Məhkəmə qərarları › İş №2-1(112)-7466/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7466/2025

23.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7466/2025 23.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “sosial yardımın bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, oun adına ünvanlı sosial yardımın verilməsinə qoyulan qadağanın ləğv olunması, ödənilməyən ayların bərpa edilməsi və yenidən sosial yardımın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı qızı Sosial yardımın qanunsuz yerə kəsildiyinə görə ona köməklik edilməsini xahiş etmişdir. Onun adına maşın olmadığı halda ondan xəbərsiz adına birtərəfli etibarnamə verilib. Ondan xəbəri olmayıb və 10 ay sosial yardım aldığı halda qəfildən yardım dayandı. Səbəbini araşdırdı və öyrəndi ki, adına xəbəri olmadan etibarnamə verilib. 1 il müddətinə sosial yardım almasına qadağa qoyulub. Etibarnaməni ləğv elətdirdi, yenidən müraciət etdi. Lakin qadağa olduğu üçün imtina cavabı gəldi. Əmək və Əhalinin Sosial Müdafiə Naziri cənab nazir Sahil Babayevə yenidən ərizə ilə qadağanın ləğv olunması ilə bağlı müraciət etdi, lakin sosial ödənişlər departamentinin müdiri Rasim Səfərov tərəfindən imtina cavab məktubu gəldi. O 1-ci qrup əlildir, onkoloji xəstəsidir, dizinin sağ ayağı bud nahiyyəsindən amputasiya olunub, maşın sürmək bacarığı yoxdu. Həmçinin qızı X5 1-ci qrup əlildir, serebral iflic və epilepsiya xəstəsidir. Bu yardıma onların çox ehtiyacları vardır. Həm onun, həm də qızının müayinə və müalicələri üçün onların ailəsinin 100 faiz sosial yardım almaq hüququ var. Onların ailəsinə 100 faiz sosial yardım düşdüyü halda sosial müdafiə birliyi tərəfindən uğradığını ona bəyan etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 2 0.1-ci maddəsinə əsasən inzibati orqan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Qanunun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi nzibati icraatın başlanılması üçün əsaslardan biridir. “Ünvanlı dövlət sosial yardımı haqqında” 21,10.2005-ci il tarixli Qanunun 3-cü maddəsinə əsasən, şosial yardım almag hüguqıına orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək aabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Qanunun 6.3-cü maddəsinə əsasən, sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Belə ki, İddiaçı “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil etdiyi xx.xx.2023-cü il tarixli **********01001 nömrəli müraciəti əsasında ona xx.xx.2023-cü il tarixindən 485,45 manat məbləğində ünvanlı dövlət sosial yardım təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 3.1-ci bəndinə əsasən, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Qaydaların 3.4.1-ci bəndinə əsasən, VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Bildiririk ki, İddiaçı istifadəsində nəqliyyat vasitəsi olduğuna görə xx.xx.2023-cü il tarixindən etibarən ona təyin edilmiş ünvanlı dövlət sosial yardımın verilməsi qanunvericiliyin yuxarıda qeyd dayandırılmışdır. Belə ki, iddiaçı müraciəti zamanı ərizəbəyənnamədə istifadəsində hər hansı nəqliyyat vasitəsinin olması barədə məlumatları göstərməmişdir. Qaydalarının 4.2-ci bəndinə əsasən, sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 4.3-cü bəndinə əsasən aşağıdakı məlumatlar istisna olmaqla sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə elektron formada VEMTAS-a 15 (on beş) iş günü müddətində məlumat verməlidir: 4.3.1. Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və sosial müavinətlərin, həmçinin vahid aylıq müavinətin məbləğinin artırılması barədə məlumatlar; 4.3.2. əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması və əmək pensiyalarının indeksləşdirilməsi barədə məlumatlar; 4.3.3. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar;4.3.4. əmək müqaviləsi barədə məlumatlar; 4.3.5. sahibkarlıq fəaliyyəti, o cümlədən sadələşdirilmiş vergi ödəyicisi olması barədə məlumatlar; 4.3.6. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olması barədə məlumatlar. Qaydaların 4.4-cü bəndinə əsasən bu Qaydaların 4.3-cü bəndində göstərilən sosial yardımın dayandırılmasına və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə (4.3.1-4.3.3-cü yarımbəndlərdə qeyd olunan məlumatlar istisna olmaqla) VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna 15 (on beş) iş günü müddətində yenidən baxılır. Qaydaların 4.4-cü bəndinin xx.xx.2023-cü il tarixinədək qüvvədə olan redaksiyasına əsasən sosial yardımın dayandırılmasına və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə (4.3.1 -4.3.3-cü yarımbəndlərdə qeyd olunan məlumatlar istisna olmaqla) VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna təmsilçinin müraciəti əsasında yenidən baxılır. Qaydaların 4.9-cu bəndinə əsasən, sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və ya bu Qaydaların 4.3-cü bəndinin tələbi pozulduqda “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə uyğun olaraq həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. "Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 10.3-cü maddəsində qeyd olunmuşdur ki, bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. Eyni zamanda 10.4-cü maddədə göstərilmişdir ki, ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. Cavabdeh tərəfindənAzərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinə xx.xx.2024-cü il tarixində İddiaçı nəqliyyat vasitələrinin sərəncama və ya istifadəyə verilməsi ilə bağlı etibarnamələrin rəsmiləşdirilib-rəsmiləşdirilməməsi barədə sorğu ilə müraciət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-16-5/2- 14-6299/2024 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, İddiaçı adına xx.xx.2023-cü il tarixində rəsmiləşdirilmiş nəqliyyat vasitəsinin istifadəyə verilməsinə dair etibarnamənin qüvvəsinə xx.xx.2023-cü il tarixli ərizəsi əsasında xitam verilmişdir. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə xx.xx.2024-cü il tarixində İddiaçı mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri, həmin nəqliyyat vasitələrinin hansı tarixdən özgəninkiləşdirilməsi, etibarnamə əsasında idarə etdiyi nəqliyyat vasitələri, həmin etibarnamələrin qüvvədə olma müddəti barədə sorğu ilə müraciət edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2024-cü il tarixli 2-122623/2024 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixində rəsmiləşdirilmiş 99-RU- 437 nömrə nişanlı, VAZ 21043 minik markalı nəqliyyat vasitəsinin istifadəyə verilməsinə dair etibarnamənin qüvvəsinə xx.xx.2023-cü il tarixində xitam verilmişdir. İş materiallarından da göründüyü kimi, iddiaçının xx.xx.2023-cü il tarixindən istifadəsində nəqliyyət vasitəsinin olması öz təsdiqini tapmışdır. Göründüyü kimi iddiaçı tərəfindən “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 10-cu maddəsində göstərilən tələblərin pozulması aşkar olunduğundan, İddiaçı istifadəsində nəqliyyat vasitəsi aşkar edildiyindən və qanunvericliyə əsasən mülkiyyətdə və istifadədə nəqliyyat vasitəsinin olması ünvanlı dövlət sosial yardımının dayandırılması əsası kimi imperativ qaydada tənzimlədiyindən qanunvericiliyin tələblərinə uyğun olaraq ona təyin edilmiş ünvanlı dövlət sosial yardımının ödənişi xx.xx.2023-cü il tarixindən dayandırılmış və ailənin 1 (bir) il müddətinə sosial yardım almaq hüququ məhdudlaşdırılmışdır.Analoji iş üzrə Bakı İnzibati Məhkəmənin xx.xx.2024-cü il tarixli 2- 1(112)- 1407/2024 nömrəli qərarında qeyd edilir ki, iş materiallarından da göründüyü kimi, iddiaçının ailə üzvü olan əri X2 xx.xx.2022-ci ildən istifadəsində nəqliyyət vasitəsinin olması öz təsdiqini tapmışdır. Məhkəmə araşdırması zamanı cavabdehin imtinasında göstərilən hallar iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapdığı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları nın 3.7.4-cü bəndinə əsasən sosial yardımın təyin olunmasından imtina üçün əsasların mövcud olduğu müəyyən edildiyindən iddiaçıya ünvanlı sosial yardımın verilməsindən imtina edilməsi barədə cavabdehin hərəkətləri qanunauyğun olmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən iddiaçının ailə üzvü (əri) X3 istifadəsində xx.xx.2022-ci il tarixindən nəqliyyat vasitəsinin olması iş materialları ilə öz təsdiqini tapdığından, hazırkı iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 15 may 2023-cü il tarixli imtinasının əsassız sayılması, iddiaçı X1 ailəsinə ayrılmış aylıq 475,40 manat məbləğində sosial yardımın bərpa edilməsinə dair iddia tələbi təmin edilməməlidir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-7973/2024 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ünvanlı dövlət sosial yardımın ödənilməsinə qoyulmuş qadağa xx.xx.2023-cü il tarixdən götürülməsi, həmin tarixdən İddiaçı ödənilməmiş ünvanlı dövlət sosial yardımın ödənilməsinin bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixdə qərardan apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(103)-809/2025 nömrəli qərardadı ilə Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7973/2024 nömrəli, 02 senyabr 2024-cü il tarixli qərarı ləğv edilmiş, İnzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə dəftərxanası vasitəsilə ərizə təqdim edərək iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz olunması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-7466/2025 nömrəli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun ailə vəziyyəti nəzərə alaraq, onun xx.xx.2023-cü il tarixli **********01001 nömrəli müraciəti əsasında xx.xx.2023-cü il tarixdən ona verilən 485.45 manat məbləğinin kəsilən son 2 ayını və qadağa qoyulan xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilə qədər olan sosial müavinətin ödənilməsi vəzifəsinin cavabdeh orqan üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-7466/2025 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsaslıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçıya “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil etdiyi xx.xx.2023-cü il tarixli **********01001 nömrəli müraciəti əsasında ona xx.xx.2023-cü il tarixindən 485,45 manat məbləğində ünvanlı dövlət sosial yardım təyin edilmiş, həmin ünvanlı sosal yardımın verilməsi xx.xx.2023-cü il tarixdən dayandırılmışdır. Cavabdeh ünvanlı sosial yardımən dayandırıma əsası kimi iddiaçının istifadəsində nəqliyyat vasitəsinin olmasını təsdiq edən etibarnamənin verilməsi olmuşdur. Cavabdeh iddiaçıya 2023-cü ilin son iki ay ünvanlı sosial yardımın ödənilməsini dayandırmaqla bərabər eyni zamanda dayandırma əsasından çıxış edərək növbəti il - 2024-cü il üçün sosial yardımın verilməsini məhdudlaşdırmışdır. İddiaçıya hazırda 2025-ci il üçün ünvanlı sosial yardım ödənilir. İddiaçı işin birinci instansiya məhkəməsinə qaytarıldıqdan sonra verdiyi iddia tələbinə dəqiqləşmə ilə xx.xx.2023-cü il tarixdən ona verilən 485.45 manat məbləğinin kəsilən son 2 ayını və qadağa qoyulan xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilə qədər olan ünvanlı sosial yardımın ödənilməsini mübahisələndirir. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçının adına həqiqətən xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsindın istifadə hüququna dair etibarnamə olmuş, həmin etibarnamə xx.xx.2023-cü il tarixdə ləğv edilmişdir. «Ünvanlı dövlət sosial yardımı haqqında» Qanununun -1.0.1-ci maddəsinə əsasən ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir. -1.0.2-ci maddəsinə görə ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslərdir. -4.2.1-ci maddəsinə əsasən sosial yardımının əsasprinsiplərindən biri ünvanlılıq sosial yardım yalnız aztəminatlı ailələrə təyin olunur; -6.1-ci maddəsinə görə sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. -6.2-ci maddəsinə əsasən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.1. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. 10.2. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. 10.4. Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. Azərbaycan Respublikası “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 312 saylı xx.xx.2005-ci il tarixli Fərmanının 2.3-cü bəndinə əsasən “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.1, 10.2 və 10.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının: 4.1. Sosial yardım ayda bir dəfə aztəminatlı ailənin təmsilçisinin adına olan kart hesabına mərkəzləşdirilmiş şəkildə tam məbləğdə və nağdsız qaydada ödənilir. 4.2. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. 4.3. Aşağıdakı məlumatlar istisna olmaqla sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə elektron formada VEMTAS-a 15 (on beş) iş günü müddətində məlumat verməlidir: 4.3.1. Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və sosial müavinətlərin, həmçinin vahid aylıq müavinətin məbləğinin artırılması barədə məlumatlar; 4.3.2. əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması və əmək pensiyalarının indeksləşdirilməsi barədə məlumatlar; 4.3.3. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar; 4.3.4. əmək müqaviləsi barədə məlumatlar; 4.3.5. sahibkarlıq fəaliyyəti, o cümlədən sadələşdirilmiş vergi ödəyicisi olması barədə məlumatlar; 4.3.6. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olması barədə məlumatlar. 4.4. Bu Qaydaların 4.3-cü bəndində göstərilən sosial yardımın dayandırılmasına və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə (4.3.1-4.3.3-cü yarımbəndlərdə qeyd olunan məlumatlar istisna olmaqla) VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna 15 (on beş) iş günü müddətində yenidən baxılır. 25 oktyabr 2023-cü il tarixli 381 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 4.4-cü bəndində “Təmsilçinin müraciəti əsasında” sözləri “15 (on beş) iş günü müddətində” sözləri ilə əvəz edilmişdir. Göründüyü kimi xx.xx.2023-cü il tarixinədək qüvvədə olmuş 4.4-cü bəndə əsasən sosial yardımın dayandırılmasına və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə VEMTAS tərəfindən sosial yardımın verilməsinin ayandırılması və ailənin sosial yardım almaq hüququna təmsilçinin müraciəti əsasında yenidən baxılması nəzərdə tutulmuşdur. xx.xx.2023-cü il tarixdən sonra isə sosial yardıma təmsilçinin müraciətinin olub-olmamasından asılı olmayaraq 15 gün ərzində baxılması nəzərdə tutulmuşdur. İşin hallarından görünür ki, iddiaçıya xx.xx.2023-cü il üzrə ünvanlı sosial yardım təyin edilmiş, xx.xx.2023-cü il tarixədək sosial yardım ödənilmişdir. Qeyd edildiyi xx.xx.2023-cü il tarixədək cavabdeh sosial yardımın dayandırılmasına əsas olan halı müəyyən etməmiş, halbuki qeyd edilən sosial yardımın dayandırılmasına əsas olan fakt xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsinə etibarnamə verilməklə baş vermişdir. Adıçəkilən faktın baş verdiyi vaxt qüvvədə olan norma isə ünvanlı sosial yardımın dayandırılmasına əsas olan fakt barədə məlumat verməklə ünvanlı sosial yardım məsələsinə yenidən baxılması üçün bilavasitə iddiaçının müraciət etməsini nəzərdə tutmamışdır. Cavabdeh orqan yalnız qaydalara edilmiş dəyişiklikdən sonra xx.xx.2023-cü il tarixdə öz təşəbbüsü ilə sosial yardımı dayandırmış, bu zaman həm qaydaların hüuquq münasibətinin yarandığı dövr qüvvədə olan normasını, həm də inzibati icraatın aparılması qaydasını da pozmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -51.1-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. -1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Cavabdeh orqan xx.xx.2023-cü il tarixdən təyin etdiyi sosial yardımın xx.xx.2023-cü il tarixdə ödənilməsini dayandırarkən iddiaçıya 10 ay ərzində aldığı sosial yardımın dayandırılmasına əsas olan halı inzibati icraat üzrə araşdırmamış, iddiaçını icraata cəlb etməmiş, işin faktiki və hüquqi əsaslarına qiymət verməmişdir. Halbuki, İİQ-nun 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İddiaçı məhkəmədə, eləcə də inzibati orqana verdiyi izahatlarda sözügedən etibarnamənin adına olsa da lakin etibarnamə üzrə nəqliyyat vasitəsindən istifadəni həyata keçirmədiyi, atası tərəfindən yalnışlıqla verilmiş etibarnaməni ona məlum olduqdan sonra ləğv edildiyini əsas gətirsə də inzibati orqan iddiaçının iddia etdiyi əsasları icraat gedişində yoxlamamışdır. Yalnız sistem üzrə iddiaçının adına etibarnamənin olduğunu əsas götürüb, xx.xx.2023-cü il tarixli 4.4-cü bəndlə verilmiş səlahiyyətindən çıxış edərək birbaşa sosial yarımın verilməsini dayandırmışdır. Halbuki, ünvanlı sosial yardımın məqsədi aztəminatlı ailələrə yadım etmək, inzibati orqanın da nəzarəti bu baxımdan büdcə hesabına veriləcək sosial yardımın obyektiv və düzgün olaraq aztəminatlı ailələrə verilməsinə nail olmaqdır. Bu baxmdan cavabdeh qeyd edilən araşdırmaya iddiaçını cəlb etməmiş, müvafiq izahatını almamış, nəqliyyat vasitəsinin həqiqətən iddiaçının istifadəsində olub-olmamasını araşdırmadan, işin həqiqi hallarını müəyyən etmədən iddiaçını və ailəsini 2023-cü ilin son 2 ayı və növbəti bir il üçün -2024-cü il üzrə ünvanlı sosal yardım almaq hüququndan məhrum etmişdir. İşdən də müəyyən olunur ki, inzibati orqan sosial yardımın dayandırılmasına əsas olan halları inzibati icraat zamanı deyil, məhz iddiaçı tərəfindən hazırkı iddia qaldırıldıqdan sonra məhkəmə icraatı gedişində- nəqliyyat vasitəsinə dair etibarnamənin rəsmiləşməsinə dair müvafiq quruma sorğular verməklə inzibati icraatın aparıldığını sübut etməyə çalışmışdır. Qeyd edilən inzibati icraatın pozulması isə iddiaçı və himayəsində əlil uşaqları olan ailəsinin ünvanlı sosial yardımı barədə maddi hüququnu pozmuşdur. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı xx.xx.2023-cü il tarixli **********01001 nömrəli müraciəti əsasında xx.xx.2023-cü il tarixdən ona verilən 485.45 manat məbləğinin dayandırıldığı xx.xx.2023-cü il tarixdən (kəsilən son 2 ayı üçün) bərpa edilməsi və qadağa qoyulan xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilə qədər olan sosial müavinətin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixli **********01001 nömrəli müraciəti əsasında xx.xx.2023-cü il tarixdən ona verilən 485.45 manat məbləğinin dayandırıldığı xx.xx.2023cü il tarixdən (kəsilən son 2 ayı üçün) bərpa edilməsi və qadağa qoyulan xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilə qədər olan sosial müavinətin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar