Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7422/2020 24.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinə qarşı soyadın dəyişdirilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 avqust 2012-ci ildə dünyaya gələn övladı X7 və 24 aprel 2020-ci ildə dünyaya gəlmiş övladı X1 Valis olaraq dəyişdirilməsi, onların doğum haqqında şəhadətamələrində soyadlarının Valis qeyd edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2009-cu il tarixdə X11 ilə birgə nikaha daxil olmuşdur. Birgə nikahlarından 30 sentyabr 2010-cu ildə, 03 avqust 2012-ci ildə və 24 aprel 2020-ci ildə olmaqla üç övladları dünyaya gəlmişdir. 30 sentyabr 2010-cu ildə dünyaya gələn övladının doğum haqqında şəhadətnaməsində soyadı Valis, adı Ömər, ata adı Aris olaraq, yəni X18 olaraq qeyd edilmişdir. 30 sentyabr 2010-cu ildə dünyaya gələn X15 verilən Valis soyadı onun atasının adıdır və o, atasının adını övladlarına soyad olaraq verməyi düşündüyündən övladlarının soyadlarını Valis olaraq qeyd etdirməyi nəzərdə tutmuşdur. 03 avqust 2012-ci ildə və 24 aprel 2020-ci ildə onun digər övladları da dünyaya gəlmişdir. O, 03 avqust 2012-ci ildə dünyaya gələn övladının da soyadını Valis olaraq qeyd etdirmək istəsə də, doğum haqqında şəhadətnaməni tərtib edən Göyçay rayon Qeydiyyat şöbəsi uşağın soyadını Valis olaraq qeyd etməmiş, uşağın soyadı onun şəxsiyyət vəsiqəsində qeyd edilən soyadına uyğun olaraq, soyad Şıxəlizadə, adı Səid, ata adı Aris olaraq, yəni X12 olaraq qeyd edilmişdir. Həmçininin 24 aprel 2020-ci ildə dünyaya gəlmiş üçüncü övladı X6 2 saylı Bakı Asan Xidmət Mərkəzi tərəfindən təqdim edilən doğum haqqında şəhadətnamədə də uşağın soyadının Valis olaraq qeyd edilməsindəb eyni əsaslarla imtina edilmişdir. Bu hal onun övladlarının, yəni üç doğma qardaş və bacının soyadlarının həm doğum haqqında şəhadətnamələrində, həm də şəxsiyyətlərini təsdiq edən digər aidiyyəti səmədlərində fərqli olmasına səbəb olmuşdur. O, 03 avqust 2012-ci ildə dünyaya gələn övladı X7 və 24 aprel 2020-ci ildə dünyaya gəlmiş övladı X5 da soyadlarının Valis olaraq dəyişdirilərək, onların doğum haqqında şəhadətnamələrində və şəxsiyyətlərini təsdiq edən digər bütün aidiyyəti sənədlərində soyadlarının Valis kimi qeyd edilməsini istəyir. Bu məqsədlə o, aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət edərək digər övladlarının da soyadlarının Valis olaraq dəyişdirilməsinin təmin edilməsini xahiş etmişdir. Xətai Rayon Qeydiyyat Şöbəsi xx/xx- 2448 nömrəli, xx.xx.2020-ci il tarixli imtina məktubu ilə həmin ərizəni təmin etməyərək, uşaqların soyadlarının Valis olaraq dəyişdirilməsinin mümkün olmadığı bildirilmişdir. Hesab edir ki, Xətai Rayon Qeydiyyat Şöbəsinin övladlarının soyad dəyişdirilməsindən imtina etməsi onun hüquqlarının və qanunla qorunan maraqlarını pozur. Belə ki, ilk olaraq onun övladlarına vermək istədiyi soyad olan Valis adı onun atasının (uşaqların doğma babasının) adı olduğundan bu adın uşaqlara soyad kimi verilməsi olduqca təbii və qanuni haldır. Eyni zamanda doğma qardaş və bacı olan uşaqların soyadlarının onların doğum haqqında şəhadətnamələrində və digər aidiyyəti sənədlərində fərqli olması məsələsi də uşaqların hüquq və mənafelərinə tam ziddir. Yəni doğma bacı və qardaşlarının soyadlarının fərqli olması, onların bütün həyatları boyu kompleks yaşamalarına, psixoloji sarsıntılar keçirmələrinə, çətinliklər çəkmələrinə, ünsiyyətdə olduqları hər kəsə hər zaman soyadlarının fərqli olmasınının səbəblərini izah etməyə, mənşələrinin eyni valideynlərdən gəlməsi faktını, doğma bacı-qardaşlar olmalarını sübut etməyə çalışacaqlar. Eyni zamanda məsələyə hüquqi nöqteyi-nəzərdən yanaşılsa bu halın, yəni doğma bacıqardaşların soyadlarının fərqliliyi səbəbindən gələcək həyatlarında bu kimi izaholunmaz fərqlilik səbəbindən nə kimi çətinliklərlə rastlaşacaqlarını bariz şəkildə indidən görmək mümükündür. Bu səbəbdən hazırkı iddiası üzrə işə baxılarkən qəbul ediləcək qərarın doğma bacı-qardaşlar olan hər üç uşağın hüquq və mənafelərini əhatə edəcəyini, onların gələcək həyatlarına təsiri danılmaz olan nəticələrə səbəb olacağı göz önünə alınmalıdır. Göstərilən səbəblərə və qeyd edilən əsaslara görə hesab edir ki, 03 avqust 2012-ci ildə dünyaya gələn övladı X7 və 24 aprel 2020-ci ildə dünyaya gəlmiş övladı X5 da soyadının Valis olaraq dəyişdirilməsinə dair ərizəsi məhkəmə qaydasında təmin edilməli, müvafiq dəyişikliyin təmin edilməsinə dair Bakı Şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsinin üzərinə öhdəlik qoyulmalıdır. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq bildirmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı bir qayda olaraq valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılı ilə atanın və ya ananın soyadı verilir. İddiaçı övladı X7 və X3 “Valis” kimi göstərilməsi qeydiyyat şöbəsi tərəfindən mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. İPM-in bu müddəasının tələblərini və Koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizənin təşkil edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tövsiyələrini nəzərə alaraq, icraat iştirakçılarına bildiriş göndərilmiş, bildirişini aldıqdan sonra 23 dekabr 2020-ci il tarixədək məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə baxılmasının mümkünlüyünə dair yazılı mövqelərini (o cümlədən, elektron rabitə vasitələri ilə) məhkəməyə bildirmələri təklif olunmuşdur. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər tərəfin şifahi dinləmələr keçirilmədən işə baxılmasına etirazı məhkəməyə daxil olmamışdır. Göstərilənlərə əsasən məhkəmə tərəflərin iştirakı olmadan şifahi dinləmələr keçirmədən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya verilmiş 22 oktyabr 2020-ci il tarixli, xx/xx-2448 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, Azərbaycan Respublikası Ali Məcəlləsinin 53.3 və 189-cu maddələrinə istinad olunaraq, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X3 dəyişdirilməsinin qanuna zidd olduğu, Azərbaycan Respublikasının vətəndaşının öz soyadının dəyişdirilməsinə 18 yaşına çatdıqdan sonra yol verilir, 18 yaşına çatana qədər uşağın soyadı yalnız onun valideynlərin soyadı müxtəlif olduqda isə atanın və ya ananın soyadı ilə əvəzlənə bilər. İşdə olan Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən 21 noyabr 2009-cu il tarixdə verilmiş AZ-İ № 540588 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X11 arasında 21 noyabr 2009-cu ildə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 21 noyabr 2009-cu il tarixdə 435 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Şıxəliyev, arvada Şıxəliyeva soyadı verilmişdir. İşdə olan Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən 01 dekabr 2011-ci il tarixdə verilmiş AZ-İİ № 787754 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 30 sentyabr 2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 08 dekabr 2010-cu il tarixdə 856 nömrə ilə qeyd edilmişdir. Atası qrafasında İddiaçı, anası qrafasında X8 yazılmışdır. İşdə olan Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən 22 sentyabr 2017-ci il tarixdə verilmiş AZ-T № 041412 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 03 avqust 2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 12 sentyabr 2012-ci il tarixdə 754 nömrə ilə qeyd edilmişdir. Atası qrafasında İddiaçı, anası qrafasında X8 yazılmışdır. İşdə olan 2 saylı Bakı ASAN xidmət Mərkəzi tərəfindən 31 avqust 2020-ci il tarixdə verilmiş AZ-İV № 497850 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 24 aprel 2020-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 31 avqust 2020-ci il tarixdə 4702 nömrə ilə qeyd edilmişdir. Atası qrafasında İddiaçı, anası qrafasında X8 yazılmışdır. İşdə olan X8 tərəfindən verilmiş 15 noyabr 2020-ci il tarixli notaial qaydada təsdiq edilmiş ərizədən görünür ki, ərizəçi 24 aprel 2020-ci il təvəllüdlü qızı X5 və 03 avqust 2012-ci il təvəllüdlü oğlu X4 dəyişdirilərək rəsmi sənədlərdə “Valis” kimi yazılmasına etiraz etmədiyini bildirmişdir. Beləliklə işin hallarından görünür ki, 03 avqust 2012-ci il təvəllüdlü X10 və 24 aprel 2020-ci il təvəllüdlü X6 valideynlərinin soyadına uyğun olaraq “Şıxəlizadə” soyadı verilmişdir. Lakin iddiaçı atasının adını övladlarına soyad olaraq verməyi düşündüyündən övladlarının soyadlarını Valis olaraq qeyd edilməsini, yəni soyadlarının dəyişdirilməsini xahiş edir. Bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtinaya əsas olaraq Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3 və 189-cu maddələrinə istinad olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İİ hissəsinə əsasən qanunla nəzərdə tutulmuş hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Mülki Məcəllənin 26.1 və 26.4-cü maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən isə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. İş materiallarına münasibətdə məhkəmə qeyd edir ki, uşaqların anası X8 15 noyabr 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizə verərək, 24 aprel 2020-ci il təvəllüdlü qızı X5 və 03 avqust 2012-ci il təvəllüdlü oğlu X2 dəyişdirilərək rəsmi sənədlərdə “Valis” kimi yazılmasına razıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarına görə: 1.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir; 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər; 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir; 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir; 6.18. Adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır. Məhkəmə ilk növbədə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələdə qanuni bir marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Buna görə sözügedən məsələdə qanunvericiliklə təsbit edilmiş qayda ondan ibarətdir ki, hər kəs qanunvericilikdən irəli gələn konkret hallar istina olmaqla adın, ata adının və soyadın dəyişdirilməsi hüququna malikdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Məhkəmə həmçinin qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən sözügedən məsələyə şəxsi həyata və ailə həyatına hörmət hüququnu tənzimləyən 8-ci maddənin kontekstindən yanaşılır. Avropa Məhkəməsinin yerləşmiş presedent hüququna görə bir şəxsi adını (soyadını) dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan AİHM, dövlət öz təşkilati sisteminin normal fəaliyyətini təmin etməyə yönəlmiş legitim marağa sahib olduğundan çıxış edərək əhalinin dürüst qeydiyyatının aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı (soyadı) daşıyanların müəyyən bir ailə bağılılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad (soyadı) dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə biləcəyini qeyd etmişdir. Bununla belə, AİHM-in dəfələrlə ifadə etdiyi kimi, 8-ci maddənin əsl məqsədi qoruma altına alınan hüququn istifadə olunmasında dövlət orqanlarının istədiyi kimi müdaxilə etməsinə qarşı şəxsi qorumaqdır. Bu zaman dövlətlər əlavə olaraq həm də şəxsi həyatın qorunmasına “hörmət” göstərilməsini təmin edəcək pozitiv öhdəliklər də daşıyırlar. Bununla yanaşı, bu sahədə razılığa gələn Dövlətlər hər nə qədər geniş mülahizə səlahiyyətinə sahib olsalar da, AİHM şəxsi həyata və ailə həyatına hörmət hüququna gətirilən məhdudiyyətin “zəruriliyinin” inandırıcı olub-olmadığını dəyərləndirmək üçün xüsusilə yerli hakimiyyət orqanları tərəfindən təqdim olunan və yerli məhkəmələr tərəfindən müraciəti rədd etmək üçün istinad olunan əsası rəhbər tutmaqdadır. Beləliklə, AİHM adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı şəxslərin müraciətlərinin təmin edilməsindən dövlət orqanları tərəfindən imtina edilməsi məsələsinə yanaşmada onların şəxsi həyata hörmət göstərilməsi hüquqlarını istifadə etmələrinə müdaxilə təşkil etdiyi prinsipindən hərəkət edir. Müvafiq olaraq AİHM-in yerləşmiş presedent hüququna görə bu cür bir müdaxilə bir məqsəd ya da məqsədlərə çatmaq üçün “qanunla nəzərdə tutulduğu”, 8-ci maddənin 2-ci bəndi baxımından bir və ya birdən çox qanuni (legitim) məqsədə yönəlmiş olduğu və bu məqsədlərə çatmaq üçün “demokratik bir cəmiyyətdə zəruri olduğu” halda Konvensiyaya zidd hesab edilmir. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə qeyd edir ki, soyadın dəyişdirilməsi ilə bağlı məsələ şəxsi həyata və ailə həyatına hörmət hüququ çərçivəsindən qiymətləndirilməli olan konstitusion hüquqdur. Ona görə də həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. İş materiallarından da görünür ki, uşaqların hər iki valideyni onların soyadlarının dəyişdirilməsinə razılıqlarını ifadə etmişlər və hazırki halda soyadın dəyişdirilməsi üçün qanunvericiliklə qadağa olmadığı üçün iddia təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, 03 avqust 2012-ci il təvəllüdlü X7 və 24 aprel 2020-ci il təvəllüdlü X3 dəyişdirilərək “Valis” soyadı ilə əvəz edilərək yeni şəhadətnəmələrin verilməsi vəzifəsini cavabdehə həvalə etmək işin hazırkı vəziyyətində mümkün olduğundan, bununla bağlı müvafiq qərar qəbul edilməsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. 03 avqust 2012-ci il təvəllüdlü X7 və 24 aprel 2020-ci il təvəllüdlü X3 “Şıxəlizadə”dən “Valis”ə dəyişdirilərək müvafiq akt qeydlərində zəruri qeydiyyat aparılmaqla yeni doğum şəhadətnamələrin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-7422/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7422/2020
24.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver