Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7474/2025 29.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən pensiyasının yenidən hesablanması zamanı şəxsin fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalının 72 aya bölünməsi yolu ilə həyata keçirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1959-cu ildə doğulmuşdur. Ona 57 yaşı tamam olduğu tarixdən yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2024-cü ilə qədər işləyən əmək pensiyaçısı statusunda olmuşdur. xx.xx.2022-ci il tarixdən iddiaçı tərəfindən cavabdehə orqana müraciət edilərək "Əmək pensiyaları haqqında" AR Qanununun 37.3.1-ci maddəsinə əsasən pensiyasının yenidən hesablanması xahiş edilmiş və cavabdeh tərəfindən həmin şəxsin müraciəti təmin olunmuşdur. Ona yenidən pensiya hesablanan zaman adıçəkilən Qanunun 29 iyun 2022-ci il tarixdən sonra qüvvəyə minmiş redaksiyası üzrə hesablama həyata keçirilmişdir. Daha sonra cavabdeh orqan yenidən hesablanmanın düzgün şəkildə həyata keçirilməməsi ilə əlaqədar inzibati icraat başlamış və yenidən hesablanmanı düzgün həyata keçirilməməsi qənaətinə gəlmişdir. Bu əsasdan iddiaçının əmək pensiyasının təkrar hesablama nəticəsində azalmalar baş vermişdir. Bundan sonra iddiaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün yenidən cavabdehə müraciət etmiş və həmin müraciət əsasında onun pensiyası yenidən hesablanmışdır. Adıçəkilən şəxsin əmək pensiyası Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanan zaman Qanunun 45-ci və 37.3.1-ci maddələrinin xx.xx.2022-ci ilədək qüvvədə olmuş redaksiyasına uyğun yenidən hesablamalar həyata keçirilmiş və sözügedən əlavə və dəyişikliklərin təsdiq edilməsi haqqında xx.xx.2022-ci ilin Qanununun keçid müddəasının 2.2-ci maddəsinə istinad olunmuşdur. Hesab edirlər ki, Filial tərəfindən qeyd edilən şəxsə münasibətdə Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanma həyata keçirilən zaman xx.xx.2022-ci il tarixli Qanunun 2.2-ci maddəsi nəzərə alınmamalı idi. Belə ki, iddiaçıya ilkin pensiya təyinatı xx.xx.2017-ci il tarixdən əvvəl həyata keçirilmiş və onun pensiyasının yenidən hesablanması İyun 2022-ci ildən sonraya təsadüf etmişdir. Yəni, Filial iddiaçıya münasibətdə xx.xx.2017-ci ildən xx.xx.2022-ci ilə qədər qüvvədə olan Qanunun normalarına istinad etmişdir. Bu hal isə vətəndaşların hüquqlarını kobud şəkildə pozmuşdur. "Əmək pensiyaları haqqında" Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli Qanunun 2.2-ci maddəsinə (keçid müddəalarına) əsasən müəyyən edilmiş tənzimləmə Filial tərəfindən düzgün təfsir və tətbiq edilməlidir. Belə ki, "Əmək pensiyaları haqqında" Qanunun 45-ci maddəsi Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti adlanmaqla xx.xx.2022-ci il tarixli qanunla ləğv olunan ikinci cümləsi (Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır) 10 mart 2017-ci il tarixli] Qanun ilə əlavə edilmiş və Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunması qaydasını tənzimləyir. Odur ki, 10 mart 2017-ci il tarixli) Qanun qüvvədə olduğu müddətdə 9-cu maddəyə əsasən yaşa görə pensiya hüququ yaranmış şəxslərə pensiya məhz qeyd edilən qaydada təyin edilməlidir və normanın (45-ci maddənin ikinci cümləsi) xx.xx.2022-ci il tarixli qanunla ləğv olunması həmin şəxslərə təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasına səbəb olmur. Bu qayda (artıq qeyd edilən qaydada təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasının yolverilməzliyi) keçid müddəalarında nəzərdə tutulmuş, lakin məhkəmə hesab edir ki, həmin müddəa keçid müddəalarında nəzərdə tutulmasa belə, hüququn ümumi prinsipləri baxımından (qanunun özündə nəzərdə tutulmuş hallar istisna olmaqla) fərqli qaydanın tətbiqi istisna olunur. O ki, qaldı sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanmasına, müvafiq tənzimləmə məhz Qanunun 37.3.1-ci maddəsi ilə tənzimlənir. Belə ki, işləyən əmək pensiyaçılarına münasibətdə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud sığorta kapitalı əsasında yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır (37.3.2-1-ci maddə isə Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin pensiyasının yenidən hesablanması üçün müraciəti şərtləndirir). Odur ki, ləğv olunmuş 45-ci maddənin ikinci cümləsi pensiyanın təyin edilməsini qaydasını müəyyən etdiyindən həmin normanın ləğvi ilə bağlı keçid müddəaları sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanması şərtlərini müəyyənləşdirə, yəni normanın tənzimləmədiyi münasibətlərin ulktraaktivliyini şərtləndirə bilməz. Çünki, ləğv olunmuş 45-ci maddənin ikinci cümləsi qüvvədə olduğu müddətdə pensiyanın yenidən hesablanması qaydasını deyil, məhz (yalnız) pensiyanın təyin edilməsi qaydasını tənzimləyir. Pensiyanın təyin edilməsi və yenidən hesablanması isə fərqli hüquqi hallar və tənzimləmədir. Odur ki, yuxarıda qeyd edildiyi kimi norma tənzimləmədiyi münasibətlərə və faktlara münasibətdə ultraaktiv ola (yaşana) bilməz.
3. Sonuncu dəfə iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehin “Əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-14959/2024 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçının müraciəti əsasında onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası müraciət etdiyi tarixdən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanaraq 815,68 manat məbləğində müəyyən edilmişdir. Həmçinin, Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinin tələbləri və ümumi pensiya məbləğlərinin illər üzrə indeksləşdirilməsi nəzərə alınmaqla əmək pensiyasının aylıq məbləği 1061,62 manat təşkil etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası"nın 6.1-ci bəndinə əsasən, əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə əmək pensiyaları yenidən hesablanır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlaması üçün əsasdır. İddiaçı barəsində aparılan inzibati icraat zamanı Mərkəzi Filial tərəfindən iddiaçının müraciəti əsasında 07 avqust 2022-ci il tarixdən əmək pensiyasının yenidən hesablanaraq 725,87 manat (Qanunun 26.4-cü maddəsinin tələbləri və illər üzrə indeksləşdirilmələr nəzərə alınmaqla hazırda 947,07 manat) məbləğində müəyyən edilməli olduğu halda 815,68 manat məbləğində müəyyən edildiyi aşkar olunmuşdur. Belə ki, Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş müddəasına əsasən Qanunun 9-cu maddəsinə uyğun olaraq, yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırıldı. Nəzərə çatdırılır ki, Azərbaycan Respublikasının 29 iyun 2022-ci il tarixdən qüvvəyə minmiş 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən, "Əmək pensiyaları haqqında" Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Eyni zamanda, 530-VİQD nömrəli Qanunun 2.2-ci maddəsinə görə (Keçid müddəa) qeyd olunan 1.11-ci maddənin (yəni 45-ci maddənin ikinci cümləsinin çıxarılmasının) Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, əlavə olunan həmin keçid müddəa dəyişikliyin qüvvəyə mindiyi tarixədək təyin edilmiş Qanunun 9.1-ci (əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlar), 9.2-ci (hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar), 9.3-cü (mülki aviasiya uçuş və uçuş-sınaq heyətində çalışanlar), 9.5-ci (hərbi qulluqçular) və s. maddələrində nəzərdə tutulmuş şəxslərin pensiyasının yenidən hesablanması zamanı dəyişiklikdən əvvəlki müddəanın tətbiqini nəzərdə tutur. Başqa sözlə, xx.xx.2022ci il tarixədək həmin maddələr üzrə təyin edilmiş pensiyaların yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Lakin, həmin tarixdən sonrakı dövrdə sözügedən maddələr üzrə yeni təyinatlar üzrə hesablamalar zamanı gözlənilən pensiya ödəniş aylarının sayının artırılması istisna edilmişdir. Bu məsələ ilə bağlı nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq, sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Xüsusilə qeyd olunmalıdır ki, qanunverici pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində müstəqildir (sərbəstdir) (Konstitusiya Məhkəməsi Plenumunun "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.1-ci və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair" 1 dekabr 2010- cu il tarixli Qərarı). Eyni zamanda, Konstitusiya Məhkəməsi Plenumunun "Hərbi qulluqçuların pensiya təminatı haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair" 27 mart 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici bu hüquqları tənzimləyərkən geniş mülahizə sərbəstliyinə malikdir. Bu mənada qeyd olunmalıdır ki, pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində, habelə bu sahədə mövcud qanunvericiliyə dəyişikliklərin edilməsində qanunverici Konstitusiyanın tələblərini nəzərə almaqla mülahizə sərbəstliyinə malikdir. Göründüyü kimi, digər hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanlarından bilavasitə aslı olduğundan bu sahədə dövlətə (o cümlədən qanunverici orqanına) geniş mülahizə sərbəstliyi verilmişdir. Məhz bu səbəbdəndir ki, sosial təminat sahəsində dəyişikliklə bağlı qanunvericilikdə aktlarında həmin aktların hüquqi qüvvəsini tənzimləyən Keçid müddəaları əlavə olunur. Həmin Keçid müddəalarının nəzərə alınmaması isə onun deklarativ xarakter daşımasına gətirib çıxarar. Eyni zamanda, hər hansı normativ hüquqi aktın bu və ya digər norması tətbiq olunarkən həmin aktın məqsədi, hüquqi funksiyası, habelə həmin sahə üzrə ardıcıl həyata keçirilən dəyişikliklər də mütləq nəzərə alınmalıdır. Bu baxımdan, qanunverici orqan 13 may 2022-ci il tarixli Qanunun 2.2-ci maddəsinin məntiqi davamı olaraq 05 noyabr 2022-ci il tarixli Qanunun 1.13-cü maddəsində Qanunun 45-ci maddəsinə yeni məzmunda ikinci cümlə əlavə etmişdir. Beləliklə, hər iki dəyişiklik dövlətin sosial sahədə siyasətinin maliyyə yükü ilə bağlı olması müddəası ilə uzlaşmaqla Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tətbiq dairəsini müəyyənləşdirir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirik ki, qanunverici tərəfindən “Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişiklikliyin təsir dairəsi keçid müddəada müəyyənləşdirildiyindən cavabdeh inzibati orqan tərəfindən hüququn aliliyi və hüquqi müəyyənlik prinsipləri rəhbər tutulmaqla Qanunun keçid müddəasının tətbiq edilməsi qanunvericiliyə zidd hal kimi qiymətləndirilə bilməz. Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olan 45-ci maddəsinin ikinci cümləsinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Göstərilənlərə əsasən vurğulayırıq ki, Qanunun 45-ci maddəsinin ikinci cümləsində qeyd olunan "hesablanma" ifadəsi adından da göründüyü kimi, ümumi məna kəsb etməklə, həm pensiya təyinatı, həm də Qanunun 37.3.1-ci maddəsində qeyd olunmuş pensiyanın yenidən hesablanması zamanı əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasını ifadə edir. Həmçinin, onu da xüsusilə qeyd edirik ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"nın 5.3-cü bəndinə dair 48-ci misalda Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiyanın yenidən hesablanması zamanı 45-ci maddənin ikinci cümləsi tətbiq edilməklə hesablanma aparılmış, yəni gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmışdır. Beləliklə, Qanunun 9-cu maddəsinə əsasən əmək pensiyası təyin edilən şəxslərə münasibətdə nəinki əmək pensiyasının təyinatı zamanı, həmçinin pensiyanın yenidən hesablanması zamanı Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 45-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayı artırılmalıdır. Odur ki, pensiyanın yenidən hesablanması hüququ xx.xx.2022-ci il tarixdən sonra yaranan şəxslərə həmin tarixdən əvvəl pensiya təyin edilmişdirsə, keçid müddəaya əsasən gözlənilən ödənişi müddəti aylarının sayı artırılmalıdır. İddiaçıya xx.xx.2022-ci il tarixdən əvvəl xx.xx.2016-cı il tarixdə pensiya təyin olunmasına baxmayaraq, əmək pensiyası yenidən hesablanarkən, fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq 96 aya (28800,00:96 ay (65 il-63 il=24 ay+(144 ay-72 ay)) bölünməli olduğu halda, 72 aya bölünmüşdür. Bu göstərilənlərlə əlaqədar olaraq İddiaçı təyin edilmiş əmək pensiyası cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-14959/2024 nömrəli qərarla keçid müddəanın tətbiqi ilə əlaqədar 947.07 manat məbləğində müəyyən edilmişdir. "İnzibati icraat haqqında" Qanunun 21-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Qeyd edilənləri nəzərə alaraq, "İnzibati icraat haqqında" Qanunun 21-ci maddəsinə əsasən yuxarıda müəyyən edilmiş hallarla əlaqədar iddiaçının mülahizələrinin dinlənilməsi üçün 16 sentyabr 2024-cü il tarixinədək Mərkəzi Filialın Bakı şəhəri, Nərimanov rayonu, X1 60 ünvanında yerləşən Qəbul Mərkəzinə mülahizələrini dinlənilməsi üçün gəlməsi xahiş olunmuşdur. Göstərilən müddət ərzində iddiaçının yazılı mülahizələrinin təqdim edilməməsi onun barəsində müvafiq inzibati aktın qəbul olunmasını istisna etmir. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. "Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinin qeyd edilən müddəalarından aydın olur ki, qanunverici pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir. Beləliklə qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. Pensiyanın təyin edilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və digər normativ hüquqi aktlarında qeyd olundğu kimi hüquqa və haqqədalətə əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə hüquqi tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxarır. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur.
5. Şifahi məhkəmə baxışı iclasına iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Cavabdeh tərəfindən iddiaçıya “İnzibati icraatın təzələnməsi və mülahizələrin öyrənilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/2-V-211355/2024 nömrəli məktub göndərilmişdir.
8. Məhkəmənin sorğusuna əsasən Filial tərəfindən 10 aprel 2025-ci il tarixli, 3-17- 1/2-77581/2025 nömrəli məktubla iddiaçının pensiya işinə dair sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
İddianın növü və mümkünlüyü
9. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.
10. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
12. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
13. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
14. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.
15. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.
16. İddiaçı cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi ilə bağlı məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etsə də, iddiaçı həmin qərarın mövcudluğundan məhkəmə icraatının gedişatında məlumatlı olmuş, bundan sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etməklə sözügedən qərarı mübahisələndirmiş, bununa da, prosessual müddətə riayət etmişdir.
17. Belə olan halda hazırki iddia mümkünlük şərtlərinə cavab verir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
18. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
19. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinin 1-ci və 2-ci hissələrinin tələblərinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar iş üzrə (xx.xx.2025-ci il tarixli, 2-1(102)-816/2025 nömrəli) qəbul etdiyi qərarında qeyd edilir ki: “21. Kassator həmçinin bildirir ki, iddiaçıya hazırda 479,35 manat pensiya ödənilir ki, bu da yığılan kapitala mütənasibdir.
22. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli 2-1(102)-215/2025 nömrəli iş üzrə qərarında qeyd edilmişdir: İddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi ilə yanaşı, həm də həmin Qanunun 45-ci maddəsinin 2-ci cümləsinə də istinad edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 2-ci cümləsi, həmin normanın qüvvədə olduğu dövrdə pensiya hüququ yaranmış şəxslərə münasibətdə tətbiq oluna bilərdi. İddiaçının pensiya hüququ isə 2008-ci ildə yaranmışdır və həmin ildən də ona müvafiq növdə pensiya təyin olunmuşdur. Odur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış 16719,79 manat pensiya kapitalı əsasında əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanmalıdır və bu zaman həmin Qanunun 29.2-ci maddəsi və 45-ci maddəsinin 2-ci cümləsi iddiaçıya münasibətdə tətbiq oluna bilməz.
23. Məhkəmə kollegiyası oxşar iş üzrə Ali Məhkəmənin qərarını rəhbər tutaraq bildirir ki, iddiaçı xx.xx.2009-cu ildə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildikdən sonra faktiki olaraq 3 il 9 ay 7 gün (45 ay) işləmişdir. (xx.xx.2009 – xx.xx.2010, xx.xx.2010 – xx.xx.2012, xx.xx.2014 – xx.xx.2016) Sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalı 99 (144 ay-45 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı) aya bölməklə (yəni gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiya təyin edildikdən sonra işlədiyi ayların sayı qədər azaldılmaqla) qanuni əmək pensiyanın üzərinə əlavə edilərək və qanunvericiliyin tələblərinə uyğun olaraq indeksləşdirilərək ödənilməlidir.”
21. Beləliklə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin yuxarıda qeyd edilən qərarında sərgilənən hüquqi mövqeyə əsasən məhkəmə hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 2-ci cümləsi, həmin normanın qüvvədə olduğu dövrdə pensiya hüququ yaranmış şəxslərə münasibətdə tətbiq oluna bilərdi. İddiaçının pensiya hüququ isə xx.xx.2016-cı ildə yaranmışdır və həmin ildən də ona müvafiq növdə pensiya təyin olunmuşdur. Odur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı əsasında əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanmalıdır və bu zaman həmin Qanunun 29.2-ci maddəsi və 45-ci maddəsinin 2-ci cümləsi iddiaçıya münasibətdə tətbiq oluna bilməz.
22. Odur, mövcud məhkəmə təcrübəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
26. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-14959/2024cü il tarixli qərarı ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva