Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7448/2024 03.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ-torpaq sahəsinə plan-ölçünün verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X7 ilə arasında bağlanmış AN-İ №1246599 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, X18, 6031 saylı 0.12 ha bağ sahəsinə dair plan və ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 29 fevral 2024-cü il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisində AN-İ № ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında pulunu tam ödəyərək X4 məxsus Bakı şəhəri Sabunçu rayonu X18 6031 saylı 0.12 ha bağ sahəsini satın almışdır. Qeyd edilən torpaq sahəsi üzrə 17 iyul 2021-ci il tarixli 2-1(112)-7137/2021 nömrəli Qərardadla vətəndaş X10 çıxarış verilməsi barədə Bakı İnzibati Məhkəməsinin Hakimi xanım Günel Sevdimalıyeva tərəfindən qərardad qəbul edilmişdir. Həmin qərardad Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qüvvəsində saxlanılmış və 23 avqust 2023-cü il tarixli, 2-1(112)- 1165/2022 nömrəli məktubla icra olunmasından ötəri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Ancaq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilsədə plan ölçünün verilməsi qərardadda göstərilmədiyindən səbəbsiz olaraq imtina edilmişdir. Daha sonra X12 alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsini X1 ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə həmin şəxsin adma **********57 reyestr nömrəli, 1 ********* qeydiyyat nömrəli dövlət reyestri tərəfindən çıxarış verilmiş, lakin yenə də plan ölçü verilməsindən imtina edilmişdir. Torpaq sahəsinin plan və ölçüsünün verilməsindən heç bir qanuni əsas olmadan imtina edilməsi formal tələblərdən sui-istifadə edilməsidir. Belə ki, bağ sahəsinin iddiaçının qanuni istifadəsində olması şəksizdir və heç kim tərəfindən mübahisələndirilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, torpaq sahəsinin yerləşdiyi ümumi sahədə hasarlanma sxematik xəritəyə uyğun aparılmamışdır. Belə ki, koordinatlarla göstərilən ərazinin böyük hissəsi digər bağların və bağlar arası yolun ərazisinə düşür. Bu səbəbdən plan ölçünün tərtib edilməsi tərəfimizdən mümkün olmamışdır. Bundan əlavə iddiaçı tərəfindən göstərilən əraziyə X2 6014 saylı bağ kimi 21765 saylı, xx.xx.1999-cu il tarixli müqavilə əsasında torpaq sahəsinin mərhum X5 məxsus olması barədə arayışın verilməsinə dair müraciəti qeydə alınmışdır. Məlumat üçün məhkəmənin nəzərinə çatdırırıq ki, həmin məsələ ilə bağlı Bakı İnzibati Məhkəməsinin icraatında (X6 iddiaçı qismində) 2-1(112)-5440/2024 saylı iş vardır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22- dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iş üzrə iddianın mümkünlülük şərti ödənilmir. Hazırkı işdən müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1165/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xdmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin məxsusluğuna dair daşınmaz əmlakın dövlət reyestrindən arayışın (çıxarış) verilməsi" iddia tələbi təmin edilmiş, sxematik xəritədə uyğunsuzluğu aradan qaldırmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən “6031” saylı 0,12 ha bağ sahəsinin koordinatlarını müəyyən edərək iddiaçı X8 mərhum anası X11 mülkiyyət hüququ ilə məxsusluğu barədə arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən Arayışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, X18, 6031 saylı bağ sahəsi 0.12 hektar torpaq sahəsi X9 adına xx.xx.2023-cü il tarixdə, ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Daha sonra sözügedən bağ sahəsi X8 adına xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, sonuncu ilə alqı-satqı nəticəsində bağ sahəsi xx.xx.2023-cü il tarixdə X3 adına ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və AN-İ ******* nömrəli xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi ilə bağ sahəsi satıcı X7 tərəfindən alıcı İddiaçı mülkiyyətinə verilmişdir. İşdən görünür ki, bağ sahəsinin sonuncu alıcısı olan hazırkı iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməsi nəticəsində mülkiyyət hüququ qeydə alınmış 6031 saylı bağ sahəsinə dair plan ölçünün tərtib edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə xx.xx.2023-cü il tarixli, **********75 nömrəli məktubunda ümumi hasarlanma sxematik xəritəyə uyğun aparılmadığı, koordinatlarla göstərilən ərazinin böyük hissəsi digər bağların və bağlar arası yolun ərazisinə düşdüyünü bildirməklə plan ölçünün tərtib etməkdən imtina etmişdir. İddiaçı hazırda cavabdehin bu imtinasını mübahisələndirərək, mülkiyyətində olan bağ torpaq sahəsinə plan ölçünün verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, birincisi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun (bundan sonra – Qanun) 10.2.3-cü maddəsinə əsasən texniki pasport torpaq sahəsi deyil, onun üzərində yerləşən yerləşən bina, qurğu, tikili və digər daşınmaz əmlak obyektlərinə (onların tərkib hissələrinin) münasibətdə tərtib edilir. Qanunun 10-cu maddəsinə əsasən: - 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 10.1-1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər əsasında aparıldıqda, bu Qanunun 9- 1-ci maddəsinin tələbləri tətbiq olunur. - 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. - 9.2-ci maddəsinə əsasən qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaq sahəsinin planı və ölçüsünün təsviri”nin: -3-cü bəndinə görə plan və ölçü ciddi hesabat sənədidir, onun bir hərfdən ibarət seriyası və altı rəqəmdən ibarət nömrəsi olur. -4-cü bəndinə əsasən plan və ölçüdə aşağıdakılar göstərilir: 4.5. torpaq sahəsinin mülkiyyət növü; 4.6. torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan hüququn növü; 4.7. torpaq sahəsinə daşınmaz əmlak obyekti kimi verilən reyestr nömrəsi; -5-ci bəndinə görə bu sənədin 4.5-ci, 4.6-cı və 4.7-ci bəndlərində göstərilən məlumatlar torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı hallarda plan və ölçüdə əks olunur. İstinad olunan normalardan görünür ki, şəxsin daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınması üçün ilk əvvəl onun təqdim etdiyi hüquqmüəyyənedici sənəd əsasında torpaq sahəsinin planı və ölçüsü tərtib edilir, daha sonra isə hüququ qeydə alınaraq bu barədə şəxsə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilir. İşin yuxarıda qeyd olunan hallarına əsasən mübahisəli torpaq sahəsinə qanuni qüvvəyə minmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1165/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı əsasında “6031” saylı 0,12 ha bağ sahəsinin koordinatlarının müəyyən edilərək mülkiyyət hüququnun məxsusluğu barədə arayışın verilməsi qərara alınmış və qərar icra olunaraq sözügedən müvafiq arayış verilmiş və vərəsənin adına mülkiyyət hüququ qeydiyyata alınmış, lakin həmin bağ torpaq sahəsinə dair plan və ölçü tərtib edilməmişdir. Məhkəmə hesab edir ki, plan-ölçü sənədi texniki sənəd olsa da mahiyyət etibarı ilə torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın tərkib hissəsi hesab olunur. Qeyd edilməlidir ki, reyestrdən çıxarışda torpaq sahəsinin yerləşdiyi koordinatlar göstərilmir. Lakin mülkiyyət hüququ qeydiyyata alınmış torpaq sahəsinin yerləşdiyi və elektron bazaya daxil edilmiş coğrafi koordinatları plan-ölçü sənədində öz əksini tapdığından cavabdeh mülkiyyət hüququnun qeydiyyatına dair reyestrdən çıxarış verildiyi zaman onunla bərabər əmlakın yerləşdiyi koordinatların naturada müəyyənləşdirilərək plan-ölçü sənədinin tərtibini də həyata keçirməlidir. Başqa sözlə, plan və ölçü çıxarış verilən torpaq sahəsinin identifikasiyası və fərdiləşdirməsi üzrə göstəriciləri (məkan, ölçü, coğrafi və texniki göstəriciləri) əks etdirən texniki sənəd olmaqla, çıxarışla birlikdə vahid sənəd kimi qiymətləndirilməlidir. Buna görə də daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı barədə çıxarış verilirsə, həmin çıxarışı verən cavabdeh eyni zamanda həmin çıxarışın ayrılmaz hissəsi olan, barəsində çıxarışın verildiyi daşınmaz əmlakı eyniləşdirən plan-ölçü sənədinin verilməsini də təmin etməlidir (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1138/2023 saylı qərarı). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Konstitusiyanın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisəli torpaq sahəsinə hüququn qeydə alınması qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında həyata keçirildiyindən məhkəmə hesab edir ki, torpaq sahəsi ilə bağlı plan və ölçünün tərtib edilməsi də həmin qərarın icrası qaydasında həll etməlidir. Əks hal bu, eyni məsələ üzrə iki məhkəmə qərarının qəbul edilməsinə gətirib çıxarmaqla, dövlətin adından çıxarılmış qərarın məcburi icrasını aradan qaldırmış olur ki, bu da yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaya ayrıca iddia icraatında baxılması mümkün hesab olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-7448/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7448/2024
03.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver