Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7431/2025 11.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçıların qanuni nümayəndəsi İddiaçı3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və X5 cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı3 ərizə ilə cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, övladları İddiaçı1 və X7 məcburi köçkün statusunun verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məktublarla müraciəti təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6 bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Valideynlərin qeydiyyatı Bakı şəhəri, ünvan 1 ünvanında olduğundan övladları xx.xx.2007-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2009-cu il təvəllüdlü İddiaçı2 məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. Bundan sonra iddiaçılar İddiaçı1 və X10 (bundan sonra - iddiaçılar) cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin hərəkətləri qanunsuz sayılması, İddiaçı1 və İddiaçı2 məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqənin) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. II. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, xx.xx.2007-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2009-cu il təvəllüdlü İddiaçı2 Bakı şəhərində anadan olmuşlar. Valideynlər olaraq İddiaçı3 və həyat yoldaşı X1 rayonundan məcburi köçkündürlər. Məcburi köçkün olmaları ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsində qeydiyyata alınmış və bu barədə Komitədən müvafiq sənəd (vəsiqə) verilmişdir. Lakin uşaqları İddiaçı1 və İddiaçı2 məcburi köçkün statusu verilməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinin rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı1 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, iddiaçıların atası İddiaçı3 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olaraq, Bakı şəhəri ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyatda olsa da, iddiaçıların anası X4 Bakı şəhəri ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyatdadır. Əlavə olaraq, X4 məcburi köçkün statusuna və onu təsdiq edən vəsiqəyə malikdir. İddiaçılar İddiaçı1, X6 valideynlərinin yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından və “Bakı şəhəri, Yasamal rayonu” olduğundan, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Göründüyü kimi o uşaqlara məcburi köçkün statusu verilir ki, 1. Valideynlərindən atası ”məcburi köçkün” statusuna malik olsun; 2. Hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara. Beləliklə, iddiaçılara münasibətdə yuxarıda sadalanan hər iki şərtdən biri ödənilmədiyindən ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçıların qanuni nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). III. Məhkəmənin mövqeyi Məhkəmə tərəfi dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır, çünki iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, habelə iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmiş və cavabdehin imtinasını aldıqdan sonra qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan AZ-İİ №030549 nömrəli, xx.xx.2008-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası İddiaçı3, anası X3r. AZ-İİ №292557 nömrəli, xx.xx.2009-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası İddiaçı3, anası X3r. AA seriyalı 268036 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 Laçın rayonunu 1992-ci ildə tərk etmişdir, cavabdehin xx.xx.2012-ci il tarixli qərarına əsasən ona məcburi köçkün statusu verilmişdir. AA seriyalı 268033 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X1 rayonunu 1992-ci ildə tərk etmişdir, cavabdehin xx.xx.2012-ci il tarixli qərarına əsasən ona məcburi köçkün statusu verilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli, 3-36-3/2-1007/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, İddiaçı3 və X1 rayonundan məcburi köçkündürlər. Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 18/2-18752 nömrəli məktubundan görünür ki: - xx.xx.2007-ci il təvəllüdlü İddiaçı1 xx.xx.2023-cü il tarixdən hazıradək Bakı şəhəri, ünvan 1-də; -xx.xx.2008-ci il təvəllüdlü İddiaçı2 Fariz qızı xx.xx.2023-cü il tarixdən hazıradək Yevlax şəhəri, Qara Qarayev küçəsi, ev 31-də; -xx.xx.1982-ci il təvəllüdlü İddiaçı3 xx.xx.2004-cü il tarixdən xx.xx.2013-cü il tarixədək Laçın şəhəri, S.Vurğun küçəsi, ev 53-də, xx.xx.2013-cü il tarixdən hazıradək Bakı şəhəri, ünvan 1-də; -xx.xx.1988-ci il təvəllüdlü X4 xx.xx.2008-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Laçın şəhəri, S.Vurğun küçəsi, ev 53-də, xx.xx.2013-cü il tarixdən hazıradək Bakı şəhəri, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Laçın rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 5-64/2-163/2025 nömrəli məktubundan görünür ki, Laçın rayon sakinləri olmuş, hazırda Bakı şəhəri, ünvan 1 ünvanında daimi pasport qeydiyyatında olan İddiaçı3, onun həyat yoldaşı X4 və onların övladları, 2007-ci il təvəllüdlü İddiaçı1 və 2009-cu il təvəllüdlü İddiaçı2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.2-ci bəndinə əsasən vahid aylıq müavinət almır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-30768/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 və X2 adlarına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İddiaçılar hazırda atasının və anasının məcburi köçkün statusuna malik olmasına istinad edərək, onlara da məcburi köçkün statusunun verilməsini xahiş etmişlər. Məhkəmə qeyd edir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; - 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. - 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; - 12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. İstinad edilmiş normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydanın müəyyən edilməsi məqsədilə digər hüquqi aktın qəbul edilməsi bu Qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir. Məhkəmə qeyd edir ki, məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. İşdən görünür ki, iddiaçılar 2007-ci və 2009-cu illərdə anadan olmuşdur, anası və atası Laçın rayonundan məcburi köçkün düşmüş şəxslərdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsinə istinad etmişdir. Həmin bənddə nəzərdə tutulmuşdur ki, valideynlərdən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Qaydaların istinad edilən bəndinə görə, o uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki, 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Hazırkı işin mübahisəsiz halıdır ki, iddiaçıların valideynləri Laçın rayonundan məcburi köçkündür. Cavabdehin imtinasının əsas dəlili iddiaçıya münasibətdə Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan hər üç şərtin ödənilməməsi ilə bağlıdır. Yəni cavabdeh bildirir ki, hər iki valideyninin qeydiyyatı Bakı şəhərindədir. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı qeyd edir ki, sözügedən Qaydalarda göstərilən hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması ilə bağlı tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Yəni Qaydalar “məcburi köçkün” statusu əldə etmək üçün Qanunda nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatla bağlı” məhdudiyyət müəyyən etmişdir. Bu isə hüquq və azadlıqlara müdaxilə ilə bağlı qanunilik tələbinə uyğun gəlmir. Bundan əlavə, bu Qaydalar sonradan qəbul edilmiş və iddiaçının vəziyyətini ağırlaşdırmışdır. İddiaçıların doğulduğu vaxt qüvvədə olan hüquqi aktlarda belə bir tələb mövcud olmamış (cavabdeh əksini təsdiq edən subut təqdim edə bilmir), onlar məcburi köçkünlərə verilən güzəşt və təminatlardan istifadə etmişlər. Məhkəmə qeyd edir ki, qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Qazanılmış hüquqlara münasibətdə bu qaydada yanaşma həmçinin Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələblərindən də irəli gəlir. Həmin normaya görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasəm məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçılar xx.xx.2007-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2009-cu il təvəllüdlü İddiaçı2 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-7431/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7431/2025
11.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver