Məhkəmə qərarları › İş №2-1(112)-7439/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7439/2021

17.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7439/2021 17.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik hüquqi şəxsin Xüsusi X1rşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 09 aprel 2015-ci il tarixindən, yəni 50 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və müraciət tarixindən əvvəlki son 36 ay üçün yaranmış pensiya məbləği fərqinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək əmək pensiya hüququnun yarandığı 09 aprel 2015-ci il tarixindən, yəni 50 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 50 yaşının tamam olduğu 09 aprel 2015-ci il tarixinə kimi 20 ildən çox ümumi, bu müddətin 15 ilindən çoxunu hava gəmilərində xidmət işlərində çalışdığı üçün 01 yanvar 2006-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin d) hava gəmilərində bələdçi işləyən şəxslər: kişilər - 55 yaşına çatdıqda və azı 25 ilümumi iş stajı olduqda bu müddətin azı 15 ilini bələdçi vəzifəsində çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 10 ilini bələdçi vəzifəsində çalışarsa; müddəalarına görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yarandığı üçün pensiya təyin edilməsi və son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi xahişi ilə cavabdehə rəsmi müraciət etmişdir. Lakin cavabdeh 19 may 2021-ci il tarixli **********9 nömrəli məktubla iddiaçının xahişi yerinə yetirməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, „... ümumi is stajı 20 ildən az (15 il 4 ay 9 gün) təşkil etdiyi və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təyinatına imkan vermədiyi ücün qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı mümkün hesab edilmir”. Xahişi cavabdeh tərəfindən rədd edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, iddiaçı orta təhsilini başa vurduqdan sonra Əzizbəyov rayon Paylayıcı Stansiyasında 21 oktyabr 1982-ci il tarixində operator vəzifəsinə işə qəbul edilmiş və 28 oktyabr 1983-cü il tarixində işdən azad edilmiş, 01 noyabr 1983-cü il tarixində Mülki Aviasiya Bakı Birləşdirilmiş Aviadəstəsində təyyarə bələdçisi vəzifəsinə işə qəbul edilmiş, 14 iyul 1993-cü il tarixində işdən azad olunmuş, 12 avqust 1993-cü il - 01 aprel 1998-ci il tarixlərində X2 xadimə vəzifəsində çalışmışdır. Cavabdeh iddiaçının əmək kitabçasındakı qeydlər əsasında ümumi iş stajının az olması qənaətinə gəlməsi Azərbaycan Respublikasının mövcud qanunvericilik aktlarına ziddir və mülki aviasiyada xidmət etmiş şəxslərə münasibətdə kütləvi şəkildə hüquqların tapdalanması hallarına gətirib çıxarma ehtimalı olduğu üçün ictimai təhlükəli hərəkət hesab edilə bilər. Cavabdeh iddiaçının təyyarə bələdçisi vəzifəsində çalışdığı dövrü təqvim günləri ilə sayaraq, ümumi iş stajının 20 ildən az olmasını bildirmişdır. Halbuki, həmin iş dövrünün hesablanması qaydası fərqlidir, təqvim günləri ilə deyil, uçuş saatlarının il, ay və günlərlə ifadəsi üçün xüsusi qayda ilə konvertasiyası aparılır. Həmin konvertasiya qaydası isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.7-ci maddəsində qeyd edilir ki, “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sosial sığorta stajlarının hesablanması qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 16 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq olunmuş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları” ilə müəyyən edilir. Həmin Qaydaların 3.1-ci maddəsində deyilir: təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür. Məhz həmin bu qaydalar əsas götürülərək "xxxx" QSC-nin iddiaçıya təqdim etdiyi arayışda 01.11.1983 - 14.07.1993-cü il tarixləri arasında topladığı 5206 saat uçuş saatı əvvəlcə 18-ə bölünmüş, alınan nəticə (5206:18=289,222) sonradan 12 aya bölünərək 289,222:12 = 24 il 10 ay stajının olduğu öz əksini tapmışdır. Beləliklə, aydın olur ki, 01 yanvar 2006-cı il tarixinə kimi iddiaçının topladığı ümumi sığorta stajı: 1) 24 il 10 ay - təyyarə bələdçisi; 2) 4 il 6 ay 20 gün - X2 xadimə; 3) 1 il 7 gün - Əzizbəyov rayon Paylayıcı Stansiyasında operator olmaqla, cəmi 30 il 4 ay 9 gün təşkil edir. Bununla da cavabdehin iddiaçının güzəştli pensiya təyinatı üçün tələb edilən ümumi iş stajının (20 il) olmaması barədə mülahizəsinin əsassız olması sübuta yetirilir. Əsassız olmasının sübuta yetirilməsi tələb olunan ikinci məsələ cavabdehin, guya iddiaçıya pensiya təyinatı aparılması üçün pensiya kapitalının lazım olan 43.200 manatdan az olması mülahizəsidir. İddiaçının pensiya kapitalının 15 il 4 ay 9 gün üçün 12615,87 manat təşkil edildiyi göstərilmişdir. Halbuki, topladığı sığorta stajına - 30 il 4 ay 9 günlük staja görə, mütənasib olaraq, pensiya kapitalı iki dəfə artıq hesablanmalı idi. İddiaçıya pensiya təyin edilməsi “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa əsasən aparılmalı olduğu, pensiya kapitalı və onun minimum məbləği barədə həmin qanunda heç bir müddəa olmadığı üçün cavabdehin belə bir pensiya kapitalını iddiaçıdan tələb etməsi qanuna ziddir. Belə bir müddəa öz növbəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2021-ci il tarixli, 2-1(102)- 623/2021 nömrəli, iddiaçı X3 cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala qarşı iş üzrə çıxardığı qərarda da öz əksini tapmışdır. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda göstərilmişdir ki, iddia aşağıdakılara görə əsassızdır. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı isə qeyd olunan tələblərə cavab vermir. Belə ki, iddiaçının əmək kitabçasına əsasən, ümumi iş stajı 20 ildən az, yəni cəmi 15 il 4 ay 9 gün təşkil edir. İddiaçı pensiya kapitalı ilə bağlı tələbə də cavab vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 43.200,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 12.615,87 manat təşkil edir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, tərəfin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - İddiaçıya məxsus AZE ******** barədə “AZEMİS” Elektron Məhkəmə portalından çıxarışdan görünür ki, iddiaçı xx.xx.1965-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin iddiaçıya ünvanlanmış 19.05.2021ci il tarixli **********9 №-li imtina məktubu ilə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum mebləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanmaısı üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim etdiyi 26 oktyabr 1982-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi ümumi iş stajı 20 ildən az (15 il 4 ay 9 gün) təşkil edir. Bundan başqa fərdi hesabını sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum rnəbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 43200,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 12615,87 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. - "xxxx" QSC-nin 08.01.2021-ci il tarixli S-1672 saylı arxiv arayışından görünür ki, iddiaçı Azərbaycan Respublikası Mülki Aviasiya sistemində çalışmışdır: 01.11.1983-cü il tarixdən təyyarə bələdçiləri xidmətinin təyyarə bələdçisi vəzifəsinə qəbul edilmişdir. 25.01.1991-ci il tarixdə ştat cədvəlinin dəyişdirilməsi ilə əlaqədar Təyyarə bələdçiləri xidmətinin təyyarə bələdçisi vəzifəsinə keçirilmişdir. 14.07.1993-cü il tarixdə öz istəyi ilə işdən azad edilmişdir. - "xxxx" QSC-nin 312 saylı 06.10.2021-ci il tarixli arayışından görünür ki, Səfərqaliyeva (Perşina) İrina Vladimirovna "xxxx" Aviasiya Şirkətində böyük təyyarə bələdçisi kimi aşağıdakı uçuş saatlarına malikdir: 01.11.1983 - 31.01.1983, 110 saat (yüz on saat) 01.01.1984- 31.01.1984, 600 saat (altı yüz saat) 01.01.1985 - 31.01.1985, 520 saat (beş yüz iyirmi saat) 31.01.1986- 31.01.1986, 504 saat (beş yüz dörd saat) 01.01.1987- 31.01.1987, 553 saat (beş yüz əlli üç saat) 01.01.1988- 31.01.1988, 642 saat (altı yüz qırx iki saat) 01.01.1989- 31.12.1989, 549 saat (beş yüz qırx doqquz saat) 01.01.1990- 31.12.1990, 562 saat (beş yüz altmış iki saat) 01.01.1991- 31.12.1991, 516 saat (beş yüz on altı saat) 01.01.1992- 31.12.1992, 502 saat (beş yüz iki saat) 01.01.1993- 14.07.1993, 148 saat (yüz qırx səkkiz saat) Cəmi: 5206 saat (Beş min iki yüz altı saat) Yekun: Təyyarə bələdçisi vəzifəsində işləmiş Səfərqaliyeva (Perşina) İrina Vladimirovnanin uçuş xidməti cəmi 24 (iyirmi dörd) il 10 (on) ay təşkil edib. Bu arayış vəzifəli şəxslər tərəfindən təsdiq edilmiş və möhürlənmiş uçuş və əmək kitabçalarının, ödəniş cədvəllərinin əsasinda tərtib edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01.01.2006-ci il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşlarin pensiya təminati haqqında” Qanunun 13-cü maddəsinin “d” bəndinə əsasən hava gəmilərində işləyən qadin bələdçilər 50 yaşina çatdiqda və azi 20 il ümumi iş staji olduqda, bu müddətin azi 10 ilini bələdçi vəzifəsində çalişarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. - İddiaçıya məxsus 26.10.1982-ci il tarixdə doldurulmuş əmək kitabçasının surətindən görünür ki, o, 21.10.1982-ci il tarixdə 28.10.1983-cü il tarixə qədər BKM-da operator, 01.11.1983-cü il tarixdən 20.09.1990-cı il tarixə qədər təyyarə bələdçisi xidmətinə təyyarə bələdçisi, 20.09.1990-cı il tarixdən CBA-da təyyarə bələdçisi, 25.01.1991-ci il tarixdən 14.07.1993-cü il tarixə qədər Bakı hava limanının yenidən təşkili ilə əlaqədar olaraq, “AZAL TRANS” Bakı nəqliyyat aviaşirkətində təyyarə bələdçisi, 12.08.1993-cü il tarixdən 01.04.1998-ci il tarixə qədər “Bilgəh” Kardiologiya sanatoriyasında xadimə işləmişdir. - Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" 11.10.2021-ci il tarixli 12/4772 saylı məktubu ilə bildirilmişdir ki, “İddiaçı 01.11.1983-cü il tarixində 82/İ saylı 01.11.1983-cü il tarixli əmrlə təyyarə bələdçisi vəzifəsinə işə qəbul edilmişdir. 64/İ saylı 15.07.1993-cü il tarixli əmrlə 14.07.1993-cü il tarixindən işdən azad edilmişdir. Təyyarə bələdçisi vəzifəsində işləyən şəxslərin əmək stajı onların uçuş saatları əsasında formalaşır və bu qayda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 16 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq olunmuş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın 3.1-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən, “təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı- sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür.” İddiaçı 01.11.1983-14.07.1993 tarixləri arasındakı dövrdə 5206 (beş min iki yüz altı) uçuş saatı olmuşdur. Həmin qayda ilə uçuş saatlarının sayı ilk öncə 18-ə bölünür (5206:18= 289,222), daha sonra alınan rəqəm 12-yə bölünür- 289,222:12 = 24 il 10 ay. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən, həmin qanun qüvvəyə minən günə qədər ümumi və güzəştli iş stajını toplamış şəxslərə yaşa və staja görə əmək pensiyası əvvəllər qüvvədə olmuş qanunvericiliyə görə təyin edilir. 01 yanvar 2006-cı il tarixində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minmişdir. Həmin tarixdən əvvəlki dövrdə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. Həmin Qanununun 13-cü maddəsinin d) bəndinə əsasən, hava gəmilərində işləyən qadın bələdçilər 50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda, bu müddətin azı 10 ilini bələdçi vəzifəsində çalışarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. İddiaçı təyyarə bələdçisi vəzifəsində topladığı 24 il 10 aylıq staj həmin tələbləri (ümumi və güzəştli iş stajı) ödəyir. Təyyarə bələdçisi vəzifəsi ”Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin d) bəndində xüsusi olaraq göstərildiyi ücün (misal üçün, həmin maddədə ə); j); z) bəndlərində göstərilən peşələr və sağıcılar kimi) göstərilmiş o dövrdə qüvvədə olmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı” üzrə uyğunlaşdırmaya ehtiyac qalmır. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində isə ayrıca olaraq təyyarə bələdçiləri ücün üçün bənd nəzərdə tutulmamış və bu səbəblə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.3. Mülki aviasiya bölməsində hava gəmilərinin bort bələdçisi, bövük bort bələdçisi, təlimatcı-bort bələdçisi vəzifələri qeyd edilmişdir. İş materiallarından məlum olur ki, iddiaçı işlədiyi bort bələdçisi peşəsinə uygun olaraq ona 50 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh pensiya təyinatı orqanına müraciət etmiş, sonuncunun cavab məktubu ilə iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: d) hava gəmilərində bələdçi işləyən şəxslər: qadınlar—50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 10 ilini bələdçi vəzifəsində çalışarsa. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 50 yaşının tamam olduğu 09.04.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 20 il ümumi iş stajı olmalı, bunun 10 ilini hava gəmilərində bələdçi kimi çalışmış olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması” Qaydalarının 2.1-ci bəndinə əsasən hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafıq olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyən aşağıdakı şəxslər güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanır: təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür. Beləliklə də, iddiaçı 01.11.1983-14.07.1993-cü il tarixləri arasındakı dövrdə təyyarə bələdçisi işləmiş və 5206 (beş min iki yüz altı) uçuş saatı toplamışdır. “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması” Qaydalarına əsasən uçuş saatlarının sayı ilk öncə 18-ə bölünür (5206 :18= 289,222), daha sonra alınan rəqəm 12-yə bölünür- 289,222:12 = 24 il 10 ay. İddiaçı ümumilikdə tələb olunandan da artıq 24 il 10 ay güzəştli iş stajını tamamlamışdır. Bundan başqa, iddiaçının 1 il 7 gün BKM-da operator, 4 il 6 ay 20 gün X2 xadimə, cəmi 5 il 6 ay 27 gün işlədiyi müddət topladıgı ümumi stajı tələb olunan 20 ilin qarşılığında 31 il 4 ay 7 gün təşkil edir. Məhkəmə aşağıda göstərilənlərə əsasən cavabdehin dəlilləri əsassız hesab edir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının işlədiyi illərdə qüvvədə olan qanunvericilik normaları arxiv arayışları əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu. Ona görə də, həmin dövrə aid iş stajı arxiv arayışları ilə təsdiqlənə bilər və müvafiq olaraq sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Bundan başqa, sözügedən Qaydaların 3.2.2-ci bəndində təsbit edilmişdir ki, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında iş stajı müəyyən edilə bilər. Hazırki işin faktiki hallarından görünür ki, cavabdeh orqan prosessual qənaət prinsipinin tələblərinə zidd davranaraq iddaçıya münasibətdə tətbiq edilməli olan normativ hüququ aktın düzgün realizə etməmişdir. Belə ki, cavabdehin imtina məktubundan da göründüyü kimi o özü də hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbayacan Respublikasının Qanunun 9.1-ci maddəsinə istinad edərək, onun fərdi hesabının sığorta hesabında qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verilmədiyi bildirilmişdir. Halbuki, cavabdeh tərəfindən hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbayacan Respublikasının Qanunun 9.8-ci maddəsinə əsasən, əvvəllər qüvvədə olan, yəni “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun tətbiq edilməli idi. İddiaçıya münasibətdə tətbiq edilməli olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinin “d” bəndinin hipotezasında cavabdehin istinad etdiyi şərtlər göstərilməmişdir. Həmin qanuna əsasən pensiya təyin edilməsi üçün ümumiyyətlə pensiya kapitalı və ya pensiya kapitalının minimum məbləği nəzərdə tutulmamışdır. Həmin maddənin tələbləri iddiaçıya münasibətdə yarandığı üçün ona cavabdeh tərəfindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməməsi əsassızdır. Bundan başqa, cavabdeh tərəfindən iddiaçının stajı “Mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması” Qaydalarına uygun nəzərə alınmamışdır. Beləliklə, qanunvericiliyin yuxarıda sadalanmış müddəaları işin müəyyən edilmiş hallarına tətbiq baxımından qiymətləndirildikdə iddiaçının güzəştli şərtlətlə əmək pensiyası ala bilmək üçün “Əmək pensiyaları haqqında” Qanununda tələb olunan zəruri sığorta stajına malik olduğu müəyyən olunur. Odur ki, əmək pensiyası qanunvericiliyinə əsasən iddiaçının 01.01.2006-cı il tarixə qədər 31 il 4 ay 7 gün ümumi iş stajı, 24 il 10 ay gün isə xüsusi iş stajı toplanır ki, bu da ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün kifayətdir. Məhkəmə, cavabdehin mübahisələndirilən məsələ ilə bağlı iddiaçıya ünvanlanmış yazılı cavabını, iddiaya dair yazılı etirazını və yuxarıda şərh edilən qanunvericiliyin güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi üçün əsasları müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciəti və təqdim etdiyi sənədlər əsasında ona güzəştli şərtlərlə yaşa görə pensiya təyinatını aparmaması qanunsuz və əsassız olmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıbyaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin – ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulubqoyulmamasından asılı olmayaraq - sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §76-77, Karsonun işi (Carson), § 64). Göründüyü kimi, iddiaçı əmək fəaliyyətinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmiş, həmçinin, həmin işlərdə işləməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab olunur. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). Sadalanan normaların tələbinə görə məcburetmə haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən inzibati aktın qəbulundan imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində inzibati akt qəbul edilməməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, İddiaçı 50 yaşdan, yəni hüququnun yarandığı 09.04.2015-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 52 yaşdan, yəni hüququnun yarandığı 09.04.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar