Məhkəmə qərarları › İş №2-1(112)-7476/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7476/2021

16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7476/2021 16.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsində bildirir ki, o (İddiaçı), 5 dekabr 1955-ci il tarixdə doğulmuşdur, 1970-ci ildə Bakı Dəmiryol Nəqliyyat Texnikumuna daxil olmuş və 1974-cü ildə həmin Texnikumun “Dəmir yollarının elektrikdartma təsərrüfatı” əyani şöbəsini bitirmişdir. Onun adına 08 dekabr 1973-cü il tarixdə əmək kitabçası açılmışdır. 12 noyabr 1974-cü il tarixdən 6 noyabr 1976-cı il tarixədık keçmiş SSR-nin Silahlı qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmiş və tərxis edilmişdir. Hazırda yaşı tamam olduöundan, əmək pensiyası təyin olunması ilə bağlı müraciət etsə də, ona 08 dekabr 1973-cü il tarixdən 1 yanvar 2006-cı il tarixədək sığorta stajı 20 il 10 ay müəyyən edilmişdir. O, 1 iyul 1992-ci il tarixdən 15 mart 1996-ci il tarixədək "xxxx" kiçik müəssisəsində sürücü vəzifəsində işləmiş, lakin həmin qurumun faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığından, qeyd olunan dövr onun sığorta stajına əlavə edilməmişdir. Bundan başqa, 3 sentyabr 2001-ci il tarixdən 16 iyul 2004-cü il tarixədək "xxxx" müəssisəsində sürücü kimi işləmişdir. Həmin illər onun əmək kitabçasında olsa da, arxiv sənədlərinin olmaması əsası ilə ona pensiya təyin edilmir. Lakin həmin müddətlər ərzində işləmiş və bu barədə də əmək kitabçasında qeydiyyat aparılmışdır. O (iddiaçı), hesab edir ki, pensiya yaşına 5 iyun 2020-ci il tarixdə çatmışdır, onun 25 ildən artıq iş stajı vardır və həmin illər araylarla və əmək kitabçası ilə təsdiq olunur, həmin vaxtdan da ona yaşa görə əmək pensiyası təyin edilməlidir. DSMF DSMF Sosial Ödənişlərin Təyinatı İdarəsinin imtinası əsassızdır. “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə – Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Qaydaların 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Qaydaların 4.3.3-1-ci (Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 29 avqust 2013-cü il tarixli İİ nömrəli qərarı ilə əlavə edilmişdir) bəndinə görə sığortaolunamn əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qaydaların 4.3.3-cü yarımbəndində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göstərilənlərə və İPM-in 2, 33-cü maddələrinə əsaslanaraq, ona (iddiaçıya) 5 iyun 2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdehin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı Musrafa oğlu iddia ərizəsində cavabdeh DSMF Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialının 7 may 2021-ci il tarixli imtinasının əsassız hesab olunması və əmək kitabçasında işlədiyi dövrlər onun sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. O, 1 iyul 1992-ci il tarixdən 15 mart 1996-cı il tarixədək "xxxx" firmasında, 3 sentyabr 2001-ci il tarixdən 16 iyul 2004-cü il tarixədək isə "xxxx" müəssisəsində işlədiyini iddia edir. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı işlədiyini iddia etdiyi "xxxx" firmasının faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanın məlum olmaması, "xxxx" müəssisəsinin isə arxiv sənədlərinin Nəqliyyat, Rabitə, və Yüksək Texnologiyalar Nazirliyinin arxivinə təhvil verilməməsi səbəbindən yaşa görə əmək pensiyasının təyin olunmasının müsbət həlli mümkün olmamışdır. Hesab edilir ki, iddiaçının iddia tələbi əsassızdır və məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci maddəsinə əsasən 63 il yaşına çatmış kişilərin yə 60 il yaşına çatmış qadınların (1 iyul 2019u il tarixdən 30 iyun 2020-ci il tarixədək olan dövr üçün) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirıiyinin Kollegiyasının 11 dekabr 2017ci il tarixli 17 saylı Qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 1 iyun 2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçının yaşa görə pensiya hüququ 64 yaş 6 ayla 5 iyun 2020-ci il tarixdə yaranır. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi «Əmək pensiyaları haqqında» AR Qanunu ilə müəyyən edilir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti də sığortaolunanın sığorta stajına əlavə edilir. Yuxarıda qeyd edilən müddəanın məzmunundan göründüyü kimi, sığortaolunanın müddətli həqiqi hərbi xidmət dövrü də sığorta stajına daxil edilir və sığortaolunana pensiya təyin edilən zaman nəzərə alınır. İş materiallarında olan iddiaçıya məxsus 14 avqust 2020-ci il tarixli 260 nömrəli arayış ilə iddiaçının 12 noyabr 1974-cü il tarixdən 6 noyabr 1976-cı il tarixədək müddətli həqiqi hərbi xidmətdə olduğu müəyyən edilmişdir. Onun həqiqi hərbi xidmət dövrü 1 il 11 ay 25 gün təşkil edir. İş materiallarında olan iddiaçının əmək kitabçasına əsasən, hərbi xidmət dövrü və təhsil illəri ilə birlikdə 21 il 09 ay 22 gün sığorta stajının olduğu müəyyən edilmişdir. Məsələnin obyektiv araşdırılması üçün DSMF tərəfindən Milli Arxiv İdarəsinə və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə sorğu göndərilmişdir. Müraciətə verilən Milli Arxiv İdarəsinin 13 avqust 2021-ci il tarixli cavab məktubunda "xxxx" firmasının arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı Filialına mühafizə üçün təhvil verilmədiyi qeyd edilmişdir. Müraciətə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən verilən 19 avqust 2021-ci il tarixli cavab məktubunda isə qeyd olunur ki, Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində "xxxx" firması 22 avqust 1996-cı il tarixdə qeydiyyatdan keçmişdir. İddiaçı isə 1992-ci ildən həmin müəssisədə işlədiyini iddia edir. Beləliklə, iddiaçının mübahisələndirilən sosial sığorta stajı 1 iyul 1992-ci il tarixdən 15 mart 1996-cı il tarixədək "xxxx" firmasında, 3 sentyabr 2001-ci il tarixdən 16 iyul 2004-cü il tarixədək isə "xxxx" müəssisəsində işlədiyini iddia etdiyi dövrlərdir ki, buda ümumilikdə 6 il 6 ay 27 gün təşkil edir. İddiaçıya yaşa görə pensiya təyin edilməsi üçün digər şərt isə tələb olunan pensiya kapitalının tamamlanmasıdır. 21 il 9 ay 22 günə münasibətdə İddiaçı 18.323,51 manat pensiya kapitalı mövcuddur. Tələb olunan pensiya kapitalı isə 28.800 manat təşkil edir. Göründüyü kimi, iddiaçıya yaşa görə pensiyanın təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı və ya pensiya kapitalı tamamlanmadığından, ona yaşa görə pensiyanın təyin edilməsi mümkün olmamışdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq, AR Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinin və İPM 47-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmədən, İddiaçı iddiasının təmin edilməməsi barədə qərar çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı yazılı etirazda göstərlənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 5 dekabr 1955-ci il tarixdə doğulmuşdur. O, 1970 – 1974-cü illərdə Bakı Dəmiryolu Nəqliyyatı Texnikumunda təhsil almış, 1974-cü ilin noyabr ayından 1976-cı ilin noyabr ayınadək həqiqi hərbi xidmətdə olmuşdur. Onun əmək kitabçasında həmçinin 1 iyul 1992-ci il tarixdən 15 mart 1996-cı il tarixədək "xxxx" kiçik müəssisəsində, 3 sentyabr 2001-ci il tarixdən 16 iyul 2004-cü il tarixədək isə, "xxxx" müəssisəsində illəməsi barədə qeydlər də aparılmışdır. İddiaçı təhsil illəri, hərbi xidmət dövrü və əmək kitabçasında əks olunan bütün iş stajı nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının işlədiyi "xxxx" kiçik müəssisəsinin və "xxxx" müəssisəsinin müvafiq arxiv sənədləri arxiv materiallarında müəyyən edilmir, bununla da onun ümumi iş stajı 20 il 09 ay 22 gün həcmində toplamır, eləcə də pensiya təyinatı üçün tələb olunan 28.800 manat pensiya kapitalının qarşılığında 18.323,51 manat pensiya kapitalı mövcuddur. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər (8.1.1 – 8.13-1-ci maddələrindən başqa) hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nərimanov rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı iddiaçının müvafiq müraciəti üzrə qaldlırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehin olduğu yer (Bakı şəhərinin Nərimanov rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Nəzərə alınmalıdr ki, iddia ərizəsi Bakı İnzibati Məhkəməsinə 14 iyun 2021-ci il tarixdə daxil olduğundan, Azərbaycan Respublikasının “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” 9 iyul 2021-ci il tarixli 365- VİQD nömrəli Qanununun 1.1-ci bəndi ona münasbətdə şamil edilmir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: İPM-in 12-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: - “v” hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; - “ğ” ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Həmin maddədə nəzərdə tutulmuşdur ki, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası qanunvericiliyinin qüvvədə olan tələbləri müvafq yaş həddinə çatmış (63 yaş + 2 il) yaşa görə əmək pensiyasının təyin olunmasını aşağıdakı hallardan hər hansı birinin mövcud olması ilə şərtləndirir: - sığorta stajından asılı olmayaraq, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi; - 25 il sığorta stajı olduqda. Məhkəmə icraatında iddiaçının “qeydə alınmış pensiya kapitalı”nın əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi müəyyən edilir, yəni yaşa görə əmək pensiyasının təyinatı üzrə tələb olunan 28.800 manat pensiya kapitalının qarşılığında onun 18.323,51 manat pensiya kapitalı mövcuddur. İddiaçının sosial sığorta stajına gəldikdə isə qeyd olunmalıdır ki, iddiaçının əmək kitabçasında qeyd olunan "xxxx" müəssisəsi və "xxxx" kiçik müəssisəsi ilə bağlı aidiyyəti qurumlara məhkəmə icraatında sorğular ünvanlanmış və onlardan müvafiq cavablar alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məhkəməyə ünvanlanmış 9 sentyabr 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - "xxxx" X3 3 iyun 1994-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. İdarədə olan reyestrdə "xxxx" Müəssisəsi adlı kommersiya qurumu aşkar edilməmişdir. Bu səbəbdən müvafiq hüquqi şəxsə dair daha dəqiq və dolğun məlumat verilməsi xahiş olunur. Hüquqi şəxsin fəaliyyət göstərməsi barədə məlumat «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin dövlət reyestr məlumatlarına aid deyildir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin məhkəməyə ünvanlanmış 9 sentyabr 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - "xxxx" müəssisəsinin və "xxxx" kiçik müəssisəsinin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı Filialına mühafizə üçün təhvil verilməmişdir. "xxxx" müəssisəsi barəsində məlumat əldə etmək üçün Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məhkəməyə ünvanlanmış 10 sentyabr 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - "xxxx" müəssisəsi Nazirliyin struktur idarəsi olmamışdır. Bu səbəbdən tələb olunan arxiv məlumatlarının verilməsi mümkün olmamışdır. Hazırkı məhkəmə icraatında yuxarıda qeyd olunan sənədlər əsasında müəyyən edilir ki, iddiaçının işlədiyi "xxxx" kiçik müəssisəsinin hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması, yəni qanuni fəaliyyət dövrü 3 iyun 1994-cü il tarixə təsadüf edir. Əmək kitabçasında iddiaçının həmin qurumda əmək fəaliyyəti 1 iyul 1992-ci il tarixdən 15 mart 1996-cı il tarixədək olan dövrü əhatə etsə də, həmin dövrün 2 iyul 1992-ci il tarixdən 3 iyun 1994-cü il tarixədək olan dövründə kiçik müəssisə mövcud olmamış və həmin (1 il 11 ay) dövr iddiaçının sosial sığorta stajına daxil edilə bilməz. "xxxx" müəssisəsinin fəaliyyəti barədə isə, hər hansı məlumat aşkar edilmədiyindən, habelə iddiaçının adıçəkilən müəssisədəki fəaliyyətinin böyük hissəsi 2002-ci ilin 1 yanvar tarixindən sonrakı dövrə aid olduğundan, əmək kitabçasındakı həmin qurumla bağlı qeydlər üzrə iş stajı onun sığorta stajı kimi qəbul oluna bilməz. Belə olan halda, məhkəmənin qənaətinə görə iddiaçının fərdi hesabında “əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən” pensiya kapitalı qeydə alınmadığından və 25 il sığorta stajı toplanmadığından, ona yaşa görə əmək pensiyası təyinatından imtina edilməsi əmək qanunvericiliyinin müddəalarına zidd qiymətləndirilməməli və inzibati icraat cavabdeh inzibati orqan tərəfindən «İnzibati icraat haqqında» AR Qanununun 15, 17, 19 və 24-cü maddələrinin tələbləri gözlənilməklə aparılmış sayılmalıdır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar