Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7450/2021 27.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi X20 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla mənzillə təmin olunma tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzillə təmin olunmasına dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatda olan mayor rütbəli hərbi qulluqçusudur. Azərbaycan Silahlı Qüvvələrində ümumilikdə 23 (iyirmi üç) təqvim ili (01.08.1992-01.08.2015) müddətində fasiləsiz həqiqi hərbi xidmət keçmişdir. Belə ki, 1989-cu ildən 1992-ci ilə qədər Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil almışdır. 01.08.1992-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil olmuş, 1996-cı ildə həmin Məktəbdə təhsilini başa vurmuşdur. Həmin ilin noyabr ayında dövlət imtahanına cəlb olunmuş, Müdafiə nazirinin 1996-cı il 29 dekabr tarixli 01311 saylı əmrinə əsasən N nömrəli hərbi hissədə tağım komandiri vəzifəsinə təyin olunmuşdur. 1996-cı il dekabr ayından 1998-ci ilin iyun ayına qədər N saylı hərbi hissədə motoatıcı taqım komandiri, 1998-ci ildən 2000-ci ilin sentyabr ayına qədər N saylı hərbi hissədə motoatıcı bölük komandiri, 2000-ci ilin sentyabr ayından 2001-ci ilin iyun ayına qədər N saylı hərbi hissədə Təlim maşınları və silahları bölüyünün komandiri, 2001-ci ilin iyun ayından 2002-ci ilin dekabr ayına qədər N saylı hərbi hissədə X13 bölük komandiri, 2002-ci ilin dekabr ayından 2007-ci ilin aprel ayına qədər N saylı hərbi hissədə motoatıcı tabor komandirinin maddi texniki təminat üzrə müavini vəzifəsində xidmət etmişdir. 2007-ci ilin aprel ayından 2015-ci ilin iyun ayınadək Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində ümumqoşun kafedrasının motoatıcı ixtisaslar silsiləsində müəllim vəzifəsində xidmət etmişdir. 01.08.2015-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzindən Azərbaycan Respublikasının Müdafiə Nazirinin 0307 saylı əmri ilə “Hərbi xidmət keçmə haqqında əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə əsasən ehtiyata buraxılmışdır. Xidmət etdiyi illər ərzində nümunəvi xidmət etdiyinə görə daimi müxtəlif həvəsləndirici mükafatlara, fərmanlara layiq görülmüşdür. Göründüyü kimi, hərbi xidmətə 1992-ci ildə başlayıb 2015-ci ildə ehtiyata buraxılmış və 23 il fasiləsiz, xidmətdə olmuşdur. Xidmət etdiyi illərdə komandirlərinin döyüş tapşırıqlarını, digər göstəriş və əmrlərini daimi yüksək səviyyədə yerinə yetirmişdir. SQ Baş Klinik Hospitalının 02.05.2014-cü il tarixli, 1564 nömrəli sənədinə əsasən hərbi xidmət dövründə “Boyun fəqərələrarası osteoxondroz, C4-C5, C5-C7 fəqərələrarası disklərin yırtığı xəstəliyini Hərbi xidmət dövründə almışdır”. Hazırda həmin xəstəliyi davam edir. Xidmət etdiyi dövrdə “Qüsursuz Xidmətə görə” 3-cü dərəcəli və “Qüsursuz Xidmətə görə” 2-ci dərəcəli medalları, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) Yubiley Medalı”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) Yubiley Medalı” təltif olunmuşdur, həmçinin xidmət etdiyi illərdə dəfələrlə komandanlıq tərəfindən Fəxri fərmanlarla təltif edilmişdir, təşəkkürlərə layiq görülmüşdür. Həqiqi hərbi xidmət keçdiyi dövrdə və ehtiyata buraxıldıqdan sonra mənzillə (daimi yaşayış sahəsi ilə) təmin olunmaq hüququnun olmasına baxmayaraq, bu təminatı yerinə yetirilməmişdir. İyrimi təqvim ili və daha artıq qüsursuz xidmət keçmiş hərbi qulluqçular dövlət hesabına mənzillə təmin olunma prosesi hazırda davam etdirilir. O, da bu məqsədlə Müdafiə Nazirliyinin mənzil-istismar idarəsinin rəisinə yazılı şəkildə müraciət edərək, 20 ildən artıq fasiləsiz xidmətini nəzərə alaraq dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı şəxslər siyahısına daxil edilməsini xahiş etmişdir. Cavabdeh Müdafiə Nazirliyinin mənzil-istismar idarəsindən daxil olmuş 03.05.2021-ci il tarixli 2065 nömrəli cavab məktubunda qeyd olunur ki, Müdafiə Nazirliyinin mənzil-istismar idarəsinin rəisinə dövlət hesabına mənzil təminatı ilə bağlı ünvanladığı müraciətə aidiyyatı üzrə baxılmışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən Azərbaycan Ordusunda həqiqi hərbi xidmət müddətində, eləcə də ehtiyata (istefaya) buraxıldıqdan sonra hərbi xidmət dövrünə dair məhkəmə hökmü çıxarılmış və məhkumluğu ödənilmiş hərbi vəzifəlilərin Azərbaycan Ordusunda hərbi xidməti qüsursuz hesab edilmədiyindən dövlət vəsaiti hesabına mənzil təminatı ilə əlaqədar Maliyyə Nazirliyinə göndəriləcək siyahılara onların adlarının əlavə edilməməsi qənaətinə gəlinmişdir. Cavabdehin bu mövqeyi ilə razılaşmadığı üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra–İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilərək, iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə təqdim olunmuş 01.07.2021-ci il tarixli, 11/3227 nömrəli etirazda göstərilmişdir ki, İddiaçı iddia tələbi əsassız və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. İddiaçı öz iddia ərizəsində qeyd edib ki, 01.08.1992-ci tarixdən 01.08.2015-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi keçmişdir, 01.08.2015-ci il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 №li Fərmanında qeyd edilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim İli və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Fərmanda qeyd edilənlər nəzərə alınarsa iddiaçının bu kateqoriyadan olan şəxslərə bərabər tutmaq və dövlət tərəfindən mənzillə təmin ediləcək şəxslərin siyahısına almaq Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 №-li Fərmanına uyğun deyildir. Səbəb də odur ki, iddiaçı barəsində Bakı Hərbi Məhkəməsinin 09.11.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 341.2.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. Qeyd edilənlər “İddiaçı xidmət dövründə cinayət törətməsi və həmin cinayətə görə məhkum olunması” buna dəlalət edir ki, iddiaçının xidməti qüsursuz olmayıb. Qeyd olunanlar isə bir daha iddia tələbinin əsassız olmasını sübut edir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxsə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - iddiaçıya məxsus AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - EZ ******* №-li hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1975-ci il təvllüdlü İddiaçı 01.08.1992-ci il tarixdən 17.06.2015-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qvvələrində xidmət etmişdir. - Bakı Hərbi Məhkəməsinin 09 noyabr 2009-cu il tarixli, 1(093)-138/2009 saylı hökmü (iddiaçıya aid olan hissədə) ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.2.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və həmin Məcəllənin 342.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanmaqla, ona cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, İddiaçı haqqında həmin Məcəllənin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş cəzanı 2 (iki) il sınaq müddəti verilməklə şərti hesab edilməsi hökm edilmişdir. - Bakı Hərbi Məhkəməsinin 03.02.2014-cü il tarixli 1(093)-138 saylı arayışından müəyyən olunur ki, İddiaçı Bakı Hərbi Məhkəməsinin 09 noyabr 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 341.2.3, 342.2-ci maddələri ilə təqsirli bilinib: Cinayət Məcəlləsinin 341.2.3-cü maddəsi ilə 3 (üç) il müddətin azadlıqdan məhrum etmə cəzasına və həmin Məcəllənin 342.2-ci maddəsi ilə 3 (üç) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla İddiaçı cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq ona təyin edilmiş cəza 2 (iki) il sınaq müddəti verilməklə şərti hesab olunmuşdur. İddiaçı hökmlə təyin olunmuş sınaq müddəti başa çatdığ üçün Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinin tələbinə müvafiq olaraq o, məhkumluğu ödənilmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquq nəticələri ləğv edir. - İddiaçı kapitan və mayor rütbələrində xidmətdə olduğu dövrlərdə Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli (№ 047t 25 iyun 2004-cü il); “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli (№ 036t 25 iyun 2009-cu il); “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley (№ 018t 07 mart 2013-cü il); “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) yubiley (№ 098t 07 mart 2013-cü il) medalları ilə təltif olunmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının 1158 saylı arayışının surətindən müəyyən olunur ki, İddiaçı ŞQ Baş Klinik Hospitalının rəisinin 28.04.2014-cü il tarixli sərəncamına əsasən 29.04.2014-cü ildə SO BKH terapiya profilli hospitalda hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Şəhadətnamədə qeyd olunmuşdur ki, xəstəliklər hərbi xidmət dövründə alınmışdır. Ümumi xəstəlikdir, “Xəstəliklər cədvəlinin” 28 maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş Hərbi-həkim ekspertizası haqqında əsasnamə”-yə və qoşma) əsasən Hərbi xidmətə müvəqqəti yararsızdır, 14 (on dörd) gün müddətinə hərbi xidmət vəzifələrinin icrasından azad edilməlidir. - Eyni zamanda iş üzrə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Onunla birgə həmin ünvanda X4, X2, X5, X6, X7, X8, X9, X10, X16, X1, X11, X3, X12, X17 və X14 da qeydiyyatdadırlar. - İddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciətinə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 03.05.2021-ci il tarixli 2065 saylı cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq Müdafiə Nazirliyində Azərbaycan Ordusu sıralarında 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatına baxılır. Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrilə yaradılmış komissiya tərəfindən Azərbaycan Ordusunda həqiqi hərbi xidmət müddətində, eləcə də ehtiyata (istefaya) buraxıldıqdan sonra hərbi xidmət dövrünə dair məhkəmə hökmü çıxarılmış və məhkumluğu ödənilmiş hərbi vəzifəlilərin Azərbaycan ordusunda hərbi xidməti qüsursuz hesab edilmədiyindən dövlət vəsaiti hesabına mənzil təminatı ilə əlaqədar Müdafiə Nazirliyinə göndəriləcək siyahılara onların adlarının əlavə edilməməsi qənaətinə gəlinmişdir. Azərbaycan ordusunda həqiqi hərbi xidmət müddətində və ehtiyata buraxıldıqdan sonra xidmət dövrünə dair məhkəmə hökmü çıxarılmış və məhkumluğu ödənilmiş hərbi vəzifəlilərin Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən dövlət vəsaiti hesabına mənzillə təmin edilmələri barədə müsbət qərar qəbul edildiyi təqdirdə cavab veriləcəkdir. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsini xahiş edir və bunu onunla əsaslandırır ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi” haqqında AR Prezidentinin 569 №-li 28.12.2011-ci il tarixli Fərmanına uyğun olaraq o, 20 ildən çox qüsursuz xidmət göstərmişdir. Məhkəmə tərəfindən araşdırılmalı hal odur ki, İddiaçı hərbi qulluqçu kimi xidmət illərinin qüsursuz olub-olmaması və həmin xidmət illərinin nə qədər təşkil etdiyi müəyyən edilməlidir. Lakin, bundan əvvəl məhkəmə iddianın mümkünlük şərtlərinin ödənilibödənilməməsinə qiymət verir. Belə ki, baxılan işdə iddianın mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İPM-in 8.1.3-ci maddəsinə görə inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İddiaçının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14.11.2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Bakı şəhəri Yasamal rayon ərazi vahidi Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia tələbi mahiyyəti üzrə əsaslıdır. Belə ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçı 20 ildən çox qüsursuz xidmət etdiyinə görə dövlət vəsaiti hesabına mənzillə təmin olunmasını xahiş edir. Lakin cavabdeh müraciətin həllindən imtina edir və bunu onunla əsaslandırır ki, müraciətçinin cinayət məcəlləsinin müvafiq maddələri ilə məhkum edilməsi, onun xidmətinin qüsursuz olmadığına əsasdır. Hərbi qulluqçuların qüsursuz xidmət illərinə görə dövlət vəsaiti hesabına mənzillə təmin olunması Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının normaları əsasında həyata keçirilir. Sözügedən Fərmanın 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Fərmandan göründüyü kimi qanunverici hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilmələri üçün onların Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etməsi şərtini irəli sürmüşdür. İddiaçının 20 təqvim ilindən çox xidmət etməsi işin mübahisələndirilməyən halıdır. Tərəflər arasında mübahisə məhz iddiaçının “qüsursuz” xidmətin göstərilməməsi ilə bağlı yaranmışdır ki, bunun əsasında isə iddiaçının məhkumluğunun olması əsas kimi qəbul edilmişdir. Məhkəmə iddiaçının məhkumluğunun “qüsursuz xidmət” anlayışına təsirinin olmaması ilə AR Cinayət Məcəlləsinin müddəalarını əsas gətirir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Göründüyü kimi, qanunvericilikdə “şərti məhkum etmə” institutu spesifik institut olub, məhkəmədən, törədilmiş əmələ və onu törədənin şəxsiyyətinə münasibətdə individual yanaşmanı tələb edərək, məhkəməyə, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul etmək səlahiyyəti verilmişdir. Şərti məhkum etmə zamanı məhkum cinayət məsuliyyətindən azad olunmasa da, barəsində təyin edilmiş cəza icra edilmir, qanunla müəyyən edilmiş xüsusi formada “şərti” həyata keçirilir. Hazırki halda da iddiaçı barəsində çıxarılmış Bakı Hərbi Məhkəməsinin 09.11.2009cu il tarixli hökmdə məhkəmə iddiaçının törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini, heç bir ağır nəticəyə səbəb olmamasını, onun iştirakçılarının şəxsiyyətini nəzərə alıb hesab etmişdir ki, iddiaçıya cəza təyin edərkən onun barəsində cəmiyyətdən təcrid olunmadan cəza tətbiq etmək məqsədəmüvafiqdir, bu səbəbdən də barəsində sınaq müddəti müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Göründüyü kimi şərti məhkum etmənin əsasını məhkum edilmiş şəxsin öz davanışı ilə islah və tərbiyə olunduğunu sübut etməsi təşkil edir. Məhkum edilmiş şəxsin islah olunması dedikdə onda qanuna hörmət hissinin yaranması, qanuna, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə görə, şərti məhkum edilmiş şəxslər barəsində - sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. Hazırki iş üzrə müəyyən olunur ki, Bakı Hərbi Məhkəməsinin 09.11.2009-cu il tarixli hökmü ilə İddiaçı təyin olunmuş şərti məhkum etmə ilə bağlı sınaq müddəti 2011-ci ildə bitmişdir. Əgər cəza- cinayət törətmiş şəxsin əməlinə dövlətin verdiyi hüquqi reaksiyadırsa, məhkumluq - törədilən cinayətə görə çəkilən cəzanın hüquqi nəticəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Təsadüfi deyil ki, həmin Məcəlləsinin 16.3-cü maddəsinə görə, əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya Cinayət Məcəlləsinin Xüsusi Hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Göründüyü kimi qanunverici məhkumluğun ödənilməsi səbəbindən həmin şəxs tərəfindən törədilmiş cinayəti təkrar deyil, ilk dəfə törədilmiş kimi qəbul edir. Bu isə o deməkdir ki, məhkumluqla bağlı olan bütün hüquqi nəticələr-şəxsin cinayət törətməsi, törətdiyi əmələ görə cəza təyin olunması, onun məhkum olunması məhkumluğun ödənilməsi ilə aradan qalxmış olur. Başqa sözlə, həmin şəxs cinayət törətməmiş hesab olunur. Belə olan halda iddiaçı barəsində sınaq müddətinin bitdiyi - 09.11.2011-ci il tarixdən etibarən onun bu əsasla, yəni əvvəllər məhkum olması əsası ilə hər hansı məhdudiyyətə məruz qalması artıq cinayət qanununun “ədalət” prinsipi ilə uzlaşmır və bu hal onun hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdeh Nazirliyin imtinasına dair gətirdiyi dəlil elə özü tərəfindən iddiaçıya verilmiş təltiflərlə təkzib olunur. Belə ki, Azərbaycan Respublikasının 17 may 2002-ci il tarixli, 333-İİQ nömrəli qanunu ilə təsdiq edilmiş "Qüsursuz xidmətə görə" medalı haqqında Əsasnamənin 1-ci bəndinə əsasən "Qüsursuz xidmətə görə" medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. Həmin Əsasnamənin 2-ci bəndinə müvafiq olaraq "Qüsursuz xidmətə görə" medalının 3 dərəcəsi vardır: "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə; "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 1-ci dərəcəli medal ən ali dərəcəlidir. Adından da göründüyü kimi bu təltif dövlət tərəfindən qüsursuz həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara tətbiq olunur ki, iddiaçı da Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli (№ 047t 25 iyun 2004-cü il); “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli (№ 036t 25 iyun 2009-cu il); “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley (№ 018t 07 mart 2013-cü il); “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) yubiley (№ 098t 07 mart 2013-cü il) medalları ilə təltif olunmuşdur. Bütün bunlar isə onu deməyə əsas verir ki, iddiaçı hərbi xidmət zamanı qüsursuz xidmət etmiş hərbi qulluqçu hesab olunduğundan cavabdeh tərəfindən qeyd olunan təltiflərə layiq görülmüşdür. Beləliklə də, iddiaçı 01.08.1992-ci ildən etibarən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçmiş, 17.06.2015-ci ildən Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmri ilə öz arzusu ilə ehtiyata buraxılmışdır. 22 illik (22 il 10 ay 16 gün) xidmət ilinin cəmi 4 ili üzrə barəsində məhkəmə hökmü ilə cəza təyin olunmuş, lakin şərti məhkum edilməklə cəzasını çəkmədən xidmətini davam etdirmiş, xidmət illərində fərqləndiyində görə müxtəlif medallarla, xüsusi ilə də qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi təltiflərə layiq görülmüşdür. Belə olan halda, iddiaçının hüquqi statusu (20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu olması), onu, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına daxil etməyə imkan verdiyindən, sözügedən Fərman ona da şamil edilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, hərbi qulluqçunun hərbi xidmət dövründə məhkum edilməsi, lakin şərti məhkum edilməklə cəzasını çəkmədən öz xidmətini davam etdirməsi, hərbi qulluqçunun dövlət vəsaiti hesabına mənzillə təmin olunması üçün şərtləşdirilmiş “qüsursuz xidmət” anlayışına təsir etmir. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun : 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış qərar qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 569 №-li 28.12.2011-ci il tarixli Fərmanına uyğun olaraq İddiaçı dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsinə dair müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq qərar qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 569 №-li 28.12.2011-ci il tarixli Fərmanına uyğun olaraq İddiaçı dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsinə dair müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq qərar qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-7450/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7450/2021
27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver