Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7450/2023 24.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçıların qanuni nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2005-ci il təvəllüdlü övladı İddiaçı1, xx.xx.2007-ci il təvəllüdlü övladı İddiaçı2 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 xx.xx.1973-cü ildə Füzuli rayonu Şıxlı kəndində anadan olmuşdur. 1980-ci ildə Füzuli şəhər Cuvarlı adına 2 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 1990-cı ildə həmin məktəbi bitirmişdir. 1993-cü ildə mənfur düşmənin torpaqlara hücumu nəticəsində öz dədə-baba yurdundan məcburi köçkün düşmüşdür. 1993-cü ildən Bakı şəhəri Yasamal rayonu “Texniki Universitetinin yataqxanasında 6 nəfərlik ailə üzvü ilə birlikdə bir otaqda məskunlaşmışlar. xx.xx.2004-cü ildə Sumqayıt şəhər qeydiyyatlı, 1988-ci ildə Ermənistanın Amasiya rayonundan qaçqın düşmüş Şeyda Abbasova ilə ailə həyatı qurmuşdur. Bu nikahdan üç övladı dünyaya gəlmişdir: İddiaçı1 xx.xx.2005, İddiaçı2 xx.xx.2007, X4 xx.xx.2016. İddiaçı, övladları H.Leyla və H.Lamiyə “çörək pulu" alırlar. 2020-ci ilin iyun ayında dövlətin məcburi köçkünlərin yaşayış mühitinin yaxşılaşdırılması siyasəti çərçivəsində Qobu park 3 yaşayış kompleksin müvəqqəti evlə təmin olunmuşlar. Övladı İddiaçı1 və İddiaçı2 “məcburi köçkün” vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə dövlət komitəsinə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmişdir. Komitə ərizəsinə xx.xx.2023-cü il tarixli 01/261 №-li məktubla cavab vermişdir. Cavab məktubunda iddiaçıya bildirilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların” 4.1.6-cı maddəsi dövlət qeydiyyatına 2013-cü ildə **********0001 nömrə ilə alınmışdır. Həmin norma qızlarının 6 və 8 yaşı olandan, məcburi köçkün statusu əldə edildikdən sonra qəbul edilməsi övladının vəziyyətini ağırlaşdırdığından ona münasibətdə geriyə tətbiq edilə bilməməsini Qaçqınların və X6 üzrə Dövlət Komitəsi nəzərə almamışdır. Hansı ki, hüquq prinsipinə əsasən şəxsin vəziyyətini ağırlaşdıran qanunun geriyə qüvvəsi yoxdur. Halbuki qızları 2005-2007-ci ildən məcburi köçkün siyahısına daxil edilib və qanunla məcburi köçkünlər üçün verilmiş imtiyazlardan (kommunal xərclərdən azad olması) istifadə etmiş, o cümlədən yemək xərci pul müavinətini almışlar. Başqa sözlə qızı İddiaçı1 və İddiaçı2 məcburi köçkün statusuna malik olmuşdur. Lakin Qaçqınların və X6 üzrə Dövlət Komitəsi övladları H.Leyla və H.Lamiyəyə məcburi köçkünlük vəsiqəsi verməkdən əsassız və qanunsuz imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, X2 “övladları xx.xx.2005-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2007-ci il təvəllüdlü İddiaçı2 məcburi köçkün vəsiqəsinin verilməsi barədə” Komitəyə daxil olmuş müraciəti Komitənin 01/261 nömrəli xx.xx.2023-cü il tarixli məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş ‘Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən, valideynlərindən atası məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Bildiririk ki, həyat yoldaşınız Abbasova Şeyda Vidadi qızının qeydiyyatı ünvan 1 ünvanında olduğundan övladlarınız İddiaçı1 və İddiaçı2 məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013-cü il tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. İddiaçı1 və İddiaçı2 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, İddiaçı1 və İddiaçı2 atası X3 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olaraq, ünvan 2 ünvanına yaşayış yeri üzrə qeydiyyatda olsa da, İddiaçı1 və İddiaçı2 anası Abbasova Şeyda Vidadi qızı isə ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyatdadır. Abbasova Şeyda Vidadi qızı məcburi köçkün statusuna və onu təsdiq edən vəsiqəyə malik deyildir. İddiaçı1 və İddiaçı2 anası Abbasova Şeyda Vidadi qızının yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından və “Sumqayıt şəhəri” olduğundan, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara ‘‘məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqə verilir. Beləliklə, İddiaçı1 və İddiaçı2 anası Abbasova Şeyda Vidadi qızının yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon olmadığından, Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununa və “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a müvafiq olaraq, İddiaçı1 və İddiaçı2 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan iddiaçı əsl iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların qanuni nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 07931241 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1973-cü il təvəllüdlü X1 şəhəri, Kirov küçəsi, ev 15 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AA seriyalı 476555 nömrəli məcburi köçkün vəsiqəsinin surətinə əsasən X3 1993-cü ildən Füzuli rayonundan məcburi köçkündür, vəsiqə Dövlətqaçqınkomun xx.xx.2022-ci il tarixli qərarına əsasən verilmişdir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 17909154 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1981-ci il təvəllüdlü Abbasova Şeyda Vidadi qızı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZ-İ 014182 nömrəli, xx.xx.2004-cü il tarixli nikah haqqında şəhadətnamənin surətinə əsasən X3 ilə Abbasova Şeyda Vidadi qızı arasında xx.xx.2004-cü il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2004-ci il tarixdə 483 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Abbasova soyadı verilmişdir. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.2005-ci il təvəllüdlü İddiaçı1 ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.2007-ci il təvəllüdlü İddiaçı2 ünvan 4 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2-12057/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1973-cü il təvəllüdlü X3 xx.xx.2004-cü il tarixdən hazıradək ünvan 4, xx.xx.1981 -ci il təvəllüdlü Abbasova Şeyda Vidadi qızı xx.xx.2003-cü il tarixdən hazıradək Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi, ev 1/42, mənzil 2, xx.xx.2005-ci il təvəllüdlü İddiaçı1 xx.xx.2015-ci il tarixdən hazıradək ünvan 4, xx.xx.2007-ci il təvəllüdlü İddiaçı2 xx.xx.2015-ci il tarixdən hazıradək ünvan 4. Yaşayış yeri üzrə qeydiyyatda olmaları müəyyən edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Füzuli rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-43-10/2-843/2023 saylı məktubunda bildirilmişdir ki, xx.xx.1973-cü il təıvəllüdlü X3, xx.xx.2005-ci il təvəllüdlü İddiaçı1, xx.xx.2007-ci il təvəllüdlü İddiaçı2 Füzuli şəhərindən məcburi köçkündürlər və hər ay 60.00 manat vahid aylıq müavinət alırlar. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 01/261 nömrəli məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6 bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, 16 yaşı tamam olub Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. Bildiririk ki, həyat yoldaşınız Abbasova Şeyda Vidadi qızının qeydiyyatı ünvan 1 ünvanında olduğundan övladlarınız İddiaçı1 və İddiaçı2 məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. Beləliklə, işin hallarından görünür ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 Füzuli şəhərində qeydiyyatda olmaqla, ataları X3 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malikdir. X3 övladlarına məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh iddiaçıların atalarının məcburi köçkün statusu olsa da, lakin anaları Abbasova Şeyda Vidadi qızının ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olmamasını əsas gətirərək müraciətin təminindən imtina etmişdir. Hazırkı iddia üzrə iddiaçılar cavabdehin imtinasını əsassız hesab edir və ona məcburi köçkün statusu və bunu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını mübahisələndirirlər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia tələbi düzgün cavabdehə qarşı yönəlmiş və iddiaçı iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia mahiyyət üzrə əsaslıdır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. -9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (““Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 08 iyul 1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. -10-cu maddəsinə əsasən qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (08 iyul 1999-cu il tarixli 148 nömrəli Fərmanın 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. -12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (08 iyul 1999-cu il tarixli 148 nömrəli Fərmanın 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Göründüyü kimi məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydanın müəyyən edilməsi məqsədilə digər hüquqi aktın qəbul edilməsi bu Qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir. Məhkəmə qeyd edir ki, məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş Qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. İşdən görünür ki, iddiaçılar İddiaçı1 xx.xx.2005-ci il təvəllüdlü, İddiaçı2 xx.xx.2007-ci il təvəllüdlü olmaqla xx.xx.2015-ci il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadırlar, hazırda məcburi köçkün kimi aylıq müavinət alırlar. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin 05 fevral 2002ci il tarixli 37 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 15 fevral 2002-ci il tarixdə qeydiyyata alınmış “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”a əsasən yemək xərci üçün verilən aylıq müavinət - dövlət büdcəsi hesabına məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ödənilən mütəmadi pul yardımıdır. Həmin Təlimatın 4-cü hissəsinə əsasən yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir: 4.3. Valideynlərindən atası (ailə başçısı) “məcburi köçkün” statusuna malik olan uşaqlara. Beləliklə, sadalanan normalardan müəyyən olunur ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydanın müəyyən edilməsini nəzərdə tutmamış, iddiaçıların anadan olduğu dövrdə qüvvədə olan aktlar yemək xərci alan şəxsi məcburi köçkün statusu almış şəxs kimi qəbul etmişdir. Bu isə o nəticəyə gəlmək üçün əsas verir ki, müvafiq yemək xərcini alan şəxs məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və onun məhz məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat vermişdir. Hazırda bu məsələni tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.6-cı maddəsinə əsasən valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara aylıq müavinət şamil edilmir. Beləliklə, iddiaçıların anasının məcburi köçkün olmaması işin mübahisəsiz haldır. Buna baxmayaraq iddiaçıların hazırda məcburi köçkün üçün müavinət alması cavabdehin özü tərəfindən onlara sonradan qəbul edilən aktları tətbiq etmədiyini, 15 fevral 2002-ci il tarixli Təlimata əsasən yemək xərci ödədiyini göstərir. Əks halda cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarına istinad edərək iddiaçılara müavinət ödənilməsini dayandırmalı idi. Cavabdeh iddiaçıların tələbini təmin etməkdən imtina edərkən Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə istinad etmişdir. Həmin bənddə nəzərdə tutulmuşdur ki, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Məhkəmə qeyd edir ki, bu Qaydalar sonradan qəbul edilmiş və iddiaçıların vəziyyətini ağırlaşdırmışdır. İddiaçıların doğulduqları vaxt qüvvədə olan hüquqi aktlarda belə bir tələb mövcud olmamış, onlar məcburi köçkünlərə verilən güzəşt və təminatlardan istifadə etmişlər. Məhkəmə qeyd edir ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Qazanılmış hüquqlara münasibətdə bu qaydada yanaşma həmçinin Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələblərindən də irəli gəlir. Həmin normaya görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu mənada məhkəmə hesab edir ki, iddiaçıya məcburi köçkün statusu almış şəxs kimi müavinət öənildikdən sonra qanunvericilikdə baş vermiş onun hüquqi vəziyyətinin ağırlaşmasına səbəb ola bilən hallar iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmənin gəldiyi oxşar nəticə (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-506/16 saylı, 2-1(102)-618/2020 saylı, 2-1(102)- 652/2022 saylı qərarları) yuxarı instansiya məhkəməsi tərəfindən də ifadə edilmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2007-ci il təvəllüdlü İddiaçı2 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-7450/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7450/2023
24.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver