Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7463/2022 13.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X3) “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi barədə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisəli yaşayış sahəsinə gözlənilən mülkiyyət hüquqları yaranmışdır. Belə ki, Oktyabr rayon XDS İK-nın arxiv fondu üzrə xx.xx.1978-ci il tarixli, 35 saylı qərarına əsasən yaşayış sahəsi ilə bağlı iddiaçı ilə icarə müqaviləsi bağlanılmışdır. İddiaçı adıçəkilən qərarı hüquqmüəyyənedici sənəd qismində hesab edərək, yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir.İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə X1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. Cavabdehin təqdim etdiyi etirazdan görünür ki, cavabdeh iddianın etiraz ilə qarşılayır və bu halı onunla əsaslandırır ki, qeyd olunan mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərə həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə gətməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə notarial qaydada təsdiqlənmiş razılıq ərizələri əlavə edilməmişdir. Həmçinin, idarənin müətəxəssislərinə qeyd olunan ünvana yerli baxışın həyata keçirilməsinə digər şəxs tərəfindən şərait yaradılmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa cavab məktubu ünvanlanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1.qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2.qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3.daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4.qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6.mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7.2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8.bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunvericiliyin tələbindən də göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. Hazırki işin faktiki hallarından görünür ki, Bakı şəhəri X2 İcraiyyə Komitəsi tərəfindən mübahisəli yaşayış sahəsi X4 (iddiaçının anası) istifadəsinə verilmiş, bundan sonra Oktyabr rayon XDS İK-nın arxiv fondu üzrə xx.xx.1978-ci il tarixli, 35 saylı qərarı əsasında Bakı şəhəri, Abşeron küçəsi, 11 saylı evin icarə müqaviləsi evin icarədarı X4 razılığı ilə onun qızı X5 (iddiaçı) ilə bağlanmışdır. İddiaçı hazırda adıçəkilən qərarın mövcudluğuna istinad edərək mübahisəli yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarını reallaşdırmaq istəyir. Məhkəmə qeyd edir ki, təkzib olunmaz haldır ki, Oktyabr rayon XDS İK-nın arxiv fondu üzrə xx.xx.1978-ci il tarixli, 35 saylı qərarı əsasında iddiaçı ilə yaşayış sahəsinə münasibətdə icarə müqaviləsi bağlanılmışdır. Nəzərə alınmalıdır ki, iddiaçının mübahisəli mənzilə dair icarə müqaviləsinə malik olması onun hazırkı müzakirə edilən hüquqi statusuna əlverişli təsir göstərmir. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 2. Bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. Maddə 3. Mənzil fondunun özəlləşdirilməsinin prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: -mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; -mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); -mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. [7] Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin: 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun yuxarıda göstərilən müddəalarına əsasən vətəndaşların yaşadıqları mənzilləri özəlləşdirmə qaydasında əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə (ailə üzvlərindən birinin yaxud bir neçəsinin mülkiyyətinə, paylı və ya birgə mülkiyyətə) keçirmək hüququ yalnız “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada həyata keçirilə bilən hüquqdur. Qanunun yuxarıda göstərilmiş 8-ci maddəsində təsbit edilmiş belə şərtlərdən biri də ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin razılıq ərizəsi olmalıdır. Qanunvericiliyin müəyyən etdiyi əsas şərtdən biri də ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda həm kirayəçinin, həm də kirayəçi ilə birlikdə özəlləşdiriləcək mənzildə faktiki olaraq yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirilmənin aparılmasına dair razılıqları olmalıdır. Məhkəmə diqqətə çatdırır ki, hazırki mübahisə üzrə iddiaçı ilə qohumluq əlaqəsinə malik olan şəxsin yaşayış sahəsinin özəlləşdirilməsinə razılıq ərizəsi olmamışdır. Nəzərə alınmalıdır ki, Yasamal rayon Məhkəməsinin 14 dekabr 2009-cu il tarixli qətnaməsinə əsasən X1 (hazırki mübahisə üzrə üçüncü şəxs) ünvan 1 ünvanda olan yaşayış sahəsi bir otaqdan ibarət olan mənzilə yaşayış sahəsindən istifadə hüququ tanınmış və o, həmin mənzilə köçürülmüşdür. Göründüyü kimi qüvvədə olan məhkəmə qətnaməsi ilə üçüncü şəxsin mübahisəli yaşayış sahəsinə istifadə hüququ tanınmışdır. Sözügedən məhkəmə qətnaməsinin icrası ilə əlaqədar olaraq üçüncü şəxsin yaşayış sahəsinə köçürülməsi və yaşayış yeri üzrə qeydiyyata alınması təmin olunmuşdur. Məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə iddiaçı yaşayış sahəsinə münasibətdə hüquqmüəyyənedici sənədə malik olsa da, yaşayış sahəsində istifadə hüququ tanın və hazırda orada yaşayış şəxsin (üçüncü şəxsin) razılıq ərizəsinin mövcudluğu zərurət təşkil edir. Məhkəmə baxılan məsələyə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ baxımından da münasibət bildirilməsini zəruri hesab edir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya əlavə 1 saylı protokolun mülkiyyət hüququnu müdafiə altına alan 1-ci maddəsi baxımından yerləşmiş presedent hüququna görə müdaxilənin mülkiyyət hüququnun pozuntusunu yaradıbyaratmadığını müəyyən etmək üçün aşağıdakı məsələlər qiymətləndirilməlidir: - iş üzrə araşdırılan hüquq 1-ci maddənin mənası baxımından mülkiyyət hüququ sayıla bilərmi? - mülkiyyətə müdaxilə mövcuddurmu və əgər varsa belə müdaxilə qanunidirmi? - müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi, yəni cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi arasında ədalətli tarazılığa riayət edilmişdirmi? Göstərilən yoxlama qaydasından hərəkətlə məhkəmə hesab edir ki, iddiaçı hazırkı halda mülkiyyət hüququna dair qanuni gözləntiyə malik olmuş və bu hüquq mülkiyyət hüququna bərabər hesab edilir. Qanuni gözləntiyə malik olmaları dövlət daxili konkret qanunvericilik aktından, yəni “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanundan irəli gəlir. Həmin Qanunla müəyyən edilmiş şərtlərə və qaydaya əməl ediləcəyi təqdirdə iddiaçı mənzilə münasibətdə mülkiyyət hüquqları əldə edəcəyi üçün cavabdeh inzibati orqanın özəlləşdirməni həyata keçirməkdən imtinası nəticəsində onun mülkiyyət hüquqlarına müdaxilə baş vermişdir. Lakin hüquqa müdaxilə qanunilik və mütənasiblik tələblərinə cavab verdiyi üçün mülkiyyət hüququnun pozuntusu baş verməmişdir. Belə ki, müdaxilənin qanuniliyi “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8-ci maddəsindən irəli gəlir. Məhz həmin normada özəlləşmənin kirayəçi ilə birlikdə özəlləşdiriləcək mənzildə faktiki olaraq yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirilmənin aparılmasına dair razılıq ərizələrinin mövcudluğunu aydın təsbit edilmişdir. Müdaxilənin mütənasibliyinə qiymət vermək üçün isə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi arasındakı ədalətli tarazılığa riayət edilibedilmədiyi araşdırılmalıdır. Bununla bağlı olaraq nəzərə almaq lazımdır ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun sovet hakimiyyətinin dağılması və Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi nəticəsində cəmiyyətdə baş verən dəyişikliklər fonunda həyata keçirilən köklü islahatların tərkib hissəsi kimi qəbul edilmişdir. Bu zaman qanunverici həmin islahatların həyata keçirilməsi şərtlərini və qaydasını müəyyən etməyə dair geniş mülahizə səlahiyyətinə malik olmuşdur. Həmin mülahizə səlahiyyətindən çıxış etməklə qanunverici özəlləşdirmənin kirayəçi ilə birlikdə özəlləşdiriləcək mənzildə faktiki olaraq yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirilmənin aparılmasına dair razılıq ərizələrinin mövcudluğunda həyata keçiriləcəyini təsbit etmişdir. Bununla bağlı olaraq məhkəmə özünün yuxarıda ifadə etdiyi mövqeyini təkrarlayır ki, hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq məhkəmə dövlətin sözügedən mülahizə səlahiyyətinin həyata keçirilməsi qaydasına və qanunvericinin iradəsinə müdaxilə edə bilməz. Digər tərəfdən isə məhkəmə hesab edir ki, mülahizə səlahiyyətinin göstərilən qaydada həyata keçirilməsi cəmiyyətin ümumi maraqlarının təmin edilməsinə yönəlmiş məqsəd daşımışdır. Belə ki, hazırda qüvvədə olan Mənzil Məcəlləsi mülkiyyət formasına görə mənzil fondunun üç növünü – özəl, dövlət və bələdiyyə mənzil fondunu tanıyır (Mənzil Məcəlləsinin 17-ci maddəsi). Başqa sözlə, hər hansı bir mənzil vahid şəkildə bir tam olaraq həmin mənzil fondunun üç növündən yalnız birinə aid ola bilər. Bu, mənzillərin hüquqi rejimi, onların idarə olunması və orada yaşayan şəxslərin mənzillə bağlı hüquqlarının həyata keçirilməsinin təmin edilməsi baxımından olduqca zəruridir. Ona görə də, sözügedən ümumi maraqların təmin edilməsi üçün qanunverici mənzillərin yalnız bütöv şəkildə, orada yaşayan özəlləşmədə iştirak etmək hüququna malik bütün şəxslər buna razı olduqları halda özəlləşdirilməsinin mümkünlüyünə dair yanaşmanı qəbul etmişdir. Belə tənzimləmə mənzil islahatlarının həyata keçirilməsi zamanı cəmiyyətin ümumi maraqlarını təmin etməyə yönəlmişdir və legitim məqsəd daşıyır. Bununla yanaşı qeyd etmək lazımdır ki, bu zaman şəxslərin mənzil hüquqlarının müdafiəsi ilə bağlı ədalətli tarazılığa da riayət edilmiş olur. Belə ki, özəlləşmənin baş tutmaması orada yaşayan və mənzili özəlləşdirmək istəyən şəxslərin həmin mənzildən istifadələrinə hər hansı qaydada əngəl törətmir, onların mənzildən çıxarılmalarına səbəb olmur. Beləliklə, hazırkı işdə yaşayış sahəsinə qanuni əsaslarla köçürülən, hazırda yaşayış sahəsinə istifadə hüququna malik olan şəxsin özəlləşmənin aparılmasına razılıq vermədiyi üçün iddiaçının mənzilin özəlləşdirilməsinə dair müraciətinin təmin edilməməsi zamanı iddiaçının ümumi maraqları ilə üçüncü şəxsin əsas hüquqlarının müdafiəsi arasındakı ədalətli tarazılığa riayət edilmişdir. Beləliklə hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati orqanın hüquqmüəyyənedici sənədin təqdim edilməməsi ilə bağlı irəli sürdüyü faktiki şərtlə bağlı imtinası qanuni və əsaslıdır. Odur ki, iddia tələbi rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-7463/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7463/2022
13.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver