadığı və zərərli əmək şəraiti nəzərə alınmadığı üçün iddiaçı, "xx.xx.1980-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "Suraxamneft" NQÇİ-də (keçmiş "Orconikidzeneft") quyuların yeraltı təmiri üzrə usta vəzifəsində xüsusilə zərərli işlərdə çalışdığı dövrün iş stajının AR Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş (320 nömrəli qərar, xx.xx.1993- cü il), "Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı"na uyğun olaraq xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla xx.xx.2007-ci il tarixdən (50 yaşdan sonra) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin iddiaçıya birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 iyul 2015-ci il tarixli, 2-1(82)-2478/2015 saylı qərarı əsasında iddiaçının bu iddia tələbi tam təmin edilib. Cavabdeh tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmədiyi üçün, o, 24 avqust 2015-ci il tarixdə qanuni qüvvəyə minib. Nəticədə ona ödənilməyən pensiya məbləği hesablanaraq ödənilib, həmçinin əmək pensiyası yenidən hesablanaraq məbləği artırılıb. Lakin 2020-ci ilin oktyabr ayında heç bir xəbərdarlıq edilmədən onun pensiyasının ödənilməsi bütövlükdə dayandırılıb. Çoxsaylı şikayətlərdən sonra ona bəzən şifahi, bəzən də yazılı bildiriblər ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan mütəmadi araşdırmalar nəticəsində qeyd edilən məhkəmə qərarı əsasında onun əmək pensiyası məbləğinin artırılması məsələsində cinayət tərkibi olmasına dair şübhələr yaranıb. Buna görə də vətəndaşın pensiya ödənişi dayandırılıb. İddiaçı 2020-ci ilin iyul ayında xərçəng xəstəliyinə tutulduğu barədə xəbər tutub. O, dəfələrlə ciddi əməliyyat olunub, davamlı olaraq müxtəİif, terapiyalar alıb. Hal-hazırda onun xəstəliyi ciddi şəkildə irəliləyib və buna görə də o, artıq çox bahalı və ağır prosedur olan çoxsaylı kimyaterapiyalar almaq məcburiyyətində qalıb. Artıq 4 ilə yaxındır ki, iddiaçının müalicə xərcləri günü- gündən artaraq davam etməkdədir. Bu isə onun maddi ehtiyaclarının sonsuz olduğuna dəlalət edir. Qeyd olunan xəstəliyin ağırlığı yetməzmiş kimi, bir də dövlət orqanlarının etinasızlığından iddiaçının maddi sıxıntılar içərisində olması sözün əsl mənasında çox acınacaqlıdır. İddiaçı dəfələrlə müxtəlif dövlət orqanlarına, ən əsası da cavabdehə müraciət etsə də, iş üzrə heç bir nəticə hasil olmayıb. Belə olan halda iddiaçı artıq bütün bu situasiyalardan həm maddi, həm də mənəvi baxımdan yorulub. Bu səbəbdən də son dəfə yekun rəsmi məlumat əldə etmək məqsədilə cavabdehə müraciət edilib. Cavabdeh tərəfindən verilən xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunur ki, "...Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nətciəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. ... .... Adıçəkilən şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq 734,60 manat olmaqla xx.xx.2023-cü il tarixindən bərpa edilib. Həmçinin İddiaçı pensiya ödənişinin dayandırıldığı xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üzrə ona ödənilməli olan 21535,15 manat pul vəsaiti hesablanıb. Həmin 21535,15 manat ona artıq ödənilmiş 79880,73 manatdan çıxılaraq büdcəyə bərpa edilib. Qalan artıq ödənilmiş 58345,58 manat vəsait xx.xx.2023-cü il tarixindən etibarən hər ay 73.01 manat olmaqla əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. İddiaçıa qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsində və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və cinayət əməlləri nəzərə alınaraq müəyyən olunmuş faktalara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərərfindən 07fevral 2022-ci il tarixli **********6 nömrəli məktubla Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib. Sözügedəndən orqandan Nazirliyə daxil olmuş 31 mart 2023- cü il tarixli 02/2-24mat-22/1013BP nömrəli məktubda daxil olmuş materialların istintaqı aparılan ********* nömrəli cinayət işinə əlavə edildiyi qeyd olunub". Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh etirazında göstərmişdir ki, iddiaçının əmək pensiyası hüququnun və məbləğinin müəyyən edilməsi üçün pensiya işinə dair sənədlər üzrə əmək fəaliyyətinin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, onun faktiki ümumi sosial sığorta stajı xx.xx.2006-cı il tarixədək 28 il 10 ay təşkil etmiş, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə xüsusi iş stajına (12 il 6 ay) malik olmuşdur. Qeyd olunanlar nəzərə alınmaqla vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ Qanunun 9.1-ci maddəsinin əvvəlki redaksiyasına əsasən 57 yaşından, yəni xx.xx.2014cü il tarixdən yarandığından ona şöbənin Pensiya təyin edən komissiyasının xx.xx.2014-cü il tarixli 2108 №-li qərarı ilə təyinat aparılmışdır. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Suraxanıneft” NQÇİ-də (keçmiş “Orconikidzeneft”) quyuların yeraltı təmiri üzrə usta vəzifəsində xüsusilə zərərli işlərdə işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş (320 nömrəli Qərar, xx.xx.1993-cü il) “Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısına uyğun olaraq xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla xx.xx.2007-ci tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əməkhaqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinin üzərinə qoyulmasını” xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli (İş № 2-1(82)-2478/2015) qəbul etdiyi qərarı ilə iddia tələbi təmin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Nazirliyin Daxili nəzarət və audit şöbəsi tərəfindən aparılmış araşdırma nəticəsində İddiaçı ödənilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2020-ci il tarixindən dayandırılıb. Belə ki, adıçəkilən şəxsin güzəştli şərtlərlə pensiya hüququnun 50 yaşdan deyil, 57 yaşdan, yəni xx.xx.2014-cü il tarixindən olduğu müəyyən edilib. Nəticədə ona qanunazidd əmək pensiyası təyin olunduğu xx.xx.2007-ci il tarixindən pensiya ödənişinin dayandırıldığı xx.xx.2020-ci il tarixinədək cəmi 79880,73 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilib. Eyni zamanda, adıçəkilən şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası qanunvericiliyin tələbələrinə uyğun qaydada hesablanaraq 734,60 manat olmaqla xx.xx.2023-cü il tarixindən bərpa edilib. Həmçinin onun pensiya ödənişinin dayandırıldığı xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üzrə ona ödənilməli olan 21535,15 manat pul vəsaiti hesablanıb. Həmin 21535,15 manat ona artıq ödənilmiş 79880,73 manatdan çıxılaraq büdcəyə bərpa edilib. Qalan artıq ödənilmiş 58345,58 manat vəsait xx.xx.2023-cü il tarixindən etibarən hər ay 73,01 manat olmaqla əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Araşdırma nəticəsində İddiaçı qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsində və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 7 fevral 2022-ci il tarixli **********6 nömrəli məktubla Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib. Sözügedən orqandan Nazirliyə daxil olmuş 31 mart 2023-cü il tarixli 02/2-24mat-22/1013BP nömrəli məktubda daxil olmuş materialların istintaqı aparılan ********* nömrəli cinayət işinə əlavə edildiyi qeyd olunub. Bundan sonra iddiaçının əmək pensiyası ödənişləri dayandırıldıqdan sonra “iddiaçıya təyin edilmiş əmək pensiyasının bərpa edilməsi, ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi, mənəvi ziyanın ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmiş və xx.xx.2023- cü il tarixli e-2-1(112)-4588/2023 nömrəli qərardad ilə iddia mümkün hesab edilməmişdir. Göründüyü kimi iddiaçı eyni tələblə yenidən məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəfin fikirləri dinlənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən verilmiş iddia tələbində formal xəta olmamış, tələb aydın surətdə ifadə olmuş və müvafiq iddia növü kimi verilmişdir. Odur ki, irəli sürülmüş tələb mümkünlük şərtləri üzrə qiymətləndirilməlidir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023- cü il tarixli e-2- 1(112)-4588/2023 nömrəli qərardadı ilə qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının bərpa edilməsi və s.” tələbinə dair iddası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)- 2067/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023- cü il tarixli e-2-1(112)-4588/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı yenidən eyni inzibati orqana qarşı, eyni predmet və eyni əsasla hazırkı iddianı qaldırmışdır. Odur ki, hazırkı iddianın predmetini təşkil edən məsələ barədə iddiaçının daha əvvəl iddiası olmuş və həmin tələbə mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilmişdir. Eyni zamanda xx.xx.2023- cü il tarixli e-2-1(112)-4588/2023 nömrəli qərardadı ilə iddianın mümkün sayılmamasına əsas olmuş hallar aradan qalxmamışdır. İPM-in 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 №-li Qərarının 15.6-cı bəndinə əsasən, qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının bərpa edilməsi və s.” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar