Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7422/2021 14.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı «iddiaçıya şəhid ailəsi üzvünün vəsiqəsinin verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı «iddiaçıya şəhid ailəsi üzvünün vəsiqəsinin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçının anası X4 və qardaşı X6 1992-ci ilin may ayında Laçın rayonu ərazisində hərbi əməliyyatlar zamanı itkin düşmüşlər. Laçın Rayon Məhkəməsinin 3 iyul 1997-ci il tarixli qətnaməsi ilə X1 və X3 xəbərsiz itkin düşməsi faktının müəyyən edilməsi barədə iddia təmin edilmişdir. 15 avqust 1997-ci il tarixdən ona (iddiaçıya) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailəsi üzvü statusu və bu statusu təsdiq edən vəsiqə verilmişdir. Şəhid ailəsi üzvü statusu alsa da, indiyədək şəhid ailələri üçün qanunla nəzərdə tutulmuş imtiyazlardan istifadə edə bilməmişdir. Belə ki, şəhid ailələri üçün nəzərdə tutulmuş sosial müavinətin verilməsi və mənzillə təmin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə müraciət etmiş, lakin göstərilən məsələlər həllini tapmamışdır. Bununla əlaqədar 2019-cu ilin əvvəllərində Azərbaycan Respublikasının Birinci Vitse Prezidentinin qəbulunda olmuş və həmin vaxt ona şəhid ailəsi üzvü olduğunu təsdiq edən vəsiqənin yeniləməli olması bildirilmişdir. Bundan sonra o, vəsiqəsinin yenilənməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə müraciət etsə də, qeyd olunan qurum tərəfindən vəsiqəsinin yenilənməsindən imtina edilmiş və buna səbəb kimi onun şəhid ailəsi statusunun olmaması göstərilmişdir. Həmçinin, qeyd olunan qurum tərəfindən ona bildirilmişdir ki, şəhid ailəsi statusunun alınması üçün anası X1 və qardaşı X3 ölmüş elan olunmaları barədə məhkəmə qətnaməsi olmalıdır. Daha sonra, iddiaçı anası X1 və qardaşı X3 ölmüş elan olunmaları barədə ərizə ilə Laçın Rayon Məhkəməsinə müraciət etmişdir. Laçın Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə ərizə təmin olunaraq 1926-cı ildə Laçın rayonu Mollalar kəndində doğulmuş X4 və 1965-ci ildə Laçın rayonu Mollalar kəndində anadan olmuş qardaşı X6 ölmüş elan edilmişlər. Bundan sonra o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə ərizə ilə müraciət edərək ona verilmiş şəhid ailəsi üzvünün vəsiqəsinin yenilənməsini xahiş etsə də, qeyd olunan qurumdan göndərilmiş 14 aprel 2021-ci il tarixli cavab məktubunda şəhid ailəsi üzvü olan şəxslər kateqoriyasına aid edilmədiyindən, ona şəhid ailəsi üzvünün vəsiqəsinin verilməsinin mümkün olmadığı bildirilmişdir. İddiaçı hesab edir ki, inzibati orqan tərəfindən ona şəhid ailəsi üzvünün vəsiqəsinin verilməsindən imtina edilməsi qanunsuz və əsassızdır. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» AR Qanununun 1ci maddəsinə, İPM-in 2.2.3, 34.1, 45, 46-cı maddələrinə, «Dövlət rüsumu haqqında» AR Qanununun 9.1.12-ci maddəsinə əsaslanaraq, məhkəmədən ona (iddiaçıya) şəhid ailəsi üzvünün vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyuması barədə qərar çıxarılması xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilməklə cavabdehdən iddiaya qarşı yazılı münasibət bildirilməsi tələb olunmuşdur. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İddiaçı ünvanlanmış 14 aprel 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - Müraciətinizə Sosial Xidmətlər Agentliyində baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 2-ci yarımbəndinə əsasən şəhidin ailə üzvü, onun arvadı (əri), valedeynləri; 18 yaşına çatmayan uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş, 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşları və bacıları – yşaq evlərində tərbiyə olunanlar; babalar və nənələr (qanunla onları saxlayan şəxs qoxdursa) hesab olunur. Qeyd olunanlara əsasən bildirilir ki, qanunvericiliyin tələbinə əsasən Siz şahidin ailə üzvü olan şəxslər kateqoriyasına aid edilmədiyinizdən, şəhid ailəsi üzvünün vəsiqəsinin verilməsi mümkün deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 2.1-ci bəndinə görə şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar: (2.1.1) arvadı (əri), (2.1.2) valideynləri, (2.1.3) 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, (2.1.4) qardaşları və bacıları – uşaq evlərində tərbiyə olunanlar, (2.1.5) babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa, (2.1.6) 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. Qaydaların 4.1-ci bəndinə görə şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Qaydaların 4.2-ci bəndinə görə şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1-ci bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir. Göründüyü kimi, mövcud qanunvericilik şəxsin şəhid ailəsinin üzvü olması ilə bağlı meyarları konkret müəyyən etmişdir və bu şəxslərin sırasına şəhidin qardaşını “uşaq evlərində tərbiyə edilən” olması, övladını isə 18 yaşına çatmaması və yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi ilə şərtləndirmişdir. Hazırkı işin hallarına görə isə, mübafiq məhkəmə qətnaməsi ilə iddiaçının anası X4 və qardaşı X6 ölmüş elan olunsalar da, o, “uşaq evində tərbiyə olunan” deyil, onun 65 yaşı var, eləcə də 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə heç bir bir sübut, dəlil təqdim edilmir. Odur ki, iddiaçının müraciəti üzrə qaldırılan məsələnin həllindən cavabdeh inzibati orqanın imtinası qanuna uyğun qiymətləndirilir. Belə olan halda, məhkəmə iddianı əsaslı saymır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı «iddiaçıya şəhid ailəsi üzvünün vəsiqəsinin verilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı «iddiaçıya şəhid ailəsi üzvünün vəsiqəsinin verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-7422/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7422/2021
14.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver