Məhkəmə qərarları › İş №2-1(112)-7455/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7455/2023

13.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7455/2023 13.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı1 və İddiaçı4 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Qaradağ Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı1, həyat yoldaşı İddiaçı2 və övladları İddiaçı3, İddiaçı4 Bakı şəhəri, Qaradağ rayonu, ünvan 7 ünvanına qeydiyyata alınması ilə bağlı öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ailəsilə birlikdə Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin ünvanında qeydiyyatda olmuşlar, lakin faktiki olaraq Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanda 10 ildən çoxdur ki, faktiki olaraq yaşayırlar. Müəyyən məsələ ilə bağlı asan xidmətə müraciət edərkən iddiaçıya bildirmişlər ki, qeydiyyat ünvanı olmadığına görə faktiki olaraq şəxsiyyət vəsiqəsi etibarsız sayılır. Qeyd olunan məsələni araşdırmaq üçün iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ Rayon Polis İdarəsinə müraciət etmişdir. Polis İdarəsində bildirmişdirlər ki, artıq Polis idarəsinin ünvanında heç bir şəxs qeydiyyata alınmır və yaşadığı yer üzrə qeydiyyata alınması üçün müraciət etməlidir. O, qeyd olunanları nəzərə alaraq, Qaradağ Rayon Polis İdarəsinə müraciət edərək, onu və ailə üzvlərini faktiki yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 7 ünvanına qeydiyyata alınmasını xahiş etmişdir. Müraciətinə cavabdeh orqan xx.xx.2023cü il tarixli imtina məktubu verərək bildirilmişdir ki, faktiki yaşadığı mənzilin sənədləri olmadığı üçün qeydiyyata alınmağı mümkün deyil. Qeyd olunan mənzildə ailəsi ilə birlikdə uzun illərdir daima yaşayır və bunu təsdiq edən sənədləri iddia ərizəsinə əlavə edir. Qeyd olunan ünvanda uzun müddət yaşadığını və istifadə etdiyini təsdiq edən "xxxx" ASC tərəfindən verilən xx.xx.2014-cü il tarixli “Əhali qrupunda su sayğacının qurlaşdırılması ilə bağlı” 000097 saylı aktı, "xxxx" ASC tərəfindən tərtib edilən 154820 saylı protokolu, qazdan istifadə edilməsini xx.xx.2019-cu il tarixli qazın alqı-satqısı barədə müqaviləni ərizəsinə əlavə edir. Bakı şəhəri, Qaradağ rayonu, ünvan 7 faktiki olaraq ailəsi ilə birlikdə yaşadıqları Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti nümayəndəliyi tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışla təsdiq edir. Hazırda qeydiyyatsız olduqları üçün faktiki olaraq şəxsiyyət vəsiqələri etibarsız görə də sənədləşmə işlərində, övladlarının təhsili ilə bağlı və digər işlərdə problem yaranır, də yaşadıqları evə qeydiyyata alınmaları ilə bağlı lazımi həərkətlərin icra edilməsi üçün müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı2 ünvan 2 ünvanında qeydiyyatda olmuşdur. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı1 ünvan 3 ünvanında qeydiyyatda olmuşdur. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, xx.xx.1989-cu il təvəllüdlü İddiaçı3 Bakı şəhəri, Qaradağ rayonu, ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından müəyyən olunur ki, xx.xx.1992-ci il təvəllüdlü İddiaçı4 Bakı şəhəri, Qaradağ rayonu, ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Qobustan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 206 nömrəli arayışından görünür ki, X1 Bakı şəhəri, Qaradağ rayonu, ünvan 5 ünvanında 3 nəfər ailə tərkibi ilə - İddiaçı2 (həyat yoldaşı), İddiaçı3 (oğlu), İddiaçı4 (oğlu) qeydiyyatsız yaşayırlar. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2-12054/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, qeyd olunan Bakı şəhəri, Qaradağ rayonu, ünvan 7 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxs müəyyən edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********89 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 4, 23A fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-13-48/2-1295/2023 nömrəli məktubda bildirilmişdir ki, Sizin və ailə üzvlərinizin yuxarıda qeyd olunan ünvanda qeydiyyatsız yaşamağınız müəyyən edilmişdir. Nəzərinizə çatdırırıq ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndinin tələblərinə əsasən, yaşayış yerinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud qanunvericiliklə nəzərdə tutulan başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi təqdim edildikdən sonra vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması məsələsinə baxıla bilər. Qanunvericiliyin tələblərinə əsasən, Siz ailə üzvlərinizlə birlikdə qeydiyyatsız yaşadığınız Qaradağ rayonu, ünvan 7 ünvanına qeydiyyata alınmaq üçün aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərsiniz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən mənzilə qeydiyyata alınma ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçılar məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, işin sadalanan hallarından görünür ki, iddiaçılar faktiki olaraq Bakı şəhəri, Qaradağ rayonu, ünvan 7 ünvanında yaşadıqlarını əsas gətirərək faktiki yaşadıqları ünvan üzrə qeydiyyata alınmaları ilə bağlı cavabdeh Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə müraciət etmişlər. Lakin cavabdeh yaşayış sahəsinə köçməyə əsas verən hüquqi sənəd olmadığını əsas gətirərək iddiaçılara imtina cavabı vermişdir. Hazırda iddiaçılar cavabdehin qeyd edilən imtinasını əsassız hesab edərək Bakı şəhəri, Qaradağ rayonu, ünvan 7 ünvanına qeydiyyata alınmalarını inzibati məhkəmə icraatında mübahisələndirirlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdur: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi; - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər. Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 5-ci maddənin 2-ci bəndində nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Beləliklə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda. İşin hallarına görə iddiaçılar yaşayış yeri üzrə qeydiyyat üçün istinad edilmiş Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlərdən heç birini təqdim etməmişlər. İddiaçı tərəfin qeydiyyata alınmasını istədikləri fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış əmlakdır. İddiaçıların təqdim etdikləri kommunal ödənişlərlə bağlı müqavilələr, xərclərin ödənilməsi qəbzləri onların sözügedən fərdi yaşayış evində faktiki yaşadıqlarını təsdiq etsə də həmin evə qeydiyyata alınmalarına əsas verən hüquqmüəyyənedici sənəd qismində çıxış etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Qanunvericiliyin yuxarıda aparılmış təhlilindən göründüyü kimi yaşayış yeri üzrə qeydiyyatın əsasını həmin yaşayış yerinə dair hüququn mövcudluğu təşkil edir. Yaşayış yerinə hüquq isə mülkiyyət, icarə və ya istifadə hüququndan ibarətdir. Hazırkı iş üzrə iddiaçılar isə qeydiyyata alınmaq istədiyi evlə bağlı hüququnu təsdiq edən sənədi (order, qeydiyyat vəsiqəsi (və ya reyestrdən çıxarış), kirayə və ya icarə müqaviləsi) və yaxud həmin evə müvafiq sənədlərlə hüququ olan şəxsin ərizəsini təqdim etməmişlər. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən cavabdeh inzibati orqanın iddiaçıların müraciətinin təminindən imtina etməsi qanuni olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar