Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-746/2023 08.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X12 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 08 fevral 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı, mərhum X4 ünvan 1 ünvanda yerləşən 0,50 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarış verilməsi üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) müraciət etmiş, lakin cavabdeh **********88 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən təqdim edilən sərəncamda torpaq sahəsinin yerləşməsi Maştağa qəsəbəsi qeyd olunsa da, torpaq sahəsinin Buzovna qəsəbəsində yerləşdiyi müəyyən olunmuşdur. Həmçinin torpaq sahəsi qaz xəttinin mühafizə zolağında yerləşir. İddiaçı cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 0,50 ha torpaq sahəsi üzərində hüquqların X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum X11 iddiaçının babasıdır. O, 1983-cü ildə ölmüşdür. Bakı Şəhər X9 İK-nin 30 mart 1956-cı il tarixli qərarına əsasən, müharibə iştirakçısı olmuş mərhum babası-X6 Bakı şəhəri, Maştağa rayonu (indiki Xəzər rayonu) ərazisində 0,50 hektar toraq sahəsinin ayrılması qərara alınmışdır. O, Bakı şəhəri 7 saylı Xüsusi Notariat Kontoruna müraciət edərək, X3 miras qalmış ünvan 1 ünvanda yerləşən torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadatnamənin verilməsini xahiş etmiş və vərəsə kimi tanınmışdır. Bundan sonra Bakı şəhəri 7 saylı Xüsusi Notariat Kontoru və o, sözügedən torpaq sahəsinə dair hüquqların X6 məxsus olması barədə arayış verilməsi üçün cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişlər. Cavabdeh sözügedən torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. Sözügedən ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin yerləşdiyi Xəzər rayonu əvvəllər “Maştağa” rayonu adlandığına görə Bakı Şəhər X9 İK-nin 30 mart 1956-cı il tarixli sənədində torpaq sahəsinin yerləşdiyi ərazi “Maştağa” kimi qeyd olunmuşdur. Bu fakt Xəzər rayonu İHB-nin Buzovna qəsəbəsi üzrə Nümayəndəliyinin arayışı və Azərbaycan SSRİ X13 heyətinin 07 yanvar 1960-cı il tarixli, 11/7 nömrəli fərmanı ilə də təsdiq olunur. Həmin Fərmanla qərara alınır ki, “Maştağa” və “Əzizbəyov” rayonları bir rayona - Əzizbəyov rayonuna birləşdirilsin. Bakı şəhər XDS İK tərəfindən verilmiş qərarda torpaq sahəsinin üzümçülük bağlarının salınması üçün ayrılması cavabdehə əsas vermir ki, sözügedən torpaq sahəsinə dair hüquqların X6 məxsus olmasından imtina etsin. Həmin sənəddə açıq aydın qeyd olunur ki, torpaq sahəsi müharibə iştirakçısı olmuş X11 üçün ayrılır. Sözügedən torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinanın digər səbəbi isə torpaq sahəsinin qaz xəttinin mühafizə zolağında yerləşməsi kimi qeyd olunmuşdur. Bu faktla bağlı o, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə müraciət etmiş, aldığı cavab məktubunda ona bildirilmişdir ki, qeyd etdiyi torpaq sahəsi SOCAR-ın istismarında olan qaz boru kəmərlərinin mühafizə zonası xaricindədir. Torpaq sahəsinin yaxından keçən qaz xətti yüksək təzyiqli qaz xətti deyil. Bundan əlavə cavabdeh orqanın imtina məktubunda istinad etdiyi AR Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonalarının və təhlükəsizlik tədbirləri qaydalarının 2.11-ci bəndinə əsasən Dövlət Neft Şirkəti və onun yerli orqanlarından yazılı razılıq almadan qadağan olan işlərin siyahısı göstərilmiş və həmin siyahıda torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qeyd olunmamışdır. Buradan da belə nəticəyə gəmək olar ki, torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Dövlət Neft Şirkətinin yazılı razılığı tələb olunmur. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, torpaq sahəsinə dair təsdiq edilmiş yerləşmə cizgisi təqdim edilməmişdir və təqdim edilən Bakı şəhər XDS İK tərəfindən verilmiş qərarda torpaq sahəsi üzümçülük bağlarının salınması üçün ayrılmışdır. Təqdim edilən sərəncamda torpaq sahəsinin Maştağa qəsəbəsi ərazisində yerləşdiyi qeyd olunsa da, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin Buzovna qəsəbəsində yerləşdiyi müəyyən olunmuşdur. Həmçinin elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi qaz xəttinin mühafizə zolağında yerləşir. İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş texniki baxış zamanı müəyyən olunmuşdur ki, torpaq sahəsinin şərq sərhəddi boyu 0,4 metr məsafədə diametri 400,0 mm olan qaz borusu keçir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır və iddiaçıya xx.xx.2021-ci il tarixli, **********88 saylı və xx.xx.2022-ci il tarixli, **********83 nömrəli imtina məktubları ünvanlanmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizilik tədbirləri qaydlarının 2.7-ci bəndinin tələblərinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizəsi üçün ayrılmalıdır. Həmin qaydaların 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri 7 saylı Xüsusi Notariat Kontoru N.Ə.Vədətov tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubun surətindən görünür ki, X5 xx.xx.1983-cü il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin xx.xx.2018-ci il tarixli ərizəsi əsasında mərhumun vərəsəsinin gəlini X2, nəvəsi İddiaçı olması barədə məlumat verilir. 1956-cı ildə həmin sahə Bakı şəhəri, Maştağa rayonu və hal-hazırda Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı 1 ünvanında yerləşən 0,50 ha torpaq sahəsinə aid çıxarış verilməsi xahiş olunur; Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 27 avqust 2021-ci il tarixli məktubla təqdim edilmiş Bakı şəhər X9 İcraiyyə Komitəsinin 30 mart 1956-cı il tarixli 34 №-li iclas protokolunun 917-ci bəndindən “İstefada olan hərbçilərə 4,60 ha torpaq sahələrinin və üzüm bağlarının ayrılması haqqında” arxiv çıxarışının surətindən görünür ki, istefada olan polkovnik-leytenant X6 Maştağa qəsəbəsində 0,50 ha üzümçülük sahəsi ayrılmışdır; Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2018-ci il tarixli arayışının surətindən görünür ki, hazırkı Xəzər rayonu əvvəllər Əzizbəyov rayonu və ondan əvvəl 1956-cı ildə Maştağa rayonu adlanmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 045445 №-li, xx.xx.2003-cü il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X10 05 oktyabr 1983-cü ildə ölmüşdür; Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq: Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı 13 may 2022-ci il tarixli məktubla keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1956cı il tarixli, 34 saylı protokolun 917-ci punktundan təsdiq edilmiş arxiv çıxarışı məhkəməyə təqdim edilmişdir. Həmin çıxarışdan görünür ki, istefada olan polkovnik-leytenant X6 Maştağa qəsəbəsində 0,50 ha üzümçülük sahəsi ayrılmışdır; Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İB-nin 05 noyabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı ilə bağlı məhkəmə işində qeyd olunan torpaq sahəsinin koordinatları üzrə aparılan araşdırma zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün “Azneft” İstehsalat Birliyinin daimi istifadəsinə ayrılmış torpaq sahələrinin hüdudları xaricində yerləşir, həmçinin “Azneft” İstehsalat Birliyinə aid hər hansı bir mühəndis-kommunikasiya qurğularının mühafizəsi zonasına düşmür; Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyəti başçısının İ müavininin 20 dekabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, indiki Xəzər rayonunun yaşayış məntəqələri 1921- 1936-cı illər ərzində mövcud olan və o zaman daha geniş ərazini, həmçinin bir neçə digər kəndləri də əhatə edən “Qala-Maştağa inzibati rayonu”nun ərazisinə aid edilmişdir. Sonralar inzibati rayonlaşmanın yeni bölgüsünə uyğun olaraq hazırkı Xəzər rayonunun yaşayış məntəqələri 1936-cı ildə yaradılan və 1966-cı ilədək fəaliyyətdə olmuş S.Artyom (F.S.Sergeyev) rayonu inzibati vahidliyinə qatılmışdır. 1966-cı ildə “M.Əzizbəyov adına rayon” inzibati ərazi vahidliyi təsis olunmuş və 2011-ci il may ayının 24-də isə rayonun adı yenidən dəyişdirilərək “Xəzər” adlandırılmışdır; 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********89 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.17-ci bəndinə uğun olaraq küçələrə və meydanlara adların verilməsi və dəyişdirilməsi yerli İcra Hakimiyyətinin səlahiyyətindədir; 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********08 nömrəli məktubunda qeyd edilmişdir ki, Buzovna qəsəbəsinin və ya Xəzər rayonunun 1956-cı ildə Maştağa qəsəbəsi və ya rayonu adlanıb-adlanmaması barədə məlumatın göndərilməsi barədə verilmiş sualın obyektiv cavablandırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə və ya yerli İcra Hakimiyyətinin orqanına sorğu verilməsi məqsədəuyğundur. Belə ki, 1 saylı Bakı Ərazi İdarəsinin arxiv və elektron bazasında bu suala dair təsdiqedici materiallar mövcud deyildir; Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının İ müavininin 28 dekabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, sorğuda qeyd edilən məsələ ilə bağlı Rayon İcra Hakimiyyətində məlumat yoxdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 sentyabr 2022-ci il tarixli 10/6092 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi xx.xx.2022ci il tarixli, **********54 nömrəli mütəxəssis rəyinə əsasən, Bakı şəhər XDS İK-nin xx.xx.1956-cı il tarixli qərarı ilə X6 ayrılmış ünvan 1 ünvanında yerləşən 0,50 ha ölçülü torpaq sahəsinin qaz xəttinin (diametri 400 mm) mühafizə zolağında yerləşdiyi müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 noyabr 2022-ci il tarixli 10/6898 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 3.4 bəndinin tələblərinə əsasən Bakı şəhər XDS İK-nin xx.xx.1956-cı il tarixli qərarı ilə X6 ayrılmış ünvan 1 ünvanında yerləşən 0,50 ha ölçülü torpaq sahəsinin qaz xəttinin (diametri 200 mm) mühafizə zolağında yerləşmədiyi müəyyən edilir. Qeyd olunur ki, ilkin ekspertiza rəyinin nəticəsindən fərqli olması, ilkin ekspertiza rəyinin iş materiallarındakı mütəxəssis rəyinə əsasən yazılması səbəbindən yaranmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 2015-ci il 13 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; ...
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimat: 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. 7.3. Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada elektron çıxarış verildikdə, notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: Maddə 66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. ...
4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır 108.1. Prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir;
109. Prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir; 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi: Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. İddiaçı Bakı şəhər X9 İcraiyyə Komitəsinin 30 mart 1956-cı il tarixli qərarına istinad edərək, hüququn vərəsəsi olduğu şəxsə məxsus olması barədə arayışın verilməsi tələbini irəli sürmüşdür. Cavabdehin imtinasının əsasını dörd hal təşkil edir: 1) torpaq sahəsinə dair təsdiq edilmiş yerləşmə cizgisinin təqdim edilməməsi; 2) istinad olunan qərarda torpaq sahəsinin üzümçülük bağlarının salınması üçün ayrılmış olması, 3) istinad olunan qərarda torpaq sahəsinin Maştağa qəsəbəsi ərazisində yerləşdiyi qeyd olunsa da, torpaq sahəsinin Buzovna qəsəbəsində yerləşməsi; 4) torpaq sahəsinin qaz xəttinin mühafizə zolağında yerləşməsi. Məhkəmə iddia tələbinin onun hüquqi əsasının dispozisiya şərtlərinə uyğunluğunu və cavabdehin imtinasının dəlillərini araşdıraraq, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiaçının istinad etdiyi hüquqmüəyyənedici sənəd, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.8-ci maddəsində göstərilən Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 2015-ci il 13 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmamışdır. Belə ki, həmin siyahının 1.4-cü bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən yaşayış və bağ evlərinin tikintisi üçün xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar qeyd olunmuşdur. İddiaçının vərəsəsi olduğu şəxsə isə mübahisə predmeti torpaq sahəsi üzümçülük bağlarının salınması üçün ayrılmışdır. Bu məqsədlə ayrılmış torpaq sahələrinə dair qərarlar isə hüquqların dövlət qeydiyyatı üçün əsas qismində qanunvericilikdə nəzərdə tutulmamışdır. Siyahıda hüquqmüəyyənedici sənədlər konkret olaraq sadalandığından geniş təfsir edilməsi yolverilməzdir. Bundan əlavə, iddiaçının vərəsəsi olduğu şəxsin qərar əsasında istifadəsinə ayrılmış torpaq sahəsinin ayrıc aktı, sahənin bölgü sxemi, plan-ölçüsü və digər sənədləri mövcud olmadığından (iddiaçı həmin sənədlərin mövcudluğuna istinad etməmişdir) onun naturada harada yerləşməsi müəyyən olunmur və belə olan halda, iddiaçının hazırda iddia etdiyi sahənin sərəncam ilə onun vərəsəsi olduğu şəxsin qanuni istifadəsinə ayrılmış sahə olması qənaətinə gəlmək mümkün deyildir. Həmçinin Məhkəmə xüsusilə vurğulayır ki, istinad olunan qərarda torpaq sahəsinin Maştağa qəsəbəsi ərazisində yerləşdiyi qeyd olunsa da, hazırda iddia olunan torpaq sahəsi Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşir. Buzovna qəsəbəsinin və ya Xəzər rayonunun 1956-cı ildə Maştağa qəsəbəsi və ya rayonu adlanıb-adlanmaması istiqamətində aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, indiki Xəzər rayonunun yaşayış məntəqələri 1921-1936-cı illər ərzində mövcud olan və o zaman daha geniş ərazini, həmçinin bir neçə digər kəndləri də əhatə edən “Qala-Maştağa inzibati rayonu”nun ərazisinə aid edilmişdir. Sonralar inzibati rayonlaşmanın yeni bölgüsünə uyğun olaraq hazırkı Xəzər rayonunun yaşayış məntəqələri 1936-cı ildə yaradılan və 1966-cı ilədək fəaliyyətdə olmuş S.Artyom (F.S.Sergeyev) rayonu inzibati vahidliyinə qatılmışdır. 1966-cı ildə “M.Əzizbəyov adına rayon” inzibati ərazi vahidliyi təsis olunmuş və 2011-ci il may ayının 24-də isə rayonun adı yenidən dəyişdirilərək “Xəzər” adlandırılmışdır. Göründüyü kimi, iddiaçının vərəsəsi olduğu şəxsə torpaq sahəsi ayırlan dövrdə hazırkı Xəzər rayonunun yaşayış məntəqələri, o cümlədən Buzovna qəsəbəsi S.Artyom (F.S.Sergeyev) rayonu inzibati vahidliyində olmuşdur. Belə olan halda, hazırda Xəzər rayonunun Buzovna qəsəbəsində iddia olunan torpaq sahəsinin yerləşdiyi yer 1956cı ildə Maştağa qəsəbəsi kimi göstərilə bilməzdi. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Məhkəmə iddianın təmin edilməməsi nəticəsinə gəldiyindən, iş üzrə aparılmış iki ekspertiza tədqiqatının dəyəri olaraq, 100 manat məbləğində pul İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Həmid Ağalarov