Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7444/2023 13.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən oğlunun katibliyi iddiaçının nümayəndəsi (vəkili) X3, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının mənzilə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının mənzilə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Bakı şəhəri, Atatürk prospekti, 3079a məhəllənin şimal hissəsində 0.553 ha torpaq sahəsində inşa olunmuş D korpusunun 14-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət ümumi sahəsi 155,2 kv.m, yaşayış sahəsi 86,48 kv.m olan 28 saylı mənzilə dair 29 mart 2012-ci il tarixli 503 saylı müqavilə bağlanmışdır. Bundan əlavə, "xxxx" MMC tərəfindən həmin mənzilin dəyərinin iddiaçı tərəfindən tam ödənilməsi barədə 29 mart 2012-ci il tarixli kassa mədaxil orderinin qəbzi və mənzilə dair müqavilə borcunun olmamasına dair 29 mart 2012-ci il tarixli maliyyə arayışı verilmişdir. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə sözügedən mənzil üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı dəfələrlə müraciət ünvanlanmış, lakin cavabdeh tərəfindən əsassız olaraq onun müraciətindən imtina edilmişdir. Cavabdeh özünün 26 may 2021-ci il tarixli **********85 nömrəli imtina bildirişi ilə bildirmişdir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, X6 prospekti, məhəllə 3078A ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 350 saylı 19 mart 2020-ci il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi (sifarişçisi) "xxxx" MMC-dir. Qeyd olunan yaşayış binası "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra, təqdim ediləcək notarial qaydada təsdiq edilmiş müqavilə əsasında qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparıla bilər. Lakin cavabdehin qeyd olunan hərəkətləri onun (iddiaçının) hüquq və mənafelərinin pozulması ilə nəticələnir. "xxxx" MMC ilə bağlanmış 29 mart 2012-ci il tarixli 503 saylı müqavilə və 29 mart 2012-ci il tarixli kassa mədaxil orderinin qəbzi əsasında sözügedən mənzil üzərində iddiaçının hüquqları qeydiyyata alınmalıdır. Göstərilənlərə və İPM-in 2.2.2, 33-cü maddələrinə əsaslanaraq, iddiaçının Bakı şəhəri, Atatürk prospekti, 3079 a məhəllənin şimal hissəsində 0.553 ha torpaq sahəsində inşa olunmuş D korpusunun 14-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət ümumi sahəsi 155,2 kv.m, yaşayış sahəsi 86,48 kv.m olan 28 saylı mənzil üzərində xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı etirazında bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə 27 aprel 2021-ci il tarixli 3 avqust 2021-ci il tarixli və 25 fevral 2023-cü il tarixli ərizələrlə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, X6 prospekti, məhəllə 3078A ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 350 saylı 19 mart 2020ci il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi (sifarişçisi) "xxxx" MMC göstərilmişdir. Qeyd olunan ünvanda yerləşən yaşayış binası "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim ediləcək notarial qaydada təsdiq edilmiş müqavilə əsasında qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparıla bilər. Nərimanov Rayon Məhkəməsinin 15 aprel 2019-cu il tarixli 8(005)-318/2019 saylı qərardadı ilə "xxxx" MMC-nin adına ünvan ünvanda yerləşən 0.5530 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5790/2017 saylı 30 iyun 2017-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-8250/2017 saylı 26 noyabr 2017-ci il tarixli qərarı ilə İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Bundan başqa, İdarənin mütəxəssisləri tərəfindən mənzilə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, mənzilin sənəd üzrə sahəsi 155.2 kv.m, faktiki sahəsi isə 149.4 kv.m-dir. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.3, 11.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 87.1, 109.1-ci maddələrinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078 “A” məhəlləsində inşa edilmiş, çoxmərtəbəli yaşayış binasının “D” korpusu, 14-cü mərtəbə, 3 otaqdan ibarət ümumi sahəsi 149,4 kv.m olan 28 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki psportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X4 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (maddə 24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (maddə 24.2). İşin məhkəmə araşdırılması ilə məlum olur ki, İddiaçı ilə "xxxx" MMC arasında Bakı şəhəri, Atatürk prospekti, məhəllə 3078A ünvanında inşa edilmiş yaşayış binasında “D” korpusunun 14-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət 28 nömrəli mənzilin (maliyyə arayışına əsasən) əldə edilməsi ilə bağlı 29 mart 2012-ci il tarixli 503 saylı müqavilə imzalanmışdır. İddiaçı "xxxx" MMC-yə həmin mənzilin dəyərini tam şəkildə ödəmişdir. İddiaçı həmin mənzilə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 27 aprel 2021-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh ərizənin icrasından imtina etmişdir. Məhkəmə icraatında imtina belə əsaslandırılır ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həmin ünvanda inşa edilmiş yaşayış binasına dair elektron qaydada göndərilmiş 350 saylı 19 mart 2020-ci il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi (sifarişçisi) kimi "xxxx" MMC göstərildiyi bildirilmişdir. Yaşayış binasının "xxxx" MMC-nin mülkiyyəti kimi qeydiyyata alındıqdan sonra iddiaçı tərəfindən təqdim ediləcək notarial qaydada təsdiq olunmuş müqavilə əsasında həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparıla bilər, binanın yerləşdiyi torpaq sahəsi üzərinə məhkəmə qərardadı ilə həbs qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5790/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-8250/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Mənzilin sənəd üzrə sahəsi 155,2 kv.m, faktiki sahəsi isə 149.4 kv.m-dir. İddiaçı hazırda həmin imtina mübahisələndirir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.6-cı maddəsinə görə mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Göründüyü kimi, iddiaçı mənzilə pay haqqını həmin mənzil olan müvafiq binanın məxsus olduğu quruma ("xxxx" MMC-yə) tam ödəməklə mənzilə mülkiyyət hüququnu iddiaçı əldə etmişdir. Mülkiyyət hüququnun qeydiyyata alınması məsələsinə münasibətdə qeyd olunmalıdır ki, bununla bağlı imtina üçün əsaslar hazırkı iş üzrə mövcud deyil. Çünki, iddiaçı pay haqqını ödədiyindən və üzvlüyə qəbul edildiyindən, onun mənzilə hüququnun qeydiyyata alınması üçün əsas mövcuddur. Cavabdehin imtinasında göstərilən dəlilə gəldikdə isə, məhkəmənin qənaəti belədir ki, mənzilə iddiaçının mülkiyyət hüququ yarandığından və qanunvericiliyin normaları da bu hüququn qeydiyyata alınmasını məhdudlaşdırmadığından, imtinadakı dəlillər əsaslı deyil. Çünki, bina inşa edən qurum kimi "xxxx" MMC-nin təşkilati-hüquqi formasının MTK və ya MMC olması pay haqqı ödəmiş iddiaçıya münasibətdə fərq yaratmamalıdır. Eləcə də, iddiaçı mənzilin sahibi kimi həmin əmlaka mülkiyyət hüququnun qeydiyyatını tələb etdiyindən, mənzil olan binanın altındakı torpaq sahəsinin müqəddaratı həll olunmur və həmin torpaq sahəsinin üzərinə həbs olması bu qeydiyyata təsirsizdir. Cavabdehin irəli sürdüyü digər imtina əsası ilə bağlı Məhkəmə bildirir ki, cavabdeh etiraz ərizəsində mənzilin ölçülərinin 155,2 kv.m, sənədlərdə isə 149.4 kv.m olduğunu qeyd etsə də, sonradak iddia dəyişdirildiyindən bu hal aradan qalxmış olur. Cavabdehin irəli sürdüyü bu əsas iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını məhdudlaşdıra bilməz. Məhkəmə cavabdehin istinad etdiyi digər imtina əsasları ilə bağlı bildirir ki, iddiaçı mənzilin sahibi kimi həmin əmlaka mülkiyyət hüququnun qeydiyyatını tələb etdiyindən, mənzil olan binanın altındakı torpaq sahəsinin müqəddaratı həll olunmur və həmin torpaq sahəsinin üzərinə həbs olması bu qeydiyyata təsirsizdir. Eyni zamanda da nəzərə alınmalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5790/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-8250/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarlar mülki məhkəmə icraatı qaydasında qəbul olunmuşdur və həmin iş üzrə hazırkı cavabdehin tərəf kimi çıxış etməməsi iddiaçının mülkiyyət hüququnun reyestrdə qeydiyyata alınmasına maneə ola bilməz. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna ziddir və iddiaçı hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Məhkəmə həmçinin qeyd edir ki, mənzilə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, mövcud qanunvericilik bu barədə reyestrdən çıxarışın və “texniki pasport”ün verilməsini birmənalı şəkildə nəzərdə tutur. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək "xxxx" MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078 “A” məhəlləsində inşa edilmiş, çoxmərtəbəli yaşayış binasının “D” korpusu, 14-cü mərtəbə, 3 otaqdan ibarət ümumi sahəsi 149,4 kv.m olan 28 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, mənzilə dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 69, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. "xxxx" MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078 “A” məhəlləsində inşa edilmiş, çoxmərtəbəli yaşayış binasının “D” korpusu, 14-cü mərtəbə, 3 otaqdan ibarət ümumi sahəsi 149,4 kv.m olan 28 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, mənzilə dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-7444/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7444/2023
13.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver