Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7468/2025 10.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinə qarşı “arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinə qarşı “arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 10 aprel 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Xətai rayon VVADQ şöbəsi tərəfindən verilmiş 12 may 2004-cü il tarixli, AZ-İ 477401 №-li Doğum haqqında Şəhadətnaməyə əsasən İddiaçı 07 oktyabr 1986-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. X4 Janoviç, anası X1 qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinin xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, “... verilir BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəsində olan, vətəndaşlığı olmayan şəxs, 7 oktyabr 1986-cı il təvəllüdlü Denis Duplikhinə (himayə sənədi № ***-*******23) ondan ötrü ki, o, Dövlət Miqrasiya Xidməti tərəfindən 31 oktyabr 2024-cü il tarixindən 31 oktyabr 2025-ci il tarixinədək ünvan 1 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır”. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, “tək analıq şəhadətnaməsinin alınması”nı xahiş etmişdir. Cavabdeh məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanuna əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikasının hər bir vətəndaşı 15 yaşı tamam olduqdan və ya şəxs Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildikdən sonra bir ay müddətində şəxsiyyət vəsiqəsi almalıdır. Həmin qanunun 4-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi, doğum haqqında şəhadətnaməsi və sair sənədlər əsasında verilir. Hal-hazırda şəxsiyyət vəsiqəsinin olmamasını nəzərə alaraq, tək analıq arayışının verilməsi ilə bağlı məhkəməyə müraciət etməyiniz məsləhət görülür”. İddia tələbi, iddianın əsaslandırması, cavabdehin etirazları: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan şəxsiyyəti təsdiq edən digər sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi və onun Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında ona atalığının müəyyən edilməməsini təsdiq edən tək analıq şəhadətnaməsinin/”Forma 4 arayışı”nın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun doğumu xx.xx.1987-ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən 469 nömrəli aktla qeydə alınmışdır və buna müvafiq olaraq o, doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. Daha sonra doğum haqqında şəhadətnaməsini itirdiyi üçün xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən AZ-İ seriyalı, 477401 nömrəli doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilmişdir. Heç vaxt məktəbə getməmişdir. Heç vaxt şəxsiyyətini təsdiq edən sənədi olmayıb. Anası X1 xx.xx.1954-cü il tarixdə doğulub, o, milliyətcə belarus olub. Anası 2020ci ilin noyabr ayında Bakı şəhərində vəfat edib. Vəfat edən zaman anasının şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün onun ölümü dövlət qeydiyyatına alınmayıb. Anasının hansı ölkənin vətəndaşı olması barədə məlumatı yoxdur. Onun doğumu qevdə alınan zaman atalığı müəyyən edilməyib, atası barədə məlumatlar anasının göstərişi üzrə yazılıb. Anası onun yeganə valideynidir. X2 xx.xx.1975-ci il tarixdə Bakı şəhərində doğulub. O. Azərbaycan Respublikasının vətəndaşı olub. Bacısı xx.xx.2012-ci il tarixdə Bakı şəhərində vəfat edib. Bacısı Mustafayeva (Duplixina) Anastasiya Qriqoryevna xx.xx.1976-cı il tarixdə Bakı şəhərində doğulub. Bacısı Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda Bakı şəhərində yaşayır. X3 Qriqoryeviç 1978-ci ildə (doğum gününü və ayını bilmir) onda olan məlumata görə Bakı şəhərində doğulub. Qardaşını təxminən 1989-cu ildə atası özü ilə Rusiyaya aparıb. Qardaşının hansı ölkənin vətəndaşı olması barədə məlumatı yoxdur. Qardaşı təxminən 2017-ci ildə Rusiya Federasiyasında vəfat edib. Doğulandan sonra təxminən 4-5 yaşına qədər anası ilə birlikdə Bakı şəhəri Binəqədi rayonunun ərazisində “Baksol" adlanan ərazidə fermada yaşamışdır. Sonra o, Bakı şəhərində müxtəlif ünvanlarda yerləşən fermalarda işləyərək orada yaşamışdır. Hazırda ünvan 1 ünvanında yaşayır, tikintidə fəhlə kimi çalışır. 2021-ci ilin avqust ayında vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət etmişdir. DMX onun müraciətinə xx.xx.2021-ci il tarixli. ******* nömrəli məktubla cavab olaraq bildirmişdir ki, onun vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı icraatın davam etdirilməsi üçün o, valideynlərinin şəxsiyyətini təsdiq edən sənədi də təqdim etməlidir. Yuxarıda da qeyd etdiyi kimi, onun doğumu qeydə alınan zaman atalığı müəyyən edilməyib. Bu səbəbdən də o, atalığının müəyyən edilmədiyini və anasının onun yeganə valideyni olduğunu təsdiq edən sənədi (tək analıq şəhadətnaməsi/Forma 4 arayışı) də Dövlət Miqrasiya Xidmətinə təqdim etməlidir. Lakin hazırda onda həmin sənəd yoxdur. Hesab edir ki, ondan şəxsiyyət vəsiqəsi tələb edilə bilməz. Belə ki, onun işinin hallarından görünür ki, onun 38 yaşı olsa da heç vaxt şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməmişdir. Bu müstəsna haldır, lakin bu vəziyyət onun hüquqlarının pozulmasına səbəb olmamalıdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçı 07 oktyabr 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, X4 Janoviç, anası X1 qeyd edilmişdir. Buna müvafiq olaraq Xətai rayon VVADQ şöbəsi tərəfindən verilmiş 12 may 2004-cü il tarixli, AZ-İ 477401 №-li Doğum haqqında şəhadətnamə verilmişdir. İddiaçı ona “tək analıq şəhadətnaməsinin alınması”nı şəhadətnamə verilməsini xahiş edir. Cavabdeh isə iddiaçının şəxsiyyət vəsiqəsinin olmamasını əsas gətirərək iddiaçının tələbinin təmin edilməsindən imtina edir. Ona görə də, hazırkı məhkəmə müahisəsi yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır, lakin iddia qismən təmin edilməlidir. Tələbin hüquqi əsasını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003- cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydaları" təşkil edir. Həmin Qaydaların. 9.1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir; 9.7-cı bəndinə əsasən. (...) 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər Qaydalarda nəzərdə tutulmuş müddəalara istinadən iddiaçı tərəfindən şəxsiyyətini təsdiq edən sənəd təqdim edilmədiyi əsası ilə cavabdeh tək analıq haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Bu imtinanı mübahisələndirərkən, iddiaçı bildirmişdir ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin alınması üçün müvafiq qanunvericiliyin tələblərinə görə “Doğum haqqında” şəhadətnaməni təqdim etməlidir. Lakin sonuncunun itirilməsi onu həm Azərbaycan Respublikasının vətəndaşı olmasını təsdiq etmək, həm də şəxsiyyətini müəyyən etmək imkanından məhrum etmişdir. Beləliklə, iddiaçının şəxsiyyətinin müəyyən edilməsi ilə bağlı mübahisə yaranmış və bu səbəbdən iddiaçı onun şəxsiyyətinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən verilmiş “Himayə sənədi" əsasında müəyyən edilməsini xahiş etmişdir. İddia tələbindən göründüyü kimi, tərəflər arasında yaranmış mübahisə “doğum haqqında" qeydin olması və ya onun bərpa edilməsi ilə bağlı deyil, bilavasitə iddiaçının təqdim etdiyi sənəd əsasında yuxarıda istinad edilmiş Qaydalara əsasən tək analıq haqqında şəhadətnamənin verilməsi ilə bağlıdır. Beləliklə, məhkəmənin qiymətləndirməsi bilavasitə Qaydalarda nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənəd” anlayışına iddiaçının istinad etdiyi sənədin aid olubolmaması ilə aparılmalıdır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Bununla yanaşı, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.5-ci maddəsində şəxsiyyət vəsiqəsi anlayışı açıqlamaqla göstərilmişdir ki, şəxsiyyət vəsiqəsi - Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəddir. Hər iki müddəaların mənasından aydın olur ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənəd - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir, lakin Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən digər sənədlər mövcud olduğu halda, onlar da şəxsin eyniləşdirilməsinə imkan verən şəxsiyyət vəsiqəsi kimi qəbul edilmişdir. Sonuncu halda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21-ci maddəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması qaydalarını tənzimləməklə, onun 21.6-cı maddəsində nəzərdə tutulmuşdur ki. BMT-nın Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti) tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. Bu müddəadan göründüyü kimi, müvafiq inzibati orqan BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslərlə bağlı məlumatı əsasında həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınmasını həyata keçirir. İş materiallarına əsasən müəyyən edilir ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçı bilavasitə “Himayə sənədi" əsasında həmin inzibati orqan tərəfindən qeydiyyata alınmışdır. Aparılmış təhlilin nəticəsi olaraq məhkəmə qeyd edir ki, istinad edilmiş Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər” anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər, rəsmi sənədi ehtiva edir. Bununla da, məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi himayə sənədi iddiaçının şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, cavabeh orqan bu halların araşdırılması ilə bağıl hər hansı inzibati icraat aparmamışdır. İPM-in: 33.3-cü maddəsinə əsasən, inzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir; 33.4-cü maddəsinə əsasən, bu Məcəllənin 33.3-cü maddəsinə uyğun olaraq təyin edilmiş müddət bitənədək inzibati orqan tərəfindən inzibati akt qəbul edilmədikdə, məhkəmə həmin müddətin bitdiyi vaxtdan 3 ay ərzində iş üzrə qərar qəbul edir. Məhkəmənin həmin qərarı inzibati aktı əvəz edir. Bu Məcəllənin 73.3-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə öz qərarında inzibati orqana inzibati aktla bağlı müvafiq göstərişlər verməyə haqlıdır; 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə qeyd edir ki, hazırkı halda İPM-in 73.3.3-cü maddəsinin tələbinə əsasən məhkəmə tərəfindən iddiaçının tələbinə uyğun məcburetmə haqqında qərar qəbul edilməsi mümkünsüzdür. Belə ki, inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsinə zərurət vardır və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; Məhkəmə qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında deyil, öhdəliyin icrası haqqında iddia olsa da, cavabdeh iddiaçının müraciəti ilə bağlı inzibati icraat aparmadığından məcburetmə haqqında iddia ilə bağlı yuxarıda sadalanan qanunvericilik hazırkı işə də tədbiq edilməlidir. Cavabdeh tərəfindən iddiaçının müraciəti ilə əlaqədar hər hansı inzibati icraat aparılmadığından, iddiaçının müraciəti ilə əlaqədar inzibati icraatın aparılması zərurəti vardır. Məhkəmə inzibati orqanı əvəz edərək onun əvəzinə inzibati icraat aparmamalı və səlahiyyət bölgüsünə uyğun olaraq icra hakimiyyətinin səlahiyyətini həyata keçirməli deyildir. Məhkəmə tərəfindən inzibati orqan tərəfindən aparılmış natamam icraat təzələnə və tamamlana bilər. Cavabdeh inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan məqamları aydınlaşdırmalı, məhkəmə hüquqi mövqeyini nəzərə almaqla inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməlidir. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinin üzərinə İddiaçı şəxsiyyəti təsdiq edən digər sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi və onun Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında ona -xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı-atalığının müəyyən edilməməsini təsdiq edən tək analıq şəhadətnaməsinin/”Forma 4 arayışı”nın verilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəlik qoyulmalıdır. Məhkəmə qərarından şikayət verilməsi hüquqi ilə bağlı məhkəmə qeyd edir ki, hazırkı qərar, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla cavabdeh orqanın üzərinə yenidən inzibati icraatın aparılması və müvafiq qərarın qəbul edilməsi öhdəliyinin qoyulması barədədir və tərəflər iddia tələbinin mahiyyəti təmin edilməsi və ya rədd edilməsi barədə yekun hüquqi nəticə yaratmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1941/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...İPM-in apellyasiya və kassasiya şikayəti vermək hüququna dair mərkəzi normaları qismində çıxış edən 81.2 və 90.2-ci maddələrinin müddəaları aşağıdakı kimidir: 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər; 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qeyd edilən normaların əlaqəli təfsiri baxımından, icraatın bütün iştirakçıları kimi cavabdehə münasibətdə də şikayət verə bilmək hüququnun yaranması üçün həlledici şərt mövcud olmalıdır – qəbul edilmiş məhkəmə qərarı ilə cavabdehin tələblərinin təmin olunmaması halı baş verməlidir. Bu zaman, dəqiqləşdirilməli olan məqam ondan ibarət olmalıdır ki, məhz, hansı hallarda qəbul edilmiş məhkəmə qərarları cavabdehlərə münasibətdə onların “tələblərinin təmin olunmaması” vəziyyətini yaratmış olur. 13. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” İnzibati Kollegiyanın 2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki, “...İPM-in 81.2-ci maddəsinin təfsiri zamanı, həmin normada nəzərdə tutulmuş hallarda şikayət vermək hüququnun yaranması üçün icraat iştirakçısının məhkəmə aktından məzmunca “ziyan çəkməsi” prinsipi qəbul edilməlidir. Buraya, bir qayda olaraq, iddiaçının tələbinin tam və ya qismən rədd edilməsi, məhkəmə aktı ilə cavabdehin inzibati aktının ləğvi və ya etibarsızlığının (qanunsuzluğunun) tanınması, üzərinə hər hansı öhdəliyin qoyulması və s., üçüncü şəxslərin hüquqlarına dair məsələnin onların zərərinə həll olunması, habelə, məhkəmə aktının icraat iştirakçılarının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran prosessual pozuntularla qəbul edilməsi aid edilməlidir.” Hazırkı işdə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı barəsində bu qərarda tətbiq edilən qanunvericilik normalarının tələblərinə uyğun müayinənin aparılmadığı və bununla da müvafiq qərarın qəbul edilmədiyi müəyyən edildiyindən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2.-ci maddəsinə (İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.) əsasən məhkəmə tərəfindən cavabdehin üzərinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının müraciətinə “İnzibati icraat haqqında” Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022- ci il tarixli, 187 №-li Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın tələblərinə uyğun olaraq yenidən baxılması ilə bağlı öhdəlik qoyulmalıdır. Göründüyü kimi, hazırkı mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən mahiyyəti üzrə həll edilməmiş, inzibati məhkəmə icraatı iştirakçılarının, o cümlədən cavabdeh inzibati orqanın əleyhinə və ya ziyanına hər hansı məhkəmə qərarı qəbul olunmamışdır. Apellyasiya məhkəməsi tərəfindən qeyd edilən məzmunda qərar qəbul edilməsi inzibati məhkəmə icraatı iştirakçılarının, hazırkı mübahisəyə münasibətdə cavabdehin ziyanına da şərh oluna bilməz. 16. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1108/2024 nömrəli qərardadın da məhz bu hüquqi mövqe əks olunmuşdur. Bu baxımdan, barəsində şikayət verilən məhkəmə aktından cavabdehin “məzmunca ziyan çəkməsi” halı müəyyən olunmadığından, apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək üçün İPM-in 90.2-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərti (mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər) ödənilmir. Odur ki, cavabdehin apelyasiya instansiyası məhkəməsinin hazırkı qərarından kassasiya şikayəti vermək hüququ da istisna edilir”. Eyni hüquqi mövqe Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-2010/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında da ifadə edilmişdir. İddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərardan narazı qaldığı təqdirdə iddiaçının həmin qərarı məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hazırki qərarında hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinin üzərinə İddiaçı şəxsiyyəti təsdiq edən digər sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi və onun Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında ona -xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş İddiaçıatalığının müəyyən edilməməsini təsdiq edən tək analıq şəhadətnaməsinin/”Forma 4 arayışı”nın verilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması öhdəliyi qoyulsun. Qərardan şikayət verilə bilməz. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-7468/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7468/2025
10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver