Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7447/2022 18.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı onunla "xxxx" MTK-nın sədri ilə aralasında bağlanmış 7 dekabr 2021-ci il tarixli 118003 nömrəli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 4-cü mərtəbə, ümumi sahəsi 123,5 kv.m olan 3 otaqdan ibarət 118 nömrəli mənzilini əldə etmişdir. Müqaviləyə əsasən mənzilin dəyəri 1 kv.m üçün 500 manat müəyyən edilmiş, cəmi 123,5 kv.m sahəsi üçün 61.750 manat təşkil etmişdir. Mənzilin dəyəri iddiaçı tərəfindən tam şəkildə ödənilmiş, bu barədə 7 dekabr 2021-ci il tarixdə arayış verilmişdir. ünvan 1 ünvanında yerləşən binanın 118 saylı mənzili üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçı ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin İdarənin ona ünvanlanmış 23 fevral 2022-ci il tarixli cavab məktubunda qeyd edilir ki, "xxxx" MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasının “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında dövlət qəbul komissiyasının aktı” (və ya istismara icazə sənədi) idarəyə daxil olmamışdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarını pozur. “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 529 saylı 19 fevral 2019-cu il tarixli Fərmanının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir. İddiaçı "xxxx" MTK ilə iddiaçının arasında bağlanmış 7 dekabr 2021-ci il tarixli 118003 nömrəli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 4-cü mərtəbə, ümumi sahəsi 123,5 kv.m olan 3 otaqdan ibarət 118 nömrəli mənzilə dair pay haqqını – mənzilin dəyərini tam ödədiyindən, onun həmin mənzil üzərində sahiblik və istifadə hüququ yaranmışdır. Odur ki, iddiaçının həmin mənzilə dair hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Çoxmənzilli binaların istismarına icazə verilməsini müəyyən edən qanunvericilik aktlarında, o cümlədən istismarı məhz onun əsasında həyata keçirilmiş Azərbaycan Respublikası Prezidentinin 529 saylı 19 fevral 2019-cu il tarixli Fərmanında hər bir mənzilin fərdi qaydada istismarına, o cümlədən mənzil sahibinin adına istismarına icazənin alınması nəzərdə tutulmamışdır. Binanın istismarına hər bir mənzil üzrə fərdi qaydada deyil, bütövlükdə bina üzrə verilir. Qeyd edilməlidir ki, adıçəkilən bina tam məskunlaşmış və qazlaşdırılmışdır. Həmçinin "xxxx" MTK-dan mənzil alan bina sakinlərinin bəzilərinin mənzil üzərində mülkiyyət hüququ qeydə alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Odur ki, cavabdehin göstərilən xüsusata əsaslanmaqla göstərilən mənzilin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmasından imtina etməsi əsassızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» 25 oktyabr 2010-cıı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 149-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139-1.1.6, 178.2-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1, 113.1-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2, 8.0.6, 10.1-ci maddələrinə, “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 529 saylı 19 fevral 2019-cu il tarixli Fərmanının müddəalarına, İPM-in 1.2-ci maddəsinə, «İnzibati icraat haqqında» Qanunun 2, 15, 19-cu maddələrinə əsaslanaraq, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 4-cü mərtəbə, ümumi sahəsi 123,5 kv.m olan 3 otaqdan ibarət 118 nömrəli mənzilinin üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin İPM-in 47-ci maddəsinə uyğun olaraq iddia ilə bağlı məhkəməyə ünvanlanmış 1 avqust 2022-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə 11 fevral 2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, sözügedən (ünvan 4 ünvanda yerləşən "xxxx" MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasının “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı” (və ya istismara icazə sənədi) 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmamışdır. Həmçinin mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.6-cı maddəsində nəzərdə tutulmuş mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı və razılaşdırılmış mərtəbəlilik planı təqdim edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və vətəndaşa 23 fevral 2022-ci il tarixli məktub ünvanlanmışdır. Müvafiq daşınmaz əmlaka İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, mənzilin faktiki sahəsi 114,6 kv.m-dir. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.6, 8.0.9.2, 8.0.10.1, 11.1-ci maddələrinə əsaslanaraq, İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən iddianın rədd edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin (etirazının) məzmununa uyğun izahat verdi və iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2-ci maddəsinə gpörə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı AR Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. AR Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.9) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: (8.0.9.2) çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; - (8.0.10) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: (8.0.10.1) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə görə (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci (Tikinti obyektinin istismarına icazənin məqsədi) maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Məhkəmə qeyd edir ki, iddiaçı mülkiyyəti hüququnun qeydiyyatını iddia etdiyi mənzilin yerləşdiyi binanın “istismara qəbul aktı” və ya “istismara hazırlıq aktı” və “istismara icazə”nin mövcud olmaması halını mübahisələndirmir və qəbul edir. Cavabdeh inzibati orqanın imtinasının əsasını da həmin xüsusat təşkil edir. Lakin cavabdeh etirazında “MTK üzvlərinin ümumi yığıncağının qərarı”nın və “razılaşdırılmış mərtəbəlilik planı”nın təqdim olunmadığını bldirsə də, ümumi yığıncağın qərarı (prokoldan çıxarış) məhkəmə icraatında təqdim olunmuş, mərtəbəlilik planının təqdim edilməsinin zəruriliyi hər hansı bir normada təsbit olunmamışdır. Mənzilin ölçüsünün faktiki müəyyən həcmdə az olması, isə formal məsələdir və imtina üçün əsas deyil. Məhkəmənin qənaəti belədir ki, İddiaçı iddia etdiyi mənzilin yerləşdiyi ünvan 1 ünvanında “”Dərəçiçək” MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binanının “istismara qəbul aktı” və ya “istismara hazırlıq aktı” və “istismara icazə” sənədi təqdim edildiyindən, cavabdeh inzibati orqan tərəfindən iddiaçının həmin mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsi qanuna zidd sayıla bilməz və iddiaçının hüquqlarının pozulmasına səbəb olan halı qismində qiymətləndirilməməlidir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-7447/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7447/2022
18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver