Məhkəmə qərarları › İş №2-1(112)-7458/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7458/2022

31.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7458/2022 31.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə qarşı “sərəncamların etibarsız hesab edilməsi” (3-cü şəxs: X6) tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş xx.xx.1999-cü il tarixli, 453 nömrəli Sərəncamı və Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş xx.xx.2009cu il tarixli, 426 nömrəli Sərəncamının etibarsız hesab edilməsi barəsində qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçılar hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş Sərəncamlar etibarsızdır. Belə ki, order – icarə müqaviləsidir və onun verilməsi müraciət edən vətəndaşın mənzildən istifadə hüququnun təmin edilməsindən, onun mənzil təlabatının təmin edilməsindən ibarətdir. Order əsasında icra hakimiyyəti tərəfindən verilən mənzilin fiziki və hüquqi şəxslərin mülkiyyətində və ya istifadəsində olmaması, buna həqiqətəndə ehtiyacı olan şəxslərin mənzil tələbatını qarşılaması məqsədi daşısa da, artıq həmin mənzilə məcburi köçkün kimi məskunlaşmış iddiaçıların hüquqları və qanuni mənafeləri nəzərə almadan həmin mənzil başqa şəxslərə icarə müqaviləsi (order) əsasında verilmidir. İddiaçılar hesab edir ki, cavabdeh inzibati orqan mənzilə dair digər fiziki şəxs ilə icarə müqaviləsini bağlamaq səlahiyyətində olmamışdır. Sonradan iddiaçılar iddia tələbinə dəqiqləşmə verərək, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, 453 nömrəli Sərəncamının və həmin Sərəncam əsasında verilmiş 030903 nömrəli, xx.xx.1999-cu il tarixli orderin və Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, 426 nömrəli Sərəncamın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizə protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7458/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə iddia tələbi üzrə mümkünlük şərtlərinin həm subyektiv cəhətdən, həmçinin də mübahisə predmetinə inzibati məhkəmə tərəfindən baxılmalı olması ilə bağlı aşağıdakiları bildirir: Qeyd olunmalıdır ki, ümumiyyətlə iddiaçılar hazırki iddia tələbini irəli sürmək hüququna malik olmuşlar. İddiaçıların bu hüququ məhz mübahisə predmetini təşkil edən əmlaka məskunlaşdığı vaxtdan yaranır. Təkzib olunmaz haldır ki, həmin yaşayış sahəsi ilkin olaraq X2 ayrılmış, daha sonra onun vəfatı ilə əlaqədar X3 adına keçirilmişdir. Göründüyü kimi iddiaçılar mübahisəli mənzilin üçüncü şəxsə ayrılması ilə bağlı Sərəncamları mübahisələndirmək üçün subyektiv hüquqa malik olmuşdurlar. Əlavə olaraq məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, qanunvericilik inzibati aktın (qərarının) “ləğv edilməsi” və “etibarsız hesab edilməsi”nin ifadələrini fərqləndirmişdir. Belə ki, inzibati aktın ləğv edilməsi aktın mahiyyəti üzrə əsaslı qəbul edilib-edilməməsinə söykənir. Lakin, inzibati aktın (qərarın) etibarsızlığı isə müvafiq olaraq İnzibati Prosessual Məcəlləsinin 65.1-ci maddəsində nəzərdə tutulmuş hallar əsasında müəyyən edilir. Nəzərə alınmalıdır ki, məhkəmə icraatı zamanı iddiaçılara mənzilin üçüncü şəxsə ayrılmasında duran Sərəncamlarının ləğvi və ya etibarsız hesab edilməsi istiqamətində tələbin irəli sürülməsi ilə bağlı hüquqlarının mövcud olduğu izah olunmuş, eyni zamanda inzibati aktın ləğvi və etibarsızlığı əsaslarının fərqləndirilməsi, hazırki iddia növünün müəyyən etmə və tanınma barədə iddia olması, iddiaçıların isə inzibati aktın ləğv edilməsini tələb etmək kimi mübahisələndirmə haqqında iddia növü ilə məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilmiş, inzibati prosessual qanunvericiliklə yanaşı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda inzibati aktın ləğvi və etibarsızlığı əsasları nədən ibarət olması tərəflərin diqqətinə çatdırılmışdır. Hazırkı halda sərəncamların mübahisələndirilməsi ilə bağlı mübahisələndirmə və ya etibarsız hesab edilməsi ilə bağlı müəyyən etmə və tanınma növlərindən hansının seçilməsi soruşulmuşdur. İddiaçılar Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, 453 nömrəli Sərəncamının və həmin Sərəncam əsasında verilmiş 030903 nömrəli, xx.xx.1999-cu il tarixli orderin və Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, 426 nömrəli Sərəncamların etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir ki, iddia tələbindən də görünür ki, iddiaçı məhz cavabdehin inzibati aktı qəbul etməsinə səlahiyyəti olmaması əsası ilə hazırkı iddianı qaldırmış, məhkəmə iclasında da eyni mövqedən çıxış edilmişdir. Göründüyü kimi iddiaçılar sərəncamların etibarsız hesab edilməsi ilə əlaqədar müəyyən etmə və tanınma növündə iddia ilə məhkəməyə müraciət etmiş, sərəncamların etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirmə növündə iddia üzrə 30 günlük prosessual müddətin ötürülməsinin yoxlanılmalı olması ilə bağlı hal mövcud olmuş olsa da (İddiaçılar inzibati aktın mövcudluğundan Bakı şəhəri Yasamal rayon Məhkəməsində baxılan 2(004)-6263/2021 saylı iş üzrə məhkəmə icraatı zamanı xəbərdar olmuşdurlar) hazırkı iddia tələbi müəyyən etmə və tanınma növündə iddia kimi sərəncamların etibarsız hesab edilməsi ilə bağlı olduğundan və inzibati prosessual qanunvericiliklə həmin iddia növünə münasibətdə müddətlə bağlı şərt müəyyən edilmədiyindən iddia mümkün hesab edilir. Beləliklə hazırkı növ iddianın verilməsi ilə bağlı prosessual müddət ötürülmədiyindən, müddətin bərpa edilməsi barədə ərizənin verilməsi əsası, eyni zamanda həmin ərizənin verilməli olmasına dair hüquqların izah edilməli olması əsası da aradan qalxmış olur. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iddia mümkünlük şərtləri yerinə yetirilməklə verilmiş, subyektiv hüquqla bağlı, eyni zamanda iddia mübahisələndirmə növündə iddia olmadığından müddətlə bağlı şərt pozulmamış, iddiaçılar hazırkı növ, yəni müəyyən etmə və tanınma növündə iddia üzrə hüquq və mənafelərinin qorunmasına çalışdığından icraata qəbul edilmiş iddia mümkün hesab edilməlidir. İddianın mübahisələndirmə və ya müəyyən etmə və tanınma formasında olmasının məhkəmənin mahiyyəti üzrə qiymətləndirmə aparmasına münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, AR İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Eyni zamanda iddianı mübahisələndirmə növündə olmasında israr edərək daha sonra prosessual müddətin yoxlanılması və ehtimal olunan müddətin üzrsüz hesab edilərək bərpa edilməməsi və iddianın qeyri mümkün hesab edilməsinə yönələ biləcək prosessual hərəkətlər etməyə də haqlı deyildir. Belə ki, AR İPM-nin 13 və 48-ci maddəsinin tələbləri iddianın mümkünsüzlüyü ilə nəticələnə biləcək hallarla uzlaşmır. Tərəf cavabdehin sərəncamlarının etibarsız hesab edilməsini qeyd edirsə, məhkəmə yardım etmənin prinsiplərindən kənara çıxmadan etibarsızlığın əsaslarının olub-olmamasını yoxlamalıdır. Eyni zamanda, təkrarən nəzərə alınmalıdır ki, iddiaçı tərəf məhz sərəncamın qəbuluna cavabdehin səlahiyyətinin olmamasında israrlıdır ki, səlahiyyətin olmaması da etibarsızlıq əsası qismində çıxış etdiyindən hazırkı növ iddiaya baxılması zərurəti yaranır. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət. 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Qanunvericiliyin tələbindən də göründüyü kimi publik hüquq sahəsinə aid olan müəyyən məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Adıçəkilən maddələrin təhlilindən müəyyən edilir ki, inzibati akt qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində geri çağrılana, ləğv edilənə, dəyişdirilənədək bütün şəxslər, o cümlədən inzibati aktın yönəldiyi fiziki və hüquqi şəxslər üçün hüquqi qüvvəyə malikdir ki, onun hüquqi qüvvəsi və hüquqi cəhətdən etibarlılığı həmin qərarı qəbul etmiş inzibati orqan və digər inzibati orqanlar üçün də istisna təşkil etmir. Bununla əlaqədar olaraq aşağıdakıların qeyd edilməsi zəruridir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Şərh olunan qanunvericiliyin müddəalarından göründüyü kimi, İnzibati icraat haqqlnda Qanunun 65.1-ci maddəsində inzibati aktın etibarsız sayılmasının konkret əsasları göstərilmişdir. Bu əsasların mövcud olması inzibati aktın heç bir hüquqi əhəmiyyətə malik olmadığını bildirir. Qanunvericiliyin bu əsasları dəqiq müəyyən etməsi ona xidmət edir ki, ilk növbədə aydın şəkildə inzibati aktı etibarsız edən hallar konkretləşdirilsin. İşin hallarından isə görünür ki, iddiaçılar mənzil sahəsinin ilkin olaraq X2 ayrılması, daha sonra isə X5 ayrılması ilə bağlı verilmiş sərəncamların etibarsız sayılması üçün yuxarıda qeyd olunan əsaslardan hər hansı birinin mövcudluğunu sübut edə bilməmişdir. Göründüyü kimi, iddiaçılar sərəncamların etibarsız hesab edilməsini tələb etsələr də, məhkəmə araşdırmaları zamanı inzibati aktın etibarsız hesab edilməsi üçün İnzibati icraat haqqında Qanunun 65.1-ci bəndində göstərilən hər hansı bir əsas aşkar edilməmişdir. Nəticə etibarı ilə isə məhkəmə hesab edir ki, hər nə qədər ki, mübahisə predmetini təşkil edən mənzilin ayrılması ilə bağlı sərəncamda İnzibati icraat haqqında Qanunun 65.1-ci bəndində səciyyələnmiş əsaslar mövcud olmadığı halda, həmin sərəncamların etibarsız sayılmasından söhbet gedə bilməz. Bundan əlavə olaraq, məhkəmə iddianın faktiki və hüquqi əsaslarının inzibati orqanın sərəncamlarının etibarsızlığı səbəbindən qanunsuz olub-olmamasına münasibətdə aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. Belə ki, işin hallarından da görünür ki, iddiaçılar hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, 453 nömrəli Sərəncamının və həmin Sərəncam əsasında verilmiş 030903 nömrəli, xx.xx.1999-cu il tarixli orderin və Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, 426 nömrəli Sərəncamın etibarsız hesab edilməsini arzulayırlar və bu halı onunla əsaslandırırlar ki, onlar 1995-ci ildə həmin mənzildə məskunlaşdığından, cavabdeh inzibati orqanın həmin mənzilin digər fiziki şəxsin adına verilməsi ilə bağlı Sərəncam vermək səlahiyyətində olmamışdır. Başqa sözlə desək, iddiaçılar inzibati aktların etibarsız hesab edilməsini bilavasitə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65.1.2-ci maddəsinə istinad edərək əsaslandırırlar. Məhkəmə bununla bağlı qeyd edir ki, iş materiallarında olan sənədlərə əsasən, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısı A.Ağayevin 1992-ci ildən 2-ci qrup əlili kimi güzəştli mənzil uçotuna götürülməsinə əsaslanaraq xx.xx.1999-cu il tarixli, 453 №-li Sərəncam qəbul etmiş və A.Ağayevə (5 nəfər ailə üzvü ilə) Ə.Qasımzadə küçəsi, ev 11 ünvanında yerləşən mənzilin verilməsini qərara almışdır. Bundan sonra X2 order verilmiş və Sərəncamda adları çəkilən şəxslərin (ailə tərkibinin) adları göstərilmişdir. Bundan sonra, Bakı şəhəri, A.Abbasov küçəsi (keçmiş Ə.Qasımzadə) küçəsi, 11 saylı evin, yaşayış sahəsi 29,33 kv.m olan 2 otaqlı 69 saylı mənzilinin kirayəçisi X1 vəfat etməsi ilə əlaqədar mənzilin kirayə müqaviləsinin X3 adına keçirilməsi barədə xx.xx.2009-cu il tarixli, 426 №-li Sərəncam verilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, doğrudur ki, iddiaçıların Ə.Qasımzadə küçəsi 11, mənzil 69 ünvanında qeydiyyatda məskunlaşması (Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin arayışına əsasən 1995-ci ildə), mübahisəli Sərəncamların qəbul edildiyi tarixdən əvvələ aiddir. Lakin, nəzərə alınmalıdır ki, mübahisəli Sərəncamların kökündə X1 ikinci qrup gözdən əlil kimi 1992-ci ildən güzəştli mənzil uçotunda dayanması təşkil edir ki, bu da cavabdeh inzibati orqanın öz səlahiyyətləri çərçivəsində, yəni, mənzil növbəsində olan şəxsin mənzillə təmin edilməsində səlahiyyətli olan orqan qismində çıxış etdiyini göstərir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 01 oktyabr 2009-cu il tarixədək olan redaksiyasında qeyd olunmuşdur ki:

30. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar, bir qayda olaraq, yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsində uçota götürülürlər. SSRİ Nazirlər Soveti və Azərbaycan SSR Nazirlər Soveti tərəfindən müəyyən edilən hallarda və qaydada vətəndaşlar yaşayış yerindən kənarda da uçota götürülə bilərlər.

48. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq hərbi şəhərciklərdə yaşayış sahələri orderləri SSR İttifaqı qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilir. Göründüyü kimi hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan qanunvericilik mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların yaşayış yeri üzrə uçota götürülməsini, yaşayış sahəsinə köçmək üçün order vermək səlahiyyətini xalq deputatları Sovetinin icraiyyə komitəsinə aid etmişdir. Məhkəmə qeyd edir ki, mübahisəli inzibat (xx.xx.1999-cu il 453 saylı) xalq deputatları Sovetləri tərəfindən deyil, yerli rayon icra hakimiyyətinin başçısı tərəfindən qəbul edildiyindən, həmin dövrdə qüvvədə olmuş qanunvericilik yoxlanılarkən müəyyən olunmuşdur ki, “Respublikanın iqtisadi və ictimaisiyasi həyatını sabitləşdirmək sahəsində əlavə tədbirlər haqqında” 8 oktyabr 1991-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikasının Prezidentinə hüquq verilmişdir ki, yerli dövlət hakimiyyəti və idarəetmə orqanlarının təşkili və fəaliyyəti qaydasının müəyyən olunması, onların tabeliyinin təyin edilməsi, mərkəzi dövlət idarəetmə orqanlarının yaradılması və ləğvi məsələləri barəsində fərmanlar versin. Bu Qanunun icrası ilə bağlı qəbul edilmiş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli Fərmanı (ləğv edilmiş) ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə” ilə xalq deputatları Sovetlərinin və icra hakimiyyətinin səlahiyyətləri tənzimlənmişdir.Fərmanın 4-cü bəndində qeyd olunmuşdur ki, şəhər rayonlarında icra hakimiyyətinin başçısı təyin edilən kimi şəhərlərdə rayon xalq deputatları Sovetlərinin və onların icraiyyə komitələrinin səlahiyyətlərinə xitam verilir. Göründüyü kimi, qanunvericilikdə baş vermiş dəyişikliklərlə müəyyən olunmuşdur ki, şəhər rayonlarında icra hakimiyyətinin başçısı təyin edilən kimi şəhərlərdə rayon xalq deputatları Sovetlərinin və onların icraiyyə komitələrinin səlahiyyətlərinə xitam verilmiş, nəticə etibarı ilə da vətəndaşların mənzil uçotuna alınması, mənzillə təmin edilməsi səlahiyyəti yerli icra hakimiyyətinin başçılarına aid edilmişdir. Baş vermiş bu dəyişiklik ona dəlalət edir ki, mübahisəli inzibati akt - xx.xx.1999-cu il 453 saylı, səlahiyyətli inzibati orqan tərəfindən qəbul edilmişdir. Digər inzibati akta münasibətdə Məhkəmə qeyd edir ki, mübahisələndirilən inzibati aktın mənzilin kirayə müqaviləsinin dəyişdirilməsi və kirayə müqaviləsinin X3 adına dəyişdirilməsi ilə bağlıdır. Nəzərə alınmalıdır ki, həmin inzibati aktı xx.xx.2009-cu il tarixə təsadüf edir ki, bu zaman Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə qüvvədə olmuşdur. Əsasnamənin (ləğv olunmuş) 32-ci maddəsindən görünür ki, dövlət mülkiyyətində olan mənzil fondunun, kommunal və yol təsərrüfatının istismarını və müvafiq surətdə idarə olunmasını təşkil etmək, müvafiq sahədə fəaliyyət göstərən müəssisələrin fəaliyyətinə nəzarəti həyata keçirmək; mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotunu aparmaq və dövlət yaşayış fonduna daxil olan binalarda onlara mənzil vermək İcra hakimiyyəti başçısının səlahiyyətlərinə aid edilmişdir. Göründüyü kimi mübahisəli inzibati akt qəbul edilən tarixdə,yəni xx.xx.2009-cu il tarixdə, yerli icra hakimiyyəti orqanı öz səlahiyyətləri çərçivəsində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotunu aparan orqan olduğundan, bundan irəli gələn mübahisələrdən doğan məsələlər üzrə səlahiyyətli olmuş, bununla da mübahisəli mənzilə dair kirayə müqaviləsinin X3 adına keçirilməsində də səlahiyyətli olmuşdur. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçılar “İnzibati icraat haqqında” Qanunun 65.1.2-ci maddəsində istinad edərək, mübahisəli inzibati aktların səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edildiyini bildirsələr də, yuxarıda göstərilən bütün dəlillər bunun tam əksini, yəni mübahisəli sərəncamların müvafiq olaraq həmin səlahiyyətlərə malik olan yerli icra hakimiyyəti orqanı tərəfindən qəbul edildiyini təsdiq edir. Göründüyü kimi işin faktiki halları cavabdeh tərəfindən qəbul edilmiş inzibati aktların etibarsız hesab edilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş halların mövcud olmadığını təsdiq edir. Həmin hallar yoxdursa, inzibati aktların etibarsız hesab edilməsindən, nəticədə hazırkı iddia tələbinin təmin edilməsindən söhbət gedə bilməz. Məhkəmə ən sonda onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçılar orderin verilməsinə etibarsız hesab edilməsini arzulasalar da, orderin verilməsinin əsasında mübahisələndirilən Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, 453 nömrəli Sərəncamı dayandığından və həmn Sərəncam etibarsız hesab olunmadığından, orderin etibarsız hesab edilməsindən də söhbət gedə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar