Məhkəmə qərarları › İş №2-1(112)-7437/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7437/2020

10.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7437/2020 10.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəriman İbrahim oğlu Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi ilə, İddiaçı İdris qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla pensiya vəsaitinin alınmamış hissəsinin və dəymiş zərərin ödənilməsi tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İdris qızı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla pensiya vəsaitinin alınmamış hissəsinin və dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh və üçüncü şəxs olan dövlət qurumlarının səhlənkarlığı səbəbindən İİ qrup əmək qabiliyyətsiz kimi ona təyin olunmuş pensiyanın 2013-cü ildən 2014-cü ilədək 12 ay pensiya vəsaitinin alınmamış hissəsinin və ona dəymiş 200 manat məbləğində zərərin cavabdeh və üçüncü şəxsdən tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 2013-cü il tarixində o, Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanada gözündən əməliyyat olunmuşdur, səhhətiylə və ailə vəziyyəti ilə bağlı müvəqqəti olaraq Bakı şəhərindən Qazax rayonuna köçməli olmuşdur. Orada səhhəti və ailə vəziyyəti ilə bağlı heç yerə gedə bilməmişdir. Hər dəfə pensiya kartını yoxlamağına baxmayaraq ona təyin olunmuş pensiyanı ala bilmirdi. Yaxın qohumları vasitəsilə dəfələrlə AR ƏƏSMN DSMF və AR ƏƏSMN DSMF TSEK müraciət etsə də, lakin müsbət heç bır nəticə olmamışdır. Adları çəkilən Dövlət orqanları onu TSEK dan keçirməmələri barədə şikayətinə səhlənkar yanaşmışlar. Nəticədə o, 12 (on iki ay) əlillərə ayrılmış pensiyanı ala bilməmişdir. Yenidən xx.xx.2015-cı ildə Milli Oftalmologiya Mərkəzinə müraciət etmiş, orada onun gözləri müayinə edilərək, ƏQSMNnin 1 saylı Zona TSEK-na göndərdilmişdir. 1 saylı Zona TSEK-da ona təkrar olaraq ll-ci qrup əmək qabiliyyətsiz əlillik dərəcəsi verilmişdir. AR ƏƏSMN DSMF və AR ƏƏSMN DSMF Qazax rayon şöbəsinin qanunsuz və səhlənkar hərəkətləri nəticəsində o, 2013- 2014 cü illər tarixində ll-ci qrup əlillik ilə ona təyin olunmuş pensiyanı aia bilməmişdir. Bu barədə onun adından MİZAN hüquqi xidmətlər bürosu AR ƏƏSMN DSMF-nin Qazax rayon şöbəsinə rəsmi olaraq məktubla müraciət etmişdir. Lakin buna baxmayaraq heç bir müsbət nəticə əldə edə bilməmişdir. Bundan başqa nümayəndəsi AR ƏƏSMN-nin 1 nömrəli DOST mərkəzinə rəsmi olaraq məktubla müraciət etmişdir. Oradan isə ona qeyrirəsmi imtina cavabı verilmişdir. Bundan başqa o, ll-ci qrup əlil olmaqla əmək qabilliyyətsizdir və heç bir yerdən başqa gəliri yoxdur. Göstərilən 2013-cü ildən 2014-cü ilədək 12 (on iki) ay müddətində pensiya vəsaitinin alınmaması səbəbindən xeyli borca düşmüşdür. Bu səbəbdən ağır olan yaşama durumum daha da çox ağırlaşmışdır. Bundan başqa bu səbəbdən keçirdiyi iztirablar nəticəsində xəstəliyi (görmə qabilliyəti) daha da ağırlaşmışdır. Bir neçə dəfə Hüquq Xidmətlər Bürosuna etdiyi müraciətlər nəticəsində xeyli miqdarda 200 (iki yiiz) manat pul ödəməklə ailə büdcəsinə də xeyli miqdarda zərər vurmuşdur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, iddiaçı, cavabdeh və üçüncü şəxs müvafiq olaraq məhkəmə iclasına gəlmədiyindən və nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, məhkəmə tərəflərin və üçüncü şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət olunan zaman hazırkı tələblə bağlı cavabdeh inzibati orqana müraciət edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə iddia ərizəsi təqdim etməmişdən əvvəl cavabdehə müraciət etmədiyindən hazırki iddiaya mövcud vəziyyətdə baxıla bilməz. Odur ki, aşağıda qeyd olunanlara əsasən işin bu cür halında iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçı İdris qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla pensiya vəsaitinin alınmamış hissəsinin və dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar