Məhkəmə qərarları › İş №2-1(112)-7454/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7454/2025

15.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7454/2025 15.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müddətsiz 2ci dərəcə əlilliyin bərpa edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 61-80 faiz aralığında orqanizmin funksiyasının pozulmasına görə 2-ci dərəcə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “İddiaçı barəsində qəbul edilmiş cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-8847/2024 nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlilliyin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” kimi dəqiqləşdirilmışdır.

3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1966-cı il anadan olmuşdur. 1990-cı ildən hərbi xidmətə çağırılmış və N saylı hərbi hissədə xidmət etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar döyüş bölgəsində 25 iyun 1992-ci il tarixində döyüş tapşırığını yerinə yetirərkən aldığı yararlanma nəticəsində 25 iyun 1992-ci ildən 28 avqust 1992-ci ilə kimi Şərur rayon Mərkəzi Xəstəxanasında çanaq sümüklərinin sınığı ilə sol çanaq nahiyyəsinin, sol baldırın, sol saidin, başın və üzün toxumalarının çoxsaylı qəlpə yaraları diaqnozu ilə müayinə və müalicə olunmuşdurm. Həmin qərardan görünür ki, 4/19 saylı Sədərək rayon Hərbi Komissarlığının 20 fevral 1999-cu il tarixli arayışı, X7 28 avqust 1992-ci il tarixli ekiprizi, NMR Sədərək İH-nin arayışı əsas tutularaq hərbi travma olduğu müəyyən edilmişdir. Bildirir ki, 1999-cu ildən 2-ci qrup əlilliyi müəyyən edilmişdir. xx.xx.2010-cu il tarixdən isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən ikinci dərəcə müddətsiz əlillik müəyyən edilmişdir. xx.xx.2024-cü ildə cavabdeh inzibati orqana müraciət etmiş və xx.xx.2024-cü il tarixdə əyani müayinədə olmuşdur. xx.xx.2024-cü ildə cavabdeh tərəfindən ona zəng vururlaraq forma 88 istənilmişdir. Forma 88 üçün lazım olan sənədləri toplayan müddətdə cavabdeh xx.xx.2025-ci il tarixli məktub göndərərək bildirmişdir ki, əyani müayinə nəticəsində xx.xx.2024-cü il tarixli “Tam Reabilitasiya olunma” barədə qərar qəbul edilmişdir. Aşağıdakılara əsasən hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır və cavabdeh tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 61-80 faiz aralığında orqanizimin funksiyasının pozulması səbəbinə görə əlillik müəyyən edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, 1999-cu ildən ikinci qrup əlilliyi müəyyən edilmiş və 2010-cu ildən isə müddətsiz ikinci qrup əliliyi müəyyən edilmişdir. Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli “X2”na görə müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Hüquq normasının mənasından aydın olur ki, onun əlilliyi 2-ci qrup kimi müəyyən olunmuş və bu da yeni qanun qəbul olunduqdan sonrakı 61-80 faiz aralığında orqanizmin pozulmasına uyğundur. Qanunverici ona müddətsiz əlillik təyin etmiş və qanun norması müəyyən etmişdir ki, əlilliyi reabilitasiya oluna bilməz. Lakin buna baxmayaraq cavabdeh inzibati orqan heç bir əsas olmadan əlilliyinin yenidən qiymətləndirilməsi üçün xx.xx.2024-cü ildə onu qanunsuz olaraq yenidən müayinəyə cəlb etmişdir.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan etirazda bildirilir ki, iddiaçının əlillik vəziyyətinə 24 saylı şəhər poliklinikasının xx.xx.2010-cu il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Çanaq sümüklərinin sınığı ilə sol çanaq nahiyyəsinin, sol baldırın, sol saidin, başın və üzün yumşaq toxumalarının çoxsaylı qəlpə yaraları. Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: tam reabilitasiya olunması.” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “X2"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Cavabdeh yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

5. TSEK-Müayinələr: - xx.xx.2010-ci il tarixində çanaq sümüklərinin sınığı ilə sol çanaq nahiyyəsinin, sol baldırın, sol saidin, başın və üzün yumşaq toxumalarının çıxsaylı qəlpə yaraları diaqnozu ilə (təkrar) ikinci dərəcə müddətsiz Azərbaycan Respublikası ərazi bütölüyünün müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdir. - xx.xx.2024-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, diaqnoz öz təsdiqini tapmaması - səbəb: diaqnoz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. - xx.xx.2024-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, tam reabilitasiya olunması - səbəb: “Tam reabilitasiya olunması” barədə qərar qəbul edilmişdir.

6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17- 4/3-3-8847/2024 nömrəli qərarına əsasən Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözü gedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 2 (üç) nəfər vətəndaşın ünvanına xx.xx.2024-cü il tarixinə əyani müayinəyə dəvət olunması haqqında sifarişli-xəbərnaməli məktub göndərilmişdir. Agentliyin Tibbi-Sosial Ekspert Komissiyası həmin vətəndaşın tibbi-ekspert sənədlərini araşdırmış və aşağıdakıları müəyyən etmişdir:

1. Bakı şəhər sakini xx.xx.1966-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2010-cu il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2. bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Sonradan əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında vətəndaş xx.xx.2024-cü il tarixində 3-17-4/2-Ə-18899/2024 nömrəli bildiriş əsasında əyani komissiyaya dəvət olunsa da, müayinədə iştirak etməmiş və ona Diaqnoz öz təsdiqini tapmaması barədə qərar verilmişdir (ESDAS: 3-17-4/3-3- 6609/2024). Yenidən vətəndaş köhnə məktub əsasında əyani müayinəyə dəvət olunmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olundu ki, N.Məmmədova Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1999-cu il tarixli 294 nömrəli Qərarı verilmişdir. Həmin Qərarda “Çanaq sümüklərinin sınığı ilə sol çanaq nahiyyəsinin, sol baldırın, sol saidin, başın və üzün yumşaq toxumalarının çoxsaylı qəlpə yaraları.” diaqnozlu xəstəliyin səbəb əlaqəsi“ Hərbi travmadır.” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuş, başağrılarından, aşağı ətraflarında ağrı və hərəkət məhdudluğundan, sol aşağı ətrafda ödem yaranmasından, yüksək arterial təzyiqdən şikayətlənmişdir. Anamnestik məlumatlarında 2018-ci ildə aorta koronar şuntlama əməliyyatı keçirdiyini söyləmişdir. Müayinə zamanı sol baldırın aşağı 1/3-də hiperpiqmentasiya və ödem müşahidə edilmiş, burun, sol yanaq nahiyyələrində, sol bazunun yuxarı və aşağı 1/3 də, sol saidin yuxarı 1/3-də çapıqlar, həmçinin Aorta koronar Şuntlama əməliyyatına xas çapıq izlənilmiş, hərəkətlər sərbəst olmuşdur. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “AKŞ əməliyyatından sonrakı vəziyyət. Müayinə zamanı tək-tək (çoxlu sayda) ekstrasistoliyalar qeydə alındı. Sol mədəciyin sistoladiastolik boşluq ölçüləri böyüyüb və sistolik funksiyası (LVEF=37%) azalıb. Sol qulaqcıq dilatasiya olub. Sağ boşluqlar normaldır. İVS və İVA tamdır. Seqmentar divar hərəkət qüsuru interolateraın bazalı və midi, lateralın apikalı hipokinetik, anteriorun və inferiorun apikalı ciddi hipokinetik, apeks akinetikdir. Aorta kökü və qapaqları, digər qapaq aparatı normaldır. Sol mədəciyin diastolik funksiyası relaksativ tip. Perikard boşluğu təmizdir. PDA, ASD, VSD yoxdur. Rəngli Doppler EXO-KQ-də min TÇ, min MÇ qeyd edilir.” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas vermişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Xüsusi səbəbdən Tam reabilitasiya olunması barədə və Tibb müəssisəsi tərəfindən ümumi xəstəlik səbəbindən yeni göndəriş rəsmiləşdirildiyi halda Ümumi xəstəlik ilə əlaqədar 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 70 faiz pozulması barədə qərar qəbul edilə bilər.

7. Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

9. İddia tələbi şəxsə 2-ci dərəcə müddətsiz əlilliyinin ləğv edildiyi tarixdən bərpası ilə bağlıdır.

10. İddianın növü mübahisələndirməyə dair iddiadır.

11. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.

13. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

14. Məhkəmə qeyd edir ki, həmin inzibati akt iddiaçıya təqdim edilmədiyindən qüvvəyə minməmişdir. Həmin qərar barədə məlumat iddiaçıya xx.xx.2025-ci il tarixli məktubla bildirilmişdir. İddiaçı isə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir.

15. Odur ki, mübahisələndirilən inzibati aktın iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur, qərar barədə xx.xx.2025-ci il tarixli məktubla məlumatlandırılmışdır. Odur ki, iddiaçı tərəfindən müddət ötürülməmişdir.

16. İddia mümkündür.

İİİ. Tətbiq edilən hüquq

17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

18. İddiaçının əlilliyinin ilkin qiymətləndirilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”:

2. Əlilliyin müəyyən olunması meyarları 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşmasıvə ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın.

19. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”:

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2”:

1. Ümumi müddəalar 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.

3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

İV. Məhkəmənin mövqeyi

23. Məhkəmə ilk növbədə müəyyən edir ki, cavabdehin özünün də bildirdiyi kimi İddiaçı xx.xx.2010-cu il tarixdə “çanaq sümüklərinin sınığı ilə sol çanaq nahiyyəsinin, sol baldırın, sol saidin, başın və üzün yumşaq toxumalarının çıxsaylı qəlpə yaraları” diaqnozu ilə (təkrar) Azərbaycan Respublikası ərazi bütölüyünün müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci dərəcə müddətsiz əlillik təyin edilmişdir, əlilliyi olan şəxslərin təhlilinin aparılması məqsədilə cavabdeh tərəfindən əyani müayinə olunan iddiaçının əlilliyinin təyinindən xx.xx.2024-cü il tarixli qərarla tam reabilitasiya olunması səbəbi ilə imtina edilmişdir.

24. İddiaçının Azərbaycan Respublikası ərazi bütölüyünün müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyinin xx.xx.2010-cu il tarixli göndəriş əsasında xx.xx.2010-cu ildə müddətsiz müəyyən edilməsi barədə cavabdehin qəbul etdiyi inzibati akt xx.xx.2024-cü il tarixə qədər qüvvədə olmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının qərarı əsasında tam reabilitasiya olunması əsas gəririlərək iddiaçının xeyrinə əlverişli olan xx.xx.2010-cu il tarixli qərar qüvvədən düşmüşdür.

25. Qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir.

26. Cavabdeh “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələb etdiyi qaydada iddiaçının xeyrinə olan (müddətsiz ikinci dərəcəli əlilliyin təyin edilməsi) inzibati aktın qanunsuz sayılması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir.

27. “İnzibati icraat haqqında” Qanunun yuxarıda bəhs edilən normalarında inzibati icraatın başlanılması üçün əsaslar, inzibati icraatın aparılması qaydası, maraqlı şəxslərin icraata cəlb olunması və qəbul edilən inzibati aktın məzmunu təsvir edilmişdir.

28. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar döyüş bölgəsində 25 iyun 1992-ci il tarixində döyüş tapşırığını yerinə yetirərkən aldığı yararlanma nəticəsində 25 iyun 1992-ci ildən 28 avqust 1992-ci ilə kimi Şərur rayon Mərkəzi Xəstəxanasında çanaq sümüklərinin sınığı ilə sol çanaq nahiyyəsinin, sol baldırın, sol saidin, başın və üzün toxumalarının çoxsaylı qəlpə yaraları diaqnozu ilə müayinə və müalicə olunmuşdur. Azəraycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarından görünür ki, 4/19 saylı Sədərək rayon Hərbi Komissarlığının 20 fevral 1999-cu il tarixli arayışı, X7 28 avqust 1992-ci il tarixli ekiprizi, NMR Sədərək İH-nin arayışı əsas tutularaq hərbi travma olduğu müəyyən edilmişdir. İlkin qiymətləndirmə nəticəsində 1999cu il tarixdən onun 2-ci qrup əlilliyi müəyyən edilmişdir. xx.xx.2010-cu il tarixdən isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci dərəcə müddətsiz əlilliyi müəyyən edilmişdir. Odur ki, iddiaçının iştirakı ilə aparılmış inzibati araşdırmaların nəticəsi olaraq 1999-cu il tarixdən davamlı (xx.xx.2010-cu il tarixdən müddətsiz) təyin edilmiş ikinci dərəcə əlilliyin hər hansı əsas olmadan yenidən qiymətləndirilərək ləğv edilməsi qanunamüvafiq deyil.

29. Məhkəmə hesab edir ki, iddiaçıya müddətsiz təyin olunmuş əlillik dərəcəsinin hər hansı qanuni əsas və dəlil olmadan ləğv edilməsi etimadın qorunması prinsipinin pozulması ilə nəticələnə bilər. Belə ki, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 4.2-ci bəndinə əsasən müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.

31. Odur ki, məhkəmə qeyd edir ki, 24 illik İİ dərəcə əlillik tarixçəsi olan şəxsin (altsistemində 2010-cu ildən İİ dərəcə müddətsiz əlilliyinə dair altsistemdə qeydiyyat aparılmışdır) hər hansı şübhə olmadığı halda əyani müayinəyə cəlb edilməsi özlüyündə sual doğuran məsələdir. Belə ki, şəxsin əlillik müddəti bitməmiş və növbəti müddətə əlillik təyinatı üçün müraciət etməmişdir. Digər tərəfdən əyani müayinə zamanı şikayət etdiyi xəstəliyi ilə bağlı (müayinə otağına əsa ilə daxil olması, başağrılarından, aşağı ətraflarında ağrı və hərəkət məhdudluğundan, sol aşağı ətrafda ödem yaranmasından, yüksək arterial təzyiqdən, 2018-ci ildə aorta koronar şuntlama əməliyyatı keçirdiyini söyləmişdir) instrumental müayinənin aparılması iş materialları ilə müyyən edilmir.

32. Cavabdeh əlilliyin ləğv edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2”nın, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Qeyd etmək lazımdır ki, "İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.

33. Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”nın 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

34. Bu baxımdan inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, hər hansı əsas olmadan şəxsin əlillik dərəcəsinin əlillik alt sistemində ləğv edilməsində cavabdeh haqlı sayıla bilməz.

35. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya əlilliyin təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır.

36. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6sosial ekspert komissiyasının İddiaçı barəsində qəbul etdiyi xx.xx.2024-cü il tarixli 3-17- 4/3-3-8847/2024 nömrəli qərar ləğv edilməli və onun Azərbaycan Respublikası ərazi bütölüyünün müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyinin ləğv edildiyi tarixdən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

37. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

38. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

39. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

40. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial ekspert komissiyasının İddiaçı barəsində qəbul etdiyi xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-8847/2024 nömrəli qərarı ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası ərazi bütölüyünün müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar təyin edilmiş ikinci dərəcə müddətsiz əlilliyinin ləğv edildiyi tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar