Məhkəmə qərarları › İş №2-1(112)-7475/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7475/2022

03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7475/2022 03.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, üçüncü şəxsin nümayəndəsi və vəkili X2, üçüncü şəxsin digər nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs "xxxx" X8) “sərəncamın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs "xxxx" X8) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının 1019 saylı xx.xx.1995-ci il tarixli "xxxx" X5 torpaq sahəsinin ayrılması haqqında sərancamının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirdi ki, iddiaçı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi ilə "xxxx" ASC-dən ünvan 1 ünvanında yerləşən 1110.2 kv.m olan əmlak müəssisəsini almışdır. İddiaçıya ********** qeydiyyat nömrəli **********55-12301 reyestr nömrəli çıxarış və həmin əmlaka aid torpaq sahəsinə dair texniki pasport verilmişdir. 2021-ci ilin avqust ayında “Nissa LTD” X8 Bakı şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraicət edərək Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli sərəncamına əsasən 0.4 ha torpaq sahəsinin həmin firmanın istifadəsinə verildiyini, hazırda iddiçının istifadəsində olan torpaq sahəsi məhz həmin torpaq sahəsi olduğunu bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli sərəncamına əsasən ayrılmış 0.4 ha torpaq sahəsi sərhədləri daxilində 3 müxtəlif daşınmaz əmlak qeydiyyatdan keçmişdir ki, həmin əmlaklardan biri də məhz "xxxx" ASC-dən alınmış 1110.2 kv.m olan əmlak müəssisəsidir. Həmin müəssisə "xxxx" ASC tərəfindən hərrac vasitəsilə əldə edilmiş, hərracın yekunları barədə protokol, AG Bank ASC-ə məxsus çıxarış “Nissa LTD” X8 tərəfindən mübahisələndirilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 mart 2019-cu il tarixli, 2(102)-623/19 saylı qərarı ilə həmin sənədlərin hüquqi əsaslılığı öz təsdiqini tapmışdır. Daha sonra isə sözügedən müəssisə iddiaçı tərəfindən notarial qaydada alqı-satqı müqaviləsi əsasında əldə edilmişdir. Cavabdehə iddiaçı tərəfindən müvafiq sərəncamın ləğv edilməsi barədə ünvanlanmış ərizə isə cavabsız saxlanılmışdır. Sözügedən sərəncam mövcud olmayan müəssisəyə verilmişdir. Sərəncamın surətindən də görünür ki, o, icra başçısının möhürü və imzası ilə təsdiqlənməmişdir. Sərəncam xx.xx.1995-ci il tarixdə verildiyi halda, torpaq sahəsinin ayrılması barədə akt xx.xx.1998-ci il tarixdə tərtib edilmişdir. Sərəncam verildikdən 3 il sonra torpaq sahəsinin ayrılması sərəncamı şübhə altına salır. Sərəncama aid torpaq sahəsinin hüdüdları daxilində 3 ədəd daşınmaz əmlaka dair çıxarış mövcuddur. Həmin çıxarışlar da üçüncü şəxs tərəfindən mübahisələndirilmir. Sərəncama aid torpaq sahəsinin hüdudları daxilində yerləşən torpaq sahəsinə 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2014-cü il tarixli, Keşlə Bələdiyyəsinin 051 nömrəli xx.xx.2004-cü il tarixli qərarı əsasında çıxarış verilmişdir. Həmin sərəncam xx.xx.1995-ci il tarixində üçüncü şəxsin 03.07.95-ci il tarixli 15 nömrəli məktubu nəzərə alınaraq verilmişdir. Dövlət Vergi Xidmətinin elektron bazasından və üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş kommersiya təşkilatının dövlət reyestrindən çıxarışdan da görünür ki, “Nissa LTD” X8 xx.xx.1996-ci il tarixində dövlət qeydiyyatına alınmışdır. Yəni sərəncam kommersiya təşkilatının qeydiyyata alınmasından əvvəldir. Halbuki sərəncamda göstərilir ki, təşkilatın xx.xx.1995-ci il tarixli 15 nömrəli məktubu nəzərə alınmışdır. Sərəncamdan da görünür ki, sərəncamın verilməsinə əsas olmuş yeganə sənəd həmin məktubdur, hər hansı hüquqi sənəd bazası mövcud deyildir, ümumiyyətlə mövcud olması qeyri-mümkündür. Olmayan təşkilatın adına sərəncam verilməsi tam qanunsuzdur. Sərəncamın Bakı şəhəri Nizami Rayon Məhkəməsinə təqdim edilmiş surətindən də görünür ki, sərəncamda “Əsli ilə Düzdür” yazısı və vətəndaşların müraciətləri ilə iş şöbəsinin möhürü vardır. Əgər müvafiq şöbə sərəncamın surətini təsdiq edirsə, sərəncamın əslində olan icra başçısının möhürünün və imzasının kserosurəti əks olunmalı idi. Əgər həmin möhür və imza əks olunmursa, deməli sərəncam icra başçısı tərəfindən möhürlənməyib və imzalanmayıb. Sərəncama aid torpaq sahəsinin ayrılması barədə akt xx.xx.1998-ci il tarixində tərtib edilmişdir. Sərəncamın verildiyi vaxt təşkilatın mövcud olmadığını və sözügedən əmlak müəssisəsinin 2000-ci ildə qeydiyyatdan keçməsi də nəzərə alınsa, üçüncü şəxs əslində 2000-ci il ərəfələrində torpaq ayrılması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh qanunsuz şəkildə həmin sərəncamı 1995-ci il tarixinə rəsmiləşdirmişdir. Sərəncama aid olan torpaq sahəsinin sərhədləri daxilində hazırda 3 ədəd daşınmaz əmlak qeydiyyatda keçmişdir. Onlardan biri hazırda iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən sahəsi 1110.2 kv.m olan əmlak müəssisəsidir. Digərləri isə ünvan 2 ünvanında yerləşən 0.071 ha torpaq sahəsi və X3 mülkiyyətinə verilmiş 0.19 ha torpaq sahəsidir. İddiaçıya verilmiş çıxarışdan da görünür ki, əmlak müəssisənə aid torpaq sahəsi birlikdə 0.129 ha təşkil edir. Yəni hər üç daşınmaz əmlakın birgə ölçüsü mübahisələndirilən sərəncamda ayrılan torpaq sahəsi ilə, demək olar ki, eynilik təşkil edir. Yəni sərəncam əsasında üçüncü şəxsə ayrılmış torpaq sahəsi üzrə tam şəkildə özgəninkiləşmə aparılmışdır və hər üç çıxarış da mübahisə doğurmur. Sərəncama aid torpaq sahəsi daxilində yerləşmiş digər 2 ədəd daşınmaz əmlaklara dair məhkəmə qərarı mövcuddur. ünvan 3 ünvanında yerləşən 0.071 ha torpaq sahəsi və çıxarışla X3 mülkiyyətinə verilmiş 0.19 ha torpaq sahəsi ilkin olaraq 2 saylı Bakı İnzibati- İqtisad Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən X1 adına ilkin qeydiyyata alınmış və ona çıxarış verilmişdir. X1 adına olan çıxarışın verilməsinə əsas olan sənədlər isə 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı, Keşlə Bələdiyyəsinin 051 nömrəli xx.xx.2004-cü il tarixli qərarına və alqı-satqı aktı təşkil edir. Göründüyü kimi 2 saylı Bakı İnzibati-iqtisad Məhkəməsi sərəncam əsasında ayrılmış torpaq sahəsinin bələdiyyə mülkiyyəti olduğunu və həmin torpağa dair bələdiyyə qərarını tanımış, həmin qərar əsasında F. Zülfüqarovun mülkiyyət hüququna dair çıxarış verilməsi öhdəliyi qoymuşdur. Nə üçüncü şəxs, nə də cavabdeh həmin qərarı mübahisələndirməmiş və məhkəmə aktı icra olunmuşdur. Məhkəmə aktlarının preyudusiallığını prinsipini nəzərə alsaq, mübahisəli torpaq sahəsininin bələdiyyə mülkiyyəti olmasını və həmin torpaq sahəsi üzərində cavabdehin heç bir hüququnun olmaması mübahisə oluna bilməz. Odur ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli sərəncamı ləğv edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili X4 izahatında bildirdi ki, "xxxx" Elmi-İstehsalat firması Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 04 mart 1992-ci il tarixli 214/2 nömrəli sərəncamı ilə qeydə alınmış "xxxx" Elmi İstehlat firmasının hüquqi varisidir. "xxxx" Elmi İstehlat firmasının nizamnaməsində bu hal öz təsdiqini tapır. İddiaçı iddia edir ki, sərəncamın surəti icra başçısının möhürü və imzası ilə təsdiqlənməmişdir. Kargüzarlığın aparılması qaydalarına əsasən sorğulara cavab verilərkən, icra hakimiyyətinin sənədlər üçün olan möhürü ilə təsdiqlənir. Torpaq sahəsi 1995-ci ildə ayrılmış, ayrıc aktı 1998-ci ildə tərtib olunmuşdur. İddiaçı sərəncama aid torpaq sahəsinin hüdudları daxilində 3 çıxarışı olan əmlakın mövcud olmadığını bildirərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəsini almayan qətnaməyə istinad edir. Həmin qətnamədən üçüncü şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Sözügedən qətnamə qanuni qüvvəsini almadığından preyudisal əhəmiyyət daşımır. Sərəncamla üçüncü şəxsə ayrılmış torpaq sahəsində 3 ədəd daşınmaz əmlak yerləşmir, əgər yerləşsə belə iddiaçının hüquqları pozulmur. Digər bir tərəfdən iddiaçının sərəncamı mübahisələndirməsinə subyektiv hüququ yoxdur. Belə ki, həmin sərəncamla üçüncü şəxsə ayrılmış 0,4 ha torpaq sahəsinin müəyyən bir cuzi hissəsinə iddiaçı çıxarış əldə etmişdir. Belə olan halda iddiaçının həmin sərəncamın ləğvini məhkəmədə mübahisləndirməyə subyektiv hüququ oldmadığından iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin digər nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyətinin “Torpaq sahəsi ayrılması haqqında” xx.xx.1995-ci il tarixli, 1019 saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, "xxxx" Elmi İstehlat firmasının xx.xx.1995-ci il tarixli, 15 nömrəli məktubu nəzərə alınaraq, Nizami rayonu, Yenikənd küçəsindəki 2213-cü məhəllədə inşaat materiallarının istehsalı sexinin lahiyələşdirilməsi və tikintisi üçün torpaq sahəsinin ayrılması qərara alınmışdır. Həmin məktubda həmçinin bildirilmişdir ki, qeyd olunan sərəncama əsas olmuş (cizgi-sxem və sair) sənədlər əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərdən görünür ki, ünvan 4 ünvanında yerləşən Əmlak kompleksi kimi müəssisəyə xüsusi mülkiyyət hüququ İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda iddiaçı Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli, 1019 saylı sərəncamının ləğv edilməsini tələb edir. Həmin sərəncama əsasən isə "xxxx" Elmi İstehlat firmasının xx.xx.1995-ci il tarixli, 15 nömrəli məktubu nəzərə alınaraq, Nizami rayonu, Yenikənd küçəsindəki 2213-cü məhəllədə torpaq sahəsi "xxxx" Elmi İstehlat firmasına ayrılmışdır. İddiaçı qeyd olunan sərəncamı mübahisələndirsə də, həmin sərəncamla "xxxx" Elmi İstehlat firmasına ayrılmış torpaq sahəsinin İddiaçı MMC-yə məxsus əmlakın yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşməsi öz təsdiqini tapmır. Mübahisələndirilən sərəncamda ayrılmış torpaq sahəsinin ünvanı Nizami rayonu, Yenikənd küçəsindəki 2213-cü məhəllə göstərilsə də, sərəncama cizgi-sxem və sair sənədlər əlavə edilməmiş, habelə sərəncamda ayrılmış torpaq sahəsinin ölçüsü də göstərilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Ona görə də iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar