Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7450/2024 30.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ona 60 yaşından, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddia tələbinə qoşma kimi əlavə edilən “SOCAR” Neftqaztikinti tresti tərəfindən verilmiş arayışdan da göründüyü kimi, iddiaçı ümumilikdə bənna peşəsi üzrə 31 il 6 ay 4 gün gün əmək stajına malikdir. Bu səbəbdən də qanunvericilikdə nəzərdə tutulmuş əsas mövcud olduğu üçün o, artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası əldə etmək hüququnu qazanmışdır. Lakin cavabdeh qanunsuz və əsassız olaraq güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli 3-17-1/2-G-39169/2024 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr (a) yarımbəndində bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş “SOCAR”ın "xxxx" Trestinin iddiaçıya dair 25 yanvar 2024-cü il tarixli 14-2-14/2-138/2024 nömrəli arayışında müxtəlif dövrlər ərzində həmin müəssisədə mülki tikinti işləri ilə məşğul olan struktur bölmələrdə müxtəlif peşələrdən olan işçilərdən ibarət ümumi briqadaların tərkibində bənna peşəsində işlədiyi qeyd olunub. Göründüyü kimi, müxtəlif peşələrdən olan işçilərdən ibarət ümumi briqadalar sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan bənna briqadalarına və kompleks briqadaların xüsusi bənna manqalarına aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı hesab edir ki, onun işlədiyi bənna peşəsinin Siyahının 29-cu bəndində qeyd olunan bölməsindəki peşəyə uyğun olması, zərərli maddələrin təhlükəlilik sinifləmə daxil olması barədə ətraflı şəkildə izah edilməklə müvafiq icra hakimiyyəti orqanının qərarları ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında” vəzifə kodu dəqiq şəkildə göstərilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasf’nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışına əsasən müəyyən edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Nəzərə çatdırılır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısf’nm Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr (a) yarımbəndində bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar vəzifəsi nəzərdə tutulmuşdur. Bildirilir ki, İddiaçı cavabdehə təqdim etdiyi “SOCAR”ın "xxxx" Trestinin iddiaçıya dair 25 yanvar 2024-cü il tarixli 14-2-14/2-138/2024 nömrəli arayışında müxtəlif dövrlər ərzində həmin müəssisədə mülki tikinti işləri ilə məşğul olan struktur bölmələrdə müxtəlif peşələrdən olan işçilərdən ibarət ümumi briqadaların tərkibində bənna peşəsində işlədiyi qeyd olunub. Göründüyü kimi, müxtəlif peşələrdən olan işçilərdən ibarət ümumi briqadalar sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan bənna briqadalarına və kompleks briqadaların xüsusi bənna manqalarına aid deyil. İddiaçının güzəştli iş stajı yoxdur. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmunua uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İş materiallarında olan: Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün DYİ seriyalı, ******* nömrəli vəsiqədən görünür ki, iddiaçı xx.xx.1963-cü ildə Gürcüstan Respublikasında doğulmuşdur. xx.xx.2023-cü il tarixdə iddiaçının 60 yaşı tamam olmuşdur. 0736219 nömrəli əmək kitabçasına əsasən iddiaçının əmək stajı aşağıdakı kimidir: xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək, xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək, xx.xx.1984-cü ildən xx.xx.1988-ci ilədək, xx.xx.1988-ci ildən xx.xx.1992-ci ilədək, xx.xx.1992-ci ildən xx.xx.2001-ci ilədək, xx.xx.2001-ci ildən xx.xx.2007-ci ilədək, xx.xx.2007-ci ildən xx.xx.2014-cü ilədək, xx.xx.2014-cü ildən xx.xx.2015-ci ilədək, xx.xx.2015-ci ildən hal-hazıradək. İşdə olan “SOCAR” "xxxx" trestinin xx.xx.2024-cü il tarixli 14-2-14/2-138/2024 arayışına əsasən, xx.xx.1963-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1992-ci il tarixində (əmr № 27/k, xx.xx.1992-ci il) “Xəzərdənizneftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinə yardımçı fəhlə peşəsinə işə qəbul edilib və 01 07.1992-ci il tarixində (əmr № 46k, xx.xx.1992-ci il) bənna peşəsinə keçirilib xx.xx.1996-cü il tarixində (əmr № 49/k, xx.xx.1996-cı il) əmək müqaviləsinə xitam verilib. Bənna peşəsi üzrə əmək stajı 4 il 4 ay 2 gün (dörd il dörd ay iki gün) təşkil edir. İddiaçı xx.xx.1996-cı il tarixində (əmr № 25/k, xx.xx.1996-cı il) “Azərdənizneftinşaat” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinə bənna peşəsinə işə qəbul edilib və 01,05.2001-ci il tarixində (əmr № 65-k, xx.xx.2001-ci il) əmək müqaviləsinə xitam verilib. Əmək stajı 4 il 5 ay 11 gün (dörd il beş ay on bir gün) təşkil edir. İddiaçı xx.xx.2001-cı il tarixində (əmr № 51/k, xx.xx.2001-ci il) "Azərdənizneftinşaat” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsinə bənna peşəsinə işə qəbul edilib və 01,05.2007-ci il tarixində (əmr № 4-k. xx.xx.2007-ci il) əmək müqaviləsinə xitam verilib. Əmək stajı 6 il (altı il) təşkil edir. "xxxx" tresti Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birbaşa tabeçiliyində olan dövlət müəssisəsi kimi SOCAR-ın 12 mart 2007-ci il tarixli, 51 nömrəli və 14 mart 2007-ci il tarixli, 61 nömrəli əmrlərinə əsasən “Azneft” İstehsalat Birliyinin “Xəzərdənizneftqaztikinti” və “Azərdənizneftinşaat” trestlərinin bazasında yaradılmışdır və həmin təşkilatların hüquqi varisidir. İddiaçı 01,05.2007-ci il tarixində (əmr № 17/k, 01,05.2007-ci il) "xxxx" tresti 6 saylı Tikinti Quraşdırma İdarəsinə bənna peşəsinə işə qəbul edilib və xx.xx.2014-ci il tarixində (əmr № 193-k, xx.xx.2014-cu il) əmək müqaviləsinə xitam verilib. Əmək stajı 7 il 5 ay 29 gün (yeddi il beş ay iyirmi doqquz gün) təşkil edir. İddiaçı 31,10.2014-cü il tarixində (əmr № 162-k, 31,10.2014-cü il) "xxxx" tresti 5 saylı Tikinti Quraşdırma İdarəsinə bənna peşəsinə işə qəbul edilib və xx.xx.2015-ci il tarixində (əmr № 578-k, xx.xx.2015-ci il) əmək müqaviləsinə xitam verilib. Əmək stajı 10 ay (on ay) təşkil edir. İddiaçı xx.xx.2015-ci il tarixində (əmr SOCAR/15-2500/xx-xx-000397. xx.xx.2015- ci il) "xxxx" tresti 5 saylı Tikinti Quraşdırma İdarəsinə bənna peşəsinə işə qəbul edilib və halhazıradək bu peşədə işləyir. Əmək stajı 8 il 4 ay 24 gün (səkkiz il dörd ay iyirmi dörd gün) təşkil edir. İddiaçı bənna peşəsi üzrə iş stajı 31 il 6 ay 4 gün (otuz bir il altı ay dörd gün), yardımçı fəhlə peşəsi üzrə 2 ay 21 gün (iki ay iyirmi bir gün) təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin SiyahısT’nın 29-cu, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin “a) fəhlələr” alt bölməsində “bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar” peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi nəzərdə tutulmuşdur. "xxxx" trestində bənnalar mülki tikinti işləri ilə məşğul olan struktur bölmələrdə müxtəlif peşələrdən olan işçilərdən ibarət ümumi briqadaların tərkibində fəaliyyət göstərirlər. Arayış Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə (DOST) təqdim edilmək üçün verilir. “SOCAR” "xxxx" trestinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunur ki, İddiaçı işləmiş olduğu yardımçı fəhlə peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi öz əksini tapmamışdır. İddiaçı işlədiyi bənna peşəsi ilə bağlı qeyd edilir ki, məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda işlər, peşələr, vəzifələr və göstəricilər 2 əsasa, istehsalat sahələrinə və həmin sahələrdəki peşə və vəzifələrə görə müəyyən olunur. "xxxx" trestinin əsas fəaliyyəti SOCAR-ın müəssisə və təşkilatları tərəfindən həyata keçirilən neft-qaz əməliyyatları çərçivəsində dərin, dayaz dəniz neft-qaz yataqlarında və quruda tikinti-quraşdırma və təmir işlərinin yerinə yetirilməsindən ibarətdir və Trestin istehsalatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının (Siyahı) 29-cu, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aiddir. İddiaçı çalışdığı istehsalat sahələri Siyahının 29-cu bölməsində nəzərdə tutulmuş istehsalat sahələri ilə uyğun olsa da, onun işlədiyi bənna peşəsi Siyahının həmin bölməsində birbaşa nəzərdə tutulmamışdır. Belə ki, Siyahının qeyd olunan bölməsinin “a) fəhlələr” alt bölməsində “bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar” peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi öz əksini tapmışdır. "xxxx" trestinin fəaliyyətinin əsas istiqaməti mülki tikinti olmadığına görə bənnalardan ibarət briqadalar və xüsusi bənna manqaları təşkil olunmur və bənnalar mülki tikinti işləri ilə məşğul olan struktur bölmələrdə müxtəlif peşələrdən olan işçilərdən ibarət ümumi briqadaların tərkibində fəaliyyət göstərirlər. İddiaçı işlədiyi bənna peşəsinin Siyahının qeyd olunan bölməsindəki sözügedən peşəylə uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlinməsinə əsas verən məlumatlar aşağıdakılardır: • İddiaçı çalışdığı istehsalat sahələri Siyahının 29-cu bölməsində nəzərdə tutulmuş istehsalat sahələri ilə uyğunluq təşkil edir; • iş yerlərinin sonuncu attestasiyasının nəticələrinə əsasən İddiaçı əmək şəraitinin ağır və zərərlilik səviyyəsinin aşağı olduğu müəyyən edilərək onun tarif maaşına “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarına uyğun olaraq 1,04 məbləğində artım əmsalı təyin olunmuşdur; • İddiaçı tərkibi 1 bənna, 2 dülgər, 1 suvaqçı və 1 üzləyici-plitəçidən ibarət briqadanın tərkibində fəaliyyət göstərir; • briqadanın tərkibində fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq bənnalar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.1997-ci il 16- 4/1 nömrəli qərarı ilə təsdiqlənmiş “Tikinti, quraşdırma və təmir-tikinti” sahəsinə aid olan fəhlə peşələrinin və işlərin vahid tarif-ixtisas sorğu kitabçasında (hissə 3) bənna peşəsi üzrə nəzərdə tutulmuş işləri yerinə yetirirlər. Məlumat üçün nəzərə çatdırılır ki, “bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının 2 saylı əlavəsi ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının eyni adlı bölməsinin “a) fəhlələr” alt bölməsində də öz əksini tapmışdır (kod: 2290000a—12680). İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 9.8-ci maddəsinin mətninə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşagörə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər, bu Qanunun 4.0.1.1-ci maddəsində nəzərdə tutulan müavinət istisna olmaqla, bu Qanunla Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na əsasən: 2.1. Qanunun 22-1.4-cü maddəsi nəzərə alınaraq, fərdi şəxsi hesabının sığorta hissəsində 2006-cı il yanvarın 1-dən 2018-ci il iyulun 1-dək qeydə alınmış pensiya kapitalı olan sığortaolunanlara, həmçinin hərbi qulluqçulara və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq pensiya təminatı sahəsində onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi avtomatlaşdırılmış qaydada onlar tərəfindən müraciət edilmədən, bu Qaydanın 8.2-ci bəndində göstərilən elektron informasiya sistemlərindən və ya ehtiyatlarından əldə olunan, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nda nəzərdə tutulmuş dövlət orqanları tərəfindən təqdim edilən məlumatlar əsasında aparılır. Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – Fond) aidiyyəti struktur bölməsinin əmək pensiyasının təyin edilməsi haqqında qərarı barədə həmin şəxslərə poçt vasitəsilə məlumat və yaxud MEİS-də olan əlaqə vasitələrindən birinə (elektron poçt ünvanı və ya sms vasitəsilə) bildiriş göndərilir. 2.2. Bu Qaydanın 2.1-ci bəndində göstərilən şəxslər istisna olmaqla, əmək pensiyasının təyin edilməsi, Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin bu hüququn yarandığı tarixdən sonra Fondun aidiyyəti struktur bölməsinə və ya Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzlərinə (bundan sonra – “DOST” mərkəzi) bu Qaydanın 1 nömrəli Əlavəsi ilə müəyyən edilmiş formada yazılı, o cümlədən elektron müraciəti əsasında aparılır və bu Qaydanın 2.9-cu bəndi nəzərə alınmaqla aşağıdakı sənədlərin (bu Qaydanın 4-cü hissəsi nəzərə alınmaqla) təqdim edilməsi tələb olunur: 2.2.1. Qanunun 22-1-ci maddəsinə uyğun olaraq əmək pensi-yası təyin edilən sığortaolunanlar və Qanunun 9.5-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla, əmək pensiyası təyin edilən şəxsin şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti);... AR Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. AR Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları”nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, xx.xx.2022-ci il tarixdə kişi cinsinə mənsub şəxsin “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinə əsasən 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün aşağıdakı şərtlərə birlikdə əməl olunmalıdır: Şəxs siyahıda nəzərdə tutulan peşələrdə işləməli, bu Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalıdır. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək, ödənilməsinə nail olmaqdan ibarətdir. Normanın tələbindən də göründüyü kimi, iddiaçının 60 yaşı xx.xx.2023-ci il tarixdə tamam olmuşdur. İddiaçı iddia tələbində ona 60 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Onun müraciətinə güzətşi iş stajının olmaması əsası ilə imtina cavabı verilmişdir. İddiaçının ümumi iş stajı və qanunla müəyyən edilmiş yaş həddinə çatması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İş materiallarına əlavə olunmuş DYİ seriyalı ******* nömrəli Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, xx.xx.1963-cü il təvəllüdlü iddiaçıya xx.xx.2019-cu il tarixdə daimi yaşamaq icazəsi verilmişdir, vəsiqə xx.xx.2024-cü il tarixədək etibarlıdır. Cavabdeh tərəfindən bu hal da mübahisələndirilməmişdir. İddiaçı ona əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 5 saylı BakıDOST Mərkəzinə müraciət etmiş, ona imtina cavabı verilmişdir. İşin hallarının araşdırılması zamanı “SOCAR” "xxxx" trestinin məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən müəyyən edilmişdir ki, İddiaçı işləmiş olduğu istehsalat sahələri Siyahının 29-cu bölməsində nəzərdə tutulmuş istehsalat sahələri ilə uyğun olsa da, onun işlədiyi bənna peşəsi Siyahının həmin bölməsində birbaşa nəzərdə tutulmamışdır.Lakin Siyahının qeyd olunan bölməsinin “a) fəhlələr” alt bölməsində “bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar” peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi öz əksini tapmışdır. "xxxx" trestinin fəaliyyətinin əsas istiqaməti mülki tikinti olmadığına görə bənnalardan ibarət briqadalar və xüsusi bənna manqaları təşkil olunmur və bənnalar mülki tikinti işləri ilə məşğul olan struktur bölmələrdə müxtəlif peşələrdən olan işçilərdən ibarət ümumi briqadaların tərkibində fəaliyyət göstərirlər. Odur ki, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı işlədiyi bənna peşəsinin Siyahının qeyd olunan bölməsindəki sözügedən peşə ilə uyğunluq təşkil edir. Belə ki, İddiaçı çalışdığı istehsalat sahələri Siyahının 29-cu bölməsində nəzərdə tutulmuş istehsalat sahələri ilə uyğunluq təşkil edir, iş yerlərinin sonuncu attestasiyasının nəticələrinə əsasən İddiaçı əmək şəraitinin ağır və zərərlilik səviyyəsinin aşağı olduğu müəyyən edilərək onun tarif maaşına “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarına uyğun olaraq 1,04 məbləğində artım əmsalı təyin olunmuşdur, iddiaçı tərkibi 1 bənna, 2 dülgər, 1 suvaqçı və 1 üzləyici-plitəçidən ibarət briqadanın tərkibində fəaliyyət göstərir, briqadanın tərkibində fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq bənnalar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.1997-ci il 16-4/1 nömrəli qərarı ilə təsdiqlənmiş “Tikinti, quraşdırma və təmir-tikinti” sahəsinə aid olan fəhlə peşələrinin və işlərin vahid tarif-ixtisas sorğu kitabçasında (hissə 3) bənna peşəsi üzrə nəzərdə tutulmuş işləri yerinə yetirirlər. Bununla yanaşı, “bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının 2 saylı əlavəsi ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının eyni adlı bölməsinin “a) fəhlələr” alt bölməsində də öz əksini tapmışdır (kod: 2290000a—12680). Cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı, bənna vəzifəsində iş stajı və pensiya yaşı mübahisələndirilməmişdir. Cavabdeh imtinasını yalnız həmin vəzifənin Siyahıda öz əksini tapmaması ilə əsaslandırmışdır. Beləliklə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə təsbit edilmiş hər üç tələbə cavab verməsi öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe). Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı olmadığından hesab edir ki, iddiaçının tələb etdiyi tarixdən ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi məsələsinə hüquqi qiymət verilməlidir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan onun təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. X2
Məhkəmə qərarları › İş №2-1(112)-7450/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7450/2024
30.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver