Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7441/2024 04.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və sair” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və sair” tələbinə dair iddiası üzrə inzibati işə 4 sentyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı 1999-cu ildə ədliyyə orqanlarına işə qəbul olunaraq Məhkəmə Qərarlarının İcrası Baş İdarəsində hüquq məsləhətçisi, 2007-2010-cu illərdə Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsində məsləhətçi, 2010-2017-ci illərdə Bakı şəhərinin Səbail, 2017-2019-cu illərdə isə Xətai rayon icra şöbələrində icra məmuru vəzifələrində işləmişdir. İddiaçı ədliyyə nazirinin xx.xx.2019-cu il tarixli 18-T saylı əmri ilə tutduğu vəzifədən azad olunaraq sərəncama götürülmüş, xx.xx.2020-ci il tarixdə Qubadlı rayon icra və probasiya şöbəsinin icra məmuru vəzifəsinə təyin edilmiş və xx.xx.2021-ci ildə Sumqayıt şəhəri üzrə icra idarəsinə ezam edilmişdir. Azərbaycan Respublikası ədliyyə nazirinin 76-K №-li, xx.xx.2024-cü il tarixli əmrinə əsasən əvvəllər verilmiş ciddi intizam tənbehindən və edilmiş xəbərdarlıqlardan lazımi nəticə çıxarmayaraq kobud qanun pozuntularına və nöqsanlara yol verdiyinə görə Qubadlı rayon icra və probasiya şöbəsinin icra məmuru vəzifəsini icra edən, Sumqayıt şəhəri üzrə İcra idarəsinə ezam edilmiş İ dərəcəli ədliyyə qulluqçusu İddiaçı ədliyyə orqanlarından xaric edilmişdir (əsas: araşdırma materialları, icra xidməti üzrə monitorinq qrupunun arayışı). İddia tələbi, iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli 76-K nömrəli əmrinin iddiaçıya aid olan hissədə ləğv edilməsi, iddiaçının ədliyyə orqanlarında qulluğa bərpa edilməsi, əsassız sərəncamda saxlanıldığı 9 aya görə kompensasiyanın, 2023-cü il üçün verilən müvafiq çıxarışa əsasən iddiaçıya hesablanan, lakin hesabına köçürülməyən 2869,75 manat vəsaitin və həmin ildə istifadə etmədiyi məzuniyyət günləri üçün kompensasiyanın, 2023-cü və 2024-cü il illər üzrə nəzərdə tutulmuş müalicə olunması ilə əlaqədar müavinətin, məzuniyyət pulunun, məzuniyyətə çıxarkən verilən müavinətin, həmçinin işə bərpa olan günədək məcburi iş buraxma müddətinə görə sonuncu tutduğu vəzifə üzrə əmək haqqının ödənilməsi cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 2019-cu ilin noyabr ayında tutduğu vəzifədən azad olunaraq sərəncama götürülməsi üçün əsas - Ədliyyə Nazirliyinin İcra baş idarəsinin sabiq rəisinin Ədliyyə nazirinə verdiyi təqdimat olmuşdur. O zaman İcra baş idarəsi tərəfindən iddiaçı barəsində xidməti fəaliyyəti ilə bağlı aparılan araşdırma, ona məlumat verilmədən aparılmış, şifahi və yazılı müraciətlərinə baxmayaraq həmin materiallarla tanış olması üçün bu günədək şərait yaradılmamış və bu səbəbdən məsələyə dair hər hansı münasibət bildirmək imkanı olmamışdır. Araşdırmanın gedişatı iddiaçıdan gizli saxlanılsa da, sonradan ona qeyri-rəsmi məlum olmuşdur ki, qeyd olunan təqdimatda aşağıdakı icra sənədlərinin icrasında nöqsan və qanun pozuntularına yol verildiyi göstərilmişdir: Bririncisi - iş üzrə borclu Sevda Kərimovanın (tələbkar “Para BOKT”), digəri - borclu Mədniyyət Nazirliyinin yanında X1, Bərpası və İnkişafı Xidmətinin (tələbkar "xxxx" MMC) və üçüncüsü - "xxxx" MTK-nın təsisçilərinin (tələbkar - Kamal Əliyev) tərəf olduğu icra sənədləridir. İddiaçı qeyd olunan bu işlərlə bağlı Ədliyyə nazirinə, onun müavininə dəfələrlə ərizə ilə müraciət edərək bildirmişdir ki, İcra baş idarəsi tərəfindən aparılan araşdırma materialları həqiqəti əks etdirmir, qərəzli xarakter daşıyır. Lakin Nazirliyin rəhbərliyi tərəfindən, iddiaçının 21 il qüsursuz xidmətini nəzərə almadan belə, müraciətində heç bir münasibət bildirilməmişdir. Həmin müraciətlərdə aşağıdakılar göstərilmişdir. Təqdimatda borclu Sevda Kərimovanın tərəf olduğu icra sənədi ilə bağlı nöqsan kimi vətəndaşa aid əmlaklar siyahıya alınmadan tələbkar “Para” Bank Olmayan Kredit Təşkilatına (əvvəlki adı - "xxxx" ASC) təhvil verildiyi qeyd olunmuşdur. Həqiqətdə isə həmin əmlaklar mübahisə predmeti olan mənzildə saxlanılmışdır. Belə ki, mənzildən çıxarılma ilə dəfələrlə təyin edilmiş icra yerinə borclu gəlmədiyinə görə, növbəti icra tədbiri zamanı Baş icra məmurunun göstərişinə uyğun olaraq mübahisəli mənzilin qapısı məcburi açılmış, mənzilə daxil olmadan onun giriş qapısının açarı dəyişdirilmiş, qapı plomblaşdırıİmış və açar saxlanc üçün MİKS-in rəisinə təhvil verilmişdir. Bu icra tədbiri icra məmurunun, sahə müvəkkilinin, əraziyə xidmət edən MİKS-in rəisinin və tələbkar təşkilatın nümayəndəsinin birgə iştirakı ilə həyata keçirilmiş, videoçəkiliş aparılmış, aktlaşdınimiş və akt işə əlavə edilmişdir. Borcluya isə bildirilmişdir ki, əşyalarını götürmək istəyəndə icra şöbəsinə müraciət etsin. Borclu öz əşyalarını iddiaçı sərəncama çıxarıldıqdan bir il sonra götürmüşdür (icra sənədində və tələbkar təşkilatda bu barədə müvafiq akt var). Həmçinin bildirilməsi zəruridir ki, icra qurumlarının icraatında olan mənzildən çıxarılma ilə bağlı tələblər, külli miqdarda pul tələbləri və hərracla bağlı işlər - İcra baş idarəsi tərəfindən daim nəzarətdə saxlanılır və onların icrası bilavasitə Baş icra məmuru tərəfindən verilən tapşırıqlar əsasında həyata keçirilir. Yəni icra məmuru bu kateqoriyadan olan işlər üzrə vəzifələrini icra edən zaman, İcra baş idarəsi, habelə bilavasitə rəisi tərəfindən verilən tapşırıqlara əməl edir. İcra baş idarəsi tərəfindən araşdırılan digər icra işi - tələbkar "xxxx" MMC-nin borclu Mədəniyyət Nazirliyinin yanında X1, Bərpası və İnkişafı Xidmətinə qarşı olan borc tələbidir. Qeyd olunan işdə iddiaçıya irad tutulmuşdur ki, o, lazımi icra tədbirlərini vaxtında görməmiş, borclunun bank hesablarını yoxlamamış, qərarın icrasından yayınan şəxslər barəsində qanunamüvafiq tədbirlər görməmiş və bununla da süründürməçiliyə yol vermişdir. İddiaçı bu məsələ ilə bağlı bildirir ki, 2016-cı ildə verilmiş həmin icra sənədi Səbail rayon icra şöbəsindən ərazi aidiyyəti üzrə 2019-cu ilin aprel ayında Xətai rayon icra şöbəsinin icraatına daxil olmuş, icrası ona həvalə edilmiş və üç ay müddətində (avqust ayının 2-də) borclu Xidmətin rəhbəri ilə işçi qaydasında aparılan danışıqlar və görüşlər nəticəsində icrası təmin olunaraq iş üzrə icraata xitam vermişdir. Yeni üç ay müddətində dövlət orqanının borclu qismində tərəf olduğu icra sənədinin icra olunmasına “süründürməçilik” deyilməsi absurddur. Hesabların yoxlanılması iradına gəlincə, məlumdur ki, dövlət orqanları dövlət büdcəsindən təyinatlı ayrılmalar vasiaiti hesabına maliyyələşdirilir və bu orqanlara ayrılmış pulun hesabdan hesaba köçürülməsi yalnız qurumun rəhbəri tərəfindən imza və gerbli möhürlə təsdiq edilən ödəniş tapşırığı əsasında mümkündür. Dövlət orqanının hesabından vəsaitin məcburi qaydada köçürülməsi üsulu qanunvericilikdə nəzərdə tutulmamışdır. İcra baş idarəsi tərəfindən araşdırılan üçüncü iş - borclu "xxxx" MTK-nın təsisçisi Kamal Əliyevin tələbkar qismində tərəf olduğu icra sənədi olub. Həmin icra sənədinin mahiyyəti tikinti şirkətinin təsisçiləri arasında pay bölgüsündən ibarət idi. Bu icra sənədinin icrası ilə bağlı iddiaçıya irad tutulan qanun pozuntusu - icraatın məcburi dayandırmalı olduğu halda işə əsassız xitam verməsidir. İddiaçı bu məsələ ilə bağlı bildirir ki, icra sənədi şöbəyə daxil olmaqla eyni vaxtda borclu tələbkarın xeyrinə özgəninkiləşdirməli olduğu əmlak payını dərhal təqdim edərək tələbin icrasını faktiki olaraq təmin etmişdir. Tələbkara ayrılmış payın sənədlə və naturada təhvil verilməsi işdə olan müvafiq aktla və videoçəkilişlə təsdiqlənir. Sonradan iddiaçıya məlum olmuşdur ki, buna qanuni əsaslar olmasa da, Baş icra məmuru şöbə rəbərinə bu iş üzrə icraatın dayandırılması barədə tapşırıq verib. Şöbə rəhbəri isə bu tapşırığı iddiaçıya (icra məmuruna) elan etməmiş, əksinə mövcud sənədlər əsasında təxirəsalınmadan iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul etməyini tələb etmişdir. Nəticədə, iddiaçı tərəfindən iş üzrə qəbul edilmiş xitam qərarı Baş icra məmurunun tapşırığına zidd olduğuna görə müvafiq qərarla ləğv edilmiş, iş icra olunması üçün digər şöbəyə (Nərimanov rayon icra şöbəsinə) göndərilmiş və iddiaçıya xidməti məktubla Baş icra məmurunun xəbərdarlığı göndərilmişdir. Bu hadisədən bir neçə ay sonra o, Ədliyyə nazirinin xx.xx.2019-cu il tarixli 18-T saylı əmri ilə tutduğu vəzifədən azad olunaraq sərəncama götürülmüşdür. Yuxarıda qeyd olunanlar - iddiaçının xidmətdən xaric olunması barədə əmrə bilavasitə aid olduğu səbəbindən bu barədə geniş məlumat verilməsini zəruri hesab etmişdir. İddiaçının xidmətdən xaric olunmasınə əsas olan Ədliyyə nazirinin xx.xx.2024- cü il tarixli 76-K nömrəli əmri ilə bağlı aşağıdakıları bildirir: Əmrin şərh hissəsində, iddiaçının işlədiyi Sumqayıt şəhəri üzrə icra idarəsində monitorinq qrupu tərəfindən keçirilmiş kompleks yoxlamanın ümumi nəticələri əks olunmuş və yoxlama zamanı İdarə əməkdaşlarının fəaliyyətində aşkar olunmuş xarakterik pozuntulardır ki, ümumiləşdirilərik iddiaçıya şamil edilmişdir. Əmrin şərh hissəsində şəxsən iddiaçıya aid hissədə - “vəzifələrinə məsuliyyətsiz yanaşması, çoxsaylı icra sənədlərini uzun müddət hərəkətsiz saxlayaraq yalnız icraata başlamaqla kifayətləndiyi, formal qərarlar qəbul edərək davamlı tədbirlər görmədiyi, vətəndaşlarla ünsiyyətdə kobudluq etdiyi, icraata xitam verdiyi halda məcburi icra tədbirininin ləğv etmədiyi, digər nöqsanlara yol verdiyi” göstərilsə də, bu hərəkətlərin yalnız biri həqiqəti əks etdirir. Bu - icraata xitam verilən iş üzrə borclu vətəndaşın ölkədən getmək hüququnu məhdudlaşdıran tədbirin aradan qaldırılmaması olub. Bu isə iddiaçının icraatında olan icra işlərinin böyük əksəriyyətinin digər icra məmurlarından keçməsi və əvvəlki icra məmuru tərəfində icra işinə sənədlərin vaxtında əlavə edilmədiyinə görə əvvəllər görülmüş tədbirləri izləyə bilməməsi, həmçinin iş yükünün çox olması ilə (həmin işə xitam verilməsi İdarənin yarımillik hesabatı dövrünə təsədüf edirdi ki, bu da bütün xidmət üzrə işin ən gərgin vaxtlarından biridir) izah olunur. Bundan başqa xirdmət üzrə verilmiş göstərişə əsasən icra sənədi ilə müəyyən edilmiş tutulmalı məbləğin 7% həcmində icra ödənişi ödənilmədiyi təqdirdə borclu barədə tətbiq edilmiş məhdudiyyətlərin götürülməsi qadağan edilmişdir. Əmrin şərh hissəsində qeyd olunan “vətəndaşlarla ünsiyyətdə kobudluq etdiyi” ifadəsinə gəlincə, 2023-cü ilin aprel və iyun aylarında iddiaçı barədə icra sənədi üzrə iki ayrı-ayrı borclu şəxslərin polis orqanlarına etdiyi şikayətlərlə əsaslandırılır. Halbuki həmin şikayətlər hüquq-mühafizə orqanları (polis və prokurorluq) tərəfindən araşdırılmış və onların şər və böhtan xarakterli olduğu müəyyən olunmuşdur. Belə ki, hər iki halda Sumqayıt şəhər prokurorluğu tərəfindən şikayətçilərin iddiaları təsdiqini tapmadığına görə inzibati xəta və cinayət işinin başlanması müvafiq qərarlarla rədd edilmişdir. Buna baxmayaraq, əmrdə “vətəndaşlarla ünsiyyətdə kobudluq etdiyi” ifadəsi istifadə edilmişdir ki, bu da prokurorluğun müvafiq qərarlarına ziddir və hüquqi baxımdan əsaslandırılmamışdır. Qeyd olunan digər nöqsanlar - “vəzifələrinə məsuliyyətsiz yanaşması, çoxsaylı icra sənədlərini uzun müddət hərəkətsiz saxlayaraq yalnız icraata başlamaqla kifayətləndiyi, formal qərarlar qəbul edərək davamlı tədbirlər görmədiyi” - əsaslandırılmadan formal olaraq əmrə əlavə edilmişdir və həqiqəti əks etdirmir. Bu ifadələr iddiaçının ədliyyə orqanlarında işlədiyi 24 il (onlardan - 21 il qüsursuz) ərzində gördüyü işlərə kölgə salır, işçi nüfuzunu heçə endirir. Əmrin şərh hissəsinin sonuncu abzasında iddiaçının işdən çıxarılmasını əsaslandıran “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 10-cu, 31.1.8- ci, 31.5-ci, 32.1-ci, 40.1.11-ci maddələri və “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydalar”ı rəhbər tutulub. Həmçinin, Ədliyyə nazirinin xx.xx.2024-cü il tarixli 76-K nömrəli əmrinin sərəncam hissəsində "xəbərdarlıqdan lazimi nəticə çıxarmayaraq" ifadəsi istifadə edilmişdir. Bu ifadə həqiqəti əks etdirmir, yanlışdır. İddiaçıya nə şifahi nə də yazılı qaydada xəbərdarlıq edilməmişdir. Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, Ədliyyə nazirinin xx.xx.2024-cü il tarixli 76-K nömrəli əmri üçün əsas olan araşdırma aparılan zaman iddiaçının işdən çıxarılmasına səbəb ola biləcək mötəbər sübutlar aşkar ediməyib, obyektiv aparılmayıb, qərəzlidir. Qeyd olunanlarla yanaşı iddiaçının maddi təminat hüququda pozulmuşdur. Yuxarıda qeyd edildiyi kimi iddiaçı Ədliyyə nazirinin xx.xx.2019-cu il tarixli 18-T saylı əmrilə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edilərək sərəncama götürülmüş və 2020-ci ilin dekab ayının 21-də Qubadlı rayon icra və probasiya şöbəsində icra məmuru vəzifəsinə təyin edilmişdir. İddiaçının sərəncamda olarkən məzuniyyət götürdüyünü nəzərə alsaq o, 2020-ci ilin mart ayının 26dan 2020-ci ilin dekabr ayının 21-dək, yəni 9 ay əsassız sərəncamda saxlanılıb. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 11-ci maddəsi ilə ədliyyə orqanlarında qulluqla bir araya sığmayan fəaliyyət istiqamətləri müəyyən edilmişdir. Maddəyə əsasən ədliyyə orqanlarının işçisi heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməz. Həmin zaman pandemiyanın sərt karantin rejiminə təsadüf edirdi və belə bir şəraitdə iddiaçı əsassız olaraq 9 ay və daha sonra aşağıda göstərilən müddətdə (5 ay və ümumilikdə 14 ay) əməkhaqqı almadan yaşamaq məcburiyyətində qaldı. Qeyd edilənin davamı olaraq, 2020-ci ilin dekabr ayının 21-də Qubadlı rayon icra və probasiya şöbəsində icra məmuru vəzifəsinə təyin edildikdən 5 ay sonra, yəni 2021-ci ilin may ayının 21-də Sumqayıt şəhəri üzrə icra idarəsinə ezam edilmişdir. Lakin, iddiaçı Qubadlı rayon icra və probasiya şöbəsində vəzifəyə təyin edilsə də, ona 5 ay müddətində əməkhaqqı verilməmişdir. Halbuki, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 25-ci maddəsilə ədliyyə orqanları işçilərinin maddi təminatı müəyyən edilmişdir. Həmin maddəyə əsasən ədliyyə orqanları işçilərinin əməkhaqqı - vəzifə maaşından, xüsusi rütbələrə, qulluq illərinə, elmi dərəcəyə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Həmin Qanunun 9-cu maddəsilə ədliyyə orqanları işçiləri əsas hüquqlara müəyyən edilmişdir. Onlardan biri (Qanunun 9.0.3-cü maddəsi) - əməkhaqqı almaqdır. Bundan başqa, Ədliyyə nazirliyinin Maliyyə və təminat idarəsi tərəfindən 2023-cü il üçün verilən müvafiq çıxarışa əsasən iddiaçıya hesablanan, lakin hesabına köçürülməyən aşağıdakı vəsaitlər aşkar edilmişdir: 31 mart - 439.37 manat; 30 aprel - 571.20 manat; 31 may - 439.37 manat; 31 iyul 490.22 manat; 31 oktyabr 490.22 manat; 30 noyabr - 439.37 manat, ümumilikdə isə 2869.75 manat. Bundan başqa 2023-cü və 2024-cü illər üzrə iddiaçıya “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 23.2ci maddəsi ilə nəzərdə tutulmuş müavinət (ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir), məzuniyyət pulu, Əmək Məcəlləsinin 135-ci maddəsinin ikinci hissəsilə nəzərdə tutulmuş qaydada 2023-cü ildə istifadə etmədiyi məzuniyyət günləri üçün kompensasiya və həmin Qanunun 23.3-cü maddəsi ilə nəzərdə tutulmuş müavinət (ədliyyə orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əməkhaqqı həcmində müavinət ödənilir) verilməmişdir. Halbuki, qeyd olunan ödənişlərin verilməsi qanunvericiklə tənzimlənir və bu normalar imperativ xarakter daşıyır. Cavabdehin etirazları: Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı 1999-cu ildə ədliyyə orqanlarına işə qəbul olunaraq Məhkəmə Qərarlarının İcrası Baş İdarəsində hüquq məsləhətçisi, 2007-2010-cu illərdə Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsində məsləhətçi, 2010-2017-ci illərdə Bakı şəhərinin Səbail, 2017-2019-cu illərdə isə Xətai rayon icra şöbələrində icra məmuru vəzifələrində çalışmışdır. İddiaçı Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru vəzifəsində işləyərkən barəsində aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, o, icraatında olan icra vərəqəsi üzrə süründürməçiliyə yol verərək ipoteka predmeti olan mənzilin vaxtında boşaldılmasını təmin etməmiş, sonradan onun əmlaklarını siyahıya almadan mənzili tələbkar təşkilata təhvil vermiş, həmçinin digər icra sənədləri üzrə icraatı məcburi dayandırmalı olduğu halda qanunvericiliyin tələblərini pozmaqla işə əsassız xitam vermiş, borclu hüquqi şəxsə məxsus bank hesablarının aşkarlanması istiqamətində və məhkəmə qərarlarının icrasından yayınan şəxslər barəsində qanunamüvafiq tədbirlər görməmişdir. Barəsində başlanmış intizam icraatı zamanı İddiaçı mahiyyəti üzrə izahatlar alınmış, fəaliyətində olan konkret nöqsanlar ona bildirilmişdir. Bununla əlaqədar qanunla müəyyən edilmiş əsas vəzifələrini pozduğuna və fəaliyyətində digər ciddi nöqsanlara yol verdiyinə görə Ədliyyə Nazirliyi üzrə xx.xx.2019-cu il tarixli 18-T nömrəli əmrlə intizam məsuliyyətinə cəlb edilməklə tutduğu vəzifədən azad olunaraq sərəncama götürülmüşdür. Verilmiş müvafiq əmr “Ədliyyə oqranlarında qulluq keçmə haqqında” Qanunun 32.9-cu maddəsinə əsasən İddiaçı elan olunmuş və surəti imza etdirilməklə ona təqdim edilmişdir. Bu zaman İddiaçı əmrə qarşı etirazını bildirməmişdir. Sərəncamda olma müddəti xx.xx.2020-ci tarixdə tamam olmuş İddiaçı (bu dövrdə o, 2020-ci ilin və 2017-ci ilin hesabına əmək məzuniyyətindən istifadə etmişdir) Bakı şəhəri Səbail rayon icra şöbəsində işləyərkən fəaliyyətində aşkar edilmiş nöqsanlara görə barəsində yeni araşdırma aparıldığı nəzərə alınaraq təyinat məsələsinə baxılması bir müddət mümkün bilinməmişdir. Məsələ nazirliyin rəhbərliyinə məruzə olunaraq müvafiq pozuntular təsdiqini tapmış, fəaliyyətində olan nöqsanlarla bağlı İddiaçı həmin dövrdə ədliyyə orqanlarından xaric edilməyə layiq olsa da, ailə vəziyyəti, müraciətləri və icra xidmətində kadrlara olan ehtiyac nəzərə alınaraq nazirlik üzrə xx.xx.2020-ci il tarixli əmrlə ona Qubadlı rayon icra və probasiya şöbəsinin icra məmuru vəzifəsinin icrası həvalə olunmuş, xidməti zərurətlə əlaqədar xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra idarəsinə ezam edilmişdir. Həmin qurumun bəzi əməkdaşlarının, o cümlədən İddiaçı qeyri-prosessual hərəkətlərə yol verməsinə və etik davranış qaydalarını pozmasına dair şikayətlərlə əlaqədar ötən ilin noyabr ayında yoxlama aparılmışdır. Yoxlamanın nəticəsi üzrə müəyyən edilmişdir ki, İddiaçı tərəfindən vəzifələrinin icrasına məsuliyyətsiz yanaşılmış, çoxsaylı icra sənədləri uzun müddət hərəkətsiz saxlanılaraq yalnız icraata başlanılmaqla kifayətlənilmiş, formal qərarlar qəbul edilərək davamlı tədbirlər görülməmişdir. Eyni zamanda həmin əməkdaş axtarışın və əmək haqqından tutulmaların nəticələri ilə maraqlanmamış, tələbi borclunun gəlirinə yönəltməmiş, icradan qərəzli boyun qaçıran şəxslərin müvafiq məsuliyyətə cəlb olunmasını təmin etməmişdir. Onun tərəfindən icra hərəkətləri zamanı mütənasiblik gözlənilməmiş, icraata əsassız xitam verilmiş, icra ödənişi alınmamış, “Elektron icra” sisteminin imkanlarından səmərəli istifadə olunmamışdır. Bundan başqa, o, vətəndaşlarla ünsiyyətdə kobudluq etmiş icraata xitam verildiyi halda məcburi icra tədbirlərini ləğv etməmiş, digər nöqsanlara yol vermişdir. İddiaçı icraatında olan işlər üzrə aşkar edilmiş nöqsanlara dair tərtib olunmuş aktı imzalamaqla şəxsən tanış olmuş, buna etiraz etməmiş, habelə təqdim etdiyi izahatında qeyd olunan nöqsanlarla razılaşdığını bildirmişdir. Əvvəllər verilmiş ciddi intizam tənbehindən və edilmiş xəbərdarlıqlardan lazımi nəticə çıxarmayaraq kobud qanun pozuntularına və nöqsanlara yol verdiyinə görə Ədliyyə Nazirliyi üzrə xx.xx.2024-cü il tarixli 76-K nömrəli əmrlə İddiaçı ədliyyə orqanlarından xaric edilmişdir. Həmin əmr “Ədliyyə oqranlarında qulluq keçmə haqqında” Qanunun 32.9-cu maddəsinə əsasən İddiaçı elan edilmiş və surəti imza etdirilməklə ona təqdim edilmişdir. Bu zaman da İddiaçı əmrə qarşı etirazını bildirməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddiaçının irəli sürdüyü tələb İPM-nin 2.2.1-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia növü ilə bağlı işlər üzrə qanunvericilik vətəndaşa inzibati aktın icrasının nəticəsinin aradan qaldırılması ilə bağlı, eləcə də işə bərpa, ödənilməmiş əmək haqqının ödənilməsi və s. barədə müraciət etmək hüququ vermişdir ki, bu tələbə inzibati aktın mübahisələndirilməsi zamanı baxılması mümkündür. Eyni zamanda, prosessual qənaət prinsipləri baxımından da həmin formada tələbin qoyulması məqsədəuyğundur. İddiaçı xx.xx.2024-cü il tarixli əmrin mübahisələndirilməsi üçün 5.03.2024-cü il tarixdə məhkəməyə müraciət edərək iddia müddətinə riayət etmişdir. Tətbiq edilən hüquq: “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun preambulasına əsasən Bu Qanun Azərbaycan Respublikasının ədliyyə orqanlarında, idarələrində və təşkilatlarında, penitensiar xidmətdə qulluq keçmə (bundan sonra “ədliyyə orqanlarında qulluq keçmə” adlanacaq) qaydalarını və şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir. Qanunun: 1.1. Ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. 1.2. Ədliyyə orqanları işçilərinin qulluq keçməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş ədliyyə orqanlarının fəaliyyət prinsiplərinə əsaslanır. Ədliyyə orqanlarının işçiləri qulluq keçərkən qanunun tələblərini rəhbər tutaraq səlahiyyətləri hüdudlarında fəaliyyət göstərirlər. ... M a d d ə 10. Ədliyyə orqanları işçilərinin əsas vəzifələri 10.0. Ədliyyə orqanları işçiləri vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 10.0.1. qanunvericiliyi və müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi normativ hüquqi aktları həyata keçirməli; 10.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 10.0.3. başqa ədliyyə işçilərinin işini çətinləşdirən, yaxud ədliyyə orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 10.0.4. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; 10.0.5. lazım gəldikdə, öz ixtisası hüdudunda ədliyyə orqanının rəhbərinin göstərişi ilə əlavə iş görməli; 10.0.6. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən işdən çıxdıqdan və ya pensiyaya getdikdən sonra da saxlamalı; 10.0.7. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli; 10.0.8. qulluq etdiyi ədliyyə orqanının rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə xarakterli məlumatları təqdim etməli; 10.0.9. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə işləməli və ya başqa vəzifələri icra etməli; 10.0.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli; 10.0.11. etik davranış və intizam qaydalarına əməl etməlidirlər. Maddə 31. İntizam məsuliyyətinin növləri 31.1. Ədliyyə orqanlarının işçisi bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 31.1.1. irad tutma; 31.1.2. töhmət; 31.1.3. şiddətli töhmət; 31.1.4. tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 31.1.5. aşağı vəzifəyə keçirmə; 31.1.6. xüsusi rütbənin bir pillə aşağı salınması; 31.1.7. vəzifədən azad etmə (bu halda ədliyyə orqanlarının işçisi müvafiq icra hakimiyyəti orqanının əmri ilə sərəncamda ola bilər və həmin müddət ərzində şəxsin ədliyyə orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, ədliyyə orqanlarında işə təyin edilir); 31.1.8. ədliyyə orqanlarından xaric etmə; 31.1.9. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə ədliyyə orqanlarından xaric etmə. 31.2. Ədliyyə orqanlarının işçisi intizam məsuliyyətinə cəlb edilərkən onun xidməti və şəxsi keyfiyyətləri, törədilən xətanın xarakteri, törədilməsi şəraiti və digər hallar nəzərə alınır. 31.3. Xidməti intizamı pozduğuna görə ədliyyə orqanları işçisinin xüsusi rütbəsi (ədliyyə sıravisi, tibb xidməti sıravisi, ədliyyə kiçik leytenantı, tibb xidməti kiçik leytenantı, İİİ dərəcəli ədliyyə qulluqçusu və ali xüsusi rütbələr istisna olmaqla) bir pillə aşağı salına bilər. 31.4. Bu Qanunun 31.1-ci maddəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan, işçiyə şifahi və ya yazılı qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 31.5. Bu Qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq yol verilmiş pozuntulara və ya bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş qulluqla bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. 31.6. Bu Qanunun 31.1.9-cu maddəsində nəzərdə tutulmuş intizam tənbehi cinayət törətdiyinə görə ədliyyə orqanının işçisi barədə məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindikdə tətbiq edilə bilər. M a d d ə 32. Ədliyyə orqanları işçisinin intizam məsuliyyətinə cəlb edilməsi qaydası 32.1. İntizam tənbehlərinin tətbiqi müvafiq icra hakimiyyəti orqanının rəhbəri və ya onun müvafiq səlahiyyətlər verdiyi vəzifəli şəxslər tərəfindən həyata keçirilir. 32.2. Ədliyyə orqanları işçisinin intizam məsuliyyətinə cəlb edilməsi barədə müvafiq qurumun rəhbəri öz səlahiyyəti daxilində vəsatət qaldıra bilər. 32.3. Bu Qanunun 31.1-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda ədliyyə orqanının rəhbəri tərəfindən araşdırma aparılır, işçidən yazılı izahat alınır. Zərurət olduqda ədliyyə orqanının rəhbəri xidməti yoxlama təyin edir. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İşçinin izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiq edilməsinə mane olmur. 32.4. Ədliyyə orqanlarının işçisinə intizam tənbehi bu Qanunun 31.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən iki ay keçənədək verilə bilər. Ədliyyə orqanları işçisinin məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. 32.5. Bu Qanunun 31.1-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsas yaradan eyni bir əmələ görə yalnız bir intizam tənbehi verilə bilər. 32.6. Bu Qanunun 31.1-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsas yaradan əməl törədildiyi gündən bir il keçdikdən sonra ədliyyə orqanları işçisinə intizam tənbehi verilə bilməz. 32.7. İrad tutma, töhmət və şiddətli töhmət intizam tənbehi verildiyi gündən bir il müddətində qüvvədə olur. 32.8. Bu Qanunun 28.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda ədliyyə orqanlarının işçisinə verilmiş intizam tənbehi vaxtından əvvəl götürülə bilər. 32.9. İntizam tənbehinin verilməsi və vaxtından əvvəl götürülməsi əmrlə rəsmiləşdirilir və ədliyyə orqanları işçisinin şəxsi işinə əlavə olunur (penitensiar və tibb xidmətlərinin əməkdaşları üçün intizam tənbehinin tətbiqi barədə qeydlər onların şəxsi işlərinin xidməti vərəqələrinə yazılır). Verilmiş əmr üç gün ərzində işçiyə elan olunur və əmrin surəti imza etdirilməklə ona təqdim edilir. 32.10. Ədliyyə orqanlarının işçisi intizam tənbehi tətbiq edilməsi barədə əmrdən qanunvericilikdə müəyyən edilmiş qaydada yuxarı orqanın rəhbərinə və ya məhkəməyə şikayət verə bilər. 32.11. Ədliyyə orqanları işçisinin intizam tənbehi tətbiq edilməsi barədə əmrdən verdiyi şikayətlərə yuxarı orqanın rəhbəri tərəfindən bir ay müddətində baxılmalı və nəticəsi barədə müvafiq qərar qəbul edilməlidir. “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu: İcra məmurları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, apellyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, ağır cinayətlər məhkəmələrinin, inzibati məhkəmələrin, kommersiya məhkəmələrinin, hərbi məhkəmələrin, rayon (şəhər) məhkəmələrinin (bundan sonra — məhkəmələr) müəyyən olunmuş fəaliyyət qaydasını təmin edir, habelə məhkəmələrin mülki, kommersiya və inzibati mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların və qanunvericiliklə icrası icra məmurlarına həvalə edilmiş digər orqanların aktlarının icrasını, habelə probasiya nəzarətini həyata keçirirlər. M a d d ə 7. İcra məmurlarının vəzifələri İcra xidmətinin icra məmuru icra ilə əlaqədar aşağıdakı vəzifələri yerinə yetirir: icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür; ... tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə “Elektron hökumət” portalında müvafiq qeydlər aparır; ... M a d d ə 1 1 . İcra məmurlarının məsuliyyəti və onların fəaliyyətinə nəzarət İcra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. İcra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. ... İş materiallarında olan: Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ezam olunmuş Qubadlı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu İddiaçı oğıu tərəfindən Azərbaycan Respublikası Ədliyyə Naziri İ dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədova təqdim olunmuş xx.xx.2023-cü il tarixli İzahat bildirmişdir ki, “ Bildirirəm ki, monitorinq qrupu tərəfindən icraatımda olan icra sənədləri seçmə üsulu ilə yoxlanılmışdır. Yoxlamanın nəticəsi üzrə aşkar edilmiş nöqsanlar barədə müvafiq akt tərtib edilmiş və mən onunla tanış olmuşam. Qeyd olunan nöqsanlarla razıyam. Aşkar olunan nöqsanları iş yükünün çoxluğu ilə əlaqələndirirəm. Tərəfimdən icra işlərinə lazımi nəzarətin göstərilmədiyi səbəblərindən biri kimi Sumqayıt Məhkəmə Kompleksinə 6 məhkəmə işləri üzrə (Sumqayıt Şəhər Məhkəməsi, Sumqayıt Apellyasiya Məhkəməsi, Sumqayıt Ağır Cinayətlər Məhkəməsi, Sumqayıt Kommersiya Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsi, Qubadlı Rayon Məhkəməsi) müəyyən olunmuş növbətçilik cədvəlinə uyğun olaraq ay ərzində 5-6 dəfə növbətçi çıxmağım, həmçinin rəhbərliyin nəzarətində saxlanılan ictimaiyyətə “Tər-Tər işi” kimi məlum olan məhkəmə proseslərində nəzarətin gücləndirilməsi məqsədilə iştirak etməyimdir. Gələcəkdə nöqsanlara yol verməyəcəyimə söz verirəm. Xahiş edirəm nəzərə alasınız”. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsinin rəisi kiçik ədliyyə müşaviri Sənan Rəhimov tərəfindən İnsan resursları idarəsinin rəidi ədliyyə müşaviri Cahangir Hacıyeva ünvanlanmış xx.xx.2024-cü il tarixdə elektron qaydada imzalanmış məktubda qeyd edilmişdir ki, İddiaçı 2024-cü il 13 fevral tarixində işdən azad olunarkən, ona 2023-cü il hesabına istifadə olunmamış 25 (iyirmi beş) təqvim günü müddəti üçün 929,84 (doqquz yüz iyirmi doqquz manat, 84 qəpik) manat məbləğində kompensasiya, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən 2.075,00 (iki min yetmiş beş manat, 00 qəpik) manat məbləğində məzuniyyət müavinəti, 2024-cü ilin fevral ayı üçün faktiki iş günü (7 iş günü) üçün 146,40 (bir yüz qırx altı manat, 00 qəpik) manat məbləğində əmək haqqı ödənilmişdir. Məhkəmənin mövqeyi: İşin mübahisələndirilməyən hallarına görə, iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 76-K №-li, xx.xx.2024-cü il tarixli əmrinə əsasən ədliyyə orqanlarından xaric edilmişdir. İddiaçı hazırda həmin əmri mübahisələndirir. Hazırkı iddianın növü mübahisələndirmə haqqında iddiadır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçının ədliyyə orqanlarından xaric edilməsi barədə əmri qəbul etmiş cavabdeh həmin əmrin qəbul edilməsini zəruri edən faktiiki şərtləri sübut etməlidir. Yəni sübutetmə yükü cavabdehin üzərinə düşür. Cavabdehin əmrindən müəyyən edilir ki, əmrin verilməsinə əsas, araşdırma materialları, icra xidməti üzrə monitorinq qrupunun arayışı olmuşdur. İş materiallarından müəyyən edilir ki, cavabdeh həmin əmrin verilməsi üçün aşağıdakı faktiki və hüquqi əsaslara istinad etmişdir: 1) icraatında olan icra vərəqəsi üzrə süründürməçiliyə yol verərək ipoteka predmeti olan mənzilin vaxtında boşaldılmasını təmin etməmiş, sonradan onun əmlaklarını siyahıya almadan mənzili tələbkar təşkilata təhvil vermiş, həmçinin digər icra sənədləri üzrə icraatı məcburi dayandırmalı olduğu halda qanunvericiliyin tələblərini pozmaqla işə əsassız xitam vermiş; 2) Borclu hüquqi şəxsə məxsus bank hesablarının aşkarlanması istiqamətində və məhkəmə qərarlarının icrasından yayınan şəxslər barəsində qanunamüvafiq tədbirlər görməmişdir; 3) iddiaçı tərəfindən vəzifələrinin icrasına məsuliyyətsiz yanaşılmış, çoxsaylı icra sənədləri uzun müddət hərəkətsiz saxlanılaraq yalnız icraata başlanılmaqla kifayətlənilmiş, formal qərarlar qəbul edilərək davamlı tədbirlər görülməmişdir. Eyni zamanda həmin əməkdaş axtarışın və əmək haqqından tutulmaların nəticələri ilə maraqlanmamış, tələbi borclunun gəlirinə yönəltməmiş, icradan qərəzli boyun qaçıran şəxslərin müvafiq məsuliyyətə cəlb olunmasını təmin etməmişdir; 4) İddiaçının tərəfindən icra hərəkətləri zamanı mütənasiblik gözlənilməmiş, icraata əsassız xitam verilmiş, icra ödənişi alınmamış, “Elektron icra” sisteminin imkanlarından səmərəli istifadə olunmamışdır; 5) İddiaçı vətəndaşlarla ünsiyyətdə kobudluq etmiş icraata xitam verildiyi halda məcburi icra tədbirlərini ləğv etməmiş, digər nöqsanlara yol vermişdir; Yuxarıda istinad edilən normanın tələbində qeyd edilən halları sübut etmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə qeyd edir ki, istinad edilən hallar, cavabdeh orqanın apardığı inzibati icraat materialları, inzibati icraat materiallarında olan iddiaçınnı etiradedici izahatı ilə sübuta yetirilmişdir. Göründüyü kimi, cavabdeh inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtləri sübuta yetirə bilmişdir. İddiaçının iddia ərizəsində və məhkəmə iclaslarında verdiyi ziddiyyətli ifadələrlə tələbinin faktiki əsası kimi istinad etdiyi hallar öz təsdiqini tapmır. Məhkəmə araşdırması zamanı cavabdehin təqdim etdiyi xidməti araşdırma materialları sözügedən əmrin verilməsinə əsas olan, iddiaçının xidmətlə bir araya sığmayan hərəkətlərə yol verməsi müəyyən edilmiş və bunun nəticəsi olaraq da ədliyyə orqanlarında xidmətdən xaric edilmişdir. Cavabdehin iddiaçı tərəfindən mübahisələndirilən əmri qəbul edilərkən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı aşkar edilməmiş, İPM-in 14.1-ci maddəsinin tələbləri baxımından mübahisələndirlən əmri qəbul edən inzibati orqan tərəfindən onun qəbul olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən intizam xətası törtədilməsi sübuta yetirildiyindən, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunda nəzərdə tutulmuş intizam tənbeh tədbirlərindən birini seçmək cavabdehin diskression səlahiyyətinə aiddir. Cavabdeh isə öz diskression səlahiyyətlərindən qanunvericliyin tələblərinə uyğun istifadə edərək “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş ədliyyə orqanlarından xaric etmə haqqında intizam tənbeh tədbirini idsdiaçlya tədbiq etmişdir. Məhkəmə tələbin digər hissələri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsinin rəisi kiçik ədliyyə müşaviri Sənan Rəhimov tərəfindən İnsan resursları idarəsinin rəidi ədliyyə müşaviri Cahangir Hacıyeva ünvanlanmış xx.xx.2024-cü il tarixdə elektron qaydada imzalanmış məktubda qeyd edilmişdir ki, İddiaçı 2024-cü il 13 fevral tarixində işdən azad olunarkən, ona 2023-cü il hesabına istifadə olunmamış 25 (iyirmi beş) təqvim günü müddəti üçün 929,84 (doqquz yüz iyirmi doqquz manat, 84 qəpik) manat məbləğində kompensasiya, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən 2.075,00 (iki min yetmiş beş manat, 00 qəpik) manat məbləğində məzuniyyət müavinəti, 2024-cü ilin fevral ayı üçün faktiki iş günü (7 iş günü) üçün 146,40 (bir yüz qırx altı manat, 00 qəpik) manat məbləğində əmək haqqı ödənilmişdir. İddiaçı iddia ərizəsinə bank hesabına köçürmələri əlavə etmişdir. Lakin təqdim edilən çıxarışlardan göründüyü kimi, çıxarışlarda son məlumatlar 2023-cü ilin dekabr ayına olan məlumatdır. Göründüyü kimi, iddiaçı ədliyyə orqanlarında xairc edildikdən sonra ona ödənilən son haqq hesab barədə məlumatları məhkəməyə təqdim etməmişdir. Tələbin işə bərpa edilənədək məcburi işburaxma günlərinə görə, əmək haqqınını ödənilməsi hissəsi isə, əmrin ləğv edilməsi hissəsindən asılıdır və əmrin ləğv edilməsi hissəsində tələb əsassız olduğundan, qeyd edilən hissədə də, iddia tələbinin təmin olunması üçün əsas yoxdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-7441/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7441/2024
04.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver