Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7426/2025 19.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İddiaçı, Üçüncü şəxs “X3 LTD” Şirkətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə (üçüncü şəxslər “X3 LTD” Şirkəti və SOCAR-ın “Azneft” İstehsalat Birliyi) qarşı “fərdi yaşayış evinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, R.Axundov küçəsi, ev 6A Yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəs., Musa Bayramov küç, ev 6A nömrəli ev və həmin evin yerləşdiyi torpaq sahəsi ona məxsusdur. Evə dair Texniki Pasport tərtib edilmiş və həmin Texniki Pasportun surəti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 2024-cü il tarixli məktubla təqdim edilmişdir. Qeydiyyatda olduğu və yaşadığı həmin torpaq üzərində 1957-ci il tarixində inşa edilmiş fərdi yaşayış evin çıxarışı (xx.xx.2023-cü il tarixli **********51-10301 saylı D.Ə.R.nömrəsi) olduğu halda eyni torpaq sahəsində 2003-cü il tarixində inşa edilmiş fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınması və çıxarışın verilməsi imtina olunmuşdur. Cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə ziddir və onun qanunvericiliklə nəzərdə tutulan hüquqlarını pozur. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi öz imtinasında bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin yaxınlığında ləğv olunmuş neft quyusunun baza məlumatı var. Cavabdeh orqan qeydiyyatda olduğu və yaşadığı evin yeləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina etməsi qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-7426/2025 nömrəli qəraardadı ilə “X4 LTD” Şirkəti və SOCAR-ın “Azneft” İstehsalat Birliyi İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin yaxınlığında ləğv olunmuş neft quyusunun baza məlumatı var. Ərizənin icrası zamanı yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə verilmiş sorğuya 14-2/2-5152/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, müvafiq fərdi yaşayış evi mancanaq dəzgahı ilə istismar olunan 2731 və 39 nömrəli işlək neft-qaz quyularının müvafiq olaraq 66 və 104 metrlik məsafələrində, 34097, 34086 (istismar daxil və ləğv tarixi 1919/1954-cü il) və 32331 nömrəli ləğv olunmuş neft-qaz quyularının isə müvafiq olaraq 33, 37 və 51 metrlik məsafələrində mühafizə zonası daxilində yerləşir. Qeyd olunanları nəzərə alaraq istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, sözügedən fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatına alınmasına etiraz edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndi ilə ləğv olunmuş quyulardan şəxsi tikililərə 75 metrlik mühafizə zonası müəyyən olunmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli protokol qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə məhkəmə iclasında cavabdehin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -AZE seriyalı ******** nömrəli Şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, R.Axundov küçəsi,ev 6A ünvanında qeydiyyatdadır. -“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 0.049630 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 31.50 kv.m olan **********51-10301 reyestr nömrəli fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixdə tərtib edilən **********51-10301 reyestr nömrəli fərdi yaşayış evinə aid Texniki Pasportdan görünür ki, torpaq sahəsinin sənəd üzrə sahəsi 0.04963 ha, faktiki sahəsi 0.04963 ha, tikintialtı sahəsi 0.00445 ha, digər sahələr 0.04518 ha təşkil edir. Yaşayış evinin texniki göstəricilərinə əsasən yaşayış evi 1957-ci il tarixdə tikilmişdir. 1 mərtəbəli,1 yaşayış otağından ibarət olmaqla, ümumi sahəsi 31.5 kv.m, yaşayış sahəsi 18.2 kv.m, köməkçi sahəsi 13.3 kv.m, tikintialtı sahəsi 44.5 kv.m təşkil edir. -xx.xx.2024-cü il tarixli Ərizəsində İddiaçı Sabunçu rayon İcra Hakimiyyətinə müraciət edərək “Məlumatlandırma icraatı qaydasında” bildirmişdir ki, mülkiyyətində olan ünvan 4 ünvanında layihə əsasında hündürlüyü 3.10 m olan 1 mərtəbəli fərdi yaşayış evi inşa etmişdir. Məhkəmə sorğusuna cavab olaraq SOCAR-ın xx.xx.2025-ci il tarixli 14-2/2- 4226/2025 nömrəli məktubunda göstərilmişdir ki, eyni əmlak barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən SOCAR-a daxil olmuş məktuba baxılmış, qoşmada olan koordinatlar əsasında araşdırma aparılmış və qanunvericiliyin tələbləri de izah olunmaqla nəticəsi barədə İdarəyə SOCARın müvafiq məktubu ilə ətraflı cavab verilmişdir. Belə ki, müəyyən olunmuşdur ki, həmin fərdi yaşayış evi mancanaq dəzgahı ilə istismar olunan 2731 və 39 nömrəli işlək neft-qaz quyularının müvafiq olaraq 66 və 104 metrlik məsafələrində, 34097, 34086 (istismara daxil və ləğv tarixi: 1919/1954-cü il) və 32331 nömrəli ləğv olunmuş neft-qaz quyularının isə müvafiq olaraq 33, 37 və 51 metrlik məsafələrində mühafizə zonası daxilində yerləşir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 11-ci maddəsinə əsasən torpaq sahələrindən məhdudiyyətli istifadə rejimi müəyyən edilmişdir ki, həmin rejim torpaq sahəsindən onun məqsədli təyinatı üzrə istifadəsini nəzərdə tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları"nın təsdiq edilməsi haqqında 06 fevral 2017ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 iyul 2022-ci il tarixli 259 nömrəli Qərarı ilə edilən dəyişikliyə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Qərara əsasən, yaşayış binaları, fərdi yaşayış evləri, yataqxanalar, inzibati binalar və müvəqqəti salınmış qəsəbələrlə ləğv olunmuş quyular arasındakı minimum məsafə 75 metr, mancanaq dəzgahı ilə istismar olunan və basqı quyuları ilə 150 metr müəyyən olunmuşdur. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinin, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, sözügedən fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatına alınmasına etiraz edilmişdir. Bunu nəzərə alaraq, iddia tələbinin də rədd edilməsini və həmçinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15-ci (Çəkişmə (kontradiktor icraat) ve dispozitivlik prinsipləri) və 28-ci (Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması) maddələrinin tələblərinə uyğun olaraq, maraqların müdafiəsinin təmin edilməsi məqsədilə, quyuların balans sahibləri olan SOCAR-ın "Azneft" İstehsalat Birliyinin (AZ 1000, Bakı şəhəri, Neftçilər pr., 73) və "X4 LTD" Şirkətinin Azərbaycan Respublikasındakı filialının iş üzrə üçüncü şəxs qismində cəlb olunmasını xahiş etmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli 5-18/2-1014/2025 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinin tələblərinə uyğun olaraq Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, R.Axundov küçəsi, ev 6A (Yeni qaydalarla: ünvan 5 ünvanında inşa edilmiş fərdi yaşayış evinə dair tikinti niyyəti barədə müraciət Sabunçu Rayon İcra Hakimiyyətinə daxil olmamışdır. Əlavə olaraq onu da nəzərinizə çatdırırıq ki, X5 qızı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 102.6-cı maddəsinə əsasən Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, R.Axundov küçəsi, ev 6A (Yeni qaydalarla: ünvan 5 ünvanında tikinti İşlərinin başa çatdırılması ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətini məlumatlandırmışdır. Qeyd edilən müraciət 5-18/1-Y-40-151/2024 saylı, xx.xx.2024-cü il tarixli nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-14172/2025 nömrəli məktubu ilə təqdim edilən xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, İddiaçı məxsus yaşayış evinin hüquqmüəyyənedici sənəd üzrə və faktiki olaraq ölçüləri: yaşayış sahəsi-65.3 kv.m, köməkçi sahəsi-10.3 kv.m, ümumi sahəsi-75.6 kv.m, digər yaşayış evinin sahəsi 31.5 kv.m, torpaq sahəsinin ölçüsü 496.3 kv.m təşkil edir. A yaşayış evi qeydiyyat keçmiş, B yaşayış evi yeni layihələndirilən tikilidir. Həyətyanı sahədə əlavə həyət tikililəri mövcuddur. Fərdi ev yaşayışa yararlıdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-17183/2025 nömrəli məktubu ilə təqdim edilən sənədlərdən görünür ki: -xx.xx.2017-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.2016-cı il tarixdə ölmüş X2 vərəsəsi arvadı İddiaçıdır. Şəhadətnamə verilən miras əmlak: ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 31.5 kv.m olan 1 otaqlı fərdi yaşayış evindən ibarətdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-16225/2025 nömrəli məktubu ilə təqdim edilən ortofoto görüntüdən müəyyən olunur ki, İddiaçı məxsus torpaq sahəsi AR DNŞ-nə məxsus sahənin xaricində yerləşir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-48961/2025 nömrəli məktubunda göstərilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş torpaq sahəsi 0.0496 ha təşkil edir. Sahədən müxtəlif məsafələrdə işlək olmayan neft quyuları, təqribən 67.0 m məsafədə isə işlək neft quyusu məlumatları mövcuddur. Sahə ətrafinda qeydiyyatdan keçən sahə barədə məlumat aşkar edilmədi. Həmin məktubla təqdim edilən ortofoto görüntüdən müəyyən olunur ki, ləğv olunmuş nef quyusu iddiaçıya məxsus torpaq sahəsindən 33 metr uzaqlıqda, işlək neft quyusu 67 m uzaqlıqda yerləşir. İddiaçıya məxsus torpaq sahəsi Dəmir yolunun mühafizə xəttindən kənarda yerləşir. Məhkəmə sorğusuna cavab olaraq X4-nin xx.xx.2025-ci il tarixli RN xx-xx- 1501/2025 nömrəli məktubunda göstərilmişdir ki, məhkəmə tərəfindən sorğuya qoşmada göstərilən koordinatlar üzrə araşdırma aparılmış və müəyyən edilmişdir ki, qeyd olunan ərazi "Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Saziş üzrə Filialın istifadəsinə verilmiş Kontrakt sahəsindən 150 (bir yüz əlli) metr kənarda və neft quyularının mühafizə zonasında yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları"nın 3.3-cü bəndinə əsasən, fəaliyyətdə olan quyuların mühafizə zonası 150 metr, ləğv olunmuş quyuların mühafizə zonası isə 75 metr müəyyən edilmişdir: 1. 2731-70m işlək fond; 2. 32149-81m işlək fond; 3. BO-39-98m işlək fond; 4. 32331-50m ləğv fondu; 5. 34097-35m ləğv fondu;
6. 34086-37m ləğv fondu. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-59557/2025 nömrəli məktubu ilə təqdim edilən ortofoto görüntüdən müəyyən olunur ki, iddia olunan torpaq sahəsinin ətrafında **********267-10301, **********18-10301, **********62 reyestr nömrəli əmlaklar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli **********97 nömrəli məktubunda bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin yaxınlığında ləğv olunmuş neft quyusunun baza məlumatı var. Ərizənin icrası zamanı yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə verilmiş sorğuya 14-2/2-5152/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, müvafiq fərdi yaşayış evi mancanaq dəzgahı ilə istismar olunan 2731 və 39 nömrəli işlək neft-qaz quyularının müvafiq olaraq 66 və 104 metrlik məsafələrində, 34097, 34086 (istismar daxil və ləğv tarixi 1919/1954-cü il) və 32331 nömrəli ləğv olunmuş neft-qaz quyularının isə müvafiq olaraq 33, 37 və 51 metrlik məsafələrində mühafizə zonası daxilində yerləşir. Qeyd olunanları nəzərə alaraq istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, sözügedən fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatına alınmasına etiraz edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları"nın təsdiq edilməsi 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndi ilə ləğv olunmuş quyulardan şəxsi tikililərə 75 metrlik mühafizə zonası müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdeh orqana müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. İşin hallarından müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən torpaq sahəsi İddiaçı mülkiyyətində və faktiki istifadəsindədir, torpaq sahəsi və üzərində inşa olunmuş ümumi sahəsi 31.50 kv.m olan fərdi yaşayış evi xx.xx.2003-cü il tarixdə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, müvafiq çıxarış və texniki pasport verilmişdir. İddiaçı tərəfindən həmin torpaq sahəsində daha bir fərdi yaşayış evi inşa olunmuşdur. Fərdi yaşayış evinin inşası barədə xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən “Məlumatlandırma icraatı” qaydasında Sabunçu Rayon İcra Hakimiyyətinə məlumat verilmiş və müraciəti qeydə alınmışdır. İddiaçı sözügedən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan torpaq sahəsinin yaxınlığında ləğv olunmuş neft quyusunun yerləşməsini əsas gətirərək müraciətin təminindən imtina etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; -8.0.9.2-ci maddəısinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; -8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi xx.xx.2013-cü il tarixədək tikilmiş fərdi yaşayış evlərinə mülkiyyət hüququnun qeydə alınması üçün hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən yaşayış evlərinə münasibətdə isə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı, xx.xx.2013-cü ildən sonra məlumatlandırma icraatı qaydasında tikilmiş fərdi yaşayış evlərinə münasibətdə isə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və tikintinin başa çatdıqdan sonra məlumatlandırmanı təsdiq edən sənəd tələb olunur. Hazırkı iş üzrə iddiaçının iddia etdiyi fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün tələb olunan sənədlərdən ilkini-torpaq sahəsinin mülkiyyətində olmasını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrində qeydi mövcuddur. Eyni zamanda iş üzrə məhkəmə sorğusuna cavab olaraq təqdim edilən yerli müayinə aktından iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikintisi başa çatmış, təqdim edilmiş fərdi yaşayış evinin layihəsinə, Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun inşa olunan və tikilinin icazə icraatı tələb etməyən, bilavasitə məlumatlandırma icraatı qaydası tətbiq edilən fərdi yaşayış ev olduğu müəyyən olunur. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh reyestr orqanının mütəxəssisləri tərəfindən yerində baxış keçirilmiş, torpaq sahəsinin koordinatarı müəyyən edilmiş, fərdi yaşayış evinin layihədənkənar və ya icazə icraatı tələb edən tikili olması barədə hər hansı qeydlər təqdim edilməmişdir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti” Məcəlləsinin: -74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. - 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur -80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. -80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. -80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. -80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Cavabdehin imtina əsasını təşkil edən torpaq sahəsinin yaxınlığında ləğv olunmuş neft quyusunun yerləşməsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş ərazinin ortofoto görüntüdən görünür ki, iddia olunan fərdi yaşayış evinin yerləşdiyi ərazi fərdi yaşayış velərinin olduğu yaşayış məntəqəsi ərazisidir, həmin evin qonşuluğunda bir sıra tikililər, o cümlədən **********62, **********67-10301, **********18- 10301 reyestr nömrəli əmlaklar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışlar, həmçinin iddiaçıya məxsus torpaq sahəsi AR DNŞ-nə məxsus ərazidən kənarda yerləşir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçıya məxsus torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 fərdi yaşayış evi **********51-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İndiki halda həmin torpaq sahəsində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evi ilə yanaşı inşa olunmuş 2-ci fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə zidd hesab olunmalıdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının daşınmaz əmlak üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, R.Axundov küçəsi, ev 6A (Yeni qaydalarla: ünvan 9 ünvanında yerləşən 0.049630 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmaqla çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova