Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7426/2021 06.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüffat Departamentinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Bakı şəhər Mənzil-Kommunal Təsərüfatı Departamentinə qarşı “kirayə müqaviləsinin bağlanmasına sərəncam verilməsi öhdəliyinin qoyulması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesi küçəsi, döngə 5-də yerləşən 20a saylı evin 6 otaqlı, yaşayış sahəsi 154,35 kv.metr, ümumu sahəsi 250,75 kv.metr olan 1/1-ci mənzilinə dair mənim adıma kirayə müqaviləsinin bağlanılmasına sərəncam verilməsi öhdəliyinin cavabdeh-Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, ailə üzvlərilə birlikdə uzun müddətdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesi küçəsi, döngə 5, 20a saylı evin 1/1-ci mənzilində qeydiyyatda olmaqla yaşayır. Yaşadığı bina əvvəllər “Balaxanıneft" Neft Qazçıxarma İdarəsinin balansında və xidmət dairəsində olmuş, sonradan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28.12.2011-ci il tarixli, 435 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikaısnın Dövlət Neft Şirkətinin Sosial İdarəsinin Mənzil-Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə qəbul edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qeyd edilən sərəncamı icra edilmiş və yuxarıda göstərilən ünvanda yerləşən yaşayış binası Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına qəbul edilmişdir. Mən istər əvvəllər, istərsə də sonradan (bina Bakı şəhər MKTD-nin balansına qəbul edildikdən sonra) hazırki vaxta kimi yaşadığı mənzilə dair bütün xərcləri (kommunal və mənzil haqqını) vaxtlı-vaxtında ödəyir. Yaşadığı mənzilə dair digər ailə üzvlərinin razılığı əsasında onun adına kirayə müqaviləsinin bağlanması üçün o qanunvericiliyə uyğun olaraq tələb olunan sənədləri təqdim etməklə Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət edib. Hazırki iş üzrə cavabdeh olan həmin qurumdan ona 01.06.2021-ci il tarixli, M-57 saylı məktubla imtina edilmişdir. Cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin imtinasını əsassız və qanunsuz hesab edir. Belə ki, əvvəllər 5 ailə olmaqla (cəmi 17 nəfər) Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesi küçəsi, döngə 5, 20a saylı evin 1-ci məzilində qeydiyyatda olmaqla yaşayırdılar. Ailə üzvlərinin çox olması səbəbindən mənzil şəraitlərinin acınacaqlı olması barədə müxtəlif təşkilatlara müraciət etmişdilər. Müraciətləri əsasında Sabunçu rayon İcra Hakimiyyəti məktubla “Balaxanıneft” Neft Qazçıxarma İdarəsininə, əraziyə xidmət göstərən 1 nömrəli MİS-ə müraciət edərək, binada mənzilə bitişik, uçub-dağılmış 2 otaqlı mənzilin bərpa edilərək istifadələrinə verilməsi və bundan sonra məzilin şəxsi maliyyə hesabında müvafiq dəyişiklik aparılması tapşırığı vermişdir. Yaşayış sahəsi təmir edildi və cəmi 4 otaqlı olmaqla Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesi küçəsi, döngə 5, 20a saylı evin 1/1-ci məzilinə dair icarə müqaviləsinin bağlanılması və həmin yaşayış sahəsinin balansa götürülməsi tələbi ilə “Balaxanıneft” Neft Qazçıxarma İdarəsininə qarşı Sabunçu rayon məhkəməsinə müraciət etdilər. Sabunçu rayon məhkəməsinin 2- 895/2003 saylı iş üzrə qəbul etdiyi 27 iyun 2003-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesi küçəsi, döngə 5, 20a saylı evin 1/1-ci məzilinin “Balaxanıneft” NQÇİ-nin balansına götürülməsi və həmin mənzilə dair mənimlə icarə müqaviləsini bağlanmasının cavabdehə həvalə edilməsi qət edilmişdir. Qeyd edilən məhkəmə qətnaməsi icra edilərək “Balaxanıneft” NQÇİ-nin 06 saylı Protokolu ilə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesi küçəsi, döngə 5, 20a saylı evin yaşayış sahəsi 103,75 kv. metr olan 4 otaqlı 1/1-ci mənzilinə dair mənim adıma icarə müqaviləsinin bağlanmış və bu barədə yeni şəxsi maliyyə hesab vərəqəsi açılmışdır. Yaşadıqları mənzilə bitişik, 2-ci mərtəbədə yerləşən yaşayış sahəsi 50,60 kv.metr olan 2 otaqlı mənzil boşaldığından o həmin boşalmış mənzilin onun yaşadığı mənzilə birləşdirilməsi ilə bağlı “Balaxanıneft” NQÇİ-nin rəhbərliyinə müraciət etdi. Onun müraciətinə baxılaraq “Balaxanıneft” NQÇİ-nin müdiriyyəti ilə Həmkarlar İttifaqı Komitəsinin birgə iclasının 10 saylı Protokolu ilə Sabunçu qəsəbəsi, Şəhər şossesi küçəsi, döngə 5, ev 20a, mənzil 1/1-də yaşayan İddiaçılər ailəsinə (yəni ona və ailə üzvlərinə) həmin ünvanda boşalmış 6 saylı mənzilin birləşdirilməsinə icazə verilmiş və ailə üzvlərilə yaşadığı 1/1 saylı mənzil 6 otaqlı, yaşayış sahəsi 154,35 kv. metr, ümumi sahəsi isə 250,75 kv.metr hesab edilmişdir. Hazırda da ailə üzvlərilə birlikdə həmin yaşayış sahəsində yaşayırlar. Qeyd edilənlərdən bir daha aydın olur ki, cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin imtinası tamamilə əsassızdır. Bu səbəbdən qanunla qorunan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməli oldu.
3. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddiaçı tərəfindən hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən kirayə müqaviləsinin bağlanmasından imtina edildiyini bildirdi.
4. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iddia tələbini müdafiə edən iddiaçının nümayəndəsi və vəkili şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxış iclasında) iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri götürdüyünü bildirmişdir.
II. İddianın geri götürülmüş sayılması
5. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.
6. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
7. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 29.03.2016-cı il tarixli qərarı).
8. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
9. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.
10. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.
M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından
11. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).
12. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).
13. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.
14. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...
15. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyrimümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...
16. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.
17. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.
18. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın əsaslığı məsələsini müzakirə etmək zərurəti mövcud deyildir.
19. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.
20. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia geri götürülmüş sayılsın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva