Məhkəmə qərarları › İş №2-1(112)-7453/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7453/2023

24.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7453/2023 24.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “doğum aktı qeydinin təsdiq edilməsi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 09 noyabr 1962-ci il tarixdə Ermənistan, Spitak rayonu, Saral kəndində anadan olmağının hüquqi faktının təsdiq edilməsi vəzifəsinin Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 09 noyabr 1962-ci il tarixdə Ermənistan, Spitak rayonu, Saral kəndində anadan olmuşdur. Lakin şəxsiyyət vəsiqəsində doğum tarixi qeydə alınmamışdır. Onun 09 noyabr 1962-ci il tarixdə Ermənistan, Spitak rayonu, Saral kəndində anadan olmağısı barədə 4 nəfər şahidi vardır. Bu barədə Bakı şəhəri Cavabdehnə müraciət etmişdir. Lakin heç bir nəticə olmamışdır. Hazırda onun doğum tarixi haqqında hüquqi faktın təsdiq edilməsi zəruriyyəti vardır. Bu barədə Bakı şəhəri Cavabdehnə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə müraciətinə cavab olaraq bildirilmişdir ki, məhkəmə qaydasında müraciət etməyiniz xahiş olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubunda iddiaya yazılı münasibətdə bildirilmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş qeydlərin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərbası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq qeyd edirik ki, İddiaçı doğumu haqqında akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənəd olmaması səbəbindən bərpa edilməsi mümkün deyil. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə nümayəndənin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı Ermənistan, Spitak rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-16-5/4-13- 2658/2023 nömrəli məktubunda bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” X1 sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən İddiaçı doğumu haqqında məlumat aşkar edilmədi. Cavabdeh Bakı şəhəri Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 3897-05/15 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş qeydlərin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərbası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənləri nəzərə alaraq, yaşadığınız rayonun məhkəməsinə müraciət etməyiniz tövsiyyə olunur. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı doğum aktı qeydinin təsdiq edilməsi ilə bağlı cavabdeh qeydiyyat şöbəsinə müraciət etmiş, qeydiyyat şöbəsi tərəfindən itmiş qeydlərin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadığından, doğum akt qeydinin bərpa olunmasının mümkün olmadığı bildirilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab etməklə hazırkı iddiasında 09 noyabr 1962-ci il tarixdə Ermənistan, Spitak rayonu, Saral kəndində anadan olmağının təsdiq edilməsini-doğum haqqında akt qeydinin bərpasını inzibati məhkəmə icraatında mübahisələndirir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən: - maddə 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. - maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - maddə 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - maddə 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. - maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. - maddə 162.1. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. - maddə 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. - maddə 162.3. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 2-ci hissəsi vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa qaydasını tənzimləyir. Həmin hissəyə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir (bənd 13). İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir (bənd 14). Sadalanan normalardan görünür ki, qanunverici vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsini inzibati orqanın üzərinə qoyur və belə dəyişiklik etməkdən imtina edildikdə inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə biləcəyini təsbit edir. Akt qeydinin bərpasına gəldikdə isə istər Ailə Məcəlləsi, istərsə də Əsas Müddəalar bərpanın iki yolunu müəyyən edir:

1. qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər olduqda ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpa edilməsi;

2. itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktının məhkəmə qaydasında müəyyən edilməsi. İşin hazırkı halından görünür ki, iddiaçının doğumunun qeydə alınmasına dair akt qeydi aşkar olunmamış, onun təqdim etdiyi sənədlərdə isə ziddiyət olduğundan qeydiyyat şöbəsi tərəfindən akt qeydinin bərpası mümkün olmamışdır. Deməli, akt qeydinin bərpası üçün məhkəmə qaydasında doğumun qeyd edilmə faktı müəyyən edilməlidir. Belə bir faktın müəyyən edilməsi isə inzibati deyil, mülki mühakimə icraatı qaydasında həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Eyni zamanda “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarınıda göstərmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qüvvədə olan qanunvericilik akt qeydinin məhkəmə qaydasında bərpasını yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilmə faktının müəyyən edilməsi yolu ilə nəzərdə tutduğundan, belə bir ərizəyə isə inzibati mühakimə icraatı qaydasında baxılması mümkün olmadığından iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15-ci hissəsinə əsasən İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir (bənd 15.1). Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (bənd 15.2). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (bənd 15.3). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar