Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7474/2023 25.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “əmək haqqından tutulmuş məbləğin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2002-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində əsassız olaraq tutulmuş 12.600 manat əmək haqqının və yubadılan hər il üçün 7% bank uçot dərəcəsi həcmində hesablanmış 8.785 manat olmaqla, cəmi 21.385 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2020-ci il tarixli, 10/1026k saylı əmri ilə öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunmaqla pensiyaya çıxmışdır. Pensiyaya çıxarkən sonuncu ayın əmək haqqını aldıqda ona məlum oldu ki, cavabdeh tərəfindən “müharibə veteranı” olduğuna görə onun aylıq əmək haqqının 400 manat hissəsinə 14% gəlir vergisi tətbiq edilməməli olduğu halda, əsassız olaraq vergi tətbiq edilmiş, xx.xx.2002-ci ildən xx.xx.2020-ci il tarixədək dövr ərzində ona hər ay 56 manat olmaqla az əmək haqqı hesablanaraq ödənilmişdir. Bununla əlaqədar olaraq cavabdehə müraciət etmiş, lakin ona ziddiyyətli cavablar verilmiş, cavabdehin ilk məktubunda 2003-cü ildən, ikinci məktubda isə 2008-ci ildən əmək haqqından gəlir vergisinin güzəştli şərtlərlə tutulmanın dayandırıldığı bildirilmişdir. O, “müharibə veteranı” adını 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Daxili işlər Nazirliyində işlədiyi dövrdə Muxtar Respublikanın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə əldə etmişdir. Ona verilən veteran vəsiqəsinin Müdafiə Nazirliyinə heç bir aidiyyəti yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2000-ci il tarixdə ona 022226 saylı “müharibə veteranı” vəsiqəsi verilmişdir. O, müharibə veteranı kimi hər ay 80 manat Prezident təqaüdü alır. Cavabdeh tərəfindən qanunvericiliyin tələbi kobud şəkildə pozulmuş, nəticədə o, xeyli miqdarda alacağı əmək haqqından məhrum olmuşdur. Müharibə veteranı olduğuna görə xx.xx.2002-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dövr ərzində hər ay üçün cavabdeh tərəfindən ona ödənilən əmək haqqının vergi tutulan 400 manatlıq hissəsinə 14% əsassız vergi tətbiq edildiyinə görə o, hər ay 56 manat gəlirindən məhrum olunmuşdur. O, cavabdeh tərəfindən 19 il ərzində 12.600 manat əmək haqqından məhrum edilmişdir, əsassız əmək haqqının saxlanılmasına görə əlavə olaraq cavabdehdən 7% bank uçot dərəcəsi tətbiq olunaraq 8.785 manat məhkəmə qaydasında tələb edilməlidir. Hesab edir ki, cavabdehdən cəmi 21.385 manat tutularaq ona qaytarılmalıdır.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6696/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla əmək haqqından tutulmuş gəlir vergisinin geri qaytarılması ilə əlaqədar İddiaçı müraciəti üzrə inzibati icraatın yenidən aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun üzərinə qoyulması, iddianın digər hissədə təmin edilməməsi qərara alınmışdır.
4. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022ci il tarixli 10/04 nömrəli məktubda qeyd edilir: “Baş Prokurorluqda 2003-cü ildə yaradılmış “Prokurorluq orqanları işçilərinə vergi güzəştlərinin tətbiq edilməsinə əsas verən “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinin qanuniliyi və əsaslılığının, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğunluğu məsələlərinin araşdırılması üzrə" xüsusi komissiyası tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əlaqəli şəkildə prokurorluq işçilərinə vergi güzəştləri hüququ verən müharibə veteranı vəsiqələrinin verilməsinin qanuniliyi məsələləri araşdırılmış, Azərbaycan Respublikası Baş Prokurorluğu üzrə xx.xx.2008-ci il tarixli 10/10 nömrəli əmrlə əmək haqlarından gəlir vergisinin qanunvericiliklə müəyyən edilmiş qaydada güzəştli şərtlərlə tutulmalı olan şəxslər müəyyən edilərək, “Müharibə veteranı” adı və vəsiqələrinin müvafiq Əsasnamənin tələblərinə zidd olaraq verilməsinə dair komissiyanın rəyi nəzərə alınmaqla əmək haqqınızdan gəlir vergisinin güzəştli şərtlərlə tutulması dayandırılmışdır. Qeyd olunanlara əsasən müraciətinizdə göstərdiklərinizin təmin edilməsi üçün müvafiq əsaslar aşkar edilməmişdir.”
5. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, sabiq prokurorluq əməkdaşı İddiaçı Bakı İnzibati Məhkəməsinə verdiyi iddia ərizəsində xx.xx.1993-cü - xx.xx.2020-ci illərdə prokurorluq orqanlarında işlədiyini, prokurorluqdan əvvəl Daxili işlər orqanlarında işlədiyi dövrdə ona müharibə iştirakçısı olduğundan müharibə veteranı adı verildiyini, bu səbəbdən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.2-ci maddəsinə əsasən əmək haqqından əlavə gəlir vergisinin tutulmamalı olmasına baxmayaraq 2003-cü ildən prokurorluqdakı fəaliyyətinin sonunadək əmək haqqından gəlir vergisinin tutulduğunu bildirmişdir. İddiaçı ərizəsində həmçinin onu da qeyd etmişdir ki, əmək haqqının müvafiq hissəsindən tutulmuş gəlir vergisinin qaytarılması ilə bağlı Baş Prokurorluğa etdiyi müraciətlərinə mənfi cavab verildiyindən iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-6696/2022 nömrəli qərarı ilə əmək haqqından tutulmuş gəlir vergisinin geri qaytarılması ilə əlaqədar onun müraciəti üzrə inzibati icraatın yenidən aparılması öhdəliyi Azərbaycan Respublikası Baş Prokurorluğunun üzərinə qoyulmuşdur. Lakin prokurorluq tərəfindən məhkəmə qərarı icra edilmədiyindən o, yenidən məhkəməyə müraciət edərək iddia tələbinə yenidən baxılmasını xahiş etmişdir. Müəyyən edilmişdir ki, N.X4 Respublikası prokurorunun xx.xx.1993-cü il tarixli əmri ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən keçirilmə qaydasında prokurorluqda qulluğa qəbul olunaraq müxtəlif vəzifələrdə, o cümlədən: Naxçıvan Muxtar Respublikası Prokurorluğunun İstintaq şöbəsinin prokuroru, Naxçıvan şəhər prokurorunun böyük köməkçisi, Naxçıvan Muxtar Respublikası Prokurorunun Təşkilat-nəzarət məsələləri üzrə köməkçisi, Füzuli hərbi prokurorunun köməkçisi vəzifəsi hesabına saxlanılan, Bakı şəhəri Nəsimi rayon prokurorluğunun müstəntiqi, Bakı şəhər prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru, sonradan həmin idarənin böyük prokuroru, Xaçmaz rayon prokurorunun müavini vəzifələrində işləmişdir. İddiaçı Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.2020-ci il tarixli əmri ilə öz arzusuna əsasən həmin tarixdən tutduğu vəzifədən azad olunaraq prokurorluqda qulluq keçməsinə xitam verilmişdir. Baş Prokurorluqda 2003-cü ildə “Prokurorluq orqanları işçilərinə vergi güzəştlərinin tətbiq edilməsinə əsas verən “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinin qanuniliyi və əsaslılığının, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğunluğu məsələlərinin araşdırılması üzrə” xüsusi komissiya yaradılmışdır. Həmin komissiyada Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əlaqəli şəkildə prokurorluq işçilərinə vergi güzəştləri hüququ verən müharibə veteranı vəsiqələrinin verilməsinin qanuniliyi məsələləri araşdırılmış və Baş Prokurorluq üzrə xx.xx.2008-ci il tarixli 10/10 nömrəli əmrlə yuxarıda qeyd edilmiş Əsasnamənin tələblərinə zidd olaraq Baş Prokurorluğun uzunmüddətli xidmətə görə üstəlik haqqın ödənilməsi üçün əmək stajını müəyyən edən komissiyası tərəfindən bir sıra prokurorluq işçilərinə “Müharibə veteranı” adı və vəsiqələri verilməsinə dair qərarları qanunsuz və əsassız olduğundan ləğv edilmiş, həmçinin həmin şəxslərin əmək haqlarından gəlir vergisinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada güzəştli şərtlərlə tutulması (o cümlədən İddiaçı barəsində də) dayandırılmışdır. İddiaçı “əmək haqqından əsassız tutulmuş məbləğin ödənilməsi” tələbinə dair bundan əvvəl qaldırdığı iddiası Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(112)-6696/2022 nömrəli qərarı ilə qismən təmin edilmiş, əmək haqqından tutulmuş gəlir vergisinin geri qaytarılması ilə əlaqədar onun müraciəti üzrə inzibati icraatın yenidən aparılması öhdəliyi Azərbaycan Respublikası Baş Prokurorluğunun üzərinə qoyulmuşdur. Məhkəmənin yuxarıda qeyd edilmiş qərarına əsasən İddiaçı müraciətinə Kadrlar idarəsində yenidən baxılaraq müraciətdə göstərilənlərin təmin edilməsi üçün əsaslar aşkar edilməmiş və bu haqda ərizəçiyə cavab, məhkəməyə isə müvafiq məlumat verilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Əmək Məcələsinin 296-cı maddəsi fərdi əmək mübahisələrinin həllində iddia müddətlərindən bəhs edir. Göründüyü kimi iddiaçı Əmək Məcələsinin 296-cı maddəsi ilə müəyyən edilmiş iddia müddətlərini keçirmişdir. Cavabeh yuxarıda qeyd edilənləri nəzərə alaraq iddianı təmin etməməsini xahiş etmişdir.
6. Məhkəmənin hazırlıq icraatı iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddiyaya yazılı etirazın məzmununa uyğun izahat verdi.
7. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
8. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır.
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
10. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
11. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
III. Məhkəmənin mövqeyi
12. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin: 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
13. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı prokurorluq orqanlarında xidmət etmişdir. İddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində fəaliyyət göstərən müvafiq komissiya tərəfindən xx.xx.2000-ci il tarixdə müharibə veteranı adı və müvafiq vəsiqə verilmişdir.
14. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 102.2. Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır: - 102.2.7. qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin;
15. İddiaçının iddiasına görə o, müharibə veteranı olduğu üçün əmək haqqından gəlir vergisinin güzəştli şərtlərlə tutulmalı olduğu halda, cavabdeh tərəfindən xx.xx.2002-ci ildən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində onun əmək haqqından əsassız olaraq gəlir vergisi tutulmuşdur.
16. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən xx.xx.2002-ci il tarixindən xx.xx.2011-ci il tarixədək əmək haqqından tutulmuş məbləğin ödənilməsi hissəsində iddia tələbi məhkəmənin 25 iyul 2023-cü il tarixli qərardadı ilə mümkün sayılmamışdır.
17. Məhkəmə iddiaçının cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən xx.xx.2011-ci il tarixindən xx.xx.2020-ci il tarixədək əmək haqqından tutulmuş məbləğin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, araşdırma nəticəsində müəyyən edildi ki, Baş Prokurorluqda 2003-cü ildə “Prokurorluq orqanları işçilərinə vergi güzəştlərinin tətbiq edilməsinə əsas verən “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinin qanuniliyi və əsaslılığının, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğunluğu məsələlərinin araşdırılması üzrə” xüsusi komissiya yaradılmışdır. Həmin komissiyada Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əlaqəli şəkildə prokurorluq işçilərinə vergi güzəştləri hüququ verən müharibə veteranı vəsiqələrinin verilməsinin qanuniliyi məsələləri araşdırılmış və Baş Prokurorluq üzrə xx.xx.2008-ci il tarixli 10/10 nömrəli əmrlə iddiaçının əmək haqqından gəlir vergisinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada güzəştli şərtlərlə tutulması dayandırılmışdır.
18. Göründüyü kimi Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-6696/2022 nömrəli qərarı ilə əmək haqqından tutulmuş gəlir vergisinin geri qaytarılması ilə əlaqədar iddiaçının müraciəti üzrə inzibati icraatın yenidən aparılması öhdəliyi Azərbaycan Respublikası Baş Prokurorluğunun üzərinə qoyulmuş, məhkəmənin qərarı əsasında cavabdeh tərəfindən iddiaçının müraciətinə Kadrlar idarəsində yenidən baxılaraq müraciətdə göstərilənlərin təmin edilməsi üçün əsaslar aşkar edilməmişdir.
19. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
20. Yuxarıda göstərilən qanun normalarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, inzibati icraatı zamanı cavabdeh tərəfindən qanunun tələblərinə riayət edilməməsi nəticəsində iddiaçının hüquqlarının pozulması halları öz təsdiqini tapmamışdır.
21. Həmçinin məhkəmə onu da vurğulayır ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən prokurorluq işçilərinin əmək münasibətləri onların fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə tənzimlənir.
22. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
23. Belə olan halda iddiaçı cavabdeh tərəfindən xx.xx.2011-xx.xx.2020-ci illərdə müharibə veteranı olduğu üçün əmək haqqından gəlir vergisinin güzəştli şərtlərlə tutulmalı olduğunu tələb etmək hüququnu iddia müddətini buraxdığı üçün itirmişdir, belə ki, iddiaçı artıq Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2020-ci il tarixli, 10/1026k saylı əmri ilə öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunmaqla pensiyaya çıxmışdır. Pensiyaya çıxarkən sonuncu ayın əmək haqqını aldıqda ona artıq məlum olmuşdur, məhkəməyə iddia tələbi ilə isə 01 mart 2022-ci ildə müraciət etmişdir.
24. Beləliklə, qeyd olunan maddi hüquq normalarının tələblərinin hazırki inzibati iş üzrə tərəflər arasında yaranmış hüquq münasibətinə tətbiqi nəticəsində məhkəmə cavabdeh qurumun imtinasının qanuna zidd olduğu halları müəyyən etməmişdir. Bu səbəbdən də iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
26. Göstərilənlərə əsasən və İPM-in 2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva