Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7428/2024 15.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Sabir oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “diplomun tanınması və ekvivalentlilik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 01 sentyabr 2023-cü il tarixli №NA00016365 saylı qərarının ləğv edilməsi, ali təhsil haqqında diplomunun tanınması və ekvivalentlilik haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, o, 2012-ci ildə Ukrayna Respublikasında “Avropa Universiteti”nə qəbul olmuşdur. Sonradan universitetin Gürcüstan Respublikasında yerləşən filialı olan “Avropa Univeristeti”ndə təhsil almışdır. Təhsili distant təhsil olmuşdur. 1 ildə 5 dəfə Gürcüstana gedib 5-10 gün tədrisdə olmuş, imtahanlarını verib gəlmişdir. Təhsilinin yekununda ali təhsil diplomu almışdır. Həmin diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamə verilməsi üçün cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdehin 01 sentyabr 2023-cü il tarixli №NA00016365 saylı qərarına əsasən ali təhsil ixtisasının ölkə ərazisində tanınmasından imtina edilmişdir. O həmin qərarla razılaşmır və onu qanunvericiliyin tələblərinə zidd hesab edir. Belə ki, 2012-ci ildə Ukraynada yerləşən “Avropa Universiteti”nə qəbul olmuş, 2017-ci ildə bitirmişdir. Onun Gürcüstanda təhsil alması ilə bağlı xarici pasportunda da gediş-gəlişi təsdiq edən möhürlər mövcuddur. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, NA00016365 nömrəli Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə qərarında qeyd etmişdir ki, ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci bəndinə əsasən ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilməsi, qərar məlumat üçün ərizəçiyə təqdim edilməsi qərara alınmışdır. Qərardan onun hüquqi qüvvəyə mindiyi gündən 30 (otuz) gün müddətində inzibati və ya məhkəmə qaydasında şikayət verilə bilər. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş məktubunda qeyd etmişdir ki, iddiaçının iddia tələbi Azərbaycan Respublikası İnzibati Porsessual Məcəlləsinin 38.2-ci bəndinə əsasən məhkəmə tərəfindən mümkünsüz hesab edilməlidir. Sözügedən normada qeyd olunur ki, Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İşin faktiki halında, İddiaçı elektron ərizə sistemi vasitəsilə xarici diplomunun tanınması üçün cavabdeh quruma müraciət etmiş, aparılmış inzibati icraatın nəticəsində xx.xx.2023-cü il tarixli əmrlə onun müraciəti barədə imtina qərarı verilmiş, bununla bağlı xx.xx.2023-cü il tarixli akt elektron sistem vasitəsilə ona təqdim olunmuşdur. Azərbaycan Respublikasının “Vətəndaşların müraciəti haqqında” qanunun 3.0.12- ci maddəsinə əsasasən elektron müraciət - müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilən və ya rəsmi internet saytı vasitəsilə daxil edilən müraciət; Həmin qanunun 6.7ci maddəsinə əsasən “Elektron müraciət həmin müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir və ya onun rəsmi internet saytına daxil edilir. Müraciətə baxan subyektin rəsmi internet saytına daxil edilən müraciətdə vətəndaşın elektron və ya poçt ünvanı göstərilməlidir”. Azərbaycan Respublikasının “Elektron imza və elektron sənəd haqqında” Qanunun 27.1 -ci maddəsinə əsasən “Şəxsən, habelə başqasının adından çıxış etmək səlahiyyəti olan şəxs tərəfindən göndərilmiş və ya özünün proqramlaşdırdığı qaydada fəaliyyət göstərən informasiya sisteminin avtomatik ötürdüyü elektron sənəd Göndərən tərəfindən göndərilmiş hesab edilir”. Həmin qanunun 28.1-ci maddəsinə əsasən “Elektron sənədin Göndərənin və ya onun adından çıxış edən şəxsin nəzarətində olmayan informasiya sisteminə daxil olduğu an elektron sənədin göndərilmə vaxtı (tarix və vaxt) hesab edilir”. Qanunun 28.2-ci maddəsinə əsasən “Elektron sənədin Alanın göstərdiyi informasiya sisteminə daxil olduğu an elektron sənədin alınma vaxtı (tarix və vaxt) hesab edilir”. Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” qanunun 62.2-ci maddəsinə əsasən “Elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. İnzibati orqanın xx.xx.2023-cü il tarixli qərarı iddiaçıya məxsus və iddiaçının inzibati orqana müraciət etdiyi elektron ünvanına həmin tarixdə yerləşdirilmişdir. Buna qarşılıq iddiaçı xx.xx.2024-cü ildə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Halbuki, İPM-in müvafiq tələbinə əsasən bununla bağlı ən geci xx.xx.2023-cü il tarixinə qədər məhkəməyə müraciət olunmalı idi. Cavabdeh yuxarıda qeyd olunanlara əsasən iddianın mümkün hesab edilməməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası (İPM-in 2.2.2) mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Cavabdeh tərəfindən iddiaçıya sözügedən imtinanın hansı tarixdə təqdim edildiyini təsdiq edən hər-hansı sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə tərəfindən iddianın mümkünlüyünü istisna edən hal aşkar olunmamışdır. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: xx.xx.2017-ci il tarixli, B17 №004272 nömrəli diplomun notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 2017-ci ildə X4 Təhsil Müəssisəsi “Avropa Universiteti”ndə tam kurs bitirmiş və ona “Menecment” ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir. X2 şəhərində xx.xx.2017-ci il tarixdə apostil edilmişdir. Diploma əlavədə təhsil dili Ukrayna dili olaraq qeyd edilmişdir. Təhsil müəssisəsinin əlaqə məlumatları qismində Ukrayna, Kiyev, Akademik Vernadski bulvarı, 16-B göstərilmişdir. DSX Sərhəd Xidmətinin xx.xx.2024-cü il tarixli 3-38-2/33-1313/24 nömrəli məktubundan görünür ki, iddiaçının dövlət sərhəddindən hərəkəti aşağıdakı kimi olmuşdur: xx.xx.2012 – çıxış – Gürcüstan; xx.xx.2012 – giriş – Gürcüstan; xx.xx.2012 – çıxış – Gürcüstan; xx.xx.2012 – giriş – Gürcüstan; xx.xx.2013 – çıxış – Gürcüstan; xx.xx.2013 – giriş – Gürcüstan; xx.xx.2013 – çıxış – Gürcüstan; xx.xx.2013 – giriş – Gürcüstan; xx.xx.2013 – çıxış – Gürcüstan; xx.xx.2013 – giriş – Gürcüstan; xx.xx.2013 – çıxış – Gürcüstan; xx.xx.2013 – giriş – Gürcüstan; xx.xx.2014 – çıxış – Gürcüstan; xx.xx.2014 – giriş – Gürcüstan; xx.xx.2014 – çıxış – Gürcüstan; xx.xx.2014 – giriş – Gürcüstan; xx.xx.2014 – çıxış – Gürcüstan; xx.xx.2014 – giriş – Gürcüstan; xx.xx.2015 – çıxış – Gürcüstan; xx.xx.2015 – giriş – Gürcüstan; xx.xx.2015 – çıxış – Gürcüstan; xx.xx.2015 – giriş – Gürcüstan; xx.xx.2015 – çıxış – İran; xx.xx.2015 – giriş – İran; xx.xx.2015 – çıxış – Gürcüstan; xx.xx.2015 – giriş – Gürcüstan; xx.xx.2015 – çıxış – Gürcüstan; xx.xx.2015 – giriş – Gürcüstan; xx.xx.2016 – çıxış – İran; xx.xx.2016 – giriş – İran; xx.xx.2016 – çıxış – İran; xx.xx.2016 – giriş – İran; xx.xx.2016 – çıxış – İran; xx.xx.2016 – giriş – İran; xx.xx.2016 – çıxış – İran; xx.xx.2016 – giriş – İran; xx.xx.2016 – çıxış – İran; xx.xx.2016 – giriş – İran; xx.xx.2016 – çıxış – Gürcüstan; xx.xx.2016 – giriş – Gürcüstan; xx.xx.2016 – çıxış – İran; xx.xx.2016 – giriş – İran; xx.xx.2016 – çıxış – Gürcüstan; xx.xx.2016 – giriş – Gürcüstan; xx.xx.2016 – çıxış – Gürcüstan; xx.xx.2016 – giriş – Gürcüstan; xx.xx.2016 – çıxış – Gürcüstan; xx.xx.2016 – giriş – Gürcüstan; xx.xx.2017 – çıxış – İran; xx.xx.2017 – giriş – İran; xx.xx.2017 – çıxış – Gürcüstan; xx.xx.2017 – giriş – Gürcüstan; xx.xx.2017 – çıxış – İran; xx.xx.2017 – giriş – İran; xx.xx.2017 – çıxış – İran; xx.xx.2017 – giriş – İran; xx.xx.2017 – çıxış – İran; xx.xx.2017 – giriş – İran; xx.xx.2017 – çıxış – Gürcüstan; xx.xx.2017 – giriş – Gürcüstan; xx.xx.2017 – çıxış – İran; xx.xx.2017 – giriş – İran; xx.xx.2017 – çıxış – İran; xx.xx.2017 – giriş – İran; Məhkəmə hesab edir ki, mübahisənin qanuni və ədalətli həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır. İddiaçının müraciət etdiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın: 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın (bundan sonra - Qaydalar): 1.1-ci bəndinə əsasən, bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; 1.6-cı bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; 3.7-ci bəndinə görə, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na əsasən: ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir (5.5-ci bənd); tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər (8.7.4); əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir (8.7.5); təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir (8.7.6); hər tədris ilində tətil müddəti 8-12 həftədir (o cümlədən qış tətili müddəti 2 həftədən az olmayaraq) (8.7.7); ali təhsil müəssisələrində dərs növlərinə mühazirə, seminar, nəzəri, praktiki və laboratoriya məşğələləri, yoxlama işləri, elmi tədqiqat işləri, kurs işi (layihəsi) və digərləri daxildir (8.7.8). Azərbaycan Respublikasının xx.xx.2004-cü il tarixli 595-İİQ nömrəli Qanunla qoşulduğu xx.xx.1961-ci il tarixdə Haaqa şəhərində imzalanmış “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”nın: 3-cü maddəsinə görə, imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz; 4-cü maddəsinə əsasən, 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Lakin şəhadətnamə onu verən orqanın rəsmi dilində tərtib edilə bilər. Eyni zamanda onda qeyd edilmiş bəndlər ikinci dildə də izah edilə bilər. Şəhadətnamənin “Apostille (Convention de la Haye du 5 octobre 1961)” adlı başlığı fransız dilində göstərilməlidir; 5-ci maddəsinə görə, şəhadətnamə sənədi imzalamış şəxsin və ya həm hansı bir sənəd sahibinin vəsatətinə əsasən verilməlidir. Lazımi qaydada doldurulmuş şəhadətnamə imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq edir. Şəhadətnamədə edilmiş imza, vurulmuş möhür və ştampın yenidən təsdiq edilməsi tələb olunmur. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmənin araşdırması ilə sabit olur ki, iddiaçının diplomun tanınması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. İş materialları ilə iddiaçının təhsil müddəti ərzində Ukrayna Respublikasının ərazisində olmaması, digər tərəfdən iddia etdiyi kimi Gürcüstan Respublikasının ərazisində isə tələb olunan müdətdən daha az müddətdə olması öz təsdiqini tapır. Eyni zamanda məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçıya diplom universitetin hər hansı filialı deyil, məhz özü tərəfindən verilmişdir. Universitetin Gürcüstan filialının mövcud olması və ya iddiaçıya diplomun həmin filial tərəfindən verilməsi öz təsdiqini tapmamışdır. Belə ki, həmin filialın akreditasiyası mövcud deyildir. Beləliklə, cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət olunur, cavabdehin iddiaçının diplomunu tanımaqdan imtina etməsi qanunvericiliyə, o cümlədən Qaydaların tələblərinə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1). Cavabdeh təhsilin məzmununun uyğunluğu haqqında ekspertiza keçirdikdən və Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğunu yoxladıqdan sonra Qaydaların tələblərinə əsaslanaraq iddiaçının diplomunun tanınmasından haqlı olaraq imtina etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “diplomun tanınması və ekvivalentlilik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X3
Məhkəmə qərarları › İş №2-1(112)-7428/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7428/2024
15.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver