Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7467/2025 23.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və müddətsiz əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və müddətsiz əlilliyin təyin edilməsi” tələbinə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra mətndə Agentlik) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçı barəsində qəbul etdiyi xx.xx.2025-ci il tarixli “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərarın ləğv edilməsi və İddiaçı xx.xx.2025-ci il tarixdən “Hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirməklə əlaqədar” səbəb-əlaqəli müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, istefada olan polkovnik-leytenant İddiaçı 1996-cı ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbini bitirdikdən sonra təyinatını MN-nin N saylı hərbi hissəsinin (MN Mərkəzi radiasiya-kimyəvi laboratoriyası) bölmənin mühəndisi vəzifəsinə təyin olunmuşdur. AR Müdafiə Nazirliyinin Kimya Xidməti Rəisinin 19 №-li xx.xx.1998-ci il tarixli Əmrinə əsasən iddiaçı xx.xx.1998-ci il tarixdə Zirə qəsəbəsindəki radiasiya qəzasının aradan qaldırılmasına cəlb edilmiş və radioaktiv şüalanmaya məruz qalmışdır (“Şah Dili” ərazisində yerləşən mayakın “RİTEK” tipli şüa mənbəyi). Şüa mənbəyinin gücü 1500 Rentgen/saat idi. Radiasiya qəzasının aradan qaldırılması nəticəsində ona 25 rentgen doza almışdır. 2015-ci il tarixinədək AR Silahlı Qüvvələrdə xidmət müddəti ərzində müxtəlif vaxtlarda Hospitallarda radiasiya qəzası iştirakçısı kimi müayinə və müalicələr almışdır. AR Müdafiə Nazirinin xx.xx.2015-ci il tarixli 0493 nömrəli əmrinə əsasən “Hərbi xidmət keçməsi haqqında” Əsasnamənin 157-ci maddənin “b” bəndinə əsasən (xəstəliyə görə) istefaya buraxılmışdır. Hərbi Həkim Komissiyasının Qərarı - “Keçirilmiş radiasion şüalanmadan sonraki 1 mərhələ xroniki dissirkulyator ensefalopatiya. Hərbi travmadır, hərbi xidmət vəzifələrimi yerinə yetirərkən alınmışdır. Hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsızam”. Xüsusi olaraq qeyd olunmalıdır ki, 2007-ci ildə iddiaçının radiasiya qəzasında iştirakının statusu barədə AR Ədliyyə Nazirliyinə müraciət olunmuş və ona cavab verilmişdir. Rəsmi cavab məktubunda bildirilmişdir ki, iddiaçı “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” xx.xx.1997-ci il tarixli 423-İQ nömrəli Qanununun 21-ci maddəsinin üçüncü hissəsinə əsasən radiasiya qəzasının nəticələrinin ləğvi zamanı şüalanma dozası alınması nəticəsində sağlamlığına dəyən zərərə görə (Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında) “Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş şəxslər üçün Qanunvericiliklə müəyyən edilmiş kompensasiya və güzəştlər verilir. Bununla bağlı iddiaçının şəxsi işinin 14 bəndində (döyüş tapşırıqları yerinə yetirilərkən alınmış yaralanmalar, kontuziya, yanıqlar və s. və onların xüsusiyyətləri) müvafiq qeydlər aparılıb. 2008-ci ildə Müdafiə Nazirliyinin Kimya xidməti rəisi yaralanmanın (travmanın, kontuziyanın xəsarətin alınması şəraiti haqqında) arayış verilib. 2015-ci ildə Xəstəliklərin səbəbinin və əlilliyin peşə xarakterinin Çernobıl AES-də baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurası tərəfindən sağlamlıq dərəcəm qiymətləndililib, iddiaçıya “Postradiasion ensefalopatiya, Kəskin ifadə olunmuş asteno-nevrotik sindromu” diaqnozu qoyulub və xəstəlik radioaktiv şüalanma ilə əlaqələndirilmə rəyi verilib.Zirə qəsəbəsindəki baş vermiş radiasiya qəzası Silahlı Qüvvələrdə dərc olunan 2006-cı il 3-cü buraxılışlı “Hərbi Bilik” jumalmdada öz əksinin tapmışdı. Qeyd olunmalıdır ki, (“Əhalinin radiasiya təhlükəsizliyi haqqında” xx.xx.1997-ci il tarixli 423-İQ nömrəli Qanununun 21-ci maddəsinin üçüncü abzasına əsasən radiasiya qəzasının nəticələrinin ləğvi zamanı şüalanma dozası alınması nəticəsində sağlamlığıma dəyən zərərə görə (Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında) “Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş şəxslər üçün Qanunvericiliklə müəyyən edilmiş kompensasiya və güzəştlər verilir) qeyd edilən Qanuna bərabər tutulur. 2023 və 2024-cü il üçün “radiasiya qəzası nəticəsində” zərər çəkdiyinə görə müavinəti ala bilmədiyi üçün iddiaçı, xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Nəticədə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6500/2024 Qərarı ilə iddia tələbi təmin edilmişdir. Qeyd olunmalıdır ki, cavabdehə müddətsiz əlilliyin təyin olunması ilə bağlı rəsmi müraciətinə “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” nin 4.3-cü bəndinə əsasən müraciətinə imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə cavabdeh Agentliyin iddia tələbinə dair yazılı etirazı məhkəməyə təqdim olunmuşdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti (etiraz): Cavabdeh Agentliyin iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Şüalanmanın dəqiqləşdirilməmiş effektləri. Keçirilmiş radiasion şüalanmadan sonrakı birinci mərhələ dissirkulyator ensefalopatiya. Sağ diz oynağının medial meniskinin sol diz oynağının lateral meniskinin arxa buynuzunun izoləolunmuş horizontal yırtığı. Kəskin ifadə olunmuş asteno-nevrotik sindrom. Öd kisəsinin polipi. Hipertoniya xəstəliyi İİ mərhələ. Onurğa sütununun boyun, döş və bel nahiyələrinin osteoxondrozu. Qaraciyərin mülayim dərəcəli diffuz piy distrofiyası, funksiyanın pozulmaması ilə. Presbiopiya. Hər iki gözün hipertonik angiopatiyası. Burun tənəffüsünün mülayim dərəcədə pozulması ilə burun arakəsməsinin əyriliyi. Akromial-körpücük oynağının kapsul-bağ aparatının gərilməsi və zədələnməsi. Sol supraspinatus əzələ vətərinin hissəvi yırıtığı, akromiobraxial oynağın degenerasiyası. Aterosklerotik kardioskleroz. Gövdə dərisinin xoşxassəli yenitörəməsi, qasıq nahiyəsinin papillomaları. İİ dərəcəli alimentar konstitusional piylənmə.vətəndaşın orqanizm funksiyalarının 1 il müddətinə 60%-nin pozulduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiq edilmiş 16 iyun 2015-ci il tarixli 2027 nömrəli Xəstəlik haqqında şəhadətnamədə iddiaçının diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi “Keçirilmiş radiasion şüalanmadan (04.1998) sonrakı İ (birinci) mərhələ xroniki dissirkulyator ensefalopatiya. Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidmət vəzifələrini) yerinə yetirərkən alınmışdır” qeyd olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 221 nömrəli qərarına əsasən iddiaçıda olan diaqnoz “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır”. Cavabdeh tərəfindən verilmiş imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, xx.xx.2024-cü il tarixindən hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirilməklə əlaqədar səbəbindən orqanizmin funksiyalarının 60 faiz pozulmasına görə 1 il müddətinə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Aparılmış əlillik təyinatı ilə bağlı müddətlər qanunvericilikdə müddətsiz əlilliyin təyin edilməsi barədə qərar qanuni və əsaslıdır. Qiymətləndirilmə nəticələrindən görünür ki, iddiaçıya: -xx.xx.2015-ci il tarixdən 1 il müddətinə “Şüalanmanın dəqiqləşdirilməmiş, effektləri. Postradiasion ensefalopatiya. Digər dəqiqləşdirilməmiş nevrotik pozuntular. Kəskin ifadə olunmuş asteno nevrotik sindrom. Energetik resursların artıq miqdarda daxil olması. İV (dördüncü) dərəcəli alimentar-konstitusional piylənmə” diaqnozu əsasında ikinci dərəcəli əlillik təyin edilmişdir. - xx.xx.2016-cı il tarixdən 5 il müddətinə “Şüalanmanın dəqiqləşdirilməmiş, effektləri. Postradiasion ensefalopatiya. Digər dəqiqləşdirilməmiş nevrotik pozuntular. Kəskin ifadə olunmuş asteno nevrotik sindrom. Energetik resursların artıq miqdarda daxil olması. İV (dördüncü) dərəcəli alimentar-konstitusional piylənmə” diaqnozu əsasında ikinci dərəcəli əlillik təyin edilmişdir. -xx.xx.2023-cü il tarixdən 1 il müddətinə T66 diaqnozu əsasında orqanizmin faiz pozulmasının 60% olmaqla əlillik təyin edilmişdir. -xx.xx.2024-cü il tarixdən 1 il müddətinə G92 diaqnozu əsasında orqanizmin faiz pozulmasının 60% olmaqla əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarına əsasən İddiaçı Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar 1 (bir) il müddətinə orqanizmin funksiyalarının 60% pozulması barədə qərar qəbul edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarına əsasən iddiaçı barəsində diaqnoz əlillik təyin etməməsi barədə qərar qəbul edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: ... Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 3.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. 3.6. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.7. Şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar X3 Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların X3 Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. ... Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 6.5. Dövlət əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına bu Qanunla müəyyən edilmiş hüquqlarını həyata keçirmək üçün şərait yaradılmasına təminat verir. “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 5. Radiasiya təhlükəsizliyinin təmin olunması sahəsində dövlət orqanlarının səlahiyyətləri Radiasiya təhlükəsizliyinin təmin olunması sahəsində dövlət orqanlarının səlahiyyətləri aşağıdakılardır: dövlət siyasətinin müəyyənləşdirilməsi və onun həyata keçirilməsi; müvafiq qanunvericilik aktlarının, digər normativ hüquqi aktların işlənib hazırlanması, qəbul edilməsi və onlara əməl olunmasına nəzarət; dövlət proqramının hazırlanması və həyata keçirilməsi; radiasiya təsiri nəticəsində əhalinin sağlamlığına və əmlakına dəyə bilən zərərin yüksək riski ilə əlaqədar kompensasiyanın növləri və miqdarının təyin olunma qaydalarının müəyyənləşdirilməsi; radiasiya qəzası baş vermə təhlükəsi yaranarsa, çevik tədbirlərin təşkili və həyata keçirilməsi; radiasiya qəzası nəticəsində əhalinin sağlamlığına və əmlakına dəyən zərərin ödənilməsi qaydasının müəyyənləşdirilməsi; əhalinin radiasiya təhlükəsizliyinin təmin edilməsi, o cümlədən şüalanma dozasının uçotu və ona nəzarət sahəsində vahid dövlət idarəetmə sisteminin yaradılması və onun fəaliyyətinin təmin olunması; radiasiya qəzası nəticəsində radioaktiv çirklənmələrə məruz qalmış ərazilərdə iş və yaşayışın xüsusi rejiminin müəyyən edilməsi; müvafiq ərazilərin radiasiya şəraiti haqqında sakinlərə informasiya verilməsi; radiasiya qəzası nəticəsində şüalanmaya məruz qalmış əhaliyə kömək göstərilməsinin təşkili və ona nəzarət; radiasiya qəzası nəticəsində radioaktiv çirklənməyə məruz qalmış ərazilərdə təbii qoruqların — nadir bitki və heyvan növlərinin mühafizəsi üçün tədbirlər görülməsi; strateji nüvə materiallarının, radioaktiv maddələrin və digər ionlaşdırıcı şüa mənbələrinin idxal və ixracının, onların tranzit ötürülməsinin, ölkə ərazisində daşınmasının tənzimlənməsi və fəaliyyət növlərinə nəzarətin həyata keçirilməsi; radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində Azərbaycan Respublikasının beynəlxalq əməkdaşlığının həyata keçirilməsi və beynəlxalq müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi. Maddə 21. Radiasiya qəzasının nəticələrini ləğv etmək üçün cəlb olunmuş şəxslərin əvvəlcədən nəzərdə tutulmuş yüksək dozada şüalanmasına tələblər Radiasiya qəzasının nəticələrinin ləğv olunması, qəza-xilasetmə və dezaktivasiya işləri ilə əlaqədar cəlb olunmuş şəxslərin əvvəlcədən nəzərdə tutulmuş yüksək dozalı şüalanmaya məruz qalmasına səbəb yalnız insanları xilas etmək və ya onların daha yüksək şüalanma dozasına məruz qalmasının qarşısını almaq məqsədi ola bilər. Radiasiya qəzası nəticələrini ləğv etmək üçün cəlb olunmuş şəxslərin şüalanma dozası bu Qanunun 9-cu maddəsində işçilər (personal) üçün nəzərdə tutulmuş orta illik normativ şüalanma dozasından 10 dəfədən artıq ola bilməz. Radiasiya qəzası nəticələrinin ləğvi ilə əlaqədar cəlb olunmuş şəxslərin əvvəlcədən nəzərdə tutulmuş yüksək şüalanmaya məruz qalması həmin şəxslərin bütün həyatı dövründə ala biləcəyi şüalanmaya qədər dozanı bir dəfə almaq və sağlamlığı üçün risk haqqında əvvəlcədən məlumat vermək şərti ilə və könüllülük əsasında yol verilir. Radiasiya qəzasının nəticələrinin ləğvi üçün cəlb olunmuş şəxsə yüksək şüalanma dozası alması nəticəsində sağlamlığına dəyən zərərə görə "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş şəxslər üçün qanunvericiliklə müəyyən edilmiş kompensasiya və güzəştlər verilir. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanunu: Maddə 5. Vətəndaşların kateqoriyaları Bu Qanun aşağıdakı vətəndaşlara şamil olunur:
1. Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş və ya bu xəstəliyi keçirmiş, habelə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən: a) köçürmə zonası hüdudlarında, yəni qəza mərkəzindən 30 kilometrlik radiusda olan ərazidə qəza nəticələrinin ləğvində iştirak etmiş (o cümlədən müvəqqəti göndərilmiş və ya ezam edilmiş), yaxud Çernobıl AES-in istismarında və ya stansiyada digər işlərlə məşğul olmuş şəxslər; b) köçürmə zonasında xidmət keçmiş daxili işlər orqanlarının rəis və sıravi heyətindən olan şəxslər; v) göstərilən qəzanın nəticələrinin ləğvi ilə bağlı xüsusi toplanışlara çağrılmış və uzaqlaşdırma zonasında işlərə cəlb edilmiş hərbi qulluqçular (burada və bundan sonra bu kateqoriyaya aiddirlər: zabit heyəti, gizirlər, miçmanlar, müddətindən artıq xidmət hərbi qulluqçuları, qadın hərbi qulluqçular, keçmiş SSRİ silahlı qüvvələrində, keçmiş SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin qoşunlarında, daxili və dəmiryol qoşunlarında və digər hərbi birləşmələrdə həqiqi hərbi xidmətdə olan çavuşlar, sıravi heyət və hərbi vəzifəlilər); q) zərər çəkmiş vətəndaşların qəza baş verdikdən sonra doğulmuş və Azərbaycan Respublikası vətəndaşları olan övladları,
2. 1986-1990-cı illərdə, Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin köçürmə zonası hüdudlarında ləğv edilməsində, yaxud həmin dövrdə Çernobıl AES-in istismarında və ya digər işlərdə iştirak etmiş (o cümlədən, müvəqqəti göndərilmiş, yaxud ezam edilmiş) şəxslər, habelə xüsusi toplanışlara çağırılmış və həmin dövrdə görülən işin növündən və yerindən asılı olmayaraq, göstərilən qəzanın nəticələrinin ləğvi ilə bağlı işlərin görülməsinə cəlb edilmiş hərbi qulluqçular və hərbi vəzifəlilər, habelə köçürmə zonasında xidmət keçmiş daxili işlər orqanlarının rəis və sıravi heyəti.
3. 1987-ci il aprelin 21-dən 1990-cı il dekabrın 31-nə qədər olan dövrdə Slavutiç şəhərinin tikintisində iştirak etmiş şəxslər.
Maddə 11. Çernobıl qəzası nəticəsində zərər çəkmiş şəxslərə tibbi yardımın və onların radiasiya mühafizəsinin təşkili Bu Qanunun 5-ci maddəsində göstərilən şəxslər, habelə onların qəzadan sonrakı dövrdə radioaktiv şüalanmanın dolayı təsir göstərə biləcəyi şəraitdə doğulmuş uşaqları xüsusi tibbi müşahidə altında (dispanserləşdirmə) olmalıdırlar. Çernobıl qəzası nəticəsində zərər çəkmiş şəxslərə tibbi yardım göstərilməsi və onların dispanser müşahidəsi yaşayış və ya iş yeri üzrə tibb müəssisələri tərəfindən, həmin şəxslərə ixtisaslaşdırılmış tibbi xidmət göstərilməsi isə tibb müəssisələri tərəfindən həyata keçirilir. Belə tibb müəssisələrinin siyahısı, habelə tibbi yardım göstərilməsi və dispanserləşdirilmə keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Bu Qanunun 5-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən şəxslərin əlilliyi Çernobıl qəzası nəticəsində əmələ gəldikdə, əlillik müddətsiz müəyyən edilir. Vətəndaşların öz əmək qabiliyyətini qismən və ya tamamilə itirməsinə Çernobıl qəzasının səbəb olduğu o halda etiraf edilmiş sayılır ki, həkim-əmək ekspert komissiyası (HƏEK.) belə bir səbəbin olduğunu təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə” ... Bənd 3.1.2. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası:
1. Ümumi müddəalar ... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. ... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; .... 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. … 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. ...
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. ...
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. ... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 26 dekabr 2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: 1.1. Bu Təlimat Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 163-cü maddəsinin birinci hissəsinə əsasən hazırlanmışdır və Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə (bundan sonra Silahlı Qüvvələr), hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda), habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində hərbi xidmət (hərbi toplanış) keçmiş şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması qaydalarını tənzimləyir. 1.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən edilməsi məqsədilə hərbi qulluqçular aşağıdakı kateqoriyalara bölünür: 1.2.1. həqiqi hərbi xidmətdən xəstəliyə (səhhətinə) görə buraxılmış və hərbi tibbi sənədləri olan şəxslər; 1.2.2. həqiqi hərbi xidmətdən xəstəliyə (səhhətinə) görə buraxılmış, lakin hərbi tibbi sənədləri olmayan şəxslər; 1.2.3. həqiqi hərbi xidmətdən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41-ci və 42-ci maddələrində müəyyən edilmiş digər əsaslara görə buraxılmış hərbi tibbi sənədləri olan və ya hərbi tibbi sənədləri olmayan şəxslər. 1.3. Bu Təlimat Azərbaycan Respublikasının Daxili İşlər, Ədliyyə, Fövqəladə Hallar nazirlikləri, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində xidmət keçmiş xüsusi rütbəli şəxslərə də şamil edilir. 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: 2.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik; 2.1.3. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik; 2.1.4. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik; 2.1.5. Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlillik; 2.1.6. Ümumi xəstəliklə əlaqədar əlillik. 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlillik müəyyən etmək üçün əsas vermiş olduqda müəyyən edilir. 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); 3.3.2. arayış ştatdankənar HHK tərəfindən tərtib edilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbihəkim ekspertizası haqqında Əsasnamə”nin 1.6-cı bəndində göstərilən hallarda ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir; 3.3.3. ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı. 3.4. xəstəlik haqqında şəhadətnamədə, arayışda və ya ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarında xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “Hərbi–həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun göstərilmədikdə, yaxud ştatlı HHK-nın qərarının əsli ilə düz olduğunun yoxlanılması zəruri olduqda, sənədlər baxılmaq üçün müvafiq ştatlı HHK-na göndərilir. 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ... 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”; c) “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”.
“İnzibati icraat haqqında” Qanun: ... Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. … Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qaya nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
MƏHKƏMƏNİN MÖVQEYİ
Hazırkı iş üzrə iddiaçının hüquqi marağı onun barəsində diaqnozun əlillik təyin etməməsi barədə qəbul edilmiş qərarın ləğv edilməsi və ona xx.xx.2025-ci il tarixdən müddətsiz əlilliyin təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi ilə bağlıdır. Qeyd olunmalıdır ki, doğrudur ki, zamanında qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”sinin 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Lakin hazırda qeyd edilən normativ akt hüquqi qüvvəsini itirmiş, əlilliyin müəyyən olunması sahəsində tənzimləmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” ilə əvəz olunmuşdur. Yeni meyarlara əsasən, əlilliyin müddəti artıq orqanizmin funksional pozulmasının faiz dərəcəsinə, xəstəliyin gedişatına və ağırlaşma səviyyəsinə görə müəyyən olunur. İş materiallarından müəyyən edilir ki, iddiaçının əvvəlki əlilliyinin təyin edilməsinə əsas olan diaqnoz X1 G92 kodu altında təsnifləşdirilmiş və bu diaqnoz əsasında ona bir il müddətinə əlillik təyin edilmişdir. 2022-ci il tarixli 187 nömrəli Qərarla təsdiq olunmuş Meyarlarda isə G92 kodlu xəstəliyin yalnız “beyin maddəsində yad cismin olması” və ya “anadangəlmə inkişaf qüsurlarının ağır formaları” hallarında müddətsiz əlilliyin müəyyən edilməsi üçün əsas yaratdığı göstərilmişdir. Bununla belə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə vəziyyətin xüsusiyyətləri adi tibbi qiymətləndirmə çərçivəsindən kənara çıxır və xüsusi hüquqi qiymətləndirmə tələb edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.1998-ci il tarixdə hərbi xidmət vəzifəsini icra edərkən, həyəcan siqnalı ilə hərbi hissənin “Mobil qrupu”nun tərkibində Zirə qəsəbəsinin “Sah Dili” ərazisində radiasion vəziyyətin monitorinqi zamanı ionlaşdırıcı şüalanmanın yüksək dozasına məruz qalmışdır. Bu hal Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6500/2024 nömrəli qərarında da xüsusi vurğulanmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının sağlamlığında müşahidə olunan pozğunluqların dərəcəsi və onların tibbi təsnifatı ilə yanaşı, onun yüksək dozalı ionlaşdırıcı şüalanmaya məruz qalması halı hüquqi əhəmiyyət kəsb edir. Belə ki, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1-ci bəndinə əsasən, həmin qəza nəticəsində yüksək radiasiya dozası alaraq sağlamlığına zərər dəymiş şəxslərə qanunvericiliklə müəyyən edilmiş kompensasiya və güzəştlər tətbiq edilir. “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda birbaşa “müddətsiz əlillik” imperativ norması nəzərdə tutulmasa da, bu Qanunun məqsəd və ruhundan aydın olur ki, yüksək şüalanma dozasına məruz qalmış şəxslər hüquqi status və sosial təminatlar baxımından Çernobıl qəzası nəticəsində zərər çəkmiş şəxslərlə eyni hüquqi rejimə malik hesab olunurlar. Bu iki normativ aktın sistemli təhlili göstərir ki, radiasiya təsiri nəticəsində yaranan xəstəliklər Çernobıl qəzası ilə əlaqədar xəstəliklərlə hüquqi eyniləşdirilməyə məruz qalır. Beləliklə, ionlaşdırıcı şüalanmanın yüksək dozasına məruz qalma və onun nəticəsində yaranmış xəstəliklər - Çernobıl qəzası nəticəsində yaranan zədələnmələrlə bərabər hüquqi nəticə doğurur. Bu səbəbdən, məhkəmə qənaətə gəlir ki, İddiaçı sağlamlığında baş verən dəyişikliklər, onun xidməti vəzifələrini icra edərkən yüksək radiasiyaya məruz qalması ilə səbəb-nəticə əlaqəsində olduğundan, o, qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, Çernobıl qəzasında zərər çəkmiş şəxslərlə eyni güzəşt hüquqlarına malikdir. Bu müstəvidə, iddiaçının müddətsiz əlillik təyinatı hüququ yalnız tibbi meyarlarla deyil, həm də onun xüsusi sosial statusu və qanunla nəzərdə tutulmuş güzəştli hüquqlarından irəli gələn qanuni tələbi kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının bu güzəştli hüquqdan istifadə imkanını təmin etməməkdə qanunvericiliyin tələblərinə zidd hərəkət etmiş, beləliklə, onun müddətsiz əlillik hüququnun reallaşmasına əsassız olaraq imtina etmişdir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və X2 Rövşən Şahid oğlu barəsində qəbul etdiyi xx.xx.2025-ci il tarixli “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərarı ləğv edilsin. İddiaçı xx.xx.2025-ci il tarixdən “Hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirməklə əlaqədar” səbəb-əlaqəli müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev