Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7456/2025 16.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüqunun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərək, xx.xx.2025-ci il tarixli məktubla bildirmişdir ki, sənədlər toplusuna əlavə edilmiş maliyyə arayışında müvafiq daşınmaz əmlak mənzil kimi göstərilmişdir. Bundan başqa, qeyd olunan qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra həmin MMC ilə arasında notariat qaydasında bağlanılmış alqı-satqı müqaviləsinin təqdim edilməsi məqsədəmüvafiqdir. . Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilərək, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa edilmiş yüksək mərtəbəli yaşayış binasında 3-cü blok, 1-ci mərtəbədə yerləşən,ümumi sahəsi 77.2 kv.m olan qeyri yaşayış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edəilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" MMC arasında bağanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC -nin Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa etdiyi yüksək mərtəbəli yaşayış binasında 3-cü blok, 1-ci mərtəbədə, ümumi sahəsi 83,0 kv.m olan qeyri yaşayış sahəsi pay kimi ona verilmişdir, iddiaçı tərəfindən həmin əmlak payının dəyəri tam şəkildə ödənmişdir və həmin qeyri-yaşayış sahəsi iddiaçının sahiblik və istifadəsindədir. İddiaçı həmin əmlakdan təyinatı üzrə istifadə etmək üçün enerji təhcizatı şəbəkəsinə qoşulmaq barədə "xxxx" ASCyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli akt əsasında iddiaçıya məxsus olan qeyriyaşayış sahəsi enerji təhcizatı şəbəkəsinə qoşulmuşdur. Cavabdehin imtinasının əsası kimi təqdim edilmiş sənədlər toplusuna əlavə edilmiş maliyyə arayışında müvafiq daşınmaz əmlakın mənzil kimi qeyd edilsə də, müqavilələrdə göstərilən əmlakla maliyyə arayışında göstərilən əmlak eyni ünvandır, əmlakın sahəsi də eynidir, eyni zamanda notariat qaydasında bağlanmış müqavilə ilə də qeyri-yaşayış sahəsinin dəyərinin tam ödənildiyi təsdiq olunmuşdur, bununla da maliyyə arayışında daşınmaz əmlakın mənzil kimi qeyd edilməsinin texniki səhv olduğu təsdiq olunur və bu səbəbdən cavabdehin imtinanın əsası kimi istinad etdiyi bu hal əsassızdır. İddiaçı ilə “İnşaat Konstruksiyaları’ MMC arasında notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsinin təqdim edilməsinə gəldikdə, Bakı şəhərində inşa edilmiş çoxsaylı binaları, eləcə də, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa edilmiş binanın müəyyən mənzillərinə və qeyri-yaşayış sahələrinə dair mülkiyyət hüquqları notariat qaydasında bağlanmamış müqavilə əsasında cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, iddiaçıdan isə notariat qaydasında bağlanmış müqavilə tələb edilir, bu aşkar şəkildə ayrı-seçkilikdir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinin təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədi 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməmişdir. Həmçinin sənədlər toplusuna əlavə edilmiş maliyyə arayışında müvafiq daşınmaz əmlak mənzil kimi göstərilmişdir. Bundan əlavə qeyd olunan qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra həmin MMC ilə notariat qaydasında bağlanılmış alqı-satqı müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aparıla bilər. Qeyd olunanlarla yanaşı idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman müvafiq daşınmaz əmlakın sənəd üzrə ümumi sahəsi 83.0 kv.m qeyd edilsə də, faktiki 77.2 kv.m təşkil etdiyi məlum olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddianı müdafiə edərək, onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, bir tərəfdən "xxxx" MMC-nın direktoru Əhmədov R.S. (gələcəkdə «İcraçı» adlandırılacaq), digər tərəfdən sifarişçi - İddiaçı (gələcəkdə «sifarişçi» adlandırılacaq), şəxsində öz aralarında Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli mansardlı yaşayış binasından pay barədə müqavilə imzalamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin əsas predmetini Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538 məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 83.0 kv.m olan qeyri- yaşayış sahəsi bir pay kimi verilməsi təşkil edir. Müqavilənin 4.1-ci bəndinə əsasən qeyri-yaşayış sahəsinin dəyəri 1 kv.metr üçün 1900 manat, cəmi 83 kv.metr üçün isə 157700 manat təşkil edir. İşdə olan xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, iddiaçı "xxxx" MMC-nin Bakı şəhəri, Nizami rayonu, Abbasov 2538-ci məhəllədə inşa etdiyi yüksək mərtəbəli yaşayış binasında 3-cü blok, 1-ci mərtəbədə, ümumi sahəsi 83.0 kv.metr olan mənzilin dəyərini tam ödəmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə aktından görünür ki, ərizəçinin göstərdiyi qeyri-yaşayış sahəsi 16+mansard mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. Həmin yaşayış binasının istismara icazə aktı və BŞİH ilə razılaşdırılmış eskiz-layihəsi idarəyə təqdim edilmədiyindən bina haqqında idarədə məlumatlar toplusu yoxdur. Bu səbəbdən ərizəçinin göstərdiyi QYS-nin faktiki eksizi tərtib edilmişdir. Ərizəyə əlavə olunmuş, eskiz-layihəsi razılaşdırılmamışdır. Maliyə arayışında isə obyekt mənzil kimi yazılmışdır. Bundan başqa binanın istismara icazə aktı olmadığından qeyd olunan QYS-nin, binanın ümumi QYS-nin cəminə daxil olubolmamasını təyin etmək mümkün deyil. Ərizəyə əlavə olunmuş eskiz-layihədə şaxta tikilməmişdir və giriş hissədəki 1.2x6.85=8.2 m2 sahə eskiz-layihədə öz əksini tapmamışdır, amma sağ və sol hissədə yerləşən QYS-ləri məhkəmə qərarı ilə qeydiyyatdan keçmişdir və həmin giriş hissədəki eskiz-layihədən kənar sahələr (1.20m) texniki pasportlarda qeydiyyata keçmişdir. Bu səbəbdən 1.2x6.85=8.2 m2 sahə ümumi sahəyə daxil edilmişdir. Obyekt, hal-hazırda fəaliyyət göstərmir, boşdur. Obyektin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 83 kv.metr, faktiki sahəsi isə 77.2 kv.metrdir. İddiaçı hazırda yuxarıda qeyd edilən sənədlərə istinad edərək, istifadəsində olan qeyri-yaşayış sahəsinə mülkiyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. İstinad olunan normalardan müəyyən olunur ki, çoxmənzilli binalara münasibətdə ona, habelə orada yerləşən mənzilə hüququn qeydə alınması üçün:
1. torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd,;
2. tikintiyə icazə verilməsi barədə qərar;
3. tikinti layihəsi;
4. tikinti obyektinin istismarına icazənin (yaxud istismara qəbul aktı) təqdim edilməsi zəruridir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: -- maddə 101.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. - maddə 101.2. Tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – yanındakı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi qismində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) tərəfindən verilir. Məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan normalardan da müəyyən olunur ki, istismara icazə tikilən tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü təsdiq edir. Nə qədər ki, tikintisinə icazə tələb olunan hər hansı bir tikilinin istismarına icazə verilməmişdir, həmin tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyini müəyyən etmək mümkünsüzdür, buna görə də etibarlılıq və təhlükəsizlik baxımından həmin tikilidən təyinatı üzrə istifadə etmək olmaz. Hazırkı iş materiallarından görünür ki, iddiaçının hüququnun qeydə alınmasını xahiş etdiyi mənzilin yerləşdiyi çoxmənzilli binanın istismarına icazə verilməmişdir. Belə ki, işdə olan Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-35-1/2-1862/2025 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2018-ci il tarixli müqavilədə tərəflərin necə adlandırılmasından asılı olmayaraq həmin müqavilə öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Belə ki, əgər şəxs yeni inşa olunan çoxmənzilli yaşayış binasında mənzil yaxud qeyri-yaşayış sahəsi əldə etmək istəyirsə və bu arzusunu reallaşdırarkən hər hansı səbəbdən MTK ilə MMC-ni fərqləndirə bilmirsə, onun niyyəti kooperativ üzvü kimi hərəkət edərək, yaşayış (qeyri-yaşayış) sahəsinə olan ehtiyacının ödənilməsi üçün öz vəsaiti hesabına müvafiq binanın tikilməsində iştirak etməkdirsə, bu halda onların bu niyyətinə üstünlük veriməli və yeni inşa edilən çoxmənzilli MMC binalarında yerləşən mənzillərə (qeyri-yaşayış sahələrinə) MTK yaşayış evlərində yerləşən sahələr kimi yanaşılmalıdır (mövcud məhkəmə təcrübəsi də bu istiqamətdə formalaşmışdır). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.2-ci maddəsinə əsasən isə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna əsasən: - Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; - Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, istinad olunan normlaradan görünür ki, dövlət şəxsin mülkiyyət hüququnu qeydə almaqla onun müvafiq daşınmaz əmlakdan öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüququnu tanıyır və təsdiq edir. Lakin istismarına icazə verilməmiş tikili özbaşına tikili hesab edilir, yəni həmin tikilinin tikinti qaydalarına uyğun inşa edilməsi və istifadəyə yararlı olması müəyyən deyildir. Deməli, həmin tikilidən istifadə etmək olmaz. Belə bir halda aydındır ki, istismarına icazə verilməmiş tikiliyə, yəni istifadəyə yararlılığı müəyyən edilmədiyindən təyinatı üzrə istifadə edilməsinə icazə verilməmiş tikiliyə şəxsin mülkiyyət hüququ tam mənada yarana bilməz, çünki mülkiyyət hüququ 3 elementi birləşdirdiyi halda, istismarına icazə verilməmiş tikili həmin üç elementdən birini əmlakdan istifadə etmək hüququnu istisna edir. Qeyd edilməlidir ki, istismara icazəsi verilməmiş tikiliyə mülkiyyət hüququnun qeydə alınmaması birbaşa dövlətin ictimai maraqların qorunması məqsədinə xidmət edir. Bu məqsədlərə əsasən aşağıdakılar aiddir:
1. Tikinti təhlükəsizliyi və insanın həyhat və sağlamlığının qorunması -İstismara icazə, binanın tikinti norma və qaydalarına uyğun tikildiyini, daşıyıcı konstruksiyalarının təhlükəsiz olduğunu və yaşayış üçün yararlı vəziyyətdə olduğunu təsdiqləyir.
2. Şəhərsalma qaydalarının qorunması - İstismara icazəsi olmadan qeydiyyat, planlaşdırma sənədlərinə və icazəsiz tikintilərə qarşı dövlət nəzarətini zəiflədir.
3. Hüquqi müəyyənlik və mülki dövriyyənin təhlükəsizliyini təmin etmək -dövlət reyestrində yalnız hüquqi statusu tam aydın və istismara yararlı obyektlərin olması, mülki dövriyyədə (satış, ipoteka, miras) hüquqi sabitliyi təmin edir. İddia ərizəsindən görünür ki, iddiaçı tələbinin əsaslığını həmçinin bununla əsaslandırmışdır ki, qonşuluqda yerləşən qeyri-yaşayış sahəsinə artıq mülkiyyət hüququ qeydə alınmışdır. Məhkəmə iddiaçının bu dəlili ilə bağlı qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Lakin bərabərlik prinsipi qanunsuz hərəkətin təkrarlanmasını tələb etmir. Yəni qanunsuzluğun mövcudluğu başqası üçün “hüquq yaratmır” (principle of no legitimate expectation from illegality). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Anaklia v. Georgia (2018) və Hamer v. Belgium (2007) işlərində bildirmişdir ki: -Bir başqasının qanunsuz üstünlük əldə etməsi, digər şəxslərin eyni qanunsuz üstünlük əldə etməsi üçün legitim gözlənti yaratmır. -Dövlət orqanı qanuni qaydanı tətbiq etməlidir, əvvəlki səhv ona məcburiyyət yaratmır. Bundan əlavə, hazırkı mübahisə üzrə dövlətin güddüyü ictimai maraq fərdin mülkiyyət marağına münasibətdə üstündür, çünki bu üstünlük ilk növbədə şəxsin həyat və sağlamlığının qorunmasına yönəlmişdir. Beləliklə, qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, nə qədər ki, mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi çoxmənzilli binanın istismarına icazə verilməmişdir, iddiaçının hazırkı məzmunda tələbi təmin edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9 və ya 8.0.10-cu maddəsində müəyyən edilən tələblərə uyğun olan sənədləri cavabdehə və ya məhkəməyə təqdim etməmişdir. Məhkəmə Qanunun bu normasının imperativ tələb olduğunu, şəxsin hüququnun qeydə alınması üçün həmin normada nəzərdə bütün sənədlərin eyni anda təqdim edilməsinin mütləq şərt olduğunu, işin hazırkı halında təqdim edilməsi zəruri olan bütün sənədlərin təqdim edilmədiyini nəzərə alaraq hesab edir ki, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulması kimi qiymətlənirilə, iddiaçının tələbi əsaslı sayıla və təmin oluna bilməz. Məhkəmə onu da qeyd edir ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra aşkar edilən və iddiaçının mübahisəli əmlaka hüquqlarını təsdiq edən yeni sübutlara (istismara icazə sənədi alınmasına) əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Çünki həmin Qanunun 35.1ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı:
İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Qənbərova