Məhkəmə qərarları › İş №2-1(112)-7464/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7464/2023

02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7464/2023 02.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ödənilməmiş pensiya məbləğbinin birdəfəlik ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 02 iyun 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1966-cı il təvəllüdlüdür. İddiaçıya 3 aprel 2014-cü il tarixində prokurorluq orqanlarının sabiq əməkdaşı kimi İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmiş və həmin tarixdə vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 880,00 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 396,00 manat, rütbəyə görə əlavə 130,00 manat, digər növ əlavələri 1230,25 manat olmaqla orta aylıq əmək haqqı 2636,25 manat təşkil etmişdir. Cavabdeh iddiaçıya xx.xx.2014-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində 43605,00 manat artıq pul vəsaitin ödənildiyini hesab edərək pensiya məbləğindən 6723,39 manat tutulma həyata keçirmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək artıq ödənilmiş 74839,84 manat pensiya məbləğinin Filialın hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7852/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2966/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7852/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan kassasiya şikayəti verilməmiş, birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəsini almışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək, əmək pensiyasından tutulan 6723,39 manat pul vəsaitinin ona geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “...pensiya məbləğiniz 2021-ci ilin avqust ayından etibarən qanunvericiliyin tələblərinə uyğunlaşdırılaraq 2241,23 manat məbləğində müəyyən edilib və xx.xx.2014-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində sizə 74839,81 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilib. Həmin artıq ödənilmiş pul vəsaiti haqqında sizə 11 fevral 2022-ci il tarixli **********8 nömrəli məktubla ətraflı məlumat verilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Göstərilən maddəyə əsasən sizə artıq ödənilmiş pul vəsaitinin məbləği yenidən hesablanaraq 74839,81 manatdan 29237,01 manata azaldılıb. Eyni zamanda bildiririk ki, prokurorluq orqanları əməkdaşlarının vəzifə maaşlarının 1 dekabr 2022-ci il tarixindən artırılması ilə əlaqədar əmək pensiyanız həmin tarixdən yenidən hesablanaraq 2241,13 manatdan 2696,25 manata artırılıb, 1 yanvar 2023-cü il tarixindən isə 2965,88 (2696,25+pensiyanın tərkibində 10 faiz maddi yardım) məbləğində müəyyən edilib. Həmçinin 2022-ci ilin dekabr və cari ilin yanvar ayları üzrə sizə ödənilməli olan 995,76 manat fərq məbləği hesablanıb. Həmin sizə artıq ödənilmiş 29237,01 manat pul vəsaitdən sizə ödənilməli olan 955,76 manat pul vəsaiti çıxılaraq büdcəyə bərpa edilib. Qalan artıq ödənilmiş pul vəsaiti 28281,25 manat təşkil edir. Həmin 28281,25 manat qalıq artıq ödənilmiş pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyanızdan tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir. Bundan başqa, sizə maddi yardım üzrə 2022-ci ilin dekabr ayı üzrə ödənilməli olan 45,51 manat pul vəsaiti hesablanıb. Həmin vəsait cari ilin fevral ayında əmək pensiyanızın üzərinə əlavə edilərək müvafiq kart hesabınıza köçürülüb. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2023-cü il tarixindən qüvvədə olan müddəalarına əsasən sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, həmin Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyanız 1 yanvar 2023-cü il tarixindən hesablanmaqla 3401,86 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabınıza köçürülür. İddia tələbi, İddiaçının əsaslandırması: iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2021-ci ilin may, iyun və iyul ayları üçün hesablanmış pensiyanın, cəmi 6723,39 manat pulun ona birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarına istinad edərək İddia tələbi onunla əsaslandırmışdır ki, 2014-cü ildən əlilliyə görə DSMF-nin Yasamal rayon şöbəsi vasitəsilə pensiya almışdır. 2021-ci ilin aprel ayının 30-dan yenidən komissiyadan keçirilməyi ilə bağlı pensiyanın verilməsi dayandırılmışdır. Komissiyadan keçdikdən sonra pensiya 30 aprel 2021-ci il tarixdən bərpa olunmuşdur. Həmin vaxt pensiya işi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına köçürülmüşdür. Filialda keçirilmiş araşdırma nəticəsində pensiyanın məbləği 3240,03 manat məbləğindən 2241,13 manata endirilmişdir. Bundan başqa Filial hesab etmişdir ki, ona pensiya aldığı dövr ərzində 81563,20 manat artıq pul vəsaiti köçürülmüş, buna görə də 3 ayın pensiyasını, yəni 2021-ci ilin may, iyun, iyul ayların pensiyalarını, cəmi 6723,39 manat pulu tam şəkildə ona ödəmədən həmin 81563,20 manat puldan çıxmış, qalan 74839,81 manat pulun ondan tutulması məqsədilə iddia ərizəsilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin işə Bakı İnzibati Məhkəməsində baxılmış və iddia təmin edilməmişdir. Verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsi işə baxaraq birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır. 29 dekabr 2022-ci il tarixdə o, həmin Filiala ərizə ilə müraciət edərək, ona ödənilməmiş 3 ayın pensiyasını, yəni yuxarıda qeyd etdiyi 6723,39 manat pulun verilməsini xahiş etmişdir. Lakin ərizənin təqdim olunmasından 2 aydan artıq vaxtın keçməsinə baxmayaraq ona nə cavab verilmiş, nə də pul ödənilmişdir. Hesab edir ki, qeyd edilən 3 ayın pensiyasının - 6723,39 manat pulun köçürülmüş pul vəsaitindən silinib ona ödənilməməsi tam qanunsuzdur. İddia tələbinə etirazın əsasları: Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə iddiaçıya 3 aprel 2014-cü il tarixində prokurorluq orqanlarının sabiq əməkdaşı kimi İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmiş və həmin tarixdə vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 880,00 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 396,00 manat, rütbəyə görə əlavə 130,00 manat,digər növ əlavələri 1230,25 manat olmaqla orta aylıq əmək haqqı 2636,25 manat təşkil etmişdir. Cavabdeh iddiaçıya xx.xx.2014-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində 43605,00 manat artıq pul vəsaitin ödəniliyini hesab edərək pensiya məbləğindən 6723,39 manat tutulma həyata keçirmişdir. İddiaçı hazırda 2021-ci ilin may, iyun və iyul ayları üçün hesablanmış pensiyanın, cəmi 6723,39 manat pulun ona birdəfəlik ödənilməsini xahiş edir. İş materillarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7852/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə Filialın İddiaçı qarşı artıq alınmış pensiya məbləğinin qaytarılması barədə iddia tələbi rədd edilmiş, qərar qanuni qüvvəsini almışdır. Hazırkı iş üzrə iddianın predmeti olan, ödənilməyən 3 aylıq pensiya ödənişinin tutulması, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7852/2022 nömrəli iş üzrə artıq ödəmə hesab edilən pensiya məbləğinin tutulması ilə bağlı eyni fakta söykənir. Belə ki, cavadeh orqan iddiaçının pensiyasının artıq hesablanmasını əsas gətirərək, artıq ödənilmiş pensiyanın tutulması ilə bağlı məhkəmədə iddia qaldırmış, eyni zamanda cavabdeh orqan eyni faktiki əsasa istinad edərək öz təşəbbüsü ilə iddiaçıya ödənilməli olan pensiya məbləğinin ödənişini dayandırmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, həmin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş faktlar və hallar hazırki iş üzrə preyudisial xarakter daşıyır və sübuta ehtiyacı yoxdur. Belə ki 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. MPM-in 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd edir ki, artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən: 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Qeyd edilən maddədən görünür ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Hazırkı işdə iddiaçının ona artıq ödənilmiş pensiyanın tutulması barədə razılığının olmaması işin mübahisələndirilməyən halıdır. Belə olan halda cavabdeh orqan artıq ödənildiyi hesab etdiyi məbləği öz təşəbbüsü ilə deyil, yalnız məhkəmədə müvafiq iddia qaldırmaqla nail ola bilərdi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Beləliklə, göründüyü kimi cavabdeh inzibati orqan istər “Əmək pensiyaları haqqında” Qanunun, istərsə də “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd edilən tələblərinə riayət etməmiş, iddiaçıya inzibati icraat barədə məlumat vermədən, inzibati icraatın aparılmasında onun iştirakını, dinlənilmə hüququnu təmin etmədən, artıq ödənildiyini iddia etdiyi pensiya məbləğinin geri qaytarılması barədə iddiaçının razılığını almadan iddiaçının pensiyasından faktiki olaraq tutulmalar həyata keçirilməsinə başlamışdır. Eyni zamanda bununla bağlı məhkəmədə müvafiq iddia qaldırsa da, iddiası təmin edilməmişdir. Məhkəmə iddia tələbinin pensiya məbləğindən artıq tutulmaların birdəfəlik ödənilməsi ilə bağlı qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Ona görə də, məhkəmə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi 6723,39 manat pulun birdəfəlik qaytarılması hissədə təmin edilməməlidir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia qismən təmin edilməli, İddiaçı əmək pensiyasından tutulan 6723,39 manat məbləğin iddiaçıya geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı əmək pensiyasından tutulan 6723,39 manat (altı min yeddi yüz iyirmi üç manat otuz doqquz qəpik) məbləğin, ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə iddiaçıya geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilsin. İddia qalan hissədə, yəni 6723,39 manat (altı min yeddi yüz iyirmi üç manat otuz doqquz qəpik) məbləğin birdəfəlik ödənilməsi hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar