Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7462/2021 08.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “şifahi müsabiqənin nəticəsinin ləğv edilməsi və yenidən müsabiqənin keçirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Vəkillər Kollegiyasının onun barəsində 16 fevral 2021-ci il tarixdə keçirdiyi şifahi müsabiqənin nəticəsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 31.01.2020-ci il tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlərlə, müsabiqənin keçirilməsi üçün aparılmış test imtahanından 63 bal toplayaraq, yazılı (test) imtahanını uğulu keçmişdir. 16.02.2021-ci il tarixdə isə şifahi imtahan verməli idi. 16.02.2021-ci il tarixdə şifahi müsabiqədən imtahan keçirilən zaman o, siyahı üzrə 13-cü namizəd idi. Təyin olunmuş imtahan 14:30-dan 18:30-a kimi tərtib edilmiş siyahı üzrə öz növbəsini gözləməli olmuşdur. İddiaçı imtahanın necə keçirilməsi barədə təlimatlandırılmamışdır. İmtahanın hansı qaydada aparılması qaydası əvvəlcədən bildirilməmişdir. Növbə üzrə o, müsabiqəyə saat 18:30-da, dörd saatdan sonra çağırıldığı zaman, özünü artıq pis hiss edirdi. Bu barədə, heç kəsə deyə bilmədi. Baş ağrısının və təzyiqinin yüksək olması, onu çox narahat edirdi. Müsabiqə keçirilən kabinetə daxil olanda, masanın üzərində ağ bir kağızda yazılmış suallar var idi. Həmin sualları gözdən nəzər yetirəndə, yazılı (test) imtahanında düşmüş bəzi suallardan ibarət olduğunu gördü. Yuxarıda qeyd etdiyi kimi həmin sualları test imtahanında cavablandırdığı üçün imtahanı uğurlu balla keçmişdi. Lakin müsabiqə keçirilən kabinetdə qarşısına təqdim edilən suallara cavab vermək üçün ona düşünüb, fikrini toplamaq üçün bir dəqiqə də olsun vaxt verilməmişdir. Eyni zamanda həmin vaxtı təzyiqi olduğundan dərhal verilən suallara cavab verməyə fikrini tam cəmləyə bilməmişdi. Hansı səbəbdənsə, yazılı suallardan əlavə ondan heç bir sual və şəxsi məlumatı barədə soruşulmadı. Beş dəqiqə ərzində onunla söhbət edildi və onun şifahi müsabiqədən keçib-keçməməyi barədə məlumat verilmədən, gedə biləcəyini söylədilər. Müsabiqədən çıxan kimi özünü pis hiss etdiyi üçün saat 19:25 radələrində qeydiyyatda olduğu 24 saylı şəhər poliklinikasına müraciət etdi. Bakı şəhəri 24 saylı poliklinikasının tibbi arayışında qeyd edilib və açıq-aydın görünür ki, o, həqiqətən də 16.02.2021-ci il tarixdə 19:25 radələrində kəskin baş ağrısı, baş hərlənmə, ürək bulanma, ürək nahiyəsində olan sıxıntıdan və hava çatışmamazlığı şikayəti ilə poliklinikaya müraciət etmiş, müraciəti əsasında ona sahə həkimi tərəfindən tibbi müayinə keçirilmişdir, müayinənin nəticəsi olaraq arterial təzyiqin yüksəlməsi göstərilmişdir. Bu barədə o, 16.02.2021-ci il tarixdə 24 saylı şəhər poliklinikasının ambulator pasiyentlərin qeydiyyat kitabından siyahı üzrə 1002-ci xəstə kimi qeydiyyatından keçmişdir. Şifahi müsabiqənin keçirildiyi günün səhəri günü, yəni 17.02.2021-ci il tarixdə Azərbaycan Respublikası Vəkillər X3 müraciət edərək, tibbi arayışını təqdim etmək istəyəndə, heyətin üzvlərindən ona keçirilmiş müsabiqə üzrə nəticələrin cavabından sonra, lazım gələrsə, təqdim edəcəyini söyləmişlər. O da nəticələri gözləməli oldu. Keçirilmiş şifahi müsabiqənin siyahısında nəticə olaraq öz ad, soyadını görmədikdə, Rəyasət Heyətinə əlində olan tibbi arayışı götürüb getdi. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının inzibati binasına gəldi və əlində olan tibbi arayışı yazılı ərizəsinə əlavə edərək, onu təkrar olaraq, şifahi müsabiqədən keçirilməyi barədə kollegiyanın dəftərxanasına müraciət etdi. Ərizəni rəsmi qəbul etdirdiyindən sonra rəyasət heyətindən ona bildirildi ki, o, tibbi arayışı vaxtında təqdim etməmişdir. O da bu barədə öz iradını bildirdikdə, onlar ona rəsmi cavab verəcəklərini qeyd etdilər. Azərbaycan Respublikası Vəkillər X2 11 mart 2021-ci il tarixli 326 saylı məktubla müraciət etdiyi ərizəyə cavab olaraq, vəkilliyə qəbulla bağlı ixtisas imtahanının şifahi müsahibə mərhələsinin nəticələrinin yenidən qiymətləndirilməsi barədə ərizəyə, Vəkillər X2 10.03.2021-ci il tarixli iclasında baxıldığı və əsas olmadığından Rəyasət Heyətinin qərarı ilə müraciətin təmin edilməməsi cavabı verilmişdir. Halbuki, o, müraciətini tam və dolğun əsaslandırmışdır. Təkrar olaraq 02.04.2021-ci il tarixdə o, Azərbaycan Respublikası Vəkillər Kollegiyasına müraciət edərək, keçdiyi şifahi müsahibənin yenidən keçirilməsini və müraciət etdiyi ərizəyə onun iştirakıyla baxılmasını xahiş etmişdir. Vəkillər X2 sədr müavinin imzası ilə 474 nömrəli, 15.04.2021-ci il tarixli cavab məktubunda heyətin katibliyinə daxil olmuş təkrar ərizəsinə cavab olaraq, eyni məzmunlu ərizə heyət tərəfindən 326 saylı, 11.03.2021-ci il tarixli məktubla cavab verildiyi göstərilmişdir. Lakin verilmiş cavab, onun yazdığı ərizəyə heç də uyğun deyildi. 05.05.2021-ci il tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasına yenidən ərizə ilə müraciət edərək, sənədlərini yığıb ətraflı fikirlərini bildirsə də nəticədə eyni qaydada təkrar cavab almışdır. Həmçinin 05.05.2021-ci il tarixdə onun Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədrinin adına, onu pandemiya dönəmini nəzərə alaraq, onlayn görüntülü görüş barədə xahişini belə nəzərə almayıblar. İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə 25 ildən artıq qulluq etmişdir. 1996-cı il tarixdən 2006-cı il tarixə kimi Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin rəisi vəzifəsində işləmişdir. 2006-cı il tarixdən 2018-ci il tarixi daxil olmaqla, Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru və rəis əvəzi vəzifəsində işləmişdir. 2018-ci il tarixdə o, öz könüllü ərizəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən işdən çıxmışdır. İş fəaliyyətini, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmaq və vəkil kimi fəaliyyət göstərmək arzusunda davam etdirməkdir. Ona görə də imtahana hazırlaşıb, verilən yazılı test imtahanından uğurla bal toplamaqla keçmişdir. 2018-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən işdən çıxdıqdan sonra 13.12.2018-ci il tarixdən təsis etdiyi “X7” MMC-də hüquqşünas kimi fəaliyyət göstərir. Bir daha bildirmək istərdi ki, o, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmağa və vəkillik fəaliyyətinin daha da inkişaf etməsinə öz bacarığını sərf etmək istəyir. Yuxarıda yazılanları nəzərə alaraq, məcburiyyət qarşısında qalıb, məhkəməyə iddia ərizəsi ilə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Məhkəmənin 2-1(112)-7462/2021 nömrəli, 08.10.2021-ci il tarixli qərardadı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Vəkillər X4 əsl cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə əvəz edilmiş, İddiaçı “Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən 16 fevral 2021-ci il tarixdə keçirilən şifahi müsabiqənin nəticəsinin ləğv edilməsi və yenidən müsabiqənin keçirilməsi” barədə iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı 31.01.2020-ci il tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının yazılı test mərhələsində 63 bal toplayaraq şifahi müsahibədə iştirak etmək məqsədilə Vəkillər Kollegiyası Rəyasət Heyəti tərəfindən müəyyən olunmuş sənədlərinin qəbul edilməsini və ixtisas imtahanının şifahi müsahibə mərhələsinə buraxılmağını xahiş etmişdir. İddiaçı 16 fevral 2021-ci il tarixdə peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə ixtisas imtahanının şifahi müsahibə mərhələsində iştirak etmiş, onun imtahan nəticələri Vəkillərin İxtisas Komissiyasının üzvləri tərəfindən vəkilliyə namizədlə keçirilən şifahi imtahanın qiymətləndirmə cədvəlində yazılı şəkildə qiymətləndirilmiş, 18 fevral 2021-ci il tarixli 06 saylı şifahi imtahan iclas protokolu tərtib edilmişdir. Qeyd edilir ki, Vəkillərin İxtisas Komissiyasının 23.02.2018-ci il tarixli iclas qərarı ilə vəkilliyə qəbulla bağlı ixtisas imtahanının şifahi müsahibə mərhələsinin müəyyən olunmuş dövriliyinə əsasən şifahi müsahibənin nəticələrinin elan olunması üçün müsahibələrdə azı 100 vəkilliyə namizəd iştirak etməlidir. İddiaçının iştirak etdiyi müsahibənin dövriliyi 18.02.2021-ci il tarixdə baş tutan şifahi müsahibə ilə tamamlanmışdır. Vəkillərin İxtisas Komissiyası tərəfindən 18.02.2021-ci il tarixdə baş tutmuş şifahi müsahibədə İddiaçı ünvanlanmış suallara verdiyi cavablar İxtisas Komissiyasının üzvləri tərəfindən “qeyri-məqbul” qiymətləndirildiyindən iddiaçıya Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi üçün rəy verilməmiş və bu 18.02.2021-ci il tarixli 6 saylı iclas protokolunda qeyd edilmişdir. 13.10.2020-18.02.2021-ci il tarixlərdə şifahi müsahibə mərhələlərində iştirak edərək müvəffəqiyyət qazanmış namizədlərin nəticələri 19.02.2021-ci il tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəsmi internet səhifəsində (https://barassociation.az/news/657) dərc edilmişdir. Bundan sonra iddiaçı Azərbaycan Respublikası Vəkillər X5 ərizə ilə müraciət edərək Vəkillərin İxtisas Komissiyası tərəfindən 16 fevral 2021-ci il tarixdə keçirilən şifahi müsahibə mərhələsində səhətinin pisləşməsi ilə əlaqədar suallara düzgün cavab vermədiyini bildirmiş və imtahan nəticələrinin ləğv olunaraq yenidən şifahi müsahibəyə buraxılmasını xahiş etmişdir. İddiaçının ərizəsinə Rəyasət Heyətinin iclasında baxılmış və 11.03.2021-ci il tarixli cavab məktubu ilə əsas olmadığı üçün müraciətinin təmin olunmadığı ona bildirilmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmişdir. İddia tələbi aşağıdakı əsaslarla hüquqi və faktiki baxımdan əsassız hesab edilir. 1. ixtisas imtahanının şifahi müsahibə mərhələsi qanunun tələblərinə uyğun keçirilmişdir. İddiaçının ixtisas imtahanının şifahi müsahibə mərhələsinin qaydalara uyğun keçirilmədiyini hesab etməsi barədə iddialarının heç bir faktiki və hüquqi əsası yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Azərbaycan Respublikasında fiziki və hüquqi şəxslərə yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi üzrə vəkillik fəaliyyətinin əsas prinsiplərini, vəkillərin hüquqi statusunu və onların özünüidarəsinin əsaslarını “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun müəyyən edir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İ, İİİ, 9-cu maddəsinin İ, V, 11-ci maddəsinin İİİ, 13-cü maddəsinin İ hissələrinin müddəalarından müəyyən edilir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq konstitusion hüququnun təmin edilməsi və Vəkillər Kollegiyası hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirilməsi üçün bu fəaliyyətə müdaxilə olunmadan, vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi və özünüidarəetmə qaydasında peşəyə qəbul Vəkillər Kollegiyası tərəfindən Vəkillərin İxtisas Komissiyasının (peşə hazırlığı və yararlılığının müəyyən edilməsi) və Rəyasət Heyətinin (üzvlüyə qəbul olunma) qarşılıqlı fəaliyyəti nəticəsində həyata keçirilir. Şübhəsizdir ki, Vəkillər Kollegiyası hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq konstitusion hüququnun təmin edilməsində məsul təsisat olmaqla peşəyə qəbul üzrə müstəsna səlahiyyətə malikdir və peşəyə qəbul qaydalarını müəyyən edir. Vəkillər Kollegiyası Rəyasət Heyətinin 7 iyul 2008-ci il tarixli Qərarı ilə “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları” təsdiq edilmişdir. İxtisas imtahanının yazılı (test) mərhələsinin keçirilmə şərtləri həmin Qaydaların 4.1-4.9cu bəndləri ilə, şifahi müsahibə mərhələsinin keçirilmə qaydaları isə 5.1-5.5-ci bəndləri ilə tənzimlənir. Qaydaların 5.3-cü bəndinə əsasən hər bir naməzədlə müsahibə fərdi qaydada 30 dəqiqəyədək aparılır. Namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər. COVİD-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə xüsusi karantin rejiminin tətbiq edildiyini nəzərə alaraq, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 05.06.2020-ci il tarixli 7 saylı iclas qərarı ilə “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi” Qaydalarının V hissəsinə dəyişiklik edilmişdir. Belə ki, dəyişikliyə əsasən Vəkillərin İxtisas Komissiyasının qərarı ilə vəkilliyə qəbulla bağlı ixtisas imtahanının şifahi müsahibə mərhələsi videokonfrans formatında keçirilə bilər. Vəkillərin İxtisas Komissiyası vəkilliyə qəbula dair imtahan proqramını https://barassociation.az/recruitment səhifəsində dərc etməklə namizədlərin diqqətinə təqdim etmişdir. Həmçinin iddiaçı öz iddiasında suallara cavab verə bilmədiyini özü etiraf edir. Qeyd edilir ki, iddiaçı imtahan zamanı və ya imtahandan əvvəl İxtisas Komissiyasının üzvlərinə və ya Vəkillər Kollegiyası aparatının əməkdaşlarına səhətinin pis olduğunu və şifahi müsahibə mərhələsinin təxirə salınması ilə bağlı müraciət etməmişdir. Qeyd edilir ki, test (yazılı) mərhələdə qapalı tipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb olunan test tapşırıqlarından istifadə edilir və imtahan yazılı şəkildə keçirilir. Bu mərhələnin məqsədi ilkin bazis hüquqi biliklərin mövcudluğunun yoxlanılmasıdır. Şifahi müsahibə mərhələsində isə cavab variantları verilməyən, sərbəst şəkildə şifahi cavablandırılan tapşırıqlar verilir ki, bu tapşırıqlara cavablardan namizədin peşə yararlılığı və peşə hazırlığı müəyyən edilir. Şifahi müsahibə çərçivəsində verilən cavablar test (yazılı) tapşırıqlardan fərqli olaraq namizədin həm hüquq sahəsinə aid bilik səviyyəsini daha əyani müəyyən etməyə, həm də suallara verdiyi cavablar çərçivəsində məntiqi nəticələr çıxarmaq qabiliyyətini yoxlamağa imkan yaradır. Həmçinin Vəkillərin İxtisas Komissiyasının üzvlərinin sərəncamında olan şəxsi işin özü (əsli) və üzvlərə paylanılan şəxsi işdən çıxarışlar namizədin hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilməsinə zərurəti aradan qaldırır. Göründüyü kimi namizədin şifahi müsahibə edilməsi Qaydalar çərçivəsində həyata keçirilməklə Vəkillərin İxtisas Komissiyasının səlahiyyətindədir və hər hansı qanun pozuntusundan söhbət belə gedə bilməz. Vəkillərin İxtisas Komissiyasının şifahi imtahanda iştirak edən hər bir üzvünün namizədin cavablandırdığı hər bir suala mümkün iki qiymətdən birini (“məqbul” və ya “qeyri-məqbul”) vermək imkanına malik olması və yekun olaraq rəy verilib-verilməməsi məsələsinin “məqbul” və “qeyri-məqbul” qiymətlərin riyazi nisbətindən asılı olması onlara Vəkillərin İxtisas Komissiyasının qiymətləndirmə azadlığı və diskresion səlahiyyət əsasında fəaliyyət göstərməsi barədə fikir irəli sürməyə tam əsas verir. Ümumiyyətlə, kollegial fəaliyyət göstərən bu tip imtahan (qiymətləndirmə, attestasiya) komissiyalarının fəaliyyətinin diskresion səciyyə daşıması mübahisəsizdir. Hesab edilir ki, iddiaçının ixtisas imtahanının şifahi müsahibə mərhələsinin keçirilmə şərtləri barədə iddiaları əsassızdır, Vəkillərin İxtisas Komissiyası ixtisas imtahanının qaydaları çərçivəsində öz mülahizəsi və seçimi ilə tətbiq edə biləcəyi diskresion səlahiyyətlərdən və dispozitiv davranış imkanlarından kənara çıxmamış, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun və “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi” Qaydalarının hər hansı bir müddəasını pozmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 73.3-cü maddələrinin tələblərinə istinadən “Vəkillər Kollegiyasına qəbulla bağlı 16.02.2021-ci il tarixli ixtisas imtahanlarının şifahi müsahibə mərhələsinin nəticələrinin ləğv edilməsinə” dair tələbinin mümkün sayılmaması, hazırkı iş üzrə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1958-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlərlə müsabiqənin keçirilməsi üçün aparılmış test imtahanının nəticələri haqqında məlumata əssaən 31.01.2020-ci il tarixdə keçirilmiş imtahanın nəticəsinə görə İddiaçı 63 bal toplamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyası Vəkillərin İxtisas Komissiyasının 16 fevral 2021-ci il tarixli 5 saylı iclasının protokolundan çıxarışda qeyd edilmişdir: Baxıldı: “1. Vəkillər Kollegiyası üzvlüyünə qəbul edilmək üçün yazılı test imtahanından müəyyən edilmiş keçid balını toplayaraq imtahanların şifahi mərhələsinə buraxılmış namizədlərin peşə yararlılığının müəyyən edilməsi və onların Vəkillər Kollegiyası üzvlüyünə qəbul edilməsinə dair rəy verilməsi məsələsinə baxılması üçün şifahi müsahibənin aparılması. Vəkillərin İxtisas Komissiyasının sədri R.İbrahimov giriş sözü ilə iclası açıq elan edərək Komissiyada yetərsay olduğunu bildirir. Vəkillər Kollegiyası Rəyasət Heyətinin 05.06.2020-ci il tarixli 7 saylı iclas qərarı ilə “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi” Qaydalarının V hissəsinə dəyişiklik edilmişdir. Belə ki, dəyişikliyə əsasən Vəkillərin İxtisas Komissiyasının qərarı ilə vəkilliyə qəbulla bağlı ixtisas imtahanının şifahi müsahibə mərhələsi videokonfrans formatında keçirilə bilər. COVİD-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə xüsusi karantin rejiminin tətbiq edildiyini nəzərə alaraq vəkilliyə qəbulla bağlı ixtisas imtahanının şifahi müsahibə mərhələsində Komissiyanın üzvləri - M.Sultanov, T.Kazımov, Q.Qəhrəmanova, İ.Abbasova, G.Rzayeva və E.Xələfov imtahanda onlayn videobağlantı vasitəsilə iştirak edirlər. İclas katibi Orxan Babayev namizədlərin telekomunikasiya cihaz və vasitələrinin onlardan alınması və onların digər şəxslərlə ünsiyyətinin istisna edilməsi məqsədi ilə təcrid edilərək ayrıca otaqda toplanılması barədə məlumat verdi və “Vəkilliyə namizdələrlə keçirilən şifahi imtahanın qiymətləndirmə” cədvəllərini üzvlərə payladı. Komissiya üzvləri arasında imtahan günü namizədlərə ünvanlanacaq vahid sualların müəyyən edilməsi üçün qısa müzakirədən sonra aşağıdakı sualların verilməsi razılaşdırıldı: İmtahan günü namizədlərə ünvanlanmış vahid suallar: 1. Vəkillik fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydaları; 2. Məhkumluq; 3. İnzibati mübahisələrin məhkəmə aidiyyəti; 4. Əqdlərin etibarsızlığı; 5. Azərbaycan Respublikası Konstitusiyasında müraciət etmək hüququ. Şifahi müsahibə başlanır. Namizədlər müsahibəyə dəvət olunurlar.
13. Vəkilliyə namizəd İddiaçı. İxtisas Komissiyasının sədri R.İbrahimov vəkilliyə namizədin şəxsi işində olan sənədlər əsasında onun barəsində komissiya üzvlərinə məlumat verir və qeyd edir ki, namizəd ixtisas üzrə yazılı test imtahanından 63 bal toplayıb. Komissiya üzvləri Q.Qəhrəmanova tərəfindən namizədə vəkillik fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydaları, İ.Abbasova tərəfindən məhkumluq, R.İbrahimov tərəfindən inzibati mübahisələrin məhkəmə aidiyyəti, M.Sultanov tərəfindən əqdlərin etibarsızlığı, G.Rzayeva tərəfindən Azərbaycan Respublikası Konstitusiyasında müraciət etmək hüququ ilə bağlı suallar ünvanlanır. Vəkillərin İxtisas Komissiyasının üzvləri vəkilliyə namizəd İddiaçı Vəkillər Kollegiyası üzvlüyünə qəbul edilməsi üçün rəy verilməsinə dair şifahi imtahanın nəticələri üzrə onlara əvvəlcədən paylanılmış “Vəkilliyə namizədlərlə keçirilən şifahi imtahanın qiymətləndirmə” cədvəlində hər bir sual üzrə namizədin cavabını ayrılıqda qiymətləndirməklə yazılı qeydlərini edir və namizədlə şifahi mərhələ başa çatır. 16.02.2021-ci il tarixində keçirilən vəkilliyə qəbulla bağlı şifahi müsahibədə iştirak etmiş sonuncu namizədə İxtisas Komissiyasının üzvləri tərəfindən suallar ünlanlandıqdan və cavabları yazılı qiymətləndirildikdən sonra Komissiya üzvləri “Vəkilliyə namizədlərlə keçirilən şifahi imtahanın qiymətləndirmə” cədvəlini imzalayaraq sədr R.İbrahimova təhvil verir, cədvəllər müvafiq zərfə qoyulur və zərf bağlanılaraq möhürlənir. Vəkilliyə qəbulla bağlı İxtisas Komissiyasının iclası başa çatır”. İş materiallarına əlavə edilmiş 16.02.2021-ci il tarixli Vəkilliyə namizədlərlə keçirilən şifahi imtahanın qiymətləndirmə cədvəllərindən ümumiləşdirilmiş çıxarışa əsasən namizəd İddiaçı verilmiş suallar üzrə sonuncunun verdiyi cavabların Vəkillərin İxtsas Komissiyası üzvlərinin qiymətləndirməsi nəticəsi: məqbul 1, qeyri-məqbul 39. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyası Vəkillərin İxtisas Komissiyasinin 18 fevral 2021-ci il tarixli 6 saylı iclaslanın protokolundan çıxarışına əsasən gündəlik kimi “1. Vəkillər Kollegiyası üzvlüyünə qəbul edilmək üçün yazılı test imtahanından müəyyən edilmiş keçid balını toplayaraq imtahanların şifahi mərhələsinə buraxılmış namizədlərin peşə yararlılığının müəyyən edilməsi və onların Vəkillər Kollegiyası üzvlüyünə qəbul edilməsinə dair rəy verilməsi məsələsinə baxılması üçün şifahi müsahibənin aparılması barədə; 2. Vəkilliyə qəbulla bağlı 13.10.2020- 18.02.2021-ci il tarixlərdə keçirilmiş ixtisas imtahanlarının nəticələrinin açıqlanması və şifahi müsahibədə müvəffəqiyyət qazanmış namizədlərə rəy verilməsi barədə” göstərilmişdir. Protokolda aşağıdakı kimi qeyd edilmişdir: Baxıldı: 2. Vəkilliyə qəbulla bağlı 13.10.2020-18.02.2021-ci il tarixlərdə keçirilmiş ixtisas imtahanlarının nəticələrinin açıqlanması və şifahi müsahibədə müvəffəqiyyət qazanmış namizədlərə rəy verilməsi məsələsinə. Vəkillərin İxtisas Komissiyası 13.10.2020-18.02.2021-ci il tarixlərdə keçirilmiş ixtisas imtahanlarının şifahi müsahibə mərhələsində iştirak etmiş aşağıda adları çəkilən namizədlərin cavablarını “qeyri-məqbul” qiymətləndirmişdir:
14. İddiaçı. Vəkilliyə qəbulla bağlı İxtisas Komissiyasının iclası başa çatır”. İş materiallarına əlavə edilmiş 24 nömrəli Şəhər Poliklinikasının Tibbi arayışların qeydiyyatı kitabında tarix qrafasında 17.02.2021-ci il olmaqla 103-cü sırada İddiaçı adı qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş 24 nömrəli Şəhər Poliklinikasının Ambulator pasiyentlərin qeydiyyatı kitabında tarix qrafasında 16.02.2021-ci il olmaqla 1002-ci sırada İddiaçı adı qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş 24 nömrəli Şəhər Poliklinikasının 17.02.2021-ci il tarixli, X-103 nömrəli arayışında göstərilmişdir ki, verilir Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 34 A, mənzil 2 ünvanında yaşayan 1958-ci il təvəllüdlü İddiaçı ondan ötrü ki, o, həqiqətən 16.02.2021-ci il tarixində 19:25 radələrində kəskin baş ağrısı, baş hərlənmə, ürək bulanma, ürək nahiyəsində olan sıxıntıdan və hava çatmamazlığı şikayəti ilə poliklinikaya müraciət etmiş, sahə həkimi tərəfindən tibbi müayinədən keçirilərkən onda arterial təzyiqin yüksəlməsi (Arterial hipertenziya-arterial təzyiq 230/110,mm/civə sütunu, aritmik taxikardiya) qeyd olunduğundan xəstəyə ilk tibbi yardım göstərilmiş, müalicə kursu təyin edilmişdir. Xəstə poliklinikada şəkərli diabet, arterial hipertoniya xəstəlikləri ilə dispanser qeydiyyalındadır. İş materiallarına əlavə edilmiş İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasına ünvanladığı və Vəkillər X4 tərəfindən 22.02.2021-ci il tarixdə qəbul edilmiş ərizədə qeyd olunmuşdur ki, 31.01.2020-ci il tarixdə Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlərlə müsabiqənin keçirilməsi üçün aparılmış test imtahanlarından 63 bal toplamışdım. 16 fevral 2021-ci il tarixdə isə şifahi imtahan verməli idim. 16.02.2021-ci il tarixdə şifahi imtahan keçirilən zaman mən qrafik üzrə 13-cü idim. 14:30-dan 18:30-a kimi öz növbəmi gözləməli oldum. 18:30-da imtahana girəndə mən özümü çox pis hiss edirdim. Bu barədə heç kəsə belə deyə bilmədim. Baş ağrısı və təzyiqimdən mən heç belə danışa bilmədim. Ona görə də suallara cavab verə bilmədim. İmtahandan sonra qeydiyyatda olduğum poliklinikaya müraciət etdim. Müayinə zamanı təzyiqimin 230/100 olduğu məlum oldu. Bu səbəbdən də imtahanda lazımi qədər suallara cavab verə bilməmişəm. Sizdən xahiş edirəm. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vəkillər X2 İddiaçı müraciətinə cavab olaraq ünvanladığı 11.03.2021-ci il tarixli, 326 nömrəli məktubda bildirilmişdir ki, vəkilliyə qəbulla bağlı ixtisas imtahanının şifahi müsahibə mərhələsinin nəticələrinin yenidən qiymətləndirilməsi barədə ərizənizə Vəkillər Kollegiyası Rəyasət Heyətinin 10.03.2021-ci il tarixli iclasında baxılmış və əsas olmadığından Rəyasət Heyətinin qərarı ilə müraciətiniz təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasına ünvanladığı və Vəkillər X4 tərəfindən 02.04.2021-ci il tarixdə qəbul edilmiş ərizədə qeyd olunmuşdur ki, mən 22.02.2021-ci il tarixdə şifahi müsabiqə mərhələsinin yenidən qiymətləndirilməsi barədə Azərbaycan Respublikası Vəkillər X3 ərizə ilə müraciət etmişdim. Müraciətimi onunla əsaslandırmışdım ki, mən müsabiqə zamanı öz növbəmi gözlədiyim vaxtda təsadüfən özümü narahat hiss edib və yüksək təzyiqlə dörd saatdan sonra müsabiqəyə qatılmışam. Keçirilən şifahi müsabiqədə mənə verilmiş suallar, yazılı imtahanda olmuş suallardan ibarət idi. Yazılı test imtahanında mən həmin suallara cavab verərək, 63 bal toplayıb, imtahanı keçmişdim. 22.02.2021-ci il tarixdə yazdığım ərizədə, 16.02.2021-ci il tarixdə yüksək təzyiqim olduğundan, keçrilmiş şifahi müsabiqəyə tam cavab verə bilməməyimin səbəbini göstərmişdim. Mən Vəkillər Kollegiyasının şahmat klubunun, vəkilliyə namizədlərdən yeganə üzvü idim. Həmin klubda dəfələrlə şahmat yarışında iştirak etmişdim. Fransanın Vəkillər Kollegiyasının üzvləri ilə yarışında ən yüksək 17 balı mən, Vəkillər Kollegiyasının şahmat klubuna uğur qazandırmışdım. Öz aramızda keçirilən yarışlarda dəfələrlə qalib gələrək, birinci yeri tutmuşdum. Özüm, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 25 ildən artıq qulluq etmişəm. 1996-cı il tarixdən 2006-cı il tarixə kimi Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin rəisi vəzifəsində işləmişəm. 2006-cı il tarixdən 2018-ci il tarixi daxil olmaqla, Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru və rəis əvəzi vəzifəsində işləmişəm. 2018-ci il tarixdə mən, öz könüllü ərizəm ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən işdən çıxmışam. İş fəaliyyətimi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmaq və vəkil kimi fəaliyyət göstərmək arzusunda davam etdirməkdir. Ona görə də imtahana hazırlaşıb, verilən yazılı test imtahanından uğurla bal toplamaqla keçmişdim. 2018-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən işdən çıxdıqdan sonra 13.12.2018-ci il tarixdən təsis etdiyim “X7” MMC-də hüquqşünas kimi fəaliyyət göstərirəm. Bir daha bildirmək istərdim ki, mən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmağa və vəkillik fəaliyyətinin daha da inkişaf etməsinə öz bacarığımı sərf etmək istəyirəm. Sizdən, müraciət etdiyim ərizəyə Azərbaycan Respublikasının Vəkillər X2 üzvləri baxan zaman mənim iştirakımla baxılmasını xahiş edirəm. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vəkillər X2 İddiaçı müraciətinə cavab olaraq ünvanladığı 15.04.2021-ci il tarixli, 474 nömrəli məktubda bildirilmişdir ki, eyniməzmunlu ərizənizə tərəfimizdən 326 saylı, 11.03.2021-ci il tarixli məktubla cavab verilmişdir. Nəzərə almağınız xahiş olunur. İş materiallarına əlavə edilmiş İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasına ünvanladığı və Vəkillər X4 tərəfindən 05.05.2021-ci il tarixdə qəbul edilmiş ərizəsinə cavab olaraq Azərbaycan Respublikası Vəkillər X2 ünvanladığı 03.06.2021-ci il tarixli, 689 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Vəkillər X2 Katibliyinə daxil olmuş təkrar müraciətinizlə bağlı bildirilir ki, eyni məzmunlu ərizənizə Rəyasət Heyətinin 326 saylı 11.03.2021-ci il tarixli məktubu ilə müvafiq cavab verilmişdir. Nəzərə almağınız xahiş olunur. Beləliklə, işin sadalanan hallarından görünür ki, iddiaçı 31.01.2020-ci il tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının yazılı test mərhələsində 63 bal toplayaraq şifahi müsahibəyə buraxılmış, 16 fevral 2021-ci il tarixdə peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə ixtisas imtahanının şifahi müsahibə mərhələsində iştirak etmiş, şifahi müsahibənin nəticəsi üzrə iddiaçının verdiyi cavablar Vəkillərin İxtisas Komissiyası tərəfindən qeyri-məqbul hesab edilmişdir. Hazırkı iddiasında iddiaçı inzibati orqan tərəfindən aparılmış şifahi müsahibənin müəyyən edilmiş qaydalara uyğun keçirilmədiyinə istinad etməklə müsahibənin nəticəsinin ləğv edilməsini və onunla yeni müsahibənin keçirilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsassızdır. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır. -İİİ hissəsinə görə vəkilliyin əsaslarını aşağıdakılar təşkil edir: Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə və Azərbaycan Respublikasının digər qanunlarına əməl edilməsi; vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfindən müdaxiləyə, təzyiqə yol verilməməsi; vəkillərin hüquqlarının bərabərliyi; özünüidarəetmə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi. -9-cu maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında qeyri-dövlət, müstəqil, özünü idarə edən və bütün vəkillərin daxil olduğu Vəkillər Kollegiyası fəaliyyət göstərir. Vəkillər Kollegiyasının üzvü olmayan şəxslər vəkillik fəaliyyəti ilə məşğul ola bilməzlər. -11-ci maddəsinin İİİ hissəsinə əsasən Vəkillər X4: Ümumi yığıncağı çağırır və onun qərarlarının icrasını təşkil edir; Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunma məsələsini həll edir, bu Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş qaydada vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı səlahiyyətlərini həyata keçirir, vəkil reyestrini aparır; İxtisas Komissiyasına üzvlər təyin edir; ixtisas imtahanının qaydalarını və onun keçirilməsinin dövriliyini (ildə bir dəfədən az olmayaraq) müəyyən edir; vəkillər haqqında intizam icraatı başlayır. -13-cü maddəsinə görə: İ. Vəkilliyə namizədlərin bu Qanunda nəzərdə tutulmuş tələblərə uyğunluğu və peşə hazırlığının müəyyən edilməsi üçün İxtisas Komissiyası yaradılır. İİ. İxtisas Komissiyası beş vəkil, üç hakim və üç hüquqşünas alimdən, ümumilikdə isə on bir üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. İİİ. İxtisas Komissiyasının vəkil olan üzvləri müvafiq olaraq Vəkillər X4, hakim olan üzvləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən təyin edilir. İxtisas Komissiyasının hüquqşünas alim olan üzvləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. İV. İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə mütləq ixtisas imtahanı qəbul edir, zəruri hallarda baxılan məsələlər üzrə dövlət orqanlarından, digər hüquqi və fiziki şəxslərdən müvafiq sənədlər və məlumatlar tələb edir. V. İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etdikdə Vəkillər X3 müvafiq rəy təqdim edir. Vİ. Üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə İxtisas Komissiyasının iclası səlahiyyətlidir və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. İX. İxtisas imtahanının qaydaları Vəkillər X4 tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Vəkillər X2 07 iyul 2008-ci il tarixli Qərarla təsdiq etdiyi “Vəkillər Kollegiyasi üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nın: -2.1-ci bəndinə görə ixtisas imtahanları Vəkillər X4 tərəfindən müəyyən edilmiş qaydada Vəkillərin İxtisas Komissiyası (bundan sonra - Komissiya) tərəfindən keçirilir. -2.3-cü bəndinə görə Komissiyanın iclasları Komissiyanın sədri tərəfindən çağırılır. İclasın vaxtı, yeri və müzakirəyə çıxarılan məsələlər barədə Komissiya üzvlərinə Komissiyanın sədri tərəfindən ən azı bir gün qabaq məlumat verilir. -2.4-cü bəndinə əsasən Komissiyanın üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə Komissiyanın iclası səlahiyyəti sayılır. Qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu əsasında qəbul edilir. İclasın protokolu Komissiyasının sədri və iclası aparan katib tərəfindən imzalanır. Qəbul edilmiş rəy Komissiyanın üzvləri tərəfindən imzalanır. -5.1-ci bəndinə görə yazılı test imtahanından keçid balı toplamış namizədlərin peşə yararlığını müəyyən etmək məqsədi ilə onlarla şifahi müsahibə keçirilir. -5.2-ci bəndinə görə müsahibənin keçiriləcəyi yeri və vaxtı barədə naməzədlərə qabaqcadan məlumat verilir. -5.3-cü bəndinə əsasən hər bir naməzədlə müsahibə fərdi qaydada 30 dəqiqəyədək aparılır. Namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər. -5.4-cü bəndinə əsasən Komissiya üzvləri arasında müsahibə ilə əlaqədar fikir mübadiləsi aparıldıqdan sonra müsahibənin nəticəsi ilə bağlı namizədin cavabları “məqbul” və ya “qeyri-məqbul” kimi qiymətləndirilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Müsahibənin nəticəsində cavablar “qeyri-məqbul” qiymətləndirilən namizədə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi üçün rəy verilmir. -6.1-ci bəndinə görə şifahi müsahibənin nəticələri, bir qayda olaraq, hər gün sonuncu namizədlə müsahibə başa çatdıqdan sonra elan edilir. Komissiyanın qərarı ilə şifahi müsahibənin nəticələrinin elan edilməsinin digər dövriliyi də müəyyən edilə bilər. -6.3-cü bəndinə görə Komissiya müsahibədə cavabları “məqbul” qiymətləndirilən namizədlərin vəkil peşəsinə yararlılığını müəyyən etdikdə, bu barədə yazılı rəy tərtib edilir və həmin rəy Komissiyanın sədri tərəfindən Vəkillər X3 təqdim edilir. Komissiyanın rəyi ilə cavabları “məqbul” qiymətləndirilən namizədlər Ədliyyə Nazirliyinin tədriselm müəssisəsində icbari təlimə buraxılırlar. İnzibati Prosessual Məcəllənin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: -73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, maddi normanın tətbiqi şərtləri inzibati orqanın özünün qiymətləndirməsindən asılı olduqda, belə norma inzibati orqana qiymətləndirmə azadlığı verir və bu norma əsasında qəbul edilmiş aktın yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkündür. Bu zaman məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı daha çox xüsusi bilik və təcrübəyə malik olduğu məsələlərin qiymətləndirilməsindən söhbət gedir. Yəni inzibati orqanın qiymətləndirməni həyata keçirən mütəxəssislərinin xüsusi baxış aspektinə və biliklərə malik olmaları səbəbindən belə bir qiymətləndirmənin məhkəmə tərəfindən həyata keçirilməsi mümkün olmur. Buna görə də məhkəmə inzibati orqanın qiymətləndirmə azadlığı əsasında qəbul etdiyi aktlar üzrə yoxlamanı məlum faktlar əsasında, xüsusi imtahan şəraiti nəzərə alınmaqla qəbul edilə bilən olub-olmaması, düzgün icraat çərçivəsində qəbul edilib-edilməməsi baxımından həyata keçirir. Beləliklə, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq konstitusion hüququnun təmin edilməsi və Vəkillər Kollegiyası hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirilməsi üçün bu fəaliyyətə müdaxilə olunmadan, vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi və özünüidarəetmə qaydasında peşəyə qəbul Vəkillər Kollegiyası tərəfindən Vəkillərin İxtisas Komissiyasının (peşə hazırlığı və yararlılığının müəyyən edilməsi) və Rəyasət Heyətinin (üzvlüyə qəbul olunma) qarşılıqlı fəaliyyəti nəticəsində həyata keçirilir. Vəkillər Kollegiyası hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaqda ifadə olunan konstitusion hüququnun təmin edilməsində məsul təsisat olmaqla peşəyə qəbul üzrə müstəsna səlahiyyətə malikdir və peşəyə qəbul qaydalarını müəyyən edir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun və “Vəkillər Kollegiyasi üzvlüyünə qəbulla bağli ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nın yuxarıda qeyd edilən müddəalarından göründüyü kimi həmin aktlar cavabdeh inzibati orqana inzibati aktın qəbulu zamanı maddi hüquq normasının tətbiqi şərtlərini özünün qiymətləndirməsinə əsasən müəyyən etmək və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı qiymətləndirmə azadlığı vermişdir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı (şəxsin müvafiq ixtisas üzrə qabiliyyətinin yoxlanılması və qiymətləndirilməsi və s. üzrə) xüsusi təcrübəyə malik olduğu haldan gedir. Vəkillərin İxtisas Komissiyasının iddiaçının peşə yararlılığını müəyyən etməsi, qurumun qiymətləndirmə azadlığına əsaslanan səlahiyyətləri çərçivəsində həll olunan məsələlərdir. Bu halda məhkəmənin yoxlama predmetini inzibati orqanın iddiaçının peşə yararlılığının müəyyən edilməsi ilə bağlı keçirdiyi qiymətləndirmənin qanunvericiliyin tələblərinə uyğun aparılıb-aparılmamasının yoxlanılması təşkil edir. İddiaçı inzibati orqan tərəfindən keçirilmiş şifahi müsahibənin nəticəsinin ləğv edilməsi ilə bağlı iddiasının əsası kimi o hallara istinad etmişdir ki, şifahi müsahibənin necə keçirilməsi barədə əvvəlcədən təlimatlandırılmamış, müsahibəyə çağırılan vaxt baş ağrısının və təzyiqinin yüksək olması onu narahat etmiş, bu barədə heç kəsə deyə bilməmiş, təqdim edilən suallara cavab vermək üçün ona düşünüb, fikrini toplamaq üçün vaxt verilməmiş, yazılı suallardan əlavə ondan heç bir sual və şəxsi məlumat barədə soruşulmamışdır. Məhkəmə iddiaçının iddia etdiyi şifahi müsahibənin necə keçirilməsi barədə əvvəlcədən təlimatlandırılmaması ilə bağlı dəlilinin şifahi müsahibənin nəticəsinin ləğvinə əsas vermədiyi qənaətinə o əsasla gəlir ki, iddiaçı ixtisasca hüquqşünasdır, şifahi müsahibənin keçirilməsi qaydası ilə ən azından vəkillik fəaliyyəti ilə bağlı qanunvericiliyə aid olan “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları” ilə tanış olduqda məlumatlı ola bilərdi. Bundan başqa, iddiaçı vəkillik üzrə ixtisas imtahanının yazılı test mərhələsində iştirak etmiş, birinci mərhələni uğurla tamamlamış, artıq onun vəkillik ixtisası imtahanının növbəti mərhələsinin keçirilmə qaydaları ilə tanış olmaması və ya tanış olmağa cəhd etməməsi ağlabatan deyildir. Bundan başqa, vəkilliyə qəbulun keçirilmə qaydası, eləcə də qəbula dair imtahan proqramı tanışlıq üçün Vəkillər Kollegiyasının rəsmi internet səhifəsində yerləşdirilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı şifahi müsahibənin keçirilmə qaydaları ilə tanış edilməməsi, eləcə də müsahibə günü təqdim edilən suallara cavab vermək üçün ona düşünüb, fikrini toplamaq üçün vaxt verilməməsi ilə bağlı dəlillər irəli sürsə də ona əlverişsiz şərait yaradılması ilə bağlı ixtisas komissiyası üzvlərinə etirazını bildirmək imkanı olduğu halda bunu etməmişdir. Bu əsasdan məhkəmə hesab edir ki, həmin dəlillər mülahizə və ehtimal xarakterli olmaqla, Vəkillərin İxtisas Komissiyasının qərəzliliyi barədə qənaətə gəlməyə əsas vermir. İddiaçı müsahibəyə çağırılan vaxt baş ağrısının və təzyiqinin yüksək olmasının onu narahat etdiyini və bu səbəbdən suallara cavab verməyə fikrini tam cəmləyə bilmədiyini qeyd etsə də özü də iddiasında və məhkəmə iclasında verdiyi izahatda etiraf etmişdir ki, özünü pis hiss etməsi ilə bağlı nə müsahibə başlamazdan öncə, nə də müsahibə gedişində komissiya üzvlərinə bu barədə məlumat verməmiş, müsahibənin təxirə salınmasını və ya başqa tarixə keçirilməsini xahiş etməmişdir. İddiaçının iddiaya əlavə etdiyi qeydiyyatda olduğu poliklinikadan əldə edilmiş tibbi sənədlərdə İddiaçı 16.02.2021-ci il tarixində 19:25 radələrində kəskin baş ağrısı, baş hərlənmə, ürək bulanma, ürək nahiyəsində olan sıxıntıdan və hava çatmamazlığı şikayəti ilə poliklinikaya müraciət etdiyi, ona ilkin tibbi yardım edildiyi görünsə də, eyni zamanda iş üzrə cavabdeh tərəfindən iddiaçının şifahi müsahibənin nəticəsinin qeyri-məqbul olduğu barədə elan edildiyi vaxtdan, yəni 19.02.2021-ci il tarixdən sonra həmin tibbi arayışla birlikdə 22.02.2021-ci il tarixdə Vəkillər Kollegiyasına yazılı ərizə ilə müraciət edərək suallara cavab verə bilmədiyini və şifahi müsahibə mərhələsində yenidən qiymətləndirilməsini xahiş etdiyi müəyyən olunmuşdur. İddiaçının müsahibə gedişində yazılı suallardan əlavə ondan heç bir sual və şəxsi məlumat barədə soruşulmaması ilə bağlı dəlili də keçirilmiş müsahibənin nəticəsinin ləğvi üçün əsas kimi qəbul edilə bilməz. Yuxarıda qeyd edildiyi kimi iddiaçının peşə yaralılığının müəyyən edilməsi ilə bağlı imtahan nəticələrinin qiymətləndirilməsi inzibati orqanın qiymətləndirmə azadlığına aid olduğu kimi həmin imtahan gedişində sualların dairəsinin də müəyyən edilməsi onun qiymətləndirmə azadlığına xidmət edən diskresion səlahiyyətinə aiddir. Təsadüfi deyildir ki, Qaydaların 5.3-cü bəndinin özündə Komissiyanın hər bir namizədə şifahi müsahibə zamanı ilk növbədə hüquq sahəsinə aid sualların verilməsi nəzərdə tutulmuşdur. Həmin normada eyni zamanda qeyd edilmişdir ki, şifahi müsahibə zamanı “habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər”. Normanın ikinci hissəsində “habelə” və “o cümlədən” ara sözlərindən istifadə edilməsi namizədlərə hüquq sahəsinə aid suallardan əlavə olaraq digər sualların: məntiqi nəticələr çıxarmaq qabiliyyəti, ümumi dünyagörüşü və bilik səviyyəsi ilə bağlı, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı sualların verilə biləcəyini nəzərdə tutulmuşdur. Başqa sözlə, inzibati orqanın müsahibə zamanı hüquq sahəsinə aid suallardan əlavə digər növ sualların verilməsi mümkündür, lakin mütləq deyil. Eyni zamanda normanın özündə “verilə bilər” ifadəsinin göstərilməsi artıq inzibati orqanın həmin növ sualları verib-verməməsini müəyyən etməkdə diskresion səlahiyyətinin olmasından xəbər verir. Bu baxımdan iddiaçıyla müsahibə gedişində yalnız hüquq sahəsinə aid sualların verilməsi və əlavə sual kimi iddiaçının iş fəaliyyəti ilə bağlı və ya şəxsinə aid sualların verilməməsi pozuntu hesab edilə bilməz. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, hazırkı iddia üzrə iddiaçıya keçirilmiş şifahi müsahibənin “İnzibati icraat haqqında” Qanunun və “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağli ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olduğu müəyyən edildiyindən yenidən şifahi müsahibənin keçirilməsi barədə tələb təmin edilə bilməz. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən 16 fevral 2021-ci il tarixdə keçirilən şifahi müsabiqənin nəticəsinin ləğv edilməsi və yenidən müsabiqənin keçirilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova