Məhkəmə qərarları › İş №2-1(112)-7424/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7424/2023

06.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7424/2023 06.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sosial müavinətdən tutulmaya dair hərəkətlərin qanunsuz hesab edilməsi, bununla bağlı aktın etibarsız sayılması və tutulmuş məbləğlərin geri qaytarılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə ailə başçısını itirməyə görə sosial müavinətdən tutulmuş 1060 manatın geri ödənilməsi vəzifəsinin cavabdeh DSMF_nin Maliyyə və mühasibatlıq üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdr.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ailə başçısını itirməyə görə sosial müavinət alır. xx.xx.2018-ci il tarixdən başlayaraq sosial müavinətdən tutulmalar aparılmışdır. xx.xx.2022-ci il tarixədək 1060 manat tutulmuşdur. İddiaçı səbəbi ilə maraqlandıqda artıq ödənilmiş sosial müavinətə görə tutulma aparıldığı bildirilmişdir. İddiaçı bu barədə cavabdeh DSMF-nin Maliyyə və mühasibatlıq üzrə Mərkəzi filialına müraciət etmişdir. Müraciətə cavab olaraq xx.xx.2022-ci il tarixli imtina məktubu təqdim edilmişdir. Məktubda qeyd olunur ki, ailə başçısını itirməyə görə təyin olunmuş sosial müavinət adına aktiv əmək müqaviləsi aşkarlandığı üçün “Sosial müavinətlər haqqında” Qanunun 11-ci maddəsinin 11.1.2-ci bəndinə əsasən (şəxs əmək fəaliyyətinə başladıqda) xx.xx.2016-cı il tarixdən dayandırılmışdır. xx.xx.2009-cu il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üçün artıq ödənilmiş 3919.60 manat vəsait xx.xx.2018-ci il tarixdən bərpa edilir. Qalıq borc 2879,60 manat təşkil edir. Eyni məzmunlu xx.xx.2023-cü il tarixli imtina məktubu da təqdim edilmişdir. Lakin iddiaçıdan tutulmalar dayandırılmışdır. İddiaçı hesab edir ki, 1060 manat məbləğində tutulma əsassız və qanunsuz aparılmışdır və geri qaytarılmalıdır. Onun heç bir borcu yoxdur. Odur ki, iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir və hesab edir ki, iddia tələbi məhkəmə tərəfindən təmin edilməlidir.

3. İddiaçının müraciətinə cavab olaraq DSMF-nin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən bildirilmişdir ki, xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Nərimanov rayon şöbəsi tərəfindən sizə ailə başçısını itirməyə görə təyin olunmuş sosial müavinət ödənişi (iş № 065366) adına aktiv əmək müqaviləsi aşkarlandığı üçün “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanununun 11-ci maddəsinin 11.1.2-ci bəndinə əsasən xx.xx.2016-cı il tarixindən dayandırılmışdır. Müraciətinə əsasən Nazirliyin tabeliyində Arxiv və Sosial Ödəniş işlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktuba əsasən ona təyin olunmuş ailə başçısını itirməyə görə sosial müavinət üzrə xx.xx.2009-cu il tarixindən xx.xx.2016-cı il tarixinədək olan dövr üçün artıq ödənilmiş 3919,60 (üç min doqquz yüz on doqquz manat 60 qəpik) manat vəsait (“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası qanununun 39.2 maddəsinə əsasən artıqalma aşkar edildikdə sosial müavinət alan şəxsdən 20% həcmində) 2018-ci ilin oktyabr ayından etibarən tutularaq Filialın hesabına bərpa edilir.Artıq alınmış məbləğdən xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 1060,00 (min altmış) manat tutulmuş və qalıq borc 2859,60 (iki min səkkiz yüz əlli doqquz manat 60 qəpik) manat təşkil edir.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ailə başçısını itirməyə görə sosial müavinət üzrə xx.xx.2009- cu il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üçün artıq ödənilmiş 3919,60 manat vəsait 2018-ci ilin oktyabr ayından etibarən tutularaq Filialın hesabına bərpa edilir. Hesab edilmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsasiara görə məhkəmə tərəfindən təmin edilməməlidir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasın Qanununun 12-ci maddəsinə əsasən Müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs:

1. Bu Qanunun 11-ci maddəsində göstərilən müavinətlərin (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. 1.2. Müavinətlərin (işsizlik müavinəti istisna olmaqla) Ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət Ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq İcra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından İmtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən İnzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. İnzibati orqan vətəndaşın ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu, Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Hazırki qərarı qəbul edərkən inzibati orqan nəzərə alır ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq pul tələblərinin ödənilməsi ilə bağlı inzibati akt qəbul etmiş inzibati orqan həmin tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qanunvericiliyin tələbinə əsasən belə hallarda tələbin İcraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi itə bağlı inzibati aktları icra sənədləri sayılır. Hazırkı qərara qanunla nəzərdə tutulmuş aşağıdakı müddətlərdə münasibət bildirilməməsi onun nəticələrinin şərtsiz qəbul edilməsi kimi qiymətləndirilir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Sözügedən Qanunun 63.4-cü maddəsinə əsasən inzibati orqan inzibati akta edilən düzəlişlər barədə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada maraqlı şəxslərə rəsmi məlumat verməyə borcludur. Bildirilmişdir ki, Nərimanov rayon şöbəsi tərəfindən İddiaçı ailə başçısını itirməyə görə təyin olunmuş sosial müavinət ödənişi (iş № 065366) adına aktiv əmək müqaviləsi aşkarlandığı üçün “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanununun 11-cİ maddəsinin 11.1.2-ci bəndinə əsasən (yaşa görə müavinət - şəxs əmək fəaliyyətinə başladıqda) xx.xx.2016-cı il tarixdən dayandırılmışdır. İddiaçının ərizəsinə əsasən Nazirliyin tabeliyində Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktuba əsasən təyin olunmuş ailə başçısını itirməyə görə sosial müavinət üzrə xx.xx.2009-cu il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üçün artıq ödənilmiş 3919,60 manat vəsait (“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası qanununun 39.2-ci maddəsinə əsasən artıqalma aşkar edildikdə sosial müavinət alan şəxsdən 20% həcmində) 2018-ci ilin oktyabr ayından etibarən tutularaq Filialın hesabına bərpa edilir. Artıq alınmış məbləğdən xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 1040,00 (min qırx) manat tutulmuş və qalıq borc 2879,60 (İki min səkkiz yüz yetmiş doqquz manat 60 qəpik) manat təşkil edir.

5. Cavabdeh qurum bildirir ki, İddiaçı ailə ailə başçısını itirməyə görə təyin edilmiş sosial müavinət ödənişi (iş№ 065366) aktiv əmk müqaviləsi aşkarlandığından xx.xx.2016-cı il tarixdən dayandırılmışdır. Qeyd edilmişdir ki, Fondun Arxuc və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktubundan görünür ki, İddiaçı təyin edilmiş ailə başçısını itirməyə görə sosial müavinət üzrə xx.xx.2009-cu il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə artıq ödənilmiş 3919,60 manat məbləğində vəsait 2018-ci ilin oktyabr ayından etibarən sonuncunun aylıq müavinətindən 20 manat olaraq tutulmaqla Mərkəzi filialın hesabına bərpa edilir. Əlavə olaraq bildirilmişdir ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı artıq ödənilmiş vəsaitdən 1160 manat tutulmuş və xx.xx.2023-cü il tarixinə qalıq borcu 2759,60 manat təşkil edir. Bildirilmişdir ki, “artıq ödənilmiş sosial müavinət məbləğinin tutulması” haqqında qərar dedikdə, aşkar edilmiş artıq ödənilmiş vəsaitlər barədə müvafiq qərarlar Mərkəzi filiala kağız daşıyıcıda daxil olmur. Belə ki, sözügedən qərarlar barədə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən “sosial ödənişlər” altsistemində müvafiq bölmələrdə xüsusi qeydlər aparıldıqdan sonra icrası təmin edilir. Bu baxımdan həmin qərarların kağız daşıyıcıda təqdim edilməsi imkan xaricindədir. Bundan əlavə, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə edilən sonuncu dəyişikliyə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulması barədə müddəanın iddiaçıya analogiya qaydasında tətbiq edilmməməsi ilə bağlı bildirilmişdir ki, hazırkı halda artıq ödənilmiş vəsait əmək pensiyası deyil, sosial müavinət üzrə olduğundan, bu halda “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq edilmişdir.

6. Məhkəmənin hazırlıq icraatı zamanı iştirak edən iddiaçının nümayəndəsi (anası) izahat verərək bildirmişdir ki, sosial müavibətdən tutmaya razılıq verilməsinə dair xx.xx.2018-ci il tarixli (iddiaçının adından) ərizədəki imza ona aid olsa da (yəni iddiaçının anasına), o, latın qrafikasında oxuyub yaza bilmir, ərizənin məzmunu ona izah edilməmişdir, izah edilmiş olsa idi, o heç bir halda sosial müavinətdən tutmaya razılıq verməzdi.

7. Məhkəmə İPM-nin 13-cü maddəsini (məhkəmənin yardım etmək vəzifəsi) rəhbər tutaraq iddiaçıya iddia tələbini dəqiqləşdirməyi təklif etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının (nümayəndəsi olan anasının) ərizəsi əsasında iddia tələbi “ailə başçısını itirməyə görə sosial müavinətdən tutulmaya dair hərəkətlərin qanunsuz hesab edilməsi, bununla bağlı qəbul edilmiş aktın etibarsız hesab edilməsi və tutulmuş məbləğlərin geri qaytarılması” kimi dəyişdirilmişdir.

8. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa və yuxarıda qeyd edilən xidməti məktubun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdir ki, sosial müavinətdən tutmaya dair hərəkətlər cavabdeh qurum tərəfindən həyata keçirilmişdir.

II. İddianın növü və mümkünlüyü

9. İPM-dən: 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) və 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 36.1.müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. 36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. 36.4. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır.

10. İddia tələbi hərəkətlərin qanunsuz sayılması və inzibati aktın etibarsız hesab edilməsi hissəsində müəyyən etmə və ya tanınma növündə iddia, tutulmuş məbləğin geri qaytarılması hissəsində kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır.

11. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

12. Nazirliyin məlumat bazasına əsasən iddiaçıya xx.xx.2009-cu il tarixindən 80 manat məbləğində ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmiş, İddiaçı xx.xx.2018-ci il tarixli razılıq ərizəsinə əsasən xx.xx.2009-cu il tarixdən xx.xx.2016-cı il tarixinədək ona 3919,60 manat məbləğində artıq ödənilmiş ailə başçısını itirməyə görə sosial müavinətin tutulması barədə Fondun keçmiş Nərimanov filialı tərəfindən qərar qəbul edilmişdir.

13. Sosial müavinətlərin məbləğinin dəyişdirilməsi haqqında Dövlət Sosial Müdafiə Fondunun keçmiş Nərimanov rayon filialının tarixsiz və nömrəsiz sərəncamına əsasən xx.xx.2009-cu il tarixdən xx.xx.2016-cı il tarixədək 3919,60 manat artıq aldığı ailə başçısını itirməyə görə aylıq müavinətdən 30 manat tutulması qərara alınmışdır.

14. xx.xx.2018-ci il tarixli (iddiaçının adından) ərizəyə əsasən artıq aldığı müavinətin ailə vəziyyətinin çətin olduğu üçün 20 manatla tutulmasına köməklik göstərilməsi xahiş edilmişdir.

15. “Sosial müavinətlər haqqında” Qanundan: 1.0.1.sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1.5. ailə başçısını itirməyə görə müavinət; 7.0. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.5. ailə başçısını itirməyə görə müavinət: 7.0.5.1. əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda. 11.1. Müavinətlərin ödənişi bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır: 11.1.2. yaşa görə müavinət - şəxs əmək fəaliyyətinə başladıqda. 12.1. Bu Qanunun 11-ci maddəsində göstərilən müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. 12.2. Müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.

16. “Əmək pensiyaları haqqında” Qanundan: 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır.

17. Məhkəmə ailə başçısını itirməyə görə təyin olunmuş sosial müavinətin dayandırılması üçün əsasların “Sosial müavinətlər haqqında” Qanunun 11-ci maddəsində nəzərdə tutulmamasına əlavə olaraq qiymət vermədən hesab edir ki (belə ki, ailə başçısının itirilməsinə görə pensiyanın dayandırılması üçün 11.1.2-ci maddəyə əsasən yaşa görə müavinətin dayandırılması ilə bağlı əsasa istinad edilmişdir), həmin Qanunun 12-ci maddəsində “Əmək pensiyası haqqında” Qanununun 39-cu maddəsindən fərqli olaraq inzibati orqanın artıq ödənilmiş müavinətin tutulması haqqında qərarın qəbul edilməsinin və tutmaya dair hərəkətlərin həyata keçirilməsinin mümkünlüyü nəzərdə tutulmamışdır.

18. Vətəndaşın razılığı olduğu təqdirdə sosial müavinətdən tutmaya dair hərəkətlərə analogiya qaydasında “Əmək pensiyası haqqında” Qanununun 39-cu maddəsinin tətbiqi məsələsinə qiymət vərərkən məhkəmə qeyd edir ki, “Normativ hüquqi aktlar haqqında” “Əmək pensiyası haqqında” Konstitusiya Qanununun 1.0.10-maddəsinə əsasən, qanunun analogiyası – konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsidir. Konstitusiya Qanununun 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Konstitusiya Qanununun 13.5-ci maddəsinə əsasən, cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz.

19. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun hərəkətləri vətəndaşın hüquqlarının məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi ilə bağlı olduğundan qeyd edilən halda (sosial müavinətdən tutma ilə bağlı qərarın qəbul edilməsi) qanunun analogiyasından istifadə qanuni hesab edilə bilməz.

20. “İnzibati icraat haqqında” Qanundan: 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

21. Sosial müavinətdən tutmaya dair hərəkətlər yolverilən (qanuni) hesab edilmədiyindən məhkəmə iddiaçının adından təqdim edilmiş ərizənin onun niyyətinə uyğun olmaması (yəni latın qrafikasını başa düşmədiyindən məzmununun ona izah edilməməsi) və onun hansı müddəti əhatə etdiyinə qiymət verməyi prosessual qənaət prinsipindən çıxış edərək zəruri hesab etmir. Lakin istənilən halda tutmanın qeyri-müəyyən müddətlə əhatə olunması ədalətli hesab edilə bilməz.

22. Odur ki, sosial müavinətdən tutmaya dair hərəkət qanunsuz sayılmalı, bununla bağlı qəbul edilmiş inzibati akt etibarsız sayılmalı və onun icrasının nəticələri aradan qaldırılaraq tutulmuş məbləğ iddiaçıya geri qaytarılmalıdır.

23. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

24. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı ailə başçısını itirməyə görə sosial müavinətindən tutulmaya dair cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının hərəkətləri qanunsuz hesab edilsin. Sosial müavinətlərin məbləğinin dəyişdirilməsi haqqında Dövlət Sosial Müdafiə Fondunun keçmiş Nərimanov rayon filialının tarixsiz və nömrəsiz sərəncamı etibarsız hesab edilsin və ailə başçısını itirməyə görə sosial müavinətdən tutulmuş məbləğ cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı geri qaytarılsın. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar