Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7451/2024 03.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 5 ünvanında yerləşən 83 saylı mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2010-cu ildən qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5 saylı evin, yaşayış sahəsi 19.5 kv.m olan 1 otaqlı 83 saylı mənzilində 5 nəfər ailə üzvü ilə (özü, həyat yoldaşı, qızı və 2 oğlu) yaşayır. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2023-cü il tarixli 22 saylı Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5 saylı evin, yaşayış sahəsi 19.5 kv.m olan 1 otaqlı 83 saylı mənzilinə 5 nəfər ailə üzvü ilə (özü, həyat yoldaşı, qızı və 2 oğlu) iddiaçının adına kirayə müqaviləsi bağlanılmış və o, həmin mənzilin kirayəçisi hesab olunmuşdur. Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 5 ünvanında yerləşən 83 saylı mənzilinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün ərizə ilə tələb olunan sənədləri əlavə edilməklə cavabdehə müraciət etsə də, cavabdeh ərizəsini təmin etməkdən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə ziddir və onun hüquqları pozulmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaya dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5 saylı evin, 83 saylı mənzilinə dair “Daınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin 22 saylı sərəncamı xx.xx.2023-cü il tarixdə verilmişdir. Qeyd olunan mənzilin yerləşdiyi bina yataqxana olub və faktiki sahəsi 19.5 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minədək (2009-cu il oktyabr 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üüçün əsasdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 31 yanvar 2024-cü il tarixli **********29 nömrəli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun məzmunda cavab verilmişdir. -Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 23 may 2023-cü il tarixli 22 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5 saylı evin, yaşayış sahəsi 19.5 kv.m olan 1 otaqlı 83 saylı mənzilinə 5 nəfər ailə üzvü ilə (özü, arvadı, 2 oğlu və qızı) İddiaçı adına daimi kirayə müqaviləsi bağlanılmış və o, həmin mənzilin kirayəçisi hesab olunmuşdur. -23 may 2023-cü il tarixli, 24 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Bakı şəhəri, İnşaatçılar prospekti, məhəllə 5, 5 mərtəbəli binanın 83 nömrəli mənzildə yerləşən, dövlət mənzil fonduna aid ümumi sahəsi 19.5 kv.m yaşayış hissəsi ibarət 1 otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə, müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə müddətsiz İddiaçı sahibliyinə və istifadəsinə verilmişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən kirayəçinin ailə üzvləri həyat yoldaşı- X7, oğlu- X4, oğlu- X5, qızı-X2. -X7, X2, X5 və X4 notarial qaydada razılıq ərizəsi təqdim edərək Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 5, 83 nömrəli mənzilin onun əri İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmiş və razılıq vermişlər. -Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı XT Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 07 yanvar 2024-cü il tarixli 02 nömrəli arayışından görünür ki, əsasən İddiaçı Bakı şəhəri, İnşaatçılar prospekti, məhəllə 5, 5 mərtəbəli binanın 4 mərtəbəsindəki 19.5 kv.m olan 1 otaqlı 83 nömrəli mənzildə qeydiyyatdadır. Bina MKTD-nə məxsusdur. Ailə tərkibi 5 nəfərdən ibarətdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 19 aprel 2024-cü il tarixli 18/2-10314/24 nömrəli məktuba əsasən xx.xx.1970-ci il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdən, xx.xx.1979-cu il təvəllüdlü X7 xx.xx.2003-cü il tarixdən, xx.xx.2000-ci il təvəllüdlü X5 xx.xx.2003-cü il tarixdən,xx.xx.1998-ci il təvəllüdlü X4 09.10..2023-cü il tarixdən xx.xx.2004-cü il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixdən hazırki vaxtadək ünvan 1 ünvanında qeydiyyatdadırlar. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 01 may 2024-cü il tarixli **********75 nömrəli məktuba əsasən İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. -Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 09 oktyabr 2024-cü il tarixli, 3-52-13/2-819/2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2023-cü il tarixli, 22 saylı sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 5, 83 nömrəli mənzilinə İddiaçı adına kirayə müqaviləsi bağlanılmış və o, həmin mənzilin kirayəçisi hesab olunmuşdur. Qeyd edilən binanın 82 saylı mənzilində isə Ağdam rayonundan məcburi köçkün X8 4 nəfər ailə üzvü ilə məskunlaşmışdır. Həmin binanın 82 və 83 saylı mənzilləri bir-birindən təcrid olunmuş yaşayış sahələridir. -Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfaı Birliyi 157 saylı Mənzil Kommunal İstismar Şöbəsinin 21 noyabr 2024-cü il tarixli 57 nömrəli məktuba əsasən Azərbaycan Respublikası Baş Nazirinin xx.xx.2015-ci il tarixli, 25 s saylı sərancamına əsasən X6 balansında olan yaşayış binaları və yataqxanalar Bakı şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. O cümlədən Yasamal rayonu, İnşaatçılar pr-ti, 5 saylı bina da Bakı şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. 5 saylı bina Bakı şəhər İcra Hakimiyyətinin balansına verilənə qədər mənzillərin sıralama ardıcıllığında dəyişiklik olmuşdur. O cümlədən 82 saylı mənzil 83 saylı mənzillə əvəz edilmişdir. 82 saylı mənzildə hal-hazırda Ağdam rayonundan məcburi köçkün kimi X9 4 nəfər ailə üzvü ilə məskunlaşmış və yşayırlar. Bunu Yasamal rayo QMKİ DK-i arayış ilə təsdiqləyir. 83 saylı mənzil Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2023-cü il tarixli, 22 saylı sərəncamla İddiaçı adına verilmişdir. xx.xx.2023-cü ildə özü və ailə üzvləri pasport qeydiyyatına düşmüşlər Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 25 noyabr 2024-cü il tarixli 3-52-13/2-900/2024 nömrəli məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 25s nömrəli Sərəncamının icrası haqqında Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 65 saylı sərəncamına əsasən Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2015-ci il tarzili, 13 saylı sərəncamı ilə “X15 Gəmiçiliyi” QSC-nin balansında olan mənzil fondu, o cümlədən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5 ünvanında yerləşən keçmiş yataqxana binası mövcud vəziyyətdə sıralama ardıcıllığına dəyişiklik aparılmadan 3 saylı Xüsusi Təyinatlı Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmişdir. Həmin məktuba mənzillər üzrə dislokasiyasından çıxarış surəti əlavə edilmişdir. 3 saylı MKTB 157 saylı MKİS-nin balansında olan Yasamal rayonu, İnşaatçılar prospekti 5 ünvanında yerləşən yataqxanada yaşayan sakinlərin dislokasiyasından müəyyən olunur ki, 87-ci sirada qeyd edilməklə İddiaçı, X7, X3, X5, X2 83 nömrəli mənzildə qeydiyyatdadırlar. Beləliklə, işin faktiki hallarından da göründüyü kimi Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 23 may 2023-cü il tarixli 22 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5 saylı evin, yaşayış sahəsi 19.5 kv.m olan 1 otaqlı 83 saylı mənzilinə 5 nəfər ailə üzvü ilə (özü, arvadı, 2 oğlu və qızı) İddiaçı adına daimi kirayə müqaviləsi bağlanılmış və o, həmin mənzilin kirayəçisi hesab olunmuşdur. İddiaçı ilə yanaşı mənzildə qeydiyyatda olan şəxslər notarial qaydada təsdiq olunmuş ərizələr əsasında mənzilin iddiaçının adına özəlləşdirilməsinə etirazının olmadığını bildirmişdirlər. İddiaçı mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Cavabdeh imtinanı aşağıdaki dəlillər ilə əlaqələndirmişdir: -Mənzilə dair sərəncamın xx.xx.2009-cu il tarixdən sonra verilməsi; -Mənzilin yerləşdiyi binanın yataqxana olub və faktiki sahəsinin 19.5 kv.m təşkil etməsidir. Məhkəmə cavabdehin imtinasının qanunauyğun olmadığını hesab edir və gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun, 8.0.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Normaların məzmunundan da göründüyü kimi qanunverici mənzilin özəlləşdirilməsi və mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısını dəqiq müəyyən edib. Həm də qanunverici orderin, kirayə müqaviləsinin və onun verilməsinə dair sərəncamın – hər üç sənədin eyni vaxtda mövcudluğunu şərt kimi müəyyən etmir. Həmin sənədlərdən hər hansı birinin mövcudluğu mənzilə dair hüququn qeyd alınması üçün əsasdır. Lakin nəzərə alınmalıdır ki, həmin maddənin tələbindən də aydın olduğu kimi, qanunvericilikdə həmin sənədlərin 2009-cu il oktyabrın 1-dək, yəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək aid olması da müəyyən edilmişdir. Təkzib olunmaz haldır ki, hazırki mübahisə predmetini təşkil edən mənzilin əsasında duran Sərəncam xx.xx.2009-cu il tarixdən sonra aiddir. Məhkəmə diqqətə çatdırır ki, hazırki iddia üzrə Sərəncamın 2009-cu il tarixdən sonraya aid olması iddiaçının ziyanına şərh edilməməli və onun mülkiyyət hüquqlarının qeydiyyata alınmasından məhrum etməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, hal-hazırda iddiaçının daşınmaz əmlaka mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinanın əsasında yerli icra hakimiyyəti orqanının sərəncamının xx.xx.2009-cu il tarixdən sonra qəbul edildiyi dayanır. Məhkəmə isə hesab edir ki, iddiaçının adına kirayə müqaviləsinin bağlanılması barədə sərəncamın 2009-cu il oktyabrın 1-dən sonra bağlanılması vəziyyəti iddiaçının ziyanına dəyişməyən haldır. Belə ki, mübahisə predmetini təşkil edən daşınmaz əmlak xx.xx.2023-cü il tarixli sərəncam əsasında iddiaçıya ayrılsa da, həmin mənzilə dair hüquq münasibətləri 2009-cu ilin oktyabrın 1-dək yaranmışdır. Adıçəkilən sərəncamdan, eləcə də məhkəməyə təqdim edilmiş arayışdan da göründüyü kimi iddiaçı 2004-cü ildən etibarən həmin mənzildə yaşayır. Göründüyü kimi iddiaçı adıçəkilən tarixdən əvvəl, daha dəqiq desək 2004-cü ildən etibarən mənzildə faktiki olaraq yaşamış, eyni zamanda da rəsmi olaraq yaşayış yeri qeydiyyata alınmış, bu halı təsdiq edən sənədlər yerli icra hakimiyyəti orqanına təqdim edilmiş, bununla da balanssaxlayıcı olan inzibati orqan tərəfindən iddiaçının 2009-cu il oktyabr ayının 1-dən əvvəl yaşadığı mənzilə hüquqları tanınmış, iddiaçının mənzilin icarəçisi hesab olunması məqbul hesab edilmişdir. Məhkəmə qeyd edir ki, mövcud inzibati praktikaya əsasən şəxsin uzun illər yaşayış sahəsində yaşaması ona yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması imkanını vermir. Nəzərə alınmalıdır ki, hazırki mübahisədə iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının yaranmasının əsası təkcə onun qeydiyyatı ilə bağlı olmamışdır, əksinə onun mənzilinin kirayəçisi olmasını təsdiq edən sərəncamın olması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, sərəncamın mövcudluğu balansaxlayıcı tərəfindən iddiaçının mübahisəli yaşayış sahəsinə münasibətdə hüquqlarının yarandığını təsdiq edən göstəricidir ki, bu zaman balansaxlayıcı məhz iddiaçının yaşayış sahəsinə 2009-cu il oktyabr 1-dən əvvəl yaşaması faktını nəzərə alaraq bu qənaətə gəlmişdir. Başqa sözlə, yerli icra hakimiyyəti orqanı iddiaçının uzun müddət olaraq yaşayış sahəsində yaşamasını nəzərə alaraq iddiaçını mənzilin kirayəçisi qismində qəbul etmiş və onunla kirayə müqaviləsinin bağlanılmasında iradə ifadəsinə nümayiş etdirmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 6. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər; Maddə 8. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır Göründüyü kimi balansaxlayıcı tərəfindən mənzil kirayə müqaviləsinin bağlanılmasına dair sərəncam mülkiyyət hüququnun qeydiyyata alınma əsaslarından biri kimi çıxış edir. Məhkəmə cavabdehin imtina əsası kimi istinad etdiyi digər əsas - mənzilin yerləşdiyi binanın yataqxana olub və faktiki sahəsi 19.5 kv.m təşkil etməsi ilə bağlı münasibətdə diqqətə çatdırır ki, Azərbaycan Respublikası Baş Nazirinin xx.xx.2015-ci il tarixli 25 s saylı sərancamına əsasən X6 balansında olan yaşayış binaları və yataqxanalar Bakı şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. O cümlədən Yasamal rayonu, İnşaatçılar pr-ti, 5 saylı bina da Bakı şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. Zamanında qeyd edilən mənzilin yerləşdiyi bina hüquqi statusuna görə yataqxana kimi tanınmış olsa da, hazırki halda həmin bina yerli icra hakimiyyətinin balansına verilmişdir. Sözügedən binanın mülkiyyət və idarəetmə hüquqları hazırda balanssaxlayıcı kimi çıxış edən icra hakimiyyəti orqanına məxsusdur. Bu isə onu göstərir ki, bina üzərində qanuni sərəncam vermək səlahiyyəti məhz həmin balanssaxlayıcı subyektin müstəsna hüququdur. İddiaçının adına verilmiş müvafiq sərəncam, əslində, balanssaxlayıcının bu hüququnu reallaşdırdığı hüquqi akt kimi qiymətləndirilir. Məhkəmə son olaraq onu da bildirir ki, ilkin sənədlərə görə iddiaçıya ayrılan mənzilin nömrəsi 82 olsa da, 5 saylı bina Bakı şəhər İcra Hakimiyyətinin balansına verilənə qədər mənzillərin sıralama ardıcıllığında dəyişiklik olmuşdur. Göründüyü kimi iddiaçının ayrılmış 82 saylı mənzil 83 saylı mənzillə əvəz edilmiş və ona dair onunla kirayə müqaviləsi bağlanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, göstərilən bu hal da hazırki vəziyyəti iddiaçının ziyanına dəyişmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanundan: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğun təmin edilməlidir. QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 5, ünvanında yerləşən, sahəsi 19,5 kv.m olan, 1 otaqlı, 83 saylı mənzilə üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən müvafiq çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-7451/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7451/2024
03.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver