Məhkəmə qərarları › İş №2-1(112)-745/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-745/2025

03.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-745/2025 03.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X3, X11 və qeyriləri) qarşı “plan və ölçü sənədi və çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “plan və ölçü sənədlərinin ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, DTXK Bakı şöbəsi tərəfindən ona torpağın mülkiyyətə verilməsinə dair şəhadətnam verilmişdir. Torpaq sahəsi ona Əzizbəyov Rayon İcra Hakimiyyətinin 10 may 1994-cü il tarixli sərəncamı əsasında ayrılmışdır və onun faktiki istifadəsindədir. Mülkiyyət hüquqlarının dövlət qeydiyyatı ilə əlaqədar müraciət etmiş, müraciətin təminindən imtina edilmişdir. İmtinadan sonra məhkəməyə müraciət edilmiş, məhkəmə icraatı gedişində müəyyən edilmişdir ki, torpaq sahəsinin bir hissəsi digər şəxsin adına dövlət qeydiyyatına alınmış sahə ilə üst-üstə düşür. Həmin iş üzrə verilmiş ekspert rəyi ilə müəyyən edilir ki, ona ayrılan torpaq sahəsinin ilkin cizgisi uyğunluq təşkil edir, lakin üçüncü şəxsin ilkin cizgisinə aid olmayan ona məxsus hissəyə qeydiyyat hərəkətləri aparılmışdır. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının göstərilən tələblə bağlı müraciəti cavabdehə daxil olmamışdır. İddia olunan torpaq sahəsi X7 mülkiyyətindədir. Məhkəmənin qərardadları ilə X3, X11 və qeyriləri üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Bakı ş, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinə dair keçmiş DTXK tərəfindən 26 may 2008-ci il tarixdə verilmiş torpaq sahəsinin plan və ölçü sənədinin və cavabdeh tərəfindən həmin sənəd əsasında aparılmış qeydiyyatın və torpaq sahəsinin plan və ölçü sənədinin ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi mahiyyəti üzrə qiymətləndirilən hissədə onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddianın mahiyyəti üzrə qiymətləndirilməsi hissəsində, mübahisələndirilən qeyd və sənədlərin 01 yanvar 2011-ci il tarixdən əvvəlki tarixə olmasına münasibətdə də, məhkəmə hesab edir ki, mümkünlüklə bağlı şərt də yerinə yetirilmişdir. Belə ki, iş üzrə verilmiş sorğulara cavab məktublarından, eləcə də, 2013-cü il tarixdə rayon məhkəməsi və yuxarı instansiya məhkəmələrinin icraatında olmuş işlərdən görünür ki, hazırkı torpaq sahəsi iddiaçının qardaşının istifadəsində olmuş, hasara alınmış , üçüncü şəxsin mübahisəsi digər bir torpaq sahəsində, zəbt edildiyi iddia edildiyi sahə ilə əlaqədar olmuş, hazırkı mübahisə isə, 01 yanvar 2011-ci il tarixdən sonra yaranmış, mübahisəli məsələ üzrə ən azından həmin tarixdən əvvələ iddiaçının məlumatı olmamışdır. Odur ki, torpaq sahəsinin həmin tarixdən əvvələ iddiaçının, daha doğrusu qardaşının istifadəsində olduğu bir vəziyyətdə, üçüncü şəxsin də öz sənədlərinə əsasən digər bir sahə üzrə mübahisəli vəziyyətinin olduğu bir vəziyyətdə mübahisəli torpaq sahəsinə dair üçüncü şəxsin adına texniki sənədlərin və qeydin mötəbər olmadığının aşkar olması və gec mübahisələndirilməsi kimi vəziyyətin mövcudluğundan söhbət gedə bilməz. Göründüyü kimi torpaq sahəsinə dair mübahisə 01 yanvar 2011-ci il tarixdən sonra yarandığından, üst-üstə düşmədən fərqli torpaq sahələri üzrə istifadə vəziyyəti olduğundan, üçüncü şəxsin adına aparılmış qeyd və texniki sənədlərin tərtibatından məlumatlı olmadan söhbət gedə bilməz. Eləcə də, müraciətlə əlaqədar da məhkəmə hesab edir ki, mümkünlük şərtinin pozuntusundan söhbət gedə bilməz. Belə, öhdəliyin icrası növündə olsa belə, icraat gedişində cavabdehə müraciət edilmiş və cavabdeh mövcud inzibati praktikasında həmişə olduğu kimi qeyd və digər sənədlərin ləğv edilməsinin Qanunun müvafiq maddəsinə görə məhkəmə tərəfindən ləğv edilməli olması barədə imtina vermişdir. Məhkəmə hesab edir ki, sonradan imtinanın olması mövcud məhkəmə təcrübəsi baxımından (Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-807/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı və s) da iddiaya mahiyyəti üzrə baxılması üçün əsas qismində çıxış edir. Bundan əlavə, qeyd olunur ki, mübahisəli torpaq sahəsi üzrə əvvəllər də çıxarışın etibarsız hesab edilməsi barədə iddia olmuş cavabdeh həmin hal üzrə də məlumatlı olmuş, məhkəmədənkənar mübahisənin həlli üzrə hər hansı tədbir görülməmişdir ki, müraciətin ilkin olmamasına istinadla məhkəmə hesab edir ki, iddianın qeyri-mümkün sayılması tam formaldır, cavabdehin mövqeyi iş materiallarından da göründüyü kimi müraciətin təmin edilməməsi üzrədir. Adıçəkilən qərardaddan da göründüyü kimi məhkəmə hesab etmişdir ki, ilkin müraciət zamanı bu şərtə iddiaçı tərəfindən əməl edilməsə də, məhkəmə baxışı zamanı iddianın mümkün sayılmamasına əsas ola biləcək bu hal iddiaçı tərəfindən aradan qaldırılmışdır. Hazırkı halda da, göstərilən hal aradan qaldırılmışdır. İddia tələbinin mahiyyəti üzrə qiymətləndirilən hissədə isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia mahiyyəti üzrə qiymətləndirilən hissədə təmin edilməlidir. Belə ki, iş materiallarında olan (həmçinin, icraatda olmuş adıçəkilən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair iş üzrə iş materiallarında olan və hazırkı iş materiallarına əlavə edilən): 24 dekabr 2024-cü il tarixli cavabdehin imtina məktubundan görünür ki, çıxarış və plan və ölçü sənədlərinin ləğv edilməsinə dair iddiaçının müraciətinin təmindən məhkəmə qaydasında həll edilməsi əsası ilə imtina edilmişdir. 05 avqust 2022-ci il tarixli cavabdehin məktubunda qeyd edilmişdir ki, torpaq sahəsinin bir hissəsi digər şəxsin adına qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. Torpaq sahəsinin ölçüsü 1200 kv.m, qeyd edilsə də, faktiki 1120 kv.m təşkil edir və Xəzər Rayon Məhkəməsinin yekun məhkəmə aktı məhkəməyə daxil olmamışdır. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Əzizbəyov Rayon İcra Hakimiyyətinin 10 may 1994-cü il tarixli sərəncamına əsasən 0,12 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Xəzər Rayon Məhkəməsinin qərardadından görünür ki, cavabdehin məktubunda istinad edilən iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmışdır 17 oktyabr 2022-ci il tarixli digər iş üzrə verilmiş etirazda qeyd edilmişdir ki, torpaq sahəsinin bir hissəsi 495 kv.m, digər şəxs X7 adına qeydiyyata alınmış, Mərdəkan qəsəbəsi 5/31 sahə ilə üst-üstə düşür. Torpaq sahəsinin faktiki ölçüsü 1120 kv.m təşkil edir. Mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı ş, Xəzər r, Mərdəkan qəs 5/31 sahə 1146 kv.m ölçüdə 20 aprel 2021-ci il tarixdə üçüncü şəxs X7 adına dövlət qeydiyyatına alınmışdır. Həmin əmlak ona X3 ilə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən keçmişdir. Əzizbəyov Rayon İcra Hakimiyyətinin 10 may 1994-cü il tarixli sərəncamından görünür ki, 1200 kv.m torpaq sahəsi Ş.Ələkbərova ayrılmışdır. Yerləşmə cizgisindən görünür ki, adıçəkilən sərəncam əsasında Ş.Ələkbərova torpaq sahəsinə yerləşmə cizgisi tərtib edilmişdir. DTXK-nın torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, həmin sərəncam əsasında torpaq sahəsinə dair 1146.01 kv.m ölçüdə plan və ölçü sənədi Ş.Ələkbərovun adına tərtib edilmişdir. Çıxarışdan görünür ki, adıçəkilən torpaq sahəsi Ş.Ələkbərovun adına 10 yanvar 2009-cu il tarixdə dövlət qeydiyyatına alınmış və çıxarış verilmişdir. Müayinə aktından görünür ki, iddiaçı tərəfindən iddia edilmiş torpaq sahəsinin ölçüsü 1120 kv.m təşkil edir. Torpaq sahəsi üç tərəfdən mişar daş hasar bir tərəfdən şərtidir. Əzizbəyov Rayon İcra Hakimiyyətinin 10 may 1994-cü il tarixli sərəncamından görünür ki, 1200 kv.m torpaq sahəsi iddiaçıya ayrılmışdır. Həmin sərəncamın arxiv idarəsindən verilmiş arxiv nüsxəsindən görünür ki, sərəncam Mirzəyev İsmayıl-Qara Rüstəm oğllunun adına olmuşdur. Həmin Sərəncamın cavabdehdə olan mülkiyyət hüququna dair şəhadətnamənin verilməsinə əsas olmuş arxiv qovluğundan verilmiş nüxsəsindən isə görünür ki, həmin sərəncamla məhz iddiaçıya torpaq sahəsi ayrılmışdır. Yerləşmə cizgisindən görünür ki, həmin torpaq sahəsinə dair iddiaçının adına yerləşmə cizgisi verilmişdir. 06 yanvar 2009-cu il tarixli plan və ölçü sənədindən görünür ki, Ş.Ələkbərovun adına adıçəkilən torpaq sahəsinə dair cavabdeh tərəfindən plan və ölçü sənədi tərtib edilmişdir. Xəzər Rayon Məhkəməsinin iddianın təmin edilməsi barədə qətnaməsində qeyd edilmişdir ki: Ş.Talıbov cavabdeh İ.Hüseynov və qeyrilərinə qarşı V.Volkova adına verilmiş sərəncam, sərəncam əsasında olan kadastr planının etibarsız hesab edilməsini, Ş.Ələkbərovun adına olan plan və ölçü sənədə ilkin sərəncam əsasında ayrılmış sxemə uyğun olaraq daxil edilməklə düzəliş edilməsini və uyğunlaşdırma aparılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Ş.Ələkbərova fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin sahə 2000-ci ildən iddiaçı və onun ailəsinin istifadəsində olmuşdur. Torpaq sahəsi daş hasara alnmış, böyük darvaza qoyulmuşdur. Tikinti onun valideynləri tərəfindən aparılmış, lakin adına rəsmiləşdirilməmişdir. Onun mülkiyyətində olan sahə İ.Hüseynov tərəfindən zəbt edilmişdir. DTXK tərəfindən sərəncam əsasında 5/31 nömrəli 12 sot torpaq sahəsi ona ayrıldığı halda sxemdə əks olunan sahə yox, tamamilə başqa, ona aid olmayan bir ərazinin göstəricilərinin daxil edildiyi müəyyən olunmuşdur. Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış sahə hal-hazırda İ.Hüseynov tərəfindən zəbt edilmişdir. Həmin ərazidə qoyulan darvaza sökülmüş, həmin şəxs tərəfindən tikinti işlərinin aparıldığı müəyyən edilmiş, onun oradan çıxarılması mümkün olmamışdır. Cavabdeh İ.Hüseynov bildirmişdir ki, torpaq sahəsini V.Volkovadan almış, 2005-ci il tarixdən 5 otaqlı ev tikdirərək faktiki həmin sahədə ailə üzvləri ilə yaşayır. Qonşular da bunu təsdiq edir. DTXK-nın nümayəndəsinin izahatında qeyd edilmişdir ki, Ş.Talıbovun adına verilmiş kadastr planı və ölçüdəki torpaq sahəsi V.Volkovaya aid torpöaq sahəsinə aid olmamaqla, qonşuluqda yerləşir. Şahid qismində dindirilmiş S.Süleymanov qeyd etmişdir ki, cavabdehin yaşadığı torpaq sahəsinə Ş.Talıbovun atasının göstərişi ilə o, darvaza qoymuş, hasar çəkmişdir. Göstərilən işlərə həbsə gedənə kimi S.Süleymanov nəzarət etmiş, 2010-cu ildə əraziyə gedərkən ərazidə tikili olduğunu və hasarın söküldüyünün şahidi olmuşdur. İ.Hüseynov torpaq sahəsini zəbt etmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən 09 yanvar 2009-cu il tarixli AA 015762 nömrəli torpaq sahəsinin X2 məxsus plan və ölçü sənədində sərəncama uyğun düzəliş edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 17 may 2013-cü il tarixli qətnaməsindən görünür ki, qətnamə ləğv edilmiş, iddia rədd edilmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, yerli baxış zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi İ.Hüseyovun istifadəsindədir və tikili mövcuddur. Ali Məhkəməinin 04 noyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, V.Volkova verilmiş kadastr planındakı torpaq sahəsi ilə Ş.Talıbova verilmiş plan və ölçü sənədindəki torpaq sahəsi üst-üstə düşmür, qonşuluqda yerləşir. Mütəxəssis rəyində qeyd edilmişdir ki, torpaq sahəsi faktiki olaraq hasar daxili 1985,0 kv.m təşkil edir. Torpaq sahəsi üzərində tikili yoxdur. Faktiki göstərilə 1985 kv.m sahənin 1146,0 kv.m hissəsi X7 mülkiyyətində olan sahə ilə üst-üstə düşür. İddiaçının şəhadətnaməsinin baza məlumatı mövcuddur və qonşu qeydiyyatdan keçmiş şəhadətnamənin yerləşmə ardıcıllığına uyğun gəlir. Elektron kadastr baza məlumatlarına əsasən faktiki istifadədə olan və eyni zamanda şəhadətnamə ilə olan sahənin 495,kv.m hissəsində üst-üstə düşmə halı mövcuddur. Məhkəmə Ekspertiza Mərkəzinin rəyində qeyd edilmişdir ki: Təqdim edilən torpaq sahəsi bir tərəfdən yol ilə, digər tərəflərdən qonşu torpaq sahələri ilə əhatə olunmaqla çoxbucaqlı formasındadır. Torpaq sahəsi faktiki vəziyyətdə mişar daşı ilə hasara alınmış vəziyyətdədir. Torpaq sahəsinin orta hissəsndə yarısı uçmuş vəziyyətdə olan hasar və giriş qapısının sağ tərəfində yarım tikili vardır. JN-23651 D nömrəli şəhadətnamə kimi iddia olunan sahənin ümumi təqdim edilmiş ərazinin şimal qərb istiqamətində yerləşdiyi və dörbücaqlı formasında olduğu müəyyən edilmişdir. 10 may 1994-cü il tarixli Sərəncam əsasında iddiaçıya ayrılan sahənin ilkin sxemi ilə şəhadətnamədə iddia olunan sahə müqayisə edildikdə müəyyən edilir ki, iddia olunan torpaq sahəsinin konfiqurasiyası, planlı yerləşmə vəziyyəti iş materiallarına əlavə edilmiş ilkin sxemə uyğundur. Eyni zamanda, 10 may 1994-cü il tarili sərəncam əsasında Ş.Ələkbərova ayrılan sahənin ilkin sxemi ilə DTXK tərəfindən verilmiş kadastr lanındakı koordinatlarda yerləşən sahənin planlı yerləşmə vəziyyəti uyğunsuzluq təşkil edir. Belə ki, Ş.Ələkbərova ayrılan sahənin ilkin sxemində ayrılan sahənin dördbücaqlı formasında olduğu və bir tərəfinin uzunluq boyunca bütövlükdə yol ilə həmsərhəd olduğu göstərilsə də, DTXK tərəfindən verilmiş kadastr planındakı koordinatlarda yerləşən torpaq sahəsinin isə uzunluq boyunca bir hissəsi mövcud yol ilə qonşuluq təşkil edir. İddiaçı və üçüncü şəxsə sərəncamlar əsasında verilmiş ilkin sxemlər eyni sahəyə verilməmişdir. JN-23651 D şəhadətnamə ilə olan 0,12 ha sahənin 495 kv.m hissəsi fiziki şəxs Ş.Talıbovun adına mülkiyyət hüuqu ilə qeydiyyata alınmış sahə ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Üst-üstə düşən hissə iddiaçıya sərəncam ilə ayrılmış torpaq sahəsidir. Arayışdan görünür ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsi mülkiyyətində olan sahə kimi Mərdəkan Bələdiyyəsində qeydə alınmışdır. Buna dair qəbzlər əlavə edilmişdir. Cavabdehin 19 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, X5 mülkiyyətində olmuş sahə alqı-satqı müqavilələri əsasında X12, X13, X6, X4 adına qeydiyyatdan keçmiş, hal-hazırda onların mülkiyyətindədir. Mərdəkan Bələdiyyəsinin məktubunda qeyd edilmişdir ki, 5/31 nömrəli sahə Ş.Ələkbərovun adına qeydə alınmışdır, onun 182,22 manat borcu vardır. X9 Ərazi Dairəsi üzrə Nümayəndəliyin məktubunda qeyd edilmişdir ki, torpaq sahəsi uzun müddətdir ki, iki vətəndaş arasında mübahisə predmetinə çevrilmişdir. Qonşular arasında keçirilmiş sorğu nəticəsində müəyyən edilmişdir ki, 0,12 ha torpaq sahəsi iddiaçının qardaşı Ramazan Müslumov tərəfindən 2005-ci ilə qədər hasara alınmış, daha sonra isə ona bitişik olan torpaq sahəsini də hasara alaraq darvaza qoymuşdur. Həmin ildə, arada olan hasar sökülmüşdür. Hal-hazırda torpaq sahəsi mübhaisəli olduğu üçün heç bir vətəndaş tərəfindən istifadə olunmur. Xəzər Rayon İcra Hakimiyyətinin 03 iyun 2024-cü il tarixli məktubundan da görünür ki, adıçəkilən hallar təsdiq edilmişdir. Qeyd olunmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər.[3] 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Qüvvədən düşmüş “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında Əsasnamə”nin:

3. Komitə yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların monitorinqi, onların münbitliyinin təmin olunması, geodeziya və xəritəçəkmə sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

9. Komitənin əsas vəzifələri aşağıdakılardır: 9.1. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi, yerquruluşu, geodeziya, topoqrafiya, xəritəçəkmə, qravimetriya, torpaq islahatı, torpaqların münbitliyinin bərpası və artırılması, torpaq bazarının təşkili, torpaq-hüquq münasibətlərinin tənzimlənməsi, ərazi vahidlərinin müəyyən edilməsi və torpaqla bağlı digər işləri təşkil etmək və həyata keçirmək; 9.3. Qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət torpaq reyestrini aparmaq;

10. Komitə ona həvalə olunmuş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir: 10.3. Dövlət torpaq kadastrının, torpaqların monitorinqinin aparılması, habelə yerquruluşunun həyata keçirilməsi üzrə işləri və tədbirləri təşkil edir və həyata keçirir; 10.11. Torpaq sahələrinin yerquruluşu planından və dövlət kadastrı məlumatlarından çıxarışlar verir; 10.19. Müvafiq inzibati rayon vahidlərində torpaq kadastrının aparılması məqsədilə lazımi kadastr-planalma işlərini həyata keçirir; 10.20. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə işlərini aparır, habelə müvafiq texniki sənədləri tərtib edir və onları həmin torpaq sahəsi üzərində hüquq əldə edənə verir. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 453 nömrəli, 5 fevral 2015-ci il tarixli Fərmanının:

1. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilsin. 2.1. ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilir “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”nın: 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli 308 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları”na və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunu aparmaq məqsədi ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması mexanizmini müəyyən edir. 1.2. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin (bundan sonra – sistem) yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. 1.3. Sistemin yaradılmasında və rəqəmsal kadastr xəritəsinin tərtibində məqsəd – torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını, kənd təsərrüfatı yerlərində , torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri düzgün müəyyənləşdirmək və sistemdə əks etdirmək, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etmək, torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinə zəmin yaratmaq, torpaq ehtiyatlarının mülkiyyət növləri üzrə kəmiyyət göstəricilərini müəyyənləşdirmək, dəqiq məlumatlar əsasında torpaq balansını tərtib etməkdir. “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları”nın: 1.1. Bu Qaydalar Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması qaydalarını müəyyən edir və kadastr fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranan münasibətləri tənzimləyir. 1.2. Daşınmaz əmlakın vahid dövlət kadastrı kadastr uçotuna alınmış daşınmaz əmlaka dair məlumatların, sənədlərin, xəritə materiallarının sistemləşdirilmiş məcmusundan ibarət dövlət informasiya sistemidir. 1.3. Daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması qanunvericiliklə müəyyən edilmiş daşınmaz əmlak obyektlərinin daşınmaz əmlakın vahid dövlət kadastrına daxil edilmiş göstəricilərlə mövcudluğunun dövlət tərəfindən müəyyən edilməsidir. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə iddiaçı və üçüncü şəxs Ş.Ələkbərova ayrılmış torpaq sahələrinin texniki sənədlərində və ona uyğun verilmiş mülkiyyət hüququna dair qeyddə uyğunsuzluğun, üst-üstə düşmə halının olubolmaması ilə əlaqədardır. Belə ki, iddiaçı hesab edir ki, ona yerli icra hakimiyyəti orqanının sərəncamı əsasında ayrılmış və mülkiyyət hüququna dair şəhadətnamə verilmiş torpaq sahəsi Ş.Ələkbərovun adına olan torpaq sahəsinin plan və ölçü sənədi və onun əsasında verilmiş mülkiyyət hüququna dair qeyd və ona əlavə edilmiş plan və ölçü sənədində göstərilən torpaq sahəsi ilə üst-üstə düşür, odur ki, ləğv edilməlidir. Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, üçüncü şəxsin adına verilmiş mülkiyyət hüququna dair qeyd və plan və ölçü sənədləri 1146,01 kv.m sahəyə dair verilmiş və onun 651,01 kv.m hissəsinin iddiaçıya aid olmadığından iddia göstərilən hissədə ləğv edilməsinə dair mümkün sayılmamışdır. Lakin, məhkəmə hesab edir ki, mahiyyəti üzrə qiymətləndirilən, yəni 495,0 kv.m hissədə DTXK tərəfindən verilən torpaq sahəsinin plan və ölçü sənədi, eləcə də həmin sənədə uyğun olaraq aparılmış mülkiyyət hüququna dair qeyd və ona əlavə edilmiş plan və ölçü sənədi DTXK və onun ləğvindən sonra göstərilən məsələlərə dair funksiyalarının icrası həvalə edilmiş cavabdeh tərəfindən düzgün tərtib edilməmiş, iddiaçının müraciətinə baxmayaraq düzgün tərtib edilmənin aradan qaldırılması üçün də hər hansı tədbir görülməmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən, ən əsası da mötəbərliyi şübhə doğurmayan digər iş üzrə də olsa da, hazırkı işin faktiki hallarını müəyyən edən Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, təqdim edilən torpaq sahəsi bir tərəfdən yol ilə, digər tərəflərdən qonşu torpaq sahələri ilə əhatə olunmaqla çoxbucaqlı formasındadır. Torpaq sahəsi faktiki vəziyyətdə mişar daşı ilə hasara alınmış vəziyyətdədir. Torpaq sahəsinin orta hissəsndə yarısı uçmuş vəziyyətdə olan hasar və giriş qapısının sağ tərəfində yarım tikili vardır. JN-23651 D nömrəli şəhadətnamə kimi iddia olunan sahənin ümumi təqdim edilmiş ərazinin şimal qərb istiqamətində yerləşdiyi və dörbücaqlı formasında olduğu müəyyən edilmişdir. 10 may 1994-cü il tarixli Sərəncam əsasında iddiaçıya ayrılan sahənin ilkin sxemi ilə şəhadətnamədə iddia olunan sahə müqayisə edildikdə müəyyən edilir ki, iddia olunan torpaq sahəsinin konfiqurasiyası, planlı yerləşmə vəziyyəti iş materiallarına əlavə edilmiş ilkin sxemə uyğundur. Eyni zamanda, 10 may 1994-cü il tarili sərəncam əsasında Ş.Ələkbərova ayrılan sahənin ilkin sxemi ilə DTXK tərəfindən verilmiş kadastr lanındakı koordinatlarda yerləşən sahənin planlı yerləşmə vəziyyəti uyğunsuzluq təşkil edir. Belə ki, Ş.Ələkbərova ayrılan sahənin ilkin sxemində ayrılan sahənin dördbücaqlı formasında olduğu və bir tərəfinin uzunluq boyunca bütövlükdə yol ilə həmsərhəd olduğu göstərilsə də, DTXK tərəfindən verilmiş kadastr planındakı koordinatlarda yerləşən torpaq sahəsinin isə uzunluq boyunca bir hissəsi mövcud yol ilə qonşuluq təşkil edir. İddiaçı və üçüncü şəxsə sərəncamlar əsasında verilmiş ilkin sxemlər eyni sahəyə verilməmişdir. JN-23651 D şəhadətnamə ilə olan 0,12 ha sahənin 495 kv.m hissəsi fiziki şəxs Ş.Talıbovun adına mülkiyyət hüuqu ilə qeydiyyata alınmış sahə ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Üst-üstə düşən hissə iddiaçıya sərəncam ilə ayrılmış torpaq sahəsidir. Göründüyü kimi iddiaçıya torpaq ayırmasına dair yerli icra hakimiyyəti orqanının sərəncamı və ona əlavə edilmiş ilkin sxemlə sonradan torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamədə və iddia olunan sahə üzrə yerləşmə yerində hər hansı uyğunsuzluq mövcud deyildir, qonşu torpaq sahələri üzrə ardıcıllığa uyğunluq da müəyyən edilir. Başqa sözlə, yerli icra hakimiyyəti orqanının sərəncamı əsasında iddiaçıya hansı sahə ayrılmışdırsa, iddia olunan sahə o olmuşdur. Lakin, mübahisələndirilən Ş.Ələkbərova ayrılan sənədlərdə tam əksinə, yerli icra hakimiyyəti orqanının sərəncamı üzrə ilkin sxemlə, sonradan DTXK tərəfindən verilmiş sənəddə, eləcə də, həmin sənəd əsasında cavabdeh tərəfindən aparılmış qeydiyyat və texniki sənəddə uyğunsuzluq mövcuddur. Belə ki, Ş.Ələkbərova ayrılan sahənin ilkin sxemində ayrılan sahənin dördbücaqlı formasında olduğu və bir tərəfinin uzunluq boyunca bütövlükdə yol ilə həmsərhəd olduğu göstərilsə də, DTXK tərəfindən verilmiş kadastr planındakı koordinatlarda yerləşən torpaq sahəsinin isə uzunluq boyunca bir hissəsi mövcud yol ilə qonşuluq təşkil edir. Başqa sözlə, üçüncü şəxsə yerli icra hakimiyyəti orqanı tərəfindən ayrılan sahə ilə, mübahisələndirilən sənədlərdə üçüncü şəxsin mülkiyyətinə verilmiş sahə fərqlidir və iddiaçının 495,kv.m hissəsi həmin sahə daxilində göstərilmişdir. Qeyd olunmalıdır ki, göstərilən hal nəinki ekspert rəyi, hətta Xəzər Rayon Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəməsinin icraatında olmuş işlərlə də öz təsdiqini dolayısı ilə tapmış, Ş.Ələkbərovun torpaq sahəsinin faktiki istifadəçisi olmuş, sonradan isə alqı-satqı yolu ilə torpaq sahəsini əldə etmiş Ş.Talıbovun iddiası, izahatları hazırkı iş üzrə də müəyyən halların müəyyən edilməsində faktiki olaraq etiraf xarakteri daşımışdır. Belə ki, adıçəkilən işdən görünür ki, Ş,Talıbov tərəfindən alındığı, faktiki istifadə edildiyi, Ş.Ələkbərovun adına sənəd olduğu vaxtda belə onun tərəfindən hasar çəkilərək, istifadə edildiyi sahənin V.Volkovadan alınmış sənədlər əsasında İ.Hüseynov tərəfindən zəbt edildiyi iddia edilmiş, adıçəkilən torpaq sahəsinin sonuncu tərəfindən tikinti işləri apararaq istifadə etdiyi göstərilmişdir. İ.Hüseynov da həmin sahənin onun istifadəsində olduğunu, hasara alındığını, fərdi yaşayış evi tikilərək istifadə edildiyini bildirmişdir. Həmin mübahisə onunla başa çatmışdır ki, məhkəmə hesab etmişdir ki, Ş.Talıbovun sənədlərində olan sahə ilə İ.Hüseynov sənədlərində olan sahə fərqlidir, qonşu ərazidə yerləşir, üst-üstə düşmür. Göründüyü kimi Ş.Talıbovun faktiki istifadə etdiyini iddia etdiyi sahənin hazırkı iş üzrə iddiaçının sahəsinə aid olmadığı həmin işdə özü tərəfindən dolayı etiraf edilmiş, faktiki ərazilərin fərqli olması, əslində məhkəmə qətnamələri də öz təsdiqini tapmış, həmin işin materiallarından və hazırkı sahə üzrə müayinə aktından görünür ki, birində fərdi yaşayış evi olan tikili mövcud olmuş, hazırkı torpaq sahəsində isə göstərilən formada fərdi yaşayış evi və yaşayış olmamış, torpaq mübahisəli istifadə vəziyyətində olmuşdur. İşin məhkəmə üçün müəyyən edilən halı odur ki, Ş.Talıbov real torpaq sahəsinin olduğunu hesab etdiyi yer üzrə məhkəmədə İ.Hüseynov və V.Volkovanın texniki və hüquqmüəyyənedici sənədlərini mübahisələndirmiş, həmin yeri məhz öz həqiqi yeri saymış, lakin məhkəmə sahələrin fərqli olmasına istinadla, qonşuluğa düşməsinə istinadla iddianı rədd etmişdir. İndiki halda isə, Ş.Talıbov həmin iddiasının tam əksinə həmin sənədlərlə məhz iddiaçının göstərdiyi yerə sənədinin düzgün verilməsinə istinad edir ki, iş materialları ilə isə müəyyən edilir ki, Ş.Talıbovun alqı-satqı yolu ilə aldığı və Ş.Ələkbərovun adına olmuş texniki və hüquqmüəyyənedici sənəd heç bir qanuni əsas olmadan 495 kv.m hissədə hazırkı iş üzrə iddiaçının mülkiyyət hüquqları pozularaq ona ayrılmış ərazi hesabına qeydiyyata alınmış, texniki sənədlər tərtib etmişdir. Məhkəmə, əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçının adına verilmiş torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamənin kökündə olan yerli icra hakimiyyəti orqanının sərəncamının cavabdehin arxiv qovluğundan fərqli olaraq Bakı şəhəri X10 çıxmaması, digər şəxsin adına çıxması hal-hazırda mübahisə obyekti deyildir. Nə qədər ki, mülkiyyət hüququna dair şəhadətnamə qüvvədədir, mülkiyyət hüquqları qeydə alındığı bir halda onun əsasında duran sənədin mötəbərliyi, arxivdə çıxmasa belə, ayrıca mübahisələndirilmədiyindən iddianın təminini istisna etmir. İddiaçı göstərilən 495 kv.m hissə ilə bağlı mülkiyyət hüququna dair şəhadətnaməyə malikdir ki, hazırkı iddia göstərilən hissədə əsaslı hesab edilməlidir. Odur ki, 495 kv.m hissədə üçüncü şəxsin adına olan plan və ölçü sənədləri və mülkiyyət hüququna dair qeyd ləğv edilməsi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi mahiyyəti üzrə baxılan hissədə təmin edilsin. İddiaçı Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-24651 D nömrəli Şəhadətnamə əsasında mülkiyyət hüququ ilə məxsus olan Bakı ş, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin 495 kv.m hissəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə tərəfindən X1 adına 26 may 2008-ci il tarixdə A№:049287 nömrə ilə verilmiş torpaq sahəsinin plan və ölçü sənədinin və həmin hissə üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin sənəd əsasında X1 adına aparılmış 10 yanvar 2009-cu il tarixli Bakı ş, Mərdəkan qəsəbəsi 5/31 saylı sahə üzrə mülkiyyət hüququna dair qeydin və həmin hissə üzrə torpaq sahəsinin 06 yanvr 2009-cu il tarixli plan və ölçü sənədinin ləğv edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar