Məhkəmə qərarları › İş №2-1(112)-745/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-745/2022

24.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-745/2022 24.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər X9 və X6) “sərəncamların ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanının yaxınlığından keçən diametri 1200 mm “8-ci kilometr” kanalizasiya kollektorunun üzərində yerləşən torpaq sahəsinin X7 ayrılmasına dair Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1998ci il tarixli 219 nömrəli sərəncamın və həmin ərazidə inşa edilmiş tikilinin istismara qəbul edilməsi və hüquqi qeydiyyatdan keçirilməsi ilə bağlı verilmiş xx.xx.2006-cı il tarixli, 283 saylı sərəncamın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən qurumdur. Belə ki, Bakı şəhəri üzrə abonentlər tərəfindən axıdılan çirkab suların davamlı nəql edilərək tam tənzimlənməsinə nail olunması üçün təmizləyici qurğular və kanalizasiya xətlərinin mütəmadi olaraq nəzarətdə saxlanılması və onlara vaxtaşırı texniki xidmətin göstərilməsi olduqca vacib məsələdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus 1970-ci ildən hazırkı tarixədək istismarda olan, Bakı şəhərinin Nizami və Xətai rayonlarından keçən diametri 1200 mm və məhsuldarlığı 0.92 m3/san olan xüsusi əhəmiyyətə malik “8-ci kilometr” kanalizasiya kollektorunun üzərində və mühafizə zonasında X7 məxsus tikilinin mövcud olduğu müəyyən edilmişdir. Araşdırma zamanı qanunvericiliyin, tikinti norma və qaydalarının tələbləri pozulmaqla Xətai Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1998-ci il tarixli 219 nömrəli sərəncamla kanalizasiya kollektorunun Xətai rayonu, Şahin Səmədov küçəsinin yaxınlığından keçdiyi (yerləşdiyi) torpaq sahəsi inşaat işlərinin aparılması məqsədilə iddia üzrə üçüncü şəxs X7 ayrılması və şəxsin də öz növbəsində qeyd olunan torpaq sahəsində fərdi yaşayış evini inşa etməsi müəyyən edilmişdir. Eyni zamanda inşa edilmiş qanunsuz tikilinin də istismara qəbul edilməsi və hüquqi qeydiyyatdan keçirilməsi ilə bağlı Xətai Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2006-cı il tarixli 283 saylı sərəncam verilmişdir. İnşa edilən fərdi yaşayış evi kanalizasiya kollektorunun üzərinə və mühafizə zolağına düşməklə, kollektora vaxtlı-vaxtmda texniki xidmətin göstərilməsini mümkünsüz etmişdir. Kollektorlarla ötürülən müxtəlif tərkibli çirkab suların birləşməsi nəticəsində xətlərdə alışmağa, partlayışa meyilli və insan səhhətinə ciddi ziyan vuracaq xüsusi təhlükəli (zəhərli) qazlar yaranır ki, bu hal da təhlükə mənbəyi olmaqla bədbəxt hadisələrin baş verməsi, yanğın, partlayış ehtimalını artırır, oradan istifadə edən və ətrafda yaşayan şəxslərin həyatı, sağlamlığı və əmlakı üçün real təhlükə riskini yaratmış olur. Eyni zamanda kollektorun altında qalan hissədə baş verəcək qəzalara müdaxilə edərək qəza-bərpa işləri aparmaq qeyri-mümkün olmaqla qəzalı hissədən xaric olan tullantı suları ətrafa axaraq ərazidə yaşayan və fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin həyat və sağlamlığına, əmlakına ziyan vuracaqdır. Bu cür hallar dəfələrlə baş vermiş, bunun nəticəsində İddiaçı ASC-yə qarşı dəymiş ziyanın ödənilməsi barədə məhkəmələrdə iddialar qaldırılmış, Cəmiyyət dəfələrlə kompensassiya ödəmək məcburiyyətində qalmışdır. Verilmiş sərəncam nəticəsində qüvvədə olan “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun və “Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısının, mühafizə rejimi və təhlükəsizliyi üzrə Təsnifatı”nın, “Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları”nın və “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının, həmçinin AzDTN 2.6-1 saylı “Dövlət tikinti normaları”nın tələbləri pozulmuşdur. Belə ki, hazırda qüvvədə olan “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 70-ci maddəsinin tələblərində birbaşa qeyd olunur ki, su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan beş metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərinin yerinə yetirməsi qəti qadağandır. Qeyd olunan qanunvericilik aktların tələblərindən görünür ki, kanalizasiya xəttinin üzərində və ya onların sanitar-mühafizə zolağında yerləşən torpaq sahələrində tikinti işlərinin aparılması və tikinti aparılması üçün ayrılması tamamilə qanunsuzdur. Hesab edilir ki, İddiaçı ASC-yə məxsus kanalizasiya xəttinin keçdiyi ərazinin maraqlı şəxsin mülkiyyətinə verilməsinə dair sərəncam ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5043/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə X9 İddiaçı ASC-nin cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamların ləğv edilməsi” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5043/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə X6 İddiaçı ASC-nin cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamların ləğv edilməsi” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddia ərizəsində Xətai rayonu, Şahin Səmədov küçəsinin yaxınlığından keçən diametri 1200 mm 8-ci kilometr kanalizasiya kollektorunun üzərində yerləşən torpaq sahəsinin X7 ayrılmasına dair Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli 219 nömrəli sərəncamı əsasında torpaq sahəsinin ayrıldığı və üzərində fərdi yaşayış evinin inşa edildiyinin müəyyən edildiyi qeyd edilərək, həmin sərəncam əsasında mübahisələndirilən tikililərin sökülməsi barədə qərar çıxarılmasını xahiş edilir. İddiaçı qeyd edilən fərdi yaşayış evinin 23 il öncə tikildiyini etiraf edərək kanalizasiya kollektorunun üzərinə və mühafizə zolağına düşməklə, kollektora vaxtlı-vaxtında texniki xidmətin göstərilməsini mümkünsüz etdiyini bildirir və kanalizasiya kollektorunun üzərində və qanunla müəyyən edilmiş mühafizə zonasında inşa edilmiş tikilinin sökülərək mühafizə rejiminin təmin edilməsi xahiş olunur. Xətai Rayon İcra Hakimiyyəti qeyd edilən idda tələbi ilə razı deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin V hissəsinə müvafiq olaraq öz səlahiyyətləri daxilində yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd olmayan normativ xarakterli aktlar qəbul edə bilərlər. Azərbaycan Respublikası MPM-in 297 maddəsində göstərilir ki, müvafiq yerli icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətlərinə (hərəkətsizliyinə) elə kollegial və təkbaşına qərarlar, hərəkətlər (hərəkətsizlik) aiddir ki, onların nəticəsində şəxsin hüquq və azadlıqları pozulmuş olsun, şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaransın, şəxsin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun və ya o, qanunsuz olaraq məsuliyyətə cəlb edilsin. Məhkəmədə işə baxılarkən müddət məsələsinə də fikir verilməli araşdırma üçün mühüm əhəmiyyət kəsb edən bu amili diqqətdən qaçırılmamalıdır. Belə ki, Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli sərəncamı ilə İİİ şəxslərə mövcud fərdi yaşayış evinin tikintisi ilə əlaqədar sərəncamın verildiyi müddətdən uzun illər keçdikdən sonra iddiaçı 2021-ci ildə həmin ərazinin mühafizə zolağına düşdüyünü xatırlayaraq məhkəməyə müraciət etmiş və bununlada ciddi qanun pozuntusuna yol verilmişdir. Belə ki, münasibətlərin yarandığı vaxt qüvvədə olan Mülki Məcəllənin 73, 77 və 78-ci maddələrində təsbit olunmuşdur ki, hüquqları pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının və s. ictimai təşkilatların biri-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. İddia müddətinin axımı iddia hüququ əmələ qələn gündən başlanır; iddia hüququ şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 2.4-cü bəndinin məzmununa görə məhkəmə qərarı o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olsun, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq edilən faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qərarda göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd edilənlərə əsasən hesab edilir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, qeyd edilən sərəncam ləğv edilərsə, gələcəkdə həmin şəxslərin göstərilən fərdi yaşayış evinə mülkiyyətlərini təsdiq edən sənədlərin alınması məhdudlaşdırıla bilər. Halbuki, yuxarıda qeyd edilən sərəncam təsdiq olunan zaman İddiaçı ASC-nə İİİ şəxslər tərəfindən su pulu ödənilmiş və mövcud məntəqənin fəaliyyəti barədə kifayət qədər məlumatlar olmuşdur. Ümumilikdə iddiaçının istinad etdiyi qanunvericiliyə diqqət yetirdikdə aydın görünür ki, iddiaçı işin mövcudluğuna tam diqqət yetirməmiş və araşdırma aparmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Eyni zamanda həmin maddənin 7.3-cü bəndinə əsasən mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Bunlarla bərabər çox maraqlı hallardan biridir ki, iddiaçı qismində çıxıs edən İddiaçı ASC-ti vətəndaşlara xidmət etməli olduğu halda, əksinə onların mülkiyyət və istifadə hüquqlarını məhdudlaşdırmaq mövqeyində durmuşlar. Bu da ona əsas verir ki, İddiaçı ASC tutduqları mövqedən sui-istifadə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin tələbinə əsasən qanunvericilikdə mülki hüquqların qorunması dedikdə, ancaq mülkiyyətlə bağlı subyektləri nəzərdə tutmaq deyil, eyni zamanda hüquqların da müdafiəsini təmin edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 17.1-ci bəndinə əsasən bütün dövlət hakimiyyəti orqanları, yerli özünü idarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən isə mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydada və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Yuxarıda qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs M.Məmmədov iddia ərizəsinə etiraz edərək tələbin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdeh və üçüncü şəxs X7 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxs Ə.Əliyevin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş Xətai Rayon İcra Hakimiyyəti Başçısının 283 saylı xx.xx.2006-cı il tarixli sərəncamında qeyd edilmişdir ki, Xətai rayon İcra Hakimiyyəti Başçısının 219 saylı xx.xx.1998-ci il tarixli sərəncamı ilə vət. X7 fərdi ev tikintisi üçün 0,06 ha ölçüdə torpaq sahəsi ayrılmışdır. Vət. Ə.Ə.Əliyev ərizə ilə Xətai rayon İcra Hakimiyyətinə müraciət edərək bildirir ki, ona ayrılmış torpaq sahəsində fərdi evin tikintisi başa çatdırılmışdır. Odur ki, göstərilən tikinti sahəsi istismara qəbul eidlib hüquqi qeydiyyatdan keçirilsin. Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/4613 saylı, xx.xx.2006-cı il tarixli məktubu ilə yuxarıda göstərilən ünvan Əhmədli qəsəbəsi, Ş.Səməov küçəsi 1-ci döngə ev 14 kimi qeyd edilmişdir. Beləliklə, Xətai Rayon İcra Hakimiyyəti Başçısının 283 saylı xx.xx.2006-cı il tarixli sərəncamı ilə Əhmədli qəsəbəsi, Ş.Səmədov küçəsi, 1-ci döngə, «14» saylı evin vət. X7 məxsus ümumi torpaq sahəsi 0,06 ha olan yaşayış sahəsi 200,5 kv.m, köməkçi sahəsi 180,4 kv.m-dən ibarət olan fərdi yaşayış evinin istismara qəbul edilməsi və hüquqi qeydiyyatdan keçirilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5043/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6805 nömrəli məktubu ilə göndərilmiş xx.xx.2022-ci il tarixli, 10/6805 nömrəli ekspert rəyinin tədqiqatın nəticəsi hissəsində qeyd edilmişdir ki, qərardadın 1-ci və 2-ci sualları üzrə: kanalizasiya kollektorunun yeraltı olması və həmin kollektorun dəqiqliklə hansı istiqamətdə uzanması məlum olmadığından mübahisə predmeti olan tikilinin qeyd olunan kanalizasiya kollektorunun üzərində və ya mühafizə zonasında yerləşib-yerləşməməsini və həmin kanalizasiya kollektoru ilə mübahisəli tikili arasındakı məsafəni müəyyən etmək mümkün olmamışdır. Lakin naturada təqdim edilən kanalizasiya quyusu ilə mübahisə tikili arasındakı məsafənin 29.20 m olduğu müəyyən olunur. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının X5 ünvanladığı xx.xx.2022-ci il tarixli, BA-05413-2022 nömrəli bildirilmişdir ki, Xətai Rayon İH-nin arxiv fondu üzrə 1998-ci ilə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sənədlərdə vət. X9 barəsində heç bir məlumat yoxdur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Hazırkı işdən görünür ki, iddiaçı cavabdeh Xətai rayon İcra Hakimiyyətinin ünvan 4 ünvanında torpaq sahəsinin X7 ayrılması barədə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli 219 nömrəli sərəncamın və inşa edilmiş tikilinin istismara qəbul edilməsi və hüquqi qeydiyyatdan keçirilməsi ilə bağlı verilmiş xx.xx.2006-cı il tarixli, 283 saylı sərəncamın ləğv edilməsini mübahisələndirir. Beləliklə, mübahisə predmeti qismində cavabdeh Xətai rayon İcra Hakimiyyətinin iki inzibati aktı- xx.xx.1998-ci il tarixli 219 nömrəli sərəncamı və xx.xx.2006-cı il tarixli, 283 saylı sərəncamı çıxış edir. Qeyd edilməlidir ki, hazırkı iş üzrə cavabdehin xx.xx.2006-cı il tarixli, 283 saylı sərəncam iş materiallarına əlavə edilsə də, digər xx.xx.1998-ci il tarixli 219 nömrəli sərəncamın əldə edilməsi mümkün olmamışdır. Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2021ci il tarixli cavab məktubu və Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli cavab məktublarına əsasən xx.xx.1998-ci il tarixli 219 nömrəli sərəncamın əldə edilməsi mümkün olmamışdır. Məhkəmə ilkin torpaqayırma sənədinin Xətai rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 219 nömrəli sərəncamı olduğunu, qeyd edilən sərəncamın hazırkı halda əyani şəkildə əldə edilməsi mümkün olmasa da Xətai rayon İcra Hakimiyyətinin 283 nömrəli xx.xx.2006-cı il tarixli sərəncamında Xətai RİH-nin 219 saylı, xx.xx.1998-ci il tarixli sərəncamı ilə X7 fərdi ev tikintisi üçün 0,06 ha ölçüdə torpaq sahəsinin ayrıldığının qeyd edildiyini nəzərə alaraq hesab edir ki, sözügedən sərəncamın hazırkı inzibati məhkəmə icraatında mübahisə predmeti kimi çıxış etməsi mümkündür. İddianın xüsusi mümkünlük şərtlərinə gəlincə isə məhkəmə aşağıdakıları qeyd edir. İddiaçının tələbi Xətai rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 219 nömrəli sərəncamı və xx.xx.2006-cı il tarixli, 283 saylı sərəncamlarının ləğv edilməsidir. İddiaçı qeyd edilən iddianı xx.xx.2021-ci il tarixdə məhkəmədə iddia qaldırmaqla mübahisələndirmişdir. Halbuki, 2000-ci ildən sonra ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası MPM-in "Müvafıq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat" adlanan XXVİİ fəslinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə) (Həmin fəsil 10 iyun 2011-ci il tarixli 143- İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır). Göründüyü kimi iddiaçı sözügedən 1998 və 2006-cı il tarixli sərəncamları qüvvədə olmuş MPM-nin tələbinə uyğun olaraq iddia müddəti çərçivəsində mübahisələndirməmişdir. Məhkəmə qeyd edir ki, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər. Bundan əlavə məhkəmə mübahisələndirilən inzibati aktlarla bağlı xx.xx.2011-ci ildən qüvvəyə minmiş X3 tələbləri baxımından qiymətləndirmə aparmağı da zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia mahiyyət etibarilə mübahisələndirmə haqqında iddiadır və İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsi ilə tənzimlənir. Mübahisələndirmə haqqında iddia növünə münasibətdə yoxlanılmalı olan xüsusi mümkünlük şərti iddia müddətinə əməl edilib-edilməməsidir. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərinə düşür. İşin hallarından müəyyən olunur ki, iddiaçı mübahisələndirdiyi sərəncamların ləğvinə dair iddianı qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə qaldırmışdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçının mübahisəli sərəncamı mülki məhkəmə icraatında 2021-ci ildə əldə etməsi, bununla da iddia müddətinin həmin vaxtdan hesablanması barədə dəlili əsaslı sayıla bilməz. Bununla bağlı qeyd edilməsi zəruridir ki, sözügedən sərəncamların rəsmi olaraq məhz hansı tarixdə təqdim olunmasının bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi və ya etməli olduğu sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması həmin vaxtdan hesablanmalıdır. İddiaçının iddia etdiyinə görə mübahisəli kanalizasiya kollektoru 1970-ci ildən istismara verilmiş, mübahisəli fərdi yaşayış evi isə ən tezi 1998-ci ildə tikilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 12 may tarixli, 1038 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin “Kommunsənayesutəchizatı” İstehsalat-İstismar Birliyi və Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin “AzərSUGEO” Elmi-Tədqiqat İnstitutu, onlara məxsus olan bütün əsas və dövriyyə vəsaitlərini birləşdirərək, açıq tipli X8 Su Cəmiyyətinə çevrilmişdir. “Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 iyun tarixli, 252 nömrəli Sərəncamı ilə X8 Su Cəmiyyəti İddiaçı Səhmdar Cəmiyyəti adlandırılmış, Azərbaycan “Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin “Azərsukanaltəmir” və “Azərkəndsutəchizat” istehsalat birlikləri ləğv edilmiş, onların funksiyaları və tabeliyində olan müəssisə və təşkilatlar balanslarındakı əmlakla birlikdə İddiaçı Səhmdar Cəmiyyətinə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 1.2-ci bəndinə əsasən Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Nizamnaməyə əsasən Cəmiyyət suyun götürülməsi, emalı, nəqli və satışı sahəsində tabeliyində olan təşkilatların fəaliyyətini təşkil edir və onların bu sahədə fəaliyyətini tənzimləyir, tabeliyindəki sutəmizləyici qurğuların, nasos stansiyalarının, su kəmərlərinin istismarı, layihələndirilməsi, inşası, təmiri və onlara texniki xidmət göstərilməsi işlərinə nəzarət edir, su təchizatı və kanalizasiya sistemi obyektlərində qanunvericiliklə nəzərdə tutulmuş sanitar-mühafizə zonalarının yaradılması və ona nəzarət rejiminin həyata keçirilməsini təmin edir. Göründüyü kimi, iddiaçı ən azından 1995-ci ildən etibarən fəaliyyət göstərir və su təchizatı və kanalizasiya sistemi obyektlərində qanunvericiliklə nəzərdə tutulmuş sanitarmühafizə zonalarının yaradılması və ona nəzarət rejiminin həyata keçirilməsi funksiyasını icra edir. Bu halda hesab olunur ki, iddiaçı artıq 1995-ci ildən müvafiq su kəmərlərinə, o cümlədən hazırda mübahisəli əmlakın üzərində yerləşdiyi güman olunan diametri 1200 mm olan kanalizasiya kollektoruna xidməti, nəzarət işlərini həyata keçirir və ünvan 6 ünvanında fərdi yaşayış evinin yerləşdiyi, həmin ərazilərin hüdudlarını, onların hüquqi və faktiki vəziyyətini artıq dəqiq bilmiş (və ya bilməli) idi. Belə ki, həmin əraziyə texniki xidməti həyata keçirən iddiaçının əməkdaşlarının texniki baxışı yalnız 2020-ci ildə keçirməsi və tikili olmasının həmin vaxt aşkar edilməsi inandırıcı və ağlabatan hesab olunmur. İddiaçı iddia etdiyi kollektorun üzərində həmin ərazidə yerləşən torpaqayırma, fərdi yaşayış evləri, onların tikilməsi ilə bağlı zəruri sənədləri müvafiq dövlət orqanlarından tələb etmək imkanı olduğu halda, bu hüququndan istifadə etməyərək 20 ilə yaxın müddətdə hərəkətsizlik göstərmişdir. Qeyd olunanlara əsasən məhkəmə iddiaçının mübahisəli sərəncamdan 2021-ci ildə məlumatlı olması və bununla da iddia müddətini ötürməməsi barədə dəlilini əsaslı hesab etmir. Beləliklə, yuxarıda sadalanmış təkzibedilməz sübutlar iddiaçının iddia müddətini ötürdüyünü mübahisəsiz təsdiq edir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Eyni Məcəllənin 108.1-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə görə prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddianın müddətinə dair mümkünlük şərti ödənilmədiyindən iddia mümkün sayılmamalı, ekspert tədqiqatı ilə bağlı xərc iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı ASC-nin cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamların ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Ekspert tədqiqatının dəyəri olan 50 manat xərc İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: AZ34CTRE ********************, VÖEN **********, X1, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ 013601**********3944, SFİFT BİK CTREAZ22) ödənilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar