Məhkəmə qərarları › İş №2-1(112)-7464/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7464/2021

13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7464/2021 13.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı birdəfəlik maddi yardımın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X6 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa olunub onlara düşən yardımın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək hüquqlarının bərpa olunaraq iddiaçılar İddiaçı1 Naib oğluna və İddiaçı3 karantin müddəti ərzində işsiz olduğu aprel, may, iyun, avqust və dekabr ayları üzrə, İddiaçı2 isə işsiz olduğu aprel və may ayları üzrə 190 manat birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar ailədə 4 nəfərdirlər və hər birinin təsdiqlənmiş işsiziik statusu var. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yaranmış karantin vəziyyəti ilə əlaqədar işsiz əhaliyə verilməli olan 190 manat yardımla bağlı 6 may 2020-ci il tarixində onların hər birinə aztəminatlılıq meyarına uyğun gəlmədiyi barədə sms bildiriş göndərilmişdir, və bildirişdə nəyə görə aztəminatlılıq meyarına uyğun gəlmədiyi göstərilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çağrı mərkəzlərinə və digər şəhər nömrələrinə dəfələrlə zəng etməylərinə baxmayaraq əlaqə saxlamaq mümkün olmayıb. Nazirliyin saytında yerləşdirilən Apellyasiya Şurasının elektron poçt ünvanına və müraciət üçün saytda yerləşdirilmiş digər elektron poçt ünvanlarına müxtəlif vaxtlarda və habelə cənab X1 ünvanına Azərpoçt vasitəsi ilə 20 may tarixində yazılı müraciət, ümumilikdə isə 60-dan çox müraciət göndərməylərinə və göndərdikləri 6 may tarixli ilk müraciətləri üzərindən 1 aydan çox vaxt keçməsinə baxmayaraq onlara heç bir cavab verilməmişdir. Bu baxımdan "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununu və “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu rəhbər tutaraq məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Bu yardımın onlara verilməməsi üçün heç bir əsas yox idi. Çünki heç birinin adına nə pay torpağı, nə aktiv əmək müqaviləsi, nə hər hansı bir əmlak maşın və nə də hər hansı əmək haqqı pensiya və hər hansı bir sosial müavinət həmin dövr üzrə yox idi. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, Koronavirus (COVİD-19) xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, onun Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında başverən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş X7 Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyata alınmış şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası təsdiq edilmişdir. Həmin qaydaya əsasən birdəfəlik ödəmə "Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Həmçinin qeyd etmək lazımdır ki, hazırda məşğulluqla bağlı məhdudiyyətlərin əksəriyyəti aradan qaldırılmış, birdəfəlik ödəmənin verilməsi proqramı başa çatdırılaraq, icrası müddəti bitmiş və 600 min şəxsə bu ödəmə təyin olunaraq ödənişlər həyata keçirilmişdir. Göstərilənləri nəzərə alaraq hazırda məşğulluqla bağlı məhdudiyyətlərin əksəriyyəti aradan qaldırıldığı və birdəfəlik ödəmənin verilməsi proqramı başa çatdırılaraq icrası müddət bitdiyini nəzərə alaraq iddianın mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1369/20 №-li, 31.08.2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı3 01.04.2020-ci il tarixdən, İddiaçı1 12.04.2020-ci il tarixdən xüsusi karantin rejiminin sərtləşdirmə müddəti başa çatanadək, İddiaçı2 isə işsiz statusunda qeydiyyatda olduğu müddətdə, yəni 12.04.2020-ci il tarixdən 03.06.2020-ci il tarixədək aylıq birdəfəlik ödəmənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)-110/2021 №-li, 12.04.2021-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 2- 1(114)-1369/20 №-li, 31.08.2020-ci il tarixli qərarı ləğv edilmiş və inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək hüquqlarının bərpa olunaraq iddiaçılar İddiaçı1 Naib oğluna və İddiaçı3 karantin müddəti ərzində işsiz olduğu aprel, may, iyun, avqust və dekabr ayları üzrə, İddiaçı2 isə işsiz olduğu aprel və may ayları üzrə 190 manat birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianı rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçılara lazımi qaydada xəbərdarlıq edilmiş, iddiaçılar məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçıların iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1996-ci ildə Daşkəsən şəhərində doğulmuşdur. - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.1961-ci ildə Gəncə şəhərində doğulmuşdur. - Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1993-cü ildə doğulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 haqqında arayışlarından görünür ki, İddiaçı3 29.01.2020-ci il tarixdə, İddiaçı1 12.04.2020-ci il tarixdə, İddiaçı2 isə 12.04.2020-ci il tarixdə işsiz statusu verilmişdir. - Yoxlamaların avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı2 adına 03.06.2020-ci il tarixli əmək müqaviləsi bildirişi qeydə alınmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin arayışlarından görünür ki, İddiaçı2 və İddiaçı1 subaydırlar. - Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyinin 6 saylı Mənzil İstismar Sahəsinin 11.06.2020-ci il tarixli, 142 nömrəli arayışından görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, X2 şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon, bina 9, mənzil 1 ünvanında qeydiyyatsız yaşayırlar. - E-sosial.az-dan iddiaçılara ünvanlanmış SMS çıxarışdan görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 az teminatlılıq meyarına uyğun gəlmədikləri üçün onlara 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı3 29.01.2020-ci il tarixdə, İddiaçı1 12.04.2020-ci il tarixdə, İddiaçı2 isə 12.04.2020-ci il tarixdə işsiz statusu verilmişdir. İddiaçıların 190 manat maddi yardımın verilməsi üçün müraciətiləri cavabdeh inzibati orqan tərəfindən aztəmnatlıq meyarlarına uyğun gəlmədikləri əsas gətirilməklə təmin edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın: - 1.2-ci bəndinə əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. - 1.4-cü bəndinə əsasən birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. - 2.1-ci bəndinə əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. - 2.2-ci bəndinə əsasən birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. - 2.3-cü bəndinə əsasən dövlət qurumlarından aşağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: 2.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; 2.3.2. əmək pensiyaçılarına; 2.3.3. aylıq müavinət alanlara; 2.3.4. aylıq təqaüd alanlara; 2.3.5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; 2.3.6. işsizlikdən sığorta ödənişi alanlara; 2.3.7. peşə hazırlığına görə təqaüd alanlara; 2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; 2.3.10. bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarmbəndlərində göstərilən şəxslərin əri və ya arvadı; 2.3.11. mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara; 2.3.12. mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara; 2.3.13. birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara; 2.3.14. yaşı 18-dən aşağı olanlara; 2.3.15. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. - 3-cü bəndinə əsasən şəxs birdəfəlik ödəmənin alınması üçün “e-sosial” portalında “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın müvəqqəti ləğv edilməsi” xidmətindən istifadə edərək müraciət edir. İşsiz statusu olanlara münasibətdə MAS tərəfindən bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılır və müvafiq qərar qəbul olunur. İşsiz statusu olmayan şəxs isə bu statusun alınması üçün bu Qaydanın 3.1-ci bəndində göstərilən qaydada müraciət edir. Bu zaman MAS tərəfindən şəxsə münasib işin təklif edilməsi mümkün olmadıqda, dərhal işsiz statusunun verilməsi haqqında qərar qəbul olunur və bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılır. MAS tərəfindən işsiz şəxsin bu Qaydanın 2.3-cü bəndində göstərilən şəxslərə aid olması yoxlanılır. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydanın 2.3-ci bəndində göstərilən şəxsə aid olması müəyyən edildikdə, MAS tərəfindən elektron qaydada birdəfəlik ödəmənin verilməsindən imtina olunur, bu barədə işsiz şəxsə imtinanın səbəbi göstərilməklə, mobil telefon vasitəsilə SMS göndərilir və onun elektron kabinetinə əsaslandırılmış bildiriş yerləşdirilir. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydaların 2.3-cü bəndində göstərilən şəxsə aid olmaması müəyyən edildikdə birdəfəlik ödəmənin təyin edilməsi haqqında MAS tərəfindən qərar qəbul olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarının 2-1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallar istisna olmaqla, birdəfəlik ödəmənin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarının 2020-ci il 25 aprel tarixinə qüvvədə olan redaksiyasının 1-ci hissəsində göstərilən müddətlərə uyğun olaraq, xüsusi karantin rejiminin tətbiq edildiyi dövrü əhatə edir və cari ilin aprel və may ayları üçün ödənilir. “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli 216 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin. “Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 avqust 2020-ci il tarixli 283 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin. “Məşğul haqqında” Azərbaycan Respublikası Qanunun 1.1.6-ci maddəsinə əsasən işsiz şəxs – işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nda birdəfəlik ödəmənin “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənilməsi, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; əmək pensiyaçılarına; aylıq müavinət alanlara; aylıq təqaüd alanlara; özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; işsizlikdən sığorta ödənişi alanlara; peşə hazırlığına görə təqaüd alanlara; 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarmbəndlərində göstərilən şəxslərin əri və ya arvadı; mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara; mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara; birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara; yaşı 18-dən aşağı olanlara; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara isə ödənilməməsi təsbit edimişdir. Göründüyü kimi qaydalarda “aztəminatlılıq meyarlarına uyğun gəlmədiyinə” görə birdəfəlik ödəmənin verilməsindən imtina nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 işsiz statusuna malik olan şəxs kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə birdəfəlik ödəmələr verilməli idi. Cavabdeh inzibati orqanın bundan imtinası qanunun tələblərinə zidd olmaqla iddiaçıların hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilərək iddiaçılar İddiaçı1 və İddiaçı3 Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu aprel, may, iyun, avqust və dekabr ayları, İddiaçı2 isə aprel və may ayları üçün hər ay üzrə 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmənin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı1 Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu aprel, may, iyun, avqust və dekabr ayları üzrə hər ay üçün 190 manat, cəmi 950 (doqquz əlli) manat məbləğində birdəfəlik ödəmənin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. İddiaçı3 Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu aprel, may, iyun, avqust və dekabr ayları üzrə hər ay üçün 190 manat, cəmi 950 (doqquz əlli) manat məbləğində birdəfəlik ödəmənin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. İddiaçı2 Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu aprel, may ayları üzrə hər ay üçün 190 manat, cəmi 380 (üç yüz səksən) manat məbləğində birdəfəlik ödəmənin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar