Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7432/2025 24.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “əmək pensiyasının hesablanaraq ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “əmək pensiyasının hesablanaraq ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 24 aprel 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1959-cu il təvəllüdlüdür. İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında xidmət keçmişdir. xx.xx.2000-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq Şöbəsinin müdiri vəzifəsində işləmişdir. xx.xx.2007-ci il tarixdən tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv qəbul edilmişdir. xx.xx.2008-ci il tarixdə Sabirabad Rayon Məhkəməsinə hakim vəzifəsinə təyin edilməsi ilə əlaqədar 08 avqust 2008-ci il tarixdən Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyündən xaric edilərək, vəkillik fəaliyyətinə xitam verilmişdir. xx.xx.2008-ci il tarixdə Sabirabad Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir. xx.xx.2010-cu il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə hakim vəzifəsində səlahiyyət müddətinin qurtarması ilə əlaqədar hakimlik fəaliyyətinə xitam verilmişdir. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən iddiaçıya pensiya hesablanması üçün əmək haqqı barədə verilmiş arayışa əsasən iddiaçının xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək son 5 illlik əmək haqqı 391810,60 (üç yüz doxsan bir min səkkiz yüz on manat 60 qəpik) manat təşkil etmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) tərəfindən iddiaçıya sabiq hakimi kimi əmək pensiyası təyin edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona hakim kimi təyin edilmiş pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2025-cü il tarixli məktubla bildirmişdir ki, “...10 yanvar 2025-ci il və 24 yanvar 2025-ci il tarixlərində daxil olmuş müraciətlərinizə aidiyyəti üzrə baxılmışdır. “X2” Azərbaycan Respublikası Qanununun 20.7-ci, 20.7.1-ci və 20.7.2-ci maddəsinə əsasən sabiq hakimlərə əmək pensiyası onların hakim vəzifəsində işlədikləri son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki aldıqları əmək haqqının orta aylıq məbləğinə əsasən hesablanır. Pensiyanın faiz dərəcəsi isə 15 il hakim kimi iş stajına görə 50 faiz, 15 ildən yuxarı hər ilinə görə 3 faiz miqdarında müəyyən edilir (80 faizdən çox olmamaq şərti ilə). Sizə 60 ay ərzində ödənilmiş əmək haqqına dair təqdim etdiyiniz Şirvan Apellyasiya Məhkəməsinin 2 dekabr 2024-cü il tarixili 3-9-1/2-735/2024 nömrəli arayışı nəzərə alınmaqla “X2” Qanunun 20.7-ci maddəsinə əsasən 16 il 4 ay 7 gün hakim kimi iş stajınıza uyğun olaraq vaxtilə işlədiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınızın (8272,92 manat) 54 faizi-4467,38 manat və 13 dekabr 2024-cü il tarixinədək ödənilmiş əmək pensiyanızın tərkibindəki 77,50 manat maddi yardım nəzərə alınmaqla ümumilikdə 4544,88 (4467,38+77,50) manat məbləğində sabiq hakim kimi 14 dekabr 2024-cü il tarixindən hesablanmaqla yaşa görə əmək pensiyası təyin edilib. Təqdim etdiyiniz müvafiq sənədləriniz araşdırılarkən hazırda sizə sabiq hakim kimi yaşa görə ödənilən 4544,88 manat əmək pensiyasının məbləğinin müraciətinizdə göstərdiyiniz xx.xx.2022-xx.xx.2024cü il tarixləri arasındakı dövr üzrə əmək fəaliyyətiniz əsas götürülməklə yenidən hesablanaraq müəyyən ediləcək 3630,68 manat pensiya məbləğindən çox olduğu müəyyən edilib. Buna görə də, əmək pensiyanızın həmin dövr üzrə yenidən hesablanması təxirə salınıb. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarına əsasən 30 dekabr 2005-ci il tarixinədək vəzifəyə təyin edilmiş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinin əmək pensiyası həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinə uyğun hesablanmalıdır. Yəni sözügedən Plenum Qərarına əsasən 30 dekabr 2005-ci il tarixinədək hakim təyin olunmuş şəxsə beş il iş stajına əsasən maksimum 80 faiz miqdarında pensiya təyin edilə bilər. Siz hakim vəzifəsinə 30 dekabr 2005-ci il tarixindən sonra 6 avqust 2008-ci il tarixindən təyin edildiyinizdən sözügedən Qaydada əmək pensiyanızın hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hakim vəzifəsində işlədiyi son 24 ay və ardıcıl gələn 60 ay ərzində əmək haqqının orta aylıq məbləğinə dair təqdim etdiyi arayışlardan daha üstün pensiya təminatına əsas verən arayışa uyğun olaraq sabiq hakim kimi ona bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, 16 il 4 ay 7 günlük hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi olmaqla hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə haqq, hakimlik səlahiyyətlərinin (hakimiyyət səlahiyyətlərinin) yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət haqqı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı miqdarında müavinət, müalicə ilə bağlı iki aylıq əmək haqqı miqdarında müavinət nəzərə alınmaqla əmək pensiyasının orta aylıq əmək haqqının və əlavələrin 80 faizi miqdarı əsas götürülməklə 65 yaşının tamam olduğu 14 dekabr 2024-cü il tarixə yenidən hesablanaraq həmin tarixdən 01 yanvar 2025-ci il tarixədək ödənilməmiş qalan pensiya məbləğinin (fərqin) ödənilməsi, pensiyanın 14 dekabr 2024-cü il tarixə hesablanacaq yeni məbləğinə cari 2025-ci ilin indeksasiyası tətbiq edilməklə 1 yanvar 2025-ci il tarixdən ödənilməli olan pensiya məbləğinin müəyyənləşdirilərək ödənilməsi, 01 yanvar 2025-ci il tarixdən qərar qüvvəyə minənə və qərar icra edilməyə başlanana qədər aylar üzrə ödənilməmiş qalan məbləğlərin (fərqlərin) hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı işin yuxarıda sadalanan hallarına əsasən iddia tələbini onunla əsaslandırmışdır ki, 2000-ci ilin avqust ayından Daxili İşlər orqanlarından xidmət illərinə görə təqaüdə çıxmış, ona həmin tarixdən xidmət illərinə görə pensiya təyin edilmişdir. Ehtiyatda olan daxili xidmət podpolkovnikdir. Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli 499 saylı Fərmanına uyğun olaraq xx.xx.2007-ci il tarixdən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyası Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirildiyindən mənə əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. DİO-dan təqaüdə çıxdıqdan sonra Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri vəzifəsinə təyin edilərək 2003-cü ilə qədər həmin vəzifədə işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 06 avqust 2008-ci il tarixli Sərəncamı ilə Sabirabad Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş, 28 avqust 2010-cu il tarixdən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş, 65 yaşının tamam olduğu 14 dekabr 2024-cü il tarixədək həmin vəzifədə işləmişdir. Cavabdehin gəldiyi nəticə ilə aşağıdakılara əsasən razılaşmır və hesab edir ki, onun əmək pensiyası “X2” Azərbaycan Respublikası qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olan normalarına uyğun olaraq yenidən hesablanmalı və onun işlədiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq pensiya təyin olunmalıdır. Belə ki, onun hakimlik stajı 16 il 4 ay 07 gün təşkil edir. "X2” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olan normaları onun pensiyasının və pensiyasına əlavələrin əmək haqqının orta aylıq məbləğinin 80 faizi miqdarında əlavələr hesablanmaqla ona aylıq vəzifə maaşının 45 faizi miqdarında əlavə, hakimlik səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyətlə bağlı iki aylıq əmək haqqı miqdarında müavinət, müalicə ilə bağlı iki aylıq əmək haqqı miqdarında müavinət nəzərə alınmaqla orta aylıq əmək haqqının 80 faizi miqdarında (stajı 16 il 4 ay 07 gün olduğundan 10 ilə qədər 55 faiz, 10 ildən yuxarı 6 il 4 aylıq hakimlik stajımın hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında (55%+6x5%=85)) Şirvan Apellyasiya Məhkəməsində hakimlik fəaliyyətinin başa çatdığı və 65 yaşının tramam olduğu 14 dekabr 2024-cü il tarixdən hesablanmasına əsas verirdi. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı 60 ay ərzində ödənilmiş əməkhaqqına dair təqdim etdiyi Şirvan Apellyasiya Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli 3-9-1/2- 735/2024 nömrəli arayışı nəzərə alınmaqla “X2” Qanunun 20.7-ci maddəsinə əsasən 16 il 4 ay 7 gün hakim kimi iş stajına uyğun olaraq vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əməkhaqqının (8272,92 manat) 54 faizi-4467,38 manat və 13 dekabr 2024-cü il tarixədək ödənilmiş əmək pensiyasının tərkibindəki 77,50 manat maddi yardım nəzərə alınmaqla ümumilikdə 4544,88 (4467,38+77,50) manat məbləğində sabiq hakim kimi 14 dekabr 2024-cü il tarixdən hesablanmaqla yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda cavabdeh inzibati orqan tərəfindən təqdim edilən müvafiq sənədlər araşdırılarkən hazırda ona sabiq hakim kimi yaşa görə ödənilən 4544,88 manat əmək pensiyasının məbləğinin müraciətdə göstərilən xx.xx.2022-xx.xx.2024-cü il tarixləri arasındakı dövr üzrə əmək fəaliyyəti əsas götürülməklə yenidən hesablanaraq müəyyən ediləcək 3630,68 manat pensiya məbləğindən çox olduğu müəyyən edilmişdir. Buna görə də İddiaçı əmək pensiyasının həmin dövr üzrə yenidən hesablanması təxirə salınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarına əsasən 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin edilmiş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinin əmək pensiyası həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinə uyğun hesablanmalıdır. Yəni sözügedən Plenum Qərarına əsasən 30 dekabr 2005-ci il tarixədək hakim təyin olunmuş şəxsə beş il iş stajına əsasən maksimum 80 faiz miqdarında pensiya təyin edilə bilər. İddiaçı hakim vəzifəsinə 30 dekabr 2005-ci il tarixdən sonra, yəni 06 avqust 2008-ci il tarixdə təyin edildiyindən sözügedən qaydada əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İddiaçı iddia ərizəsinin əsasları kimi Azərbaycan Respublikası Prezidentinin 06 avqust 2008-ci il tarixli Sərəncamı ilə Sabirabad rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin edildiyini, 28 avqust 2010-cu il tarixdən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş, 65 yaşının tamam olduğu 14 dekabr 2024cü il tarixədək həmin vəzifədə işlədiyini qeyd etmiş, cavabdeh tərəfindən təyin edilmiş pensiyanın düzgün hesablanmadığını bildirərək ona sabiq hakim kimi bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, 16 il 4 ay 7 günlük hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faiz olmaqla hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə haqq, hakimlik səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı miqdarında müavinət və müalicə ilə bağlı iki aylıq əmək haqqı miqdarında müavinət, 14 dekabr 2024-cü il tarixədək ödənilmiş əmək pensiyasının tərkibində ödənilmiş maddi yardım nəzərə alınmaqla ona əmək haqqının orta aylıq məbləğinin 80 faizi miqdarında pensiyaya əlavənin, cari 2025-ci ilin indeksasiyası da nəzərə alınmaqla hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hesab edilir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “X2” Azərbaycan Respublikası Qanunun 20.1,4-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq hakimlərə təyin edilir. Həmin Qanunun 20.7-ci maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. - 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. - 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 96-cı maddəsinə əsasən Hakim vəzifəsinə hakimlər ilk dəfə üç il müddətinə təyin olunurlar. Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68, digər instansiya məhkəmələrinin hakimləri üçün 66 yaşdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.2014-cü il tarixli 168-İVQD nömrəli Qanunu ilə həmin maddəyə edilmiş dəyişikliyə əsasən (dəyişiklik xx.xx.2015-ci ildə qüvvəyə minmişdir) 96-cı maddənin birinci hissənin birinci cümləsində “beş” sözü “üç" sözü ilə əvəz edilmiş, dördüncü cümləsində “həddinə” sözü “həddinədək” sözü ilə əvəz edilsin, 65 yaşınadək” sözləri və beşinci cümləsi çıxarılmaqla maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilmişdir. Həmin Qanunun keçid müddəalarını tənzimləyən 2-ci maddəsində göstərilmişdir ki, həmin Qanunun 1-ci maddəsinin 2-ci hissəsi 2015-ci ilin yanvar ayının 1dək vəzifəyə təyin edilmiş hakimlərə şamil edilmir. Bu tarixədək hakim vəzifəsinə təyin edilmiş şəxslərə münasibətdə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 96-cı maddəsinin birinci hissəsinin bu dəyişikliklərdən əvvəlki redaksiyası tətbiq olunur. “X2” Qanunun 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyasına əsasən 20.7-ci maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin (əmək pensiyası yaşına çatmış sabiq hakimlər) əmək pensiyasına əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxan hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. İş materiallarında olan İddiaçı məxsus şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı ona hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla müəyyən olunmuş yaş həddinə (65 yaş) xx.xx.2024-cü il tarixdə çatmışdır. “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və «X2» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə da İP’ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qərara almışdır ki: «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109- cu maddəsi və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73- cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq «X2» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə - həmin günədək qüvvədə olmuş «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin; 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə - həmin günədək qüvvədə olmuş «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. İddiaçının hakim vəzifəsində çalışdığı dövrdə qüvvədə olan qanunun redaksiyasını tətbiq etsək belə, hakim kimi yaşa görə pensiya təyin edilməsi üçün “Məhkəmələr və hakimlər haqqında» Qanunun 2019-cu ilədək qüvvədə olan redaksiyasının 109-cu maddəsinin 5-ci bəndində “Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş” ifadəsi qeyd olunmuşdur.Göründüyü kimi, şəxsə hakim kimi yaşa görə pensiya təyin edilməsi üçün hər iki şərt eyni anda mövcud olmalıdır. Yəni Qanunun əvvəlki redaksiyasında da, iddiaçıya hakim kimi pensiya təyin edilməsi üçün 05 il hakim işləməsi ilə yanaşı, pensiya yaşına çatması da tələb olunurdu. Lakin iddiaçı həmin dövrdə hakim kimi pensiya təyin edilməsi üçün qanunvericiliklə tələb olunan pensiya yaşına çatmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İddiaçının məhkəmə orqanlarında 16 il 04 ay 09 gün stajının olması işin mübahisələndirilməyən halıdır. İddiaçı hazırda ona təyin edilən edilən pensiya məbləği ilə razı deyil və hesab edir ki, 16 il 4 ay 7 günlük hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi olmaqla hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə haqq, hakimlik səlahiyyətlərinin (hakimiyyət səlahiyyətlərinin) yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət haqqı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı miqdarında müavinət, müalicə ilə bağlı iki aylıq əmək haqqı miqdarında müavinət nəzərə alınmaqla əmək pensiyasının orta aylıq əmək haqqının və əlavələrin 80 faizi miqdarı əsas götürülməklə pensiya məbləği yenidən hesablanmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “X2» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsi və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. Qərarda həmçinin qeyd edilmişdir ki, “...hakimlərin müstəqilliyi həm ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsiplərindən biridir, həm də dövlət tərəfindən hakimlərə verilən konstitusiya təminatıdır. Hakimlərin sosial müdafiə təminatı isə hakimlərin müstəqilliyinin ayrılmaz mühüm bir elementi kimi çıxış edir. Belə ki, «Məhkəmələr və hakimlər haqqında» Qanunun 100-cü maddəsinin ikinci hissəsinə müvafiq olaraq hakimlərin müstəqilliyi onların səlahiyyəti dövründə siyasətsizləşdirilməsi, dəyişilməzliyi və toxunulmazlığı ilə, vəzifəyə təyin olunmasının, məsuliyyətə cəlb edilməsinin, vəzifədən kənarlaşdırılmasının və səlahiyyətlərinə xitam verilməsinin məhdudlaşdırılması ilə, məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsi və ədalət mühakiməsinin qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməsi ilə, məhkəmə icraatına hər hansı şəxs tərəfindən məhdudiyyət qoyulmasının və müdaxilə edilməsinin yolverilməzliyi ilə, hakimlərin şəxsi təhlükəsizliyinin təmin edilməsi yolu ilə həyata keçirilir və onlara vəzifələrinə uyğun maddi və sosial təminatlar verilir. Konstitusiya Məhkəməsi əvvəllər qəbul etdiyi «Məhkəmələr və hakimlər haqqında» Qanunun 106 və 109-cu maddələrinin müvafiq müddəalarının şərh edilməsinə dair 23 yanvar 2001-ci və 27 iyun 2001-ci il tarixli qərarlarında da hakimlərin maddi və sosial təminatlarını Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə hakimiyyəti müstəqilliyinin tərkib hissəsi kimi qiymətləndirməklə belə bir mövqe müəyyənləşdirmişdir ki, dövlət və cəmiyyət hakimlərə, xüsusilə onların ədalətliliyinə və peşəkarlığına son dərəcə ciddi tələblərlə yanaşmaqla bərabər, öz səylərini hakimlərin sosial və maddi təminatı məsələlərinin yüksək səviyyədə həll edilməsinə yönəltməlidir. Qanunvericilikdə digər şəxslərlə müqayisədə hakimə daha yüksək pensiya təminatı müəyyənləşdirməklə dövlət və cəmiyyət nəticə etibarilə hakimin əməyini xüsusi dəyərləndirməklə, məhkəmə hakimiyyətinin rolunu, müstəsna əhəmiyyətini və nüfuzunu etiraf edir. Konstitusiyanın və beynəlxalq-hüquqi aktların müddəalarına əsasən hakimlərin pensiya təminatının maddisosial imtiyaz kimi deyil, müstəqilliklərinin təminatının əhəmiyyətli bir vasitəsi kimi qəbul edilməsi əsas verir ki, sonradan qanunvericiliyi dəyişdirməklə fəaliyyətdə olan hakimlərin malik olduqları pensiya təminatlarının səviyyəsi azaldıla bilməz. Əks halda, yeni qanunvericilik Konstitusiyanın 25-ci maddəsində təsbit olunmuş bərabərlik prinsipi ilə, 127ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatı ilə, habelə 149-cu maddəsinin İ hissəsində müəyyən olunmuş normativ hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanılması prinsipi ilə, eləcə də 149-cu maddəsinin Vİİ hissəsində təsbit edilmiş yalnız fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsinin geriyə şamil ediləcəyi müddəası ilə ziddiyyət təşkil edə bilər. Odur ki, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş (əvəz olunmuş) hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin müddəası nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır”. “Hakimlərin Statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir. Nəzərə alınmalıdır ki, milli hüquqda və beynəlxalq-hüquqi aktlarda hakimlərin sosial müdafiəsi, o cümlədən pensiya təminatı ilə bağlı nəzərdə tutulmuş normalar onların müstəqilliyinin və qərəzsizliyinin qorunması, gələcəkdə onların layiqli və uyğun maddi təminatının zəmanətə alınması məqsədlərinə xidmət edir. Belə ki, hakim hələ işlədiyi dövrdə gələcəkdə sosial müdafiəsinin daha üstün təminatlar əsasında həyata keçiriləcəyinə əmin olmalıdır. Göründüyü kimi, hakimlərin maddi təminatı onların müstəqilliyinin əsas elementlərindən biridir və pensiya təminatı da bura daxildir. Çünki hakim faaliyyət göstərdiyi dövrdə təminatının yüksək olması onun müstəqilliyinin göstəricisi olmaqla, eyni zamanda gələcəkdə yüksək pensiya təminatına da əmin olmaqla maddi rifahı barədə gələcəklə bağlı tərəddütü olmamalıdır. “X2” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilməsi qaydası göstərilmişdir. xx.xx.2017-ci il tarixdən etibarən “X2” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddədə “əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla” sözləri “əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir” sözləri ilə əvəz edilmişdir. “X2” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixə qədər olan redaksiyasına əsasən: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. İşin hallarına görə, iddiaçı xx.xx.2008-ci il tarixdə hakim təyin edilmiş və xx.xx.2024cü il tarixədək hakim kimi fəaliyyət göstərmişdir. Belə olan halda 5 ildən artıq hakim kimi fəaliyyət göstərdiyinə görə, onun artıq həmin vaxt qüvvədə olan qanunvericiliyə görə, sabiq hakim kimi pensiya hüququ və pensiyaya əlavələri almaq hüququ yaranmışdır. Məhkəmə həmin vaxt qüvvədə olan qanunun normalarını və Konsitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən qərardakı hüquqi mövqeyini nəzərə alaraq qeyd edir ki, hakimin pensiya hüququ ilə bağlı sonradan qəbul edilən və hakimə pensiya hüququ verən şərtləri ağırlaşdıran normaların iddiaçıya tətbiq edilməsi yolverilməzdir. Belə ki, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən onun 15 ildən az hakim stajına malik olmasını göstərmişdir. Lakin cavabdeh nəzərə almamışdır ki, Qanunun 15 il hakim stajı tələb edən norması 10 mart 2017-ci il tarixli, 543-VQD №li qanunla qəbul edilmiş və xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Nəzərə almaq lazımdır ki, yuxarıda qeyd olunan konstitusion-hüquqi dəyərlər şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını nəzərdə tutan qanunvericilik müddəalarının tətbiqini şərtləndirir və zəruri edir. Şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəalarının tətbiqi pensiya qanunvericiliyində sonradan həyata keçiriləcək dəyişikliklərin hakimlərin sosial müdafiəsinə, o cümlədən pensiya təminatına neqativ təsirini Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinə əsasən neytrallaşdırmaq və bunun üzərindən hakimlərin hüquqi təhlükəsizliyini təmin etmək məqsədlərinə xidmət edir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd edilənlər və eləcə də “qazanılmış hüquq” (qanuni gözlənti və hüquqi müəyyənlik prinsipləri) konsepsiyası nəzərə alınaraq “X2” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci ilədək qüvvədə olmuş normaları tətbiq edilməli və iddiaçıya işlədiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən hakim kimi pensiya təyin olunmalıdır. Məhkəmə qeyd edilənlərin məntiqi davamı olaraq iddia tələbində iddiaçının tələb etdiyi hakimlik stajının hər 5 ilinə görə vəzifə maşının 15% həcmində vəzifə maaşına əlavə, orta aylıq əmək haqqının 80%-i miqdarında pensiyaya əlavə və digər hissələri ilə bağlı aşağıdakıları qeyd edir: “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinə görə, Hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. 106-cı maddənin birinci hissəsinə “məbləğdə” sözündən sonra “aylıq” sözü və “edilir” sözündən sonra “və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir” sözləri 12 iyul 2019-cu il tarixli 1647- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir. İddiaçı xx.xx.2024cü il tarixə qədər hakim işlədiyindən həmin əlavəni almışdır. ...Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir... ...Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. 12 iyul 2019cu il tarixli 1647-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 106-cı maddənin üçüncü hissəsi yeni redaksiyada verilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixə qədər hakim işlədiyindən pul təminatını almışdır. Qanunun 107-ci maddəsinə əsasən hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı verilir. 8 iyul 2022-ci il tarixli 582-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 107-ci maddənin birinci hissəsinin ikinci cümləsindən “və iki aylıq əmək haqqı məbləğində müavinət” sözləri çıxarılmışdır. İddiaçı xx.xx.2024-cü il tarixə qədər hakim işlədiyindən pul təminatını almışdır. Odur ki, məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət almışdır. 8 iyul 2022-ci il tarixli 582-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 109cu maddənin dördüncü hissəsinin ikinci cümləsi çıxarılmışdır. Həmin cümləyə əsasən, hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Əmək pensiyasına 80% əlavə ilə bağlı məhkəmə qeyd edir ki, “X2” Qanuna görə, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. İddiaçının məhkəmə orqanlarında 16 il 04 ay 09 gün stajı vardır. Ona görə də, iddiaçının orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavənin hesablanması hissədə də tələbi əsaslıdır. Beləliklə, iddiaçıya aylıq vəzifə maaşı miqdarında aylıq vəzifə maaşına əlavə, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə, hakimlik səlahiyyətlərinin yerinə yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyətlə bağlı iki aylıq əmək haqqı miqdarında müavinət, müalicə ilə bağlı iki aylıq əmək haqqı miqdarında müavinət nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını, habelə qeyd edilən əlavələr nəzərə alınmaqla orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavənin hesablanmasını tələb etməkdə haqlı sayılmalıdır. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2194/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətini mümkünsüz hesab edərək qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-48/2022 nömrəli; 2-1(102)- 1881/2022 nömrəli; 2-1(102)-1728/2023 nömrəli; 2-1(102)-1927/2023 nömrəli; 2-1(102)- 1087/2024 nömrəli; 2-1(102)-1279/2024 nömrəli; 2-1(102)-820/2024 nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, hakimlərin pensiya təminatına münasibətdə onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalı, hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin müddəası nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır. Belə ki, hakimlərin sosial müdafiəsinə yönəldilən pensiya təminatı onların müstəqilliyini və qərəzsizliyini qorumaq üçün verilən Konstitusiya və beynəlxalq-hüquqi aktlarda nəzərdə tutulan təminatların zəruri tərkib hissəsidir. Hakimlərin layiqli sosial müdafiə təminatları onların yüksək konstitusiyahüquqi statusundan irəli gəlir və xüsusi növ hakimiyyət fəaliyyətinin – ədalət mühakiməsinin daha səmərəli həyata keçirilməsi üçün hətta xüsusi statusa malik digər şəxslərlə müqayisədə hakimlər barəsində pensiya qanunvericiliyinin fərqli yanaşmasını tələb edir. Hazırkı işin faktiki hallarına görə, iddiaçı 2000-ci ildən 2023cü ilədək hakim vəzifəsində işləmiş, ümumi hakimlik stajı 22 il 05 ay 09 gün olmaqla 2023cü il tarixdən məhkəmə sədri vəzifəsindən son yaş həddinə çatması ilə əlaqədar hakimlik səlahiyyətinə xitam verilmişdir. Cavabdeh tərəfindən iddiaçıya 2023-cü il tarixli qərarla işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının 72,25%-i əsas götürülməklə 2023-cü il tarixdən hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı cavabdehin pensiyanın hesablama qaydası ilə razılaşmır və ona hakim kimi işlədiyi son 24 ayın, yəni 2021-2023-cü il tarixədək məhkəmə sədri vəzifəsində aldığı orta aylıq əmək haqqının 80% olmaqla pensiyasının yenidən hesablanmasını xahiş edir. Cavabdehin mövqeyinə görə isə “X2” Qanunun 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyasına əsasən iddiaçının pensiya hüququ yaranmadığından, ona keçmiş qanunvericiliyin müddəaları nəzərə alınmaqla pensiyasının yenidən hesablanması mümkün deyildir. İddiaçı 2000-2023-cü il tarixlərdə birinci instansiya məhkəməsinin hakimi və sədri işləmişdir. Onun işlədiyi həmin dövrlərdə zaman içərisində həm «Məhkəmələr və hakimlər haqqında» Qanuna, həm də “X2” Qanuna hakimlərə münasibətdə pensiyanın təyin olunması və hesablanması qaydası ilə bağlı bir sıra əhəmiyyətli əlavə və dəyişikliklər edilmişdir. Sözügedən əlavə və dəyişikliklər həm də hakimlərin pensiyalarının əmək haqqının hansı faizi həddində, eləcə də hansı aylar əsas götürülməklə hesablanmalı olduğu məsələsini də əhatə etmişdir. Beləliklə, qiymət verilməli olan məsələ hakimlərin pensiya təminatına münasibətdə onların hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş müxtəlif sosial müdafiə təminatlarını əks etdirən qanunvericilik müddəalarından hansılarının tətbiqi ilə bağlıdır. Kollegiya qeyd edir ki, bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu tərəfindən “«Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və «X2» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” 18 iyul 2008-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərara görə: “1. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109- cu maddəsi və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. 2. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq «X2» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: - 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə – həmin günədək qüvvədə olmuş «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin; - 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə – həmin günədək qüvvədə olmuş «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır”. Kollegiya xüsusilə qeyd edir ki, Konstitusiya Məhkəməsi sözügedən qərarında həm də ümumi olaraq hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş qanunvericilik normalarının onların pensiya təminatlarına təsiri məsələsinə münasibət bildirilmişdir. Qərarın 1-ci bəndi məhz həmin məsələnin həllinə yönəlmişdir. Buna görə, pensiya təminatına münasibətdə onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalı, hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin müddəası nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır. Konstitusiya Məhkəməsinin qərarından belə nəticə hasil olur ki, şəxs hakim kimi pensiya təminatı hüququnun reallaşdırılması zamanı fəaliyyət göstərdiyi dövrdə qüvvədə olmuş daha üstün sosial müdafiə təminatlarını müəyyənləşdirən qanunvericilik normalarının nəzərə alınmasını tələb etmək hüququna malikdir. Belə üstün sosial təminatlar nəzərdə tutan normalar pensiya təyin olunarkən qüvvədə olan normalar ola biləcəyi kimi, həmin vaxt qüvvədə olmayan, lakin şəxsin hakim kimi fəaliyyət göstərdiyi dövrdə qüvvədə olmuş normalar da ola bilər. Həlledici olan şərt, Konstitusiya Məhkəməsinin 18 iyul 2008-ci il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə görə, həmin normanın hakimin fəaliyyət dövründə qüvvədə olması və daha üstün sosial təminatı nəzərdə tutmasıdır. Bu zaman, xüsusilə nəzərə alınmaldır ki, MPM-in 13.7-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarlarında verilmiş Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmələr üçün məcburidir. İddiaçı tələbində pensiyanın əmək haqqının (vəzifə maaşının) 80 faizi məbləğində hesablanmasını xahiş etmiş, cavabdeh isə faktiki qulluq illərinə görə orta aylıq əmək haqqının 72,25%-i əsas götürülməklə pensiya məbləğini müəyyən etmişdir. Bundan başqa, iddiaçı qanunvericiliyin ona verdiyi seçim hüququndan istifadə edərək istənilən ardıcıl gələn 60 ay ərzindəki əməkhaqqının orta aylıq məbləğindən deyil, son 24 ay ərzindəki əməkhaqqının orta aylıq məbləğindən pensiya hesablanmasını xahiş etmişdir. İddiaçının hakim işlədiyi dövrdə qulluq illərindən asılı olmayaraq həm axırıncı iş yerində aldığı əmək haqqının (vəzifə maaşının) 80 faizi məbləğində pensiya ödənilməsini nəzərdə tutulan norma, həm də əmək pensiyasına əlavələrin hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən hesablanmasını müəyyən edilən norma mövcud olmuşdur. İddiaçının pensiya məbləğinin əmək haqqının (vəzifə maaşının) 80 faizi məbləğində və son 24 ay ərzindəki orta aylıq məbləğindən hesablanması ilə bağlı müraciəti Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2008-ci il tarixli qərarında verilmiş qanunvericiliyin normalarının tətbiqinə dair rəsmi şərhin qüvvədə olduğu dövrə təsadüf etmişdir. Odur ki, iddiaçıya münasibətdə hakim vəzifəsində işlədiyi dövrdə daha üstün sosial müdafiə təminatlarını müəyyənləşdirən qanunvericilik normalarını tətbiq etməkdə məhkəmə haqlı olmuşdur. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, hakimlərin müstəqilliyi həm ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsiplərindən biridir, həm də dövlət tərəfindən hakimlərə verilən konstitusiya təminatıdır. Hakimlərin maddi və sosial təminatları Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi sənədlərdə (BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş “Məhkəmə hakimiyyətinin müstəqilliyinin əsas Prinsipləri”, “Hakimlərin Statusuna dair Avropa Xartiyası”) təsbit olunmuş məhkəmə hakimiyyətinin və hakimləri müstəqilliyinin ayrılmaz mühüm bir elementi kimi çıxış edir. Dövlət və cəmiyyət hakimlərə, xüsusilə onların ədalətliliyinə və peşəkarlığına son dərəcə ciddi tələblərlə yanaşmaqla bərabər, öz səylərini hakimlərin sosial və maddi təminatı məsələlərinin yüksək səviyyədə həll edilməsinə yönəltməlidir. Hakimlərə münasibətdə isə nəzərə alınmalıdır ki, məhkəmənin istənilən təsirə dayanıqlığı yalnız hakimlərin etikası, nüfuzu, ixtisası, ləyaqəti və məsuliyyətilə deyil, həmçinin onların müstəqilliyinin bir hissəsi kimi qəbul olunan yüksək maddi-sosial təminatları ilə də birbaşa bağlıdır. Konstitusiyanın 127-ci maddəsində göstərilmiş hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsip və şərtləri məhz yuxarıda qeyd edilən hakimlərin real maddi və sosial təminatlarından asılıdır. Bu mənada, pensiya təminatı hakimlər üçün müəyyənləşdirilmiş maddi-sosial imtiyaz kimi deyil, əksinə hakimlərin müstəqilliyinin təminatının bir vasitəsi kimi dəyərləndirilməlidir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, həmin təcrübə məhz hakimlərin pensiya təminatı ilə bağlı qanunvericiliyin zaman içərisində dəyişən normalarının tətbiqinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2008-ci il tarixli qərarında verilmiş məcburi qüvvəyə malik qanunvericiliyin rəsmi şərhinə əsaslanmaqla formalaşdırılmışdır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirak etdiyi çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur”. Məhkəmə qeyd edir ki, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı hakim vəzifəsində işlədiyi son 24 ay və ardıcıl gələn 60 ay ərzində əmək haqqının orta aylıq məbləğinə dair təqdim etdiyi arayışlardan daha üstün pensiya təminatına əsas verən arayışa uyğun olaraq sabiq hakim kimi ona bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, 16 il 4 ay 7 günlük hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi olmaqla hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə haqq, hakimlik səlahiyyətlərinin (hakimiyyət səlahiyyətlərinin) yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət haqqı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı miqdarında müavinət, müalicə ilə bağlı iki aylıq əmək haqqı miqdarında müavinət nəzərə alınmaqla əmək pensiyasının orta aylıq əmək haqqının və əlavələrin 80 faizi miqdarı əsas götürülməklə 65 yaşının tamam olduğu 14 dekabr 2024-cü il tarixə yenidən hesablanaraq həmin tarixdən 01 yanvar 2025-ci il tarixədək ödənilməmiş qalan pensiya məbləğinin (fərqin) ödənilməsi, pensiyanın 14 dekabr 2024-cü il tarixə hesablanacaq yeni məbləğinə cari 2025-ci ilin indeksasiyası tətbiq edilməklə 1 yanvar 2025-ci il tarixdən ödənilməli olan pensiya məbləğinin müəyyənləşdirilərək ödənilməsi, 01 yanvar 2025-ci il tarixdən qərar qüvvəyə minənə və qərar icra edilməyə başlanana qədər aylar üzrə ödənilməmiş qalan məbləğlərin (fərqlərin) hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-7432/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7432/2025
24.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver