Məhkəmə qərarları › İş №2-1(112)-7430/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7430/2025

21.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7430/2025 21.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehna qarşı “xəstəliyin səbəbli əlaqəsinin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), qapalı məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “hərbi xidmət dövründə əlillik dərəcəsinin təyin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyası ilə əvəz edilmiş, iddia tələbi “insan imun çatışmazlığı virus yoluxma xəstəliyinin hərbi xidmət dövrü ilə səbəbli əlaqənin dəyişdirilməsinin cavabdehə həvalə edilməsi” formada icraata qəbul edilmiş, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üçüncü şəxs kimi iştirakçılığına xitam verilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2011-ci il tarixdən 2018-ci il tarixə kimi MAHHXHO kimi xüsusi təyinatlı qüvvəllərdə xidmət etmişdir. 2016-cı il tarixdə aprel döyüşlərində iştirak etmişdir. xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək SQ BKH-da "Səs teli polipi, burun tənəffüsünü cüzi pozan burun arakəsməsinin əyriliyi" diaqnozu ilə müalicə və müayinə olmuşdur. N nömrəli hərbi hissənin komandiri tərəfindən hərbi xidmətə yararlığının təyini üçün hərbi həkim komissiyasına göndərilmişdir. xx.xx.2017xx.xx.2017-ci il tarixədək SQ BKH-da, xx.xx.2018-ci il tarxdən xx.xx.2018-ci il tarixədək MN Mərkəzi Hərbi Poliklinikasında müayinə və müalicə olmuşdur. 02 aprel 2018-ci il tarixli xəstəlik haqqında şəhadətnamədə hərbi həkim komissiyasının qərarı ilə ona “İnsan immun çatışmazlığı virusu ilə yoluxma. Burun arakəsməsinin əyriliyi, burun tənəffüsünün cüzi dərəcədə pozulması ilə ümumi xəstəlik, əngdə tam çıxmayan qənaətbəxş körpüvari prorezləmə xəstəliyi, hərbi xidmət dövründə alınmışdır“ diaqnozu verilmişdir. Yuxarıda göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin münasibəti: Cavabdeh iddia tələbinə münasibətdə bildirmişdir ki, Saatlı rayon hərbi komisarlığı tərəfindən 2011-ci ildə hərbi xidmətə çağırılmış İddiaçı xx.xx.2018-ci ildə MN Mərkəzi Hərbi Poliklinikasında hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və onda təyin olunmuş “İnsanın immun çatışmazlığı virusu ilə yoluxma” diaqnozuna əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 5“b” maddəsinin İİİ qrafasına əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” sayılmış və ya xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “Hərbihəkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin “e" yarımbəndinə əsasən “Ümumi xəstəlikdir” kimi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 1.8. bəndinə əsasən, “şəhadətləndirilən şəxsin müayinələrinin vaxtında və tam aparılmasına, müayinələrin nəticələrinə görə həkim-ekspert sənədlərinin hazırlanmasına, rəsmiləşdirilməsinə və hərbi-həkim komissiyasına təqdim edilməsinə görə məsuliyyət müayinə aparılan tibb bölməsinin rəisinin üzərinə düşür.Hər bir həkimmütəxəssis hərbi-həkim ekspertizası ilə əlaqədar verdiyi rəyin əsaslılığına və obyektivliyinə görə məsuliyyət daşıyır”. Xəstəlik ilk dəfə İddiaçı xx.xx.2018-ci il tarxidə SQ BKH-da cərrahi əməliyyata hazırlıq üçün müayinə zamanı aşkar olunmuşdur. Bununla əlaqədar olaraq xx.xx.2018-ci il tarixdə o, Respublika QİÇS-lə Mübarizə Mərkəzində müayinədə olmuş və diaqnoz təsdiq olunaraq müşahidə qeydiyyatına götürülmüşdür. N nömrəli hərbi hissə komandirinin xx.xx.2018-ci il tarixli 569 nömrəli göndərişi ilə MN MHP-da tibbi şəhadətləndirilmiş, SQ BKH-da infeksionist tərəfindən konsultasiya olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən cavabdeh məsələnin həllini məhkəmənin mülahizəsinə buraxmışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdı. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Elektron məlumatlardan görünür ki, iddiaçıya xx.xx.2019-cu il tarixdən 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, xx.xx.2024-cü il tarixdən isə müddətsiz əlillik təyin edilmişdir. Diaqnozun mətni – İİV infeksiyası İİİ kliniki mərhələ, ağız boşluğunun kandidozu. Anqulyar xeylit. Generalizəolunmuş limpadenopatiya. Virus mənşəli xroniki C hepatiti. Xəstəlik haqqında şəhadətnamədən görünür ki, iddiaçının “İnsanın immun çatışmazlığı virusu ilə yoluxma. Burun arakəsməsinin əyriliyi, burun tənəffüsünün cüzi dərəcədə pozulması ilə” diaqnozu təyin edilmiş və həmin diaqnoz əsasında o, “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab olunmuşdur. Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş sorğuya cavab məktubu ilə tibbi xasiyyətnamədən görünür ki, kiçik çavuş X5 xx.xx.2015-ci il tarixində hərbi hissənin tibb məntəqəsinə müraciət etmiş ətraflı müayinə üçün MN-nin MHP-na göndərilmiş və nəticədə “Qastrodudentit” diaqnozu ilə hərbi hissənin tibb məntəqəsində ambulator müalicə olunmuşdur. Kiçik çavuş X5 xx.xx.2017-ci il tarixində hərbi hissənin tibb məntəqəsinə müraciət etmiş ətraflı müayinə üçün MN-nin MHP-na göndərilmiş və nəticədə “Səs teli polipi, burun tənəffüsünü cüzi pozan burun arakəsməsinin əyriliyi” diaqnozu ilə xx.xx.2017ci il tarixindən xx.xx.2017-ci il tarixinədək SQ-in BKH-na stasionar müalicə və müayinəyə qəbul olunmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: 1.1. Bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. 1.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. 1.3. Hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni (bundan sonra — şəhadətləndirilmə) keçirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda ştatlı və ştatdankənar hərbi-həkim komissiyaları (həkim-uçuş komissiyaları) yaradılır. 5.1. Hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi-həkim komissiyasına həvalə olunur. 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir». a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa. ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə; əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; əgər xəsarət hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa. “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən “Xəstəlik (yaralanma, travma, kontuziya, xəsarət) hərbi xidmət dövründə alınmışdır” ifadəsinə aiddir: 1. əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, habelə şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və həmin orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən və ya yararsızlığına (o cümlədən müvəqqəti yararsızlığına) gətirib çıxaran dərəcəyə çatmışsa; 2.əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmət onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; 3.əgər şəhadətləndirilən şəxs yaralanmanı (travmanı, kontuziyanı, xəsarəti) hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bilavasitə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışdırsa; 4.əgər yaralanma (travma, kontuziya, xəsarət) hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) alınma şəraiti haqqında sənədlər yoxdursa. Digər tərəfdən həmin Əsəsnaməyə əsasən “Ümumi xəstəlik” ifadəsi bu hallarda işlədilir: 1. əgər şəhadətləndirilən şəxsdə yaralanma (travma, kontuziya, xəsarət), xəstəlik onun hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına, hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmışsa və hərbi xidmət (hərbi toplanış), həmin orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişəcək və ya yararsızlığına (o cümlədən müvəqqəti yararsızlığına) gətirib çıxaracaq dərəcəyə çatmamışsa; 2.əgər şəhadətləndirilən şəxsin yaralanması (travma, kontuziya, xəsarət) xəstəliyi hərbi xidmətdən yayınmaq məqsədi ilə özünə suiqəsd nəticəsində alınmışdırsa. Hazırkı inzibati mübahisənin predmeti, iddiaçının “İnsanın immunçatışmazlığı virusu ilə (İİV) yoluxma” diaqnozunun “ümumi xəstəlik” kimi deyil, hərbi xidmət dövründə, konkret olaraq, Azərbaycan Respublikasının müdafiəsi ilə bilavasitə əlaqədar şəraitdə əldə edilmiş “hərbi travma” kimi hüquqi qiymətləndirilməsinə dair tələbi ilə bağlıdır. Cavabdeh tərəfin qəbul etdiyi inzibati aktda, həmçinin təqdim etdiyi müvafiq rəsmi sənədlərdə, sözügedən xəstəliyin “ümumi xəstəlik” kimi qiymətləndirilməsi əks etdirilmişdir. Lakin iş üzrə aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuş faktiki hallar, cavabdehin bu mövqeyinin hüquqi əsaslardan məhrum olduğunu göstərir. Belə ki, iddiaçı 2011-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılmış, 7 illik fasiləsiz hərbi xidmət dövrü ərzində mütəmadi olaraq Hərbi Həkim Komissiyasında tibbi müayinələrdən keçmiş və hərbi xidmətə yararlı hesab olunmuşdur. 2015 və 2017-ci illərdə keçirilmiş kompleks tibbi müayinələr zamanı ona müxtəlif diaqnozlar, o cümlədən, “Qastroduodentit” və “Səs teli polipi, burun tənəffüsünü cüzi pozan burun arakəsməsinin əyriliyi” qoyulmuş, lakin həmin dövrlərdə onun İİV-ə yoluxması faktı aşkar edilməmişdir. Bu, hərbi xidmətin müxtəlif mərhələlərində onun sağlamlıq vəziyyətinə nəzarətin həyata keçirildiyini və İİV yoluxmasının həmin dövrlərdə müşahidə olunmadığını sübut edir. Ən önəmlisi isə odur ki, İİV-ə yoluxma halı ilk dəfə 12 fevral 2018-ci il tarixində, iddiaçının hələ də hərbi xidmət keçdiyi dövrdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında əməliyyata hazırlıq məqsədilə aparılmış laborator müayinələr zamanı aşkarlanmışdır. Bu fakt, yoluxmanın mülki həyatda deyil, məhz hərbi xidmət çərçivəsində baş verdiyini təsdiqləyir. Belə şəraitdə, iddiaçının müvafiq xəstəliyə hərbi xidmət dövründə yoluxduğu qənaəti əsaslı və sübutlarla təsdiq olunan nəticə kimi dəyərləndirilməlidir. Bu isə onun xəstəliyinin “hərbi travma” statusu ilə tanınması üçün hüquqi əsas verir. Qeyd edilənlərdən bu nəticəyə gəlmək olur ki, iddiaçının xəstəliyi “Ümumi xəstəlik” səbəb əlaqəsinə uyğun gəlməməklə, qərarın o hissədə qanuni əsası yoxdur. Digər tərəfdən iddiaçının xəstəliyi yuxarıda əsasları göstərilən “Xəstəlik (yaralanma, travma, kontuziya, xəsarət) hərbi xidmət dövründə alınmışdır” ifadəsinə uyğun gəldiyindən qərar o hissədə dəyişdirilməlidir. Məhkəmə qeyd edir ki, qanunçuluq prinsipi inzibati orqanların qəbul etdikləri qərarların, həyata keçirdikləri tədbirlərin (fəaliyyətin) qanunlara zidd (“contra legem”) olmamasını və qanunla nəzərdə tutulmayan (“praeter legem”) tədbirlərin həyata keçirilməməsini ehtiva etməklə yanaşı, inzibati fəaliyyətin qanun əsasında (“secundum legem”) həyata keçirilməsini də müəyyən edir. Beləliklə, inzibati orqanların fəaliyyəti ancaq o zaman qanunauyğun olur ki, onların öz fəaliyyətini həyata keçirərkən istifadə etdiyi səlahiyyətləri üçün qanuni əsaslar mövcud olsun. Bu mənada, hazırkı işin hallarına münasibətdə qanunçuluq prinsipinin tələbləri baxımından “Ümumi xəstəlik” həm qanunvericinin səlahiyyətləndirdiyi müvafiq orqan tərəfindən müəyyən olunmalı, həm də qeyd edilən faktın mövcudluğunu sözügedən orqan qanunun tələb etdiyi mötəbər və aidiyyəti sübutlarla təsdiq etməlidir. Beləliklə, mübahisələndirilən qərar iddiaçı barəsində qəbul edilmiş əlverişsiz inzibati aktdır. İnzibati icraat haqqında qanunvericiliyin müddəalarına əsasən isə, əlverişsiz inzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. İnzibati icraat zamanı isə ilk növbədə inzibati orqan özü obyektiv və hərtərəfli araşdırma prinsipinə tabedir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələblərinə əsasən inzibati orqan, o cümlədən də cavabdeh inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxsin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqanın qərar qəbul edərkən işin mahiyyətinə yad olan aspektləri nəzərə alıbalmamasını yoxlayarkən, məhkəmə inzibati orqanın öz diskresion səlahiyyətini həmin səlahiyyətin məqsədinə (şübhə mövcud olduğu təqdirdə bu məqsəd təfsir vasitəsilə araşdırılır) uyğun həyata keçirib-keçirmədiyinə nəzər yetirməlidir. İnzibati orqanın diskresion səlahiyyət daxilində qəbul etdiyi qərar inzibati icraatın gedişində lazımi qaydada və tam şəkildə müəyyən edilmiş faktlara əsaslanmalıdır. Diskresion səlahiyyət əsasında qəbul edilmiş və işin mahiyyətinə uyğun əsaslandırılmış qərarın yoxlanılması zamanı inzibati orqanın inzibati icraatın ümumi prinsiplərini nəzərə alması da həlledici əhəmiyyət kəsb edir. Buraya, həmçinin bərabərlik prinsipinə riayət edilməsi və mütənasiblik prinsipinin nəzərə alınması aiddir. Mütənasiblik prinsipinə müvafiq olaraq, inzibati orqanın hüquqlara müdaxilə edən tədbirləri inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, eləcə də həmin məqsədə çatmaq üçün zəruri və yararlı olmalıdır. Mütənasiblik yararlılıq, zərurilik və uyğunluq kimi üç əlamətdən ibarətdir. Şəxsin subyektiv hüquqlarına müdaxilə o halda qeyri-mütənasib hesab olunur ki, o, güdülən məqsədə çatmaq üçün yararsız və ya qeyri-zəruri olsun (məsələn, həmin məqsədə çatmaq üçün daha yumşaq vasitənin olması səbəbindən). Bundan başqa, konkret müdaxilə güdülən məqsədə qeyri-mütənasib ola bilməz. Yuxarıda qeyd olunanlar ayrı-ayrılıqda aşağıdakı nəticəyə gəlməyə əsas verir: İnzibati orqan yararlı olan tədbiri həyata keçirmiş olmalıdır. Bu, o deməkdir ki, inzibati orqan hər hansı bir müdaxilə tədbiri həyata keçirməklə icazə verilən, qanuni məqsəd güdür və həmin tədbir bu məqsədə çatmanı təmin etməlidir. İnzibati orqanın hərəkəti həmçinin zəruri olmalıdır. Dövlətin adından edilən hərəkətin zəruriliyi ona görə vacib amil hesab olunur ki, kiçik problemlərin böyük tədbirlər vasitəsilə aradan qaldırılması hüquqi dövlətin tələblərinə uyğun sayılmır. Tədbir o zaman zəruri olur ki, inzibati orqan mümkün olan bir neçə yararlı davranış variantından maraqlı şəxsə münasibətdə ən yumşağını seçsin. İnzibati orqanın hərəkəti eyni zamanda mütənasib, yəni uyğun olmalıdır. Əgər yararlı və digər vasitələrlə müqayisədə, hətta ən yumşaq olan vasitə belə, vətəndaşın hüquqlarının məhdudlaşdırılmasına münasibətdə ədalətli olmazsa, tətbiq edilə bilməz. Məqsəd və vasitə arasındakı mütənasiblik “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsində təsbit edilən və bütün inzibati orqanların davranışına şamil edilməli olan prinsipdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı insan imun çatışmazlığı virus yoluxma xəstəliyinin hərbi xidmət dövrü ilə səbəbli əlaqənin dəyişdirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar