Məhkəmə qərarları › İş №2-1(112)-7432/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7432/2024

16.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7432/2024 16.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı (3-cü şəxs: X5) “kirayə müqaviləsinin bağlanması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “kirayə müqaviləsinin bağlanması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mənzilə dair anası Abidə Əliyevanın adına kirayə müqaviləsinin bağlanılması haqqında Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2020-ci il tarixli, 14 saylı Sərəncamını dəyişdirərək, (və yaxud ləğv edərək) həmin mənzilin ayrıca giriş qapısı olan və sahəsi 20 kv.metrdən ibarət, qarşısında balkonu olan 1 otağına dair iddiaçının adına kirayə müqaviləsinin bağlanması haqqında Sərəncamın verilməsi ilə bağlı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə rəsmi ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh müraciətinə baxıb cavablandırılması səlahiyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə aid olduğu halda, ərizəni Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı XTMKTB-nə göndərmişdir ki, həmin birliyin də xx.xx.2024-cü il tarixli məktubu ilə əsassız olaraq iddiaçıdan sənədlərin notarius təsdiqli surətlərinin təqdim edilməsi tələb edilmişdir. İddiaçı hesab edir ki, o, zəruri olan sənədlərə malikdir və onunla kirayə müqavilə bağlanmalıdır. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şaumyan rayonu X2 İcraiyyə Komitəsinin 08 yanvar 1971-ci il tarixli 55/1783 №-li qərarından görünür ki, həmin qərar ilə Zığ şossesi, ev 31, mənzil 34 ünvanında yerləşən sahəsi 12,2 kv.m olan bir otağ əlavə yaşayış sahəsi kimi vətəndaş Ə.A.Əliyevaya təhkim edilmişdir. Yaşayış sahəsinin ümumi sahəsi 52,2 kv.m təşkil edir. Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 27 fevral 2020-ci il tarixli, 14 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Zığ yolu küçəsində yerləşən 31 saylı evin 34 saylı mənzilin sahəsi 20,0 kv.metr olan sıxlaşdırılmış bir otağı X1 yaşadığı sahəsi 20,0 kv.metr və 12 kv.metr olan iki otağa birləşdirilməklə, yaşayış sahəsi 52,2 kv.metr olan 3 otaqlı 34 saylı mənzilə 3 nəfər ailə üzvü ilə (özü və 2 oğlu) adına kirayə müqaviləsi bağlanmış və o, həmin mənzilin kirayəçisi hesab edilmişdir. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı, X7, X5, X8 və X6 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-3015/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsində yerləşən 31 saylı evin 34 saylı mənzilinə köçürülməsi; mənzilin yardımçı sahələri (mətbəx, hama-tualet, dəhliz) ümumi istifadədə saxlanılmaqla, mənzilin giriş qapısı ilə üzbəüz yerləşən, ayrıca giriş qapısı və sahəsi 20 kv.m-dən ibarət, qarşısında balkonu olan 1 otaq onun istifadəsinə verilməsi; iddia tələbinin iddiaçının həyat yoldaşı X4 Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsində yerləşən 31 saylı evin 34 saylı mənzilinə köçürülməsi hissəsində təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-3015/2021 saylı qərardadı ilə 2(011 )-3015/2021 saylı mülki iş üzrə əlavə qətnamənin çıxarılması barədə İddiaçı ərizəsinin təmin edilməməsi; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )- 3015/2021 saylı, 16 iyun 2021 -ci il tarixli qətnaməsinə düzəliş edilsin və qətnamənin nəticə hissəsi “İddiaçı və azyaşlı uşaqları xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X8 Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsində yerləşən 31 saylı evin 34 saylı mənzilinə köçürülsün.” kimi oxunması qərara alınmışdır. Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 27 fevral 2020-ci il tarixli, 14 nömrəli Sərəncamının bağlanmasına əsas olan sənədlər toplusundan görünür ki, İddiaçı və X6 notarial qaydada təsdiq olunmuş ərizələr ilə ünvan 1 ünvanında yerləşən mənzillərin onların anası X3 adına özəlləşdirilməsinə etirazlarının olmadığını təsdiq etmişdirlər. Daşınmaz Əmlakın Dövlət Kadatrı və Reyestri publik hüquqi şəxsi 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, sözügedən mənzilin X3 adına qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 59.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. 59.2. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. 59.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi almağa hüquq verən əsasların və halların dəyişməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsinin ləğv edilməsinə əsas deyil. 59.4. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. 60.1. Sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsindən bu Məcəlləyə və sosial kirayə müqaviləsinə əsasən istifadə edilir. 61.1. Yaşayış sahəsi (yaşayış evi, yaşayış evinin hissəsi, mənzil, mənzilin hissəsi) yaşayış sahəsinin sosial kirayə müqaviləsinin predmetidir. 61.2. Ayrıca olmayan yaşayış sahəsi, yardımçı sahələr, habelə çoxmənzilli binanın ümumi əmlakı yaşayış sahəsinin sosial kirayə müqaviləsinin müstəqil predmeti ola bilməz. 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. 68.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. 68.4. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə də rəhbər tutaraq bildirir ki, yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi ilə vətəndaş arasında bağlanan elə bir müddətsiz müqavilə növüdür ki, həmin müqavilə vətəndaşa yaşamaq hüququnu və gələcəkdə yaşayış sahəsi üzərində yaranmış hüquqların qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas verir. Nəzərə alınmalıdır ki, qüvvədə olan MM-nin 68-ci maddəsi sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinin hüquq və vəzifələrini ehtiva edir. Qeyd olunur ki, bu hüquq və vəzifələrin əhatə dairəsi qanunvericilik ilə müəyyən olunmuşdur ki, kirayəçinin ailə üzvlərinin kirayə müqaviləsinin predmeti olan yaşayış sahəsinin kirayəçisi olmaq hüququnu vermir. Məhkəmə bildirir ki, iddiaçının kirayə müqaviləsi bağlanmasıni istədiyi yaşayış sahəsi mənzilin bir hissəsi, daha dəqiq desək bir otağıdır. Həmin otaq üçüncü şəxs X5 ilə bağlanmış kirayə müqaviləsinin predmeti olan və onun istifadəsinə verilən mənzilin tərkib hissəsidir. Nəzərə alınmalıdır ki, iddiaçı üçüncü şəxsin oğludur, yəni kirayəçinin ailə üzvü hesab olunur. O, kirayəçi və onun digər ailə üzvü ilə bərabər eyni hüquq və vəzifələ malikdir. Lakin bu hüquq və vəzifələr ona üçüncü şəxs ilə kirayə müqaviləsinin bağlanmasına əsas olan Sərəncamın ləğvini və ya dəyişdirilməsini, onunla mənzilin bir otağına dair yeni kirayə müqaviləsinin bağlanmasına əsas vermir. Çünki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci maddəsinin tələbləri kirayəçinin ailə üzvlərinə belə bir səlahiyyətverici hüquq vermir. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, iddiaçı məhz mülki məhkəmə qətnaməsi əsasında mənzilin bir otağına dair kirayə müqaviləsinin bağlanmasını arzulayır. Halbuki, iddiaçı həmin məhkəmə qətnaməsin kirayə müqaviləsinin bağlanmasına yetərli olmadığını nəzərə almamışdır. Çünki, həmin qətnamə ilə iddiaçı istifadə hüququ olması əsası ilə həmin mənzilə köçürülmüşdür. Yəni, faktiki olaraq həmin məhkəmə qətnaməsi kirayə müqaviləsinin bağlanmasına üçün kifayət deyil. Bundan başqa qeyd olunmalıdır ki, yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz olan müqavilədir. İddiaçı mənzilə dair kirayə müqaviləsinin üçüncü şəxs X3 adına bağlanmasına etirazının olmadığı barədə notarial qaydada ərizə təqdim edərək, bununla bağlı öz iradə ifadəsini nümayiş etdirmişdir. Göründüyü kimi iddiaçı öz arzusu və ifadəsi ilə mənzilə dair kirayə müqaviləsinin üçüncü şəxsin adına bağlanmasında öz razılıq mövqeyini bildirmişdir ki, bu da Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 27 fevral 2020-ci il tarixli, 14 nömrəli Sərəncamının əsaslı olduğunu, Sərəncamın qəbul edilən zaman hər hansı qanun pozuntusuna yol verilmədiyinin göstəricisidir. Məhkəmə göstərilənlər nəzərə almaqla qeyd etməyi zəruri hesab edir ki, kirayəçinin ailə üzvünün mənzilə köçürülməsi ilə bağlı mövcud hüququ kirayəçinin ailə üzvünə məxsus olan hüquq olmaqla, köçürüldüyü mənzilin ayrı-ayrı hissələrinə və yaxud da onun istifadəsinə verilmiş hissələrinə dair də ayrıca kirayə müqaviləsinin bağlanılmasını ehtiva etmir. Məhkəmə qətnaməsi əsasında mənzilə köçürülmə və mənzilin bir hissəsinin onun istifadəsinə verilməsi, başqa sözlə mənzilə iddiaçının istifadə hüququnun tanınması ilə əlaqədardır ki, iddianın məntiqi ilə getdikdə mənzilə istifadə hüququna malik bütün şəxslər, ailə üzvləri arasında kirayə müqaviləsi bağlanılmalı, daha sonra isə həmin kirayə müqavilələri əsasında mənzilin hissə-hissə, otaq –otaq mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün əsas müəyyən edilməlidir. Halbuki, mənzilin kirayə müqaviləsinin mövcudluğu əsası ilə kirayəçi və onun ailə üzvlərinin mənzildən istifadə hüquqlarının mövcudluğu, ailə üzvnünün həmin mənzildə yaşaması, məhkəmə qətnaməsində olduğu kimi mənzilin hər hansı hissəsinin onun istifadəsi halı istisna edilməmişdir ki, lakin, məhkəmə hesab edir ki, həmin halların istisna edilməməsi bir mənzil üzrə hər ailə üzvünün ayrıca kirayə müqaviləsi tələb etməsi anlamına gəlməməkdədir. Odur ki, məhkəmə hesab edir ki, ailə üzvünün ailə münasibətlərindən irəli gələn istifadə hüququ mənzilin ayrı-ayrı hissələri üzrə bir-neçə kirayə müqavilələrinin bağlanılmasını özündə ehtiva etmir. Əks yanaşma, mənzilin ayrı-ayrı otaqları üzrə bütün ailə üzvləri üçün ayrıca kirayə müqavilələri və hər bir otaqla bağlı həmin kirayə müqavilələrinə istinadla mülkiyyət hüquqlarının ayrıca qeydiyyatının aparılması kimi halların yaranmasını da ehtiva edir ki, məhkəmə göstərilən hallar nəzərə alınmaqla iddianın rəddi qənaətinə gəlir. Bu zaman, nəzərə alınmalıdır ki, iddiaçı kirayə müqaviləsinin bağlanılması zamanı da iradə ifadəsini göstərərək mənzilin üçüncü şəxsin adına müqavilə ilə rəsmiləşdirilməsinə etiraz etməmişdir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar