Məhkəmə qərarları › İş №2-1(112)-7454/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7454/2021

10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7454/2021 10.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müharibə veteranı üçün nəzərdə tutulan sosial müavinətin hesablanaraq birdəfəlik ödənilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:

1. İddiaçı (bundan sonra – İddiaçı) 11.11.1992-ci il tarixdən 21.07.1993-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində əsgər kimi xidmət etmişdir.

2. 21.06.2017-ci il tarixdə iddiaçıya müharibə veteranı adı və buna müvafiq olaraq 059310 nömrəli vəsiqə verilmişdir.

3. İddiaçı 26.01.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon Şöbəsinə ərizə ilə müraciət edərək, 21.06.2014-cü il tarixdən 04.02.2019-cu il tarixədək olan müddət üçün “Sosial müavinətlər haqqında” Qanun ilə müharibə veteranlarına şamil edilən sosial müavinətin hesablanaraq birdəfəlik qaydada ona ödənilməsi barədə müvafiq göstəriş verilməsini xahiş etmişdir.

4. Bundan sonra İddiaçı 14.10.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 21.06.2014-cü il tarixdən 04.02.2019-cu il tarixədək veteranlar üçün nəzərdə tutulmuş müavinətin hesablanıb birdəfəlik qaydada ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-430/2021 nömrəli 16.02.2021-ci il tarixli qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.

6. İddiaçının ərizəsi əsasında Şəki İnzibati Məhkəməsinin 30.04.2021-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər Şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra – Cavabdeh) ilə əvəz edilmişdir və iş ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İİ Tərəflərin əsaslandırması:

7. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 11.11.1992-ci il tarixdən 21.07.1993-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində əsgər kimi xidmət etmişdir. 21.06.2017-ci il tarixdə ona müharibə veteranı vəsiqəsi verilmişdir. Lakin iddiaçı savadsızlıq və xəstə olması səbəbindən ona müharibə veteranı adı və müvafiq vəsiqəsi verildikdən sonra müharibə veteranları üçün nəzərdə tutulan sosial müavinətin alınması üçün müraciət etməmişdir. 04.02.2020-ci il tarixdə ona 5 illik müddətə əlilliyin səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” ifadəsi ilə göstərilən 3-cü dərəcəli əlillik təyin edilmişdir. Həmin vaxtdan ona müharibə əlilləri üçün nəzərdə tutulan prezident təqaüdü ödənilir. Müharibə veteranları üçün nəzərdə tutulan sosial müavinətlər 01.04.2019-cu il tarixdən ləğv olunmuş və müharibə veteranlarına prezident təqaüdü ödənilməyə başlanılmışdır. İddiaçı hesab edir ki, onun 21.06.2014-cü il tarixdən 04.02.2019-cu il tarixədək olan müddət üçün müharibə veteranı kimi sosial müavinət almaq hüququ olmuşdur və bu müavinət hesablanaraq ona ödənilməlidir.

8. Cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi 07 iyul 2021-ci il tarixli etirazında qeyd etmişdir ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə, 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. Vətəndaşa müvafiq icra orqanı tərəfindən veteran vəsiqəsi təqdim edildiyi tarixdən sosial müavinət ödənişi həyata keçirilir. Qanunvericiliklə güzəştlərin (müavinətlərin) veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir, deməli vəsiqənin verildiyi tarix həmin müavinətlərin almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Bu mənada, iddiaçının müvafiq vəsiqənin verildiyi tarixdən əvvəlki üç illik dövrə görə də müavinət ödənilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Həmçinin “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 11.1.5-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin ödənişi onu almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqda dayandırılır. İddiaçı isə 20.09.2019-cu il tarixdən etibarən əlilliyə görə əmək pensiyası almaqdadır. Beləliklə, iddiaçının müharibə veteranı vəsiqəsi verildiyi tarixdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququ istisna edilir.

9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinə uyğun çıxış edərək tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi.

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi

11. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

12. Belə ki, iddia mümkün iddiadır, çünki iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir.

13. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş MV №059310 nömrəli vəsiqədən görünür ki, İddiaçı 21.06.2017-cı il tarixdə “müharibə veteranı” adı və müvafiq vəsiqə verilmişdir.

14. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsinin 28.08.2017-ci il tarixli 507 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı 11.1987-ci il tarixdən 23.11.1989-cu il tarixədək SSRİ SQ-də hərbi xidmət keçmiş, 10.06.1993-cü il tarixdən 20.10.1993-cü il tarixədək AR SQ-də hərbi xidmət keçmişdir və Qarabağ müharibəsi veteranıdır.

15. İddiaçı 2017-ci ilin sentyabr ayında sosial müavinətin təyin edilməsi barədə ərizə ilə DSMF-nin Yevlax rayon şöbəsinə müraciət etmiş, 05.09.2017-ci il tarixli 190305 saylı qərarla ona 23.06.2017-ci il tarixdən sosial müavinət təyin edilmişdir.

16. İşdə olan müavinət işindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 20.09.2017-ci ildə 163.33 manat, 19.10.2017-23.02.2018-ci illərdə 50 manat, 17.03.2018- 20.02.2019-cu illərdə 55 manat, 15.03.3019-cu ildə 138.71 manat, 15.03.2019-cu ildə 179.03 manat, 24.04.2019-cu ildə 110 manat, 24.05.2019-cu ildə 210 manat, 24.05.2019cu ildə 110 manat, 28.06.2019-cu ildə 210 manat ödəniş edilmişdir.

17. İddiaçı hazırda müharibə veteranı vəsiqəsinin verildiyi 21.06.2017-ci il tarixdən əvvəlki üç il üçün ödənilməmiş sosial müavinətin, həmçinin vəsiqə verildikdən sonra ödəniş olunmadığını iddia edərək 04.02.2019-cu il tarixədək olan dövr üçün müavinətin ödənilməsini xahiş edir.

18. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11.07.2005-ci il tarixli 257 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün ayda 55 min manat məbləğində müavinət təyin edilmiş və bu məqsədlə “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanının 1-ci bəndinin doqquzuncu abzasının əvvəlinə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə,” sözləri əlavə edilmiş, həmin Fərman 2005-ci il avqustun 1-dən qüvvəyə minmişdir.

19. 01.01.2006-cı il tarixdən qüvvəyə minən “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1-ci maddəsinə görə, sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrıayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 4.0.1.6-cı maddəsində qeyd olunmuşdur ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə aylıq müavinətlər ödənilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir.

20. Həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24.02.2006-cı il tarixli 373 saylı Fərmanının 3-cü hissəsinə əsasən ...bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə ... müavinətlərin məbləği Azərbaycan Respublikası Prezidentinin ... “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 2001-ci il 26 dekabr tarixli 613 nömrəli fərmanı ...ilə tənzimlənir.

21. “Veteranlar haqqında” Qanunun 1-ci maddəsinə əsasən, veteranlar barəsində dövlət siyasətinin əsaslarından biri də sosial və hüquqi müdafiənin təmin edilməsindən ibarətdir. Həmin Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir.

22. İddiaçı 11.11.1992-ci il tarixdən 21.07.1993-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində əsgər kimi xidmət etmiş, bu səbəbdən də ona 21.06.2017-ci il tarixdə “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir.

23. Məhkəmə qeyd edir ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş “ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə” müddəasına görə, şəxs üç il əvvəl üçün yalnız o halda sosial müavinət ala bilər ki, onun hüququ azı üç il əvvəl yaranmış olsun. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş iddiaçıya buna səlahiyyətli olan dövlət orqanı tərəfindən veteran statusunun və vəsiqəsinin vaxtında verilməməsi iddiaçının veteranlar haqqında qanunvericilikdən irəli gələn hüquqlarına təsir etməli deyil. 1992-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş iddiaçı “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci abzasına uyğun olaraq müharibə veteranıdır. Lakin müharibə veteranı statusundan irəli gələn hüquqlarını (o cümlədən, sosial təminat hüququnu) həmin Qanunun 7-ci maddəsinə əsasən veteran vəsiqəsini əldə etdiyi vaxtdan həyata keçirdiyindən, o, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu (onun iradəsindən asılı olmayaraq) müraciət edilməzdən əvvəlki üç il üçün müavinətin ödənilməsini tələb edə bilər.

24. Hazırkı işin hallarından da müəyyən olunur ki, iddiaçıya müharibə veteranı vəsiqəsi 21.06.2017-ci il tarixdə verilmiş və həmin vəsiqəni aldıqdan sonra o, 05.09.2017ci il tarixdə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən ona müharibə veteranı vəsiqəsi təqdim edilən andan etibarən, yəni 21.06.2017-ci il tarixdən müavinət təyin olunmuş, ödənişlər həyata keçirilməyə başlanılmışdır. Lakin əvvəlki üç illik müddət üçün müavinətlərin ödənilməsindən imtina edilmişdir. Buna görə də, yuxarıda istinad olunan normalara əsasən iddiaçının tələbi veteran vəsiqəsi aldığı 21.06.2017-ci ildən əvvəlki üç il üçün müavinətin ödənilməsi hissəsində əsaslıdır.

25. Cavabdeh etirazında və imtina məktubunda hazırda müharibə veteranlarına müavinət yox, Prezident təqaüdü ödənilməsini göstərsə də, qanunvericliyə edilmiş bu dəyişiklik iddiaçının müharibə veteranı adı və vəsiqəsi almasından sonra, yəni 01.04.2019cu il tarixdə qüvvəyə minmişdir. Bu səbəbdən həmin müddəalar iddiaçıya tətbiq edilə bilməz.

26. İşdən görünür ki, iddiaçı həmçinin müharibə veteranı vəsiqəsi aldığı 21.06.2017-ci ildən sonrakı müddət, 04.02.2019-cu ilə qədər olan dövr üçün də müavinət ödənilməsini xahiş edir, bu zaman vəsiqə aldıqdan sonra savadsızlığı və xəstə olması ilə bağlı cavabdehə müraciət edə bilməməsinə istinad edir.

27. Lakin hazırkı qərarın 15-ci və 16-cı hissələrində göstərilənlərdən aydın olur ki, iddiaçıya 05.09.2017-ci il tarixli qərarla 23.06.2017-ci il tarixdən müavinət təyin edilmiş və həmin tarixdən etibarən ödəmələr həyata keçirilmişdir. Buna görə də iddia tələbi 21.06.2017-04.02.2019-cu illər üçün müavinət ödənilməsi hissəsində təmin edilə bilməz.

28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia qismən təmin olunsun. xx.xx.1969-cu il təvəllüdlü İddiaçı müharibə veteranı üçün nəzərdə tutulmuş və 21.06.2014-cü il tarixdən 21.06.2017-ci il tarixədək ödənilməmiş müavinətin birdəfəyə ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar