Məhkəmə qərarları › İş №2-1(112)-7430/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7430/2021

23.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7430/2021 23.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı qərarın dəyişdirilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı qərarın dəyişdirilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin məzmunundan göründüyü kimi iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası 26.05.2021-ci il tarixli 151 saylı Qərarından görünür ki, dini ibadət yeri hesab edilən məscidlərdə eyni zamanda 50 nəfərdən artıq şəxsin ibadət etməsi qadağan edilmişdir. Metro, təyyarə, avtobus, iri ticarət mərkəzləri, bu kimi məkanlarda 50 nəfərlik məhdudiyyət olmadığı halda, məscidlərə bu formada məhdudiyyət qoyulması ayrıseçkilik və konstitusion və beynəlxalq hüquqların pozuntusudur. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəməyə daxil olmuş iddia ərizəsində “iddiaçı” kimi İddiaçı göstərilsə də, ərizə iddiaçı və ya onun müvafiq səlahiyyət verilmiş nümayəndəsi tərəfindən imzalanmamışdır. Məlum olduğu kimi, İPM-in 13-cü maddəsinin tələblərinə görə məhkəmə qaldırılan iddialarda yol verlən formal xətaların aradan qaldırılmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3cü bənd); Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır (3.4-cü bənd). İPM-in 13-cü maddəsi baxımından yuxarıda qeyd edilən halın formal xəta kimi aradan qaldırılması imkanları mövcud olduğundan 11.06.2021-ci il tarixdə daxil olmuş ərizə ilə bağlı 16.06.2021-ci il tarixli məktubla iddia ərizəsində yol verilən formal xətalar şəxsin diqqətinə çatdırmaqla ona hüquqi təkliflər verilmiş, lakin iddiaçı həmin halların aradan qaldırılması üçün cəhd etməmiş və məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Beləliklə, məhkəmənin mövqeyinə görə iddia ərizəsi iddiaçı və ya onun müvafiq səlahiyyət verdiyi şəxs tərəfindən imzalanmadığından, ərizədə yazılanlar “iddiaçı” kimi qeyd edilən şəxsin (İddiaçı) iradə ifadəsi kimi qiymətləndirilə bilməz. Odur ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim:Həsənov Orxan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar