Məhkəmə qərarları › İş №2-1(112)-748/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-748/2024

17.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-748/2024 17.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X8 üçüncü şəxs qismində cəlb olunmaqla) “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Zeytun küçəsində yerləşən 259 nömrəli yaşayış evinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi olması barədə onun adına yeni çıxarışın tərtib edilməsinə dair qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi sonradan iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Zeytun küçəsində olan 259 nömrəli yaşayış evinin yerləşdiyi və 03 iyun 2022-ci il tarixli, 04/3122 inventar nömrəli texniki pasporta əsasən sahəsi 591 kv.m olan torpaq sahəsinin mülkiyyətçisi kimi qeydiyyata alınması və bu barədə onun adına çıxarışın tərtib edilməsinə dair qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Zeytun küçəsində yerləşən 259 nömrəli yaşayış evini notarial qaydada təsdiq edilmiş xx.xx.2003-cü il tarixli, 185954 nömrəli alqı-satqı müqaviləsi əsasında X3 almış, evin torpaq sahəsində yeni ev tikdirmiş və Abşeron Rayon Ərazi İdarəsi tərəfindən evin tam mülkiyyət hüququ üzrə dövlət reyestrindən onun adına xx.xx.2008-ci il tarixli ******* nömrəli çıxarış verilmişdir. Qeyd olunan üvanda yerləşən ev X5 adına mülkiyyət hüququ əsasında Abşeron RİHB-nin xx.xx.1998-ci il tarixli, 71 saylı sərəncamına əsasən qeydə alınmı, 21310 nömrəsilə reyestr kitabına yazılmış və xx.xx.2001-ci il tarixli 422 nömrəli inventar işi açılmışdır. Hazırda İddiaçı tikdirdiyi evin ərazisi Bakı şəhəri Xətai rayonuna aid edildiyi üçün ona DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********7 nömrəli yeni çıxarış verilmişdir. İddiaçı qeyd olunan ünvandakı torpaq sahəsinin mülkiyyətçisi olması İddiaçı adına yeni çıxarışın tərtib edilməsinə dair göstəriş verilməsi haqqında cavabdehə müraciət etmiş, lakin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edə bilmədiyi və evin yerləşdiyi torpaq sahəsinin bir hissəsinin elektrik xəttinin mühafizə zonasında yerləşdiyi bildirilərək məsələnin həllindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmır və hesab edir ki, o, ev və torpağı K.Nəsirovadan sonuncunun adına Abşeron Rayon Dövlət Texniki inventarlaşdırma və mlükiyyət hüquqlarının qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsi əsasında almış və 19 ildən artıq müddət ərzində həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirmişdir. Belə olan halda ondan 20 il bundan əvvəl K.Nəsibovanın adına tərtib edilmiş sovxozun direktorunun əmrinin surətinin, torpaq sahəsinin planının və ya sxeminin təqdim olunmasının tələb edilmıəsi məntiqə sığmır. Eyni zamanda K.Nəsirovaya verilmiş qeydiyyat vəsiqəsi sənədləşdirilərkən onun tərəfindən mütləq şəkildə hazırda tələb olunan sənədlər alınmasa idi, qeydiyyat vəsiqəsi verilməzdi. Beləliklə də, torpaq sahəsinin ayrılmasına dair əmr, arxiv arayışı, torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (sxem, plan, torpaq sahəsinin təhkm aktı və s) olmadan həmin evə mülkiyyət hüququ K.Nəsirovanın adınarəsmiləşdirilə və həmin ev notarial qaydada İddiaçı satıla bilməzdi. İddiaçının həmin evə mülkiyyət hüququnu təsdiq edən sənədə əlavə olan ev və torpaq sahəsinin sxeminin (çertyojunun) surətinin müraciətə əlavə edilməsinə baxmayaraq müraciət təmin edilməmişdir. Həmçinin bildirilmişdir ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 71 saylı sərəncamı arxivdə saxlanılır, lakin həmin sərəncama adlı siyahı daxil edilmədiyindən vətəndaşa torpaq sahəsiin ayrılıb ayrılmaması barədəı heç bir məlumat aşkar edilməmişdir. Belə olan halda cavabdeh tərəfindən tələb edilən sovxoz direktorunun əmrinin surəti, torpaq sahəsinə aid sxemin tapılması qeyri-mümkünüdür. Həmin sənədləri saxlamağa və qorumağa borclu olan Abşeron rayon Ərazi İdarəsi və 1 saylı Bakı Ərazi İdarəsinin səhlənkarlığı nəticəsində sənədlərin surətlərinin tapılmaması isə iddiaçının hüquqlarının pozulması ilə nəticələnə bilməz. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 88-ci maddəsinin 3-cü hissəsinə əsasən, torpaq saəhsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) əldə edənə keçir. Bununla əlaqədar İddiaçı ilə K.Nəsirova arasında alqı-satqı müqaviləsi bağlanılarkən belə bir razılaşma olmuşdur. Belə olan halda isə İddiaçı torpaq sahəsinə mülkiyyət hüququ tanınmalıdır. Göstərilənlərə əsasən iddiaçı tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X7 hazırkı iş üzrə icraata üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar olaraq bildiririk ki, elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 2 nömrəli Zığ zeytunçuluq sovxozunun ərazisidir və torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin bir hissəsi (373 kv.m) elektrik xəttinin mühafizə zonasında yerləşir. Qeyd olunan səbəblərə görə müraciətin icrası mümkün olmamış, bununla bağlı iddiaçıya xx.xx.2022-ci il tarixli, **********60 nömrəli cavab məktubları ünvanlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri təqdim edildiyi təqdirdə torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46.2ci maddəsinə əsasən göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. Cavabdeh həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1, 23.1-ci maddəsinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında üzrlü səbəb bildirmədən iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tələbi tam şəkildə müdaifə edərək təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi (DƏDKR PHŞ) 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, iddiaçının hazırkı tələbi üzrə müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun məzmunda imtina cavabı verilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanındakı ümumi sahəsi 291,20 kv.m olan, 0,015980 kv. m torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. -İddiaçı adına tərtib edilmiş ünvan 1 fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixli texniki pasportunun “Torpaq sahəsi haqqında məlumat” bölməsindən görünür ki, torpaq sahəsinin faktiki ölçüsü 0,05914 ha, tikintialtı sahəsi 0,01917 ha təşkil edir. -Abşeron RİHB-nin xx.xx.1998-ci il tarixli, 71 nömrəli sərəncamının (arxiv çıxırşının surətidir) göstərilmişdir: 1. Azərbaycan Respublikası Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli 84 saylı qərarı ilə 2 saylı Zeytun sovxozundan 6 hektar həyətyanı fond üçün torpaq sahəsi ayrıldığı nəzərə alınsın. 3. Sovxozda həyətyanı torpaq sahəsinə olan ehtiyacı nəzərə alaraq hər ailə üçün 0,06 ha hektar hesabı ilə 25 ailə üçün nəzərdə tutulmuş 1,5 hektar həyətyanı torpaq fondu torpaq qanunvericiliyinə uyğun sovxoz tərəfindən vətəndaşlar arasında bölünməsinə icazə verilsin. 4. Torpaq sovxoz komissiyasının rəyi və sovxozun əmri ilə paylansın. -Abşeron rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli məktunun surətindən görünür ki, Abşeron RİHB-nin xx.xx.1998-ci il tarixli, 71 saylı sərəncamı Abşeron rayon Dövlət Arxivində saxlanılır. Lakin həmin sərəncama adlı siyahı daxil edilmədiyindən vətəndaşa torpaq sahəsinin ayrılıb-ayrılmaması barədə heç bir məlumat aşkar edilmədi. -Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Zeytun küçəsində 259 saylı, yaşayış sahəsi 18,6 kv.m, 1 otaqdan ibarət yaşayış evi X5 adına mülkiyyət hüququ əsasında Abşeron RİHB-nin 71 saylı, xx.xx.1998-ci il tarixli sərəncamına əsasən qeydə alınmışdır. -Abşeron rayon 2-ci dövlət notariat kontorunda xx.xx.2003-cü il tarixdə bağlanılmış 185954 nömrəli müqavilədən görünür ki, X1 rayon Texniki İnventarlaşdırma bürosunun 21310 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Zeytun küçəsində yaşayış sahəsi 18,6 kv.m olan bir otqadan ibarət 259 saylı yaşayış evini İddiaçı satmışdır. -DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********0 qeydiyyat nömrəli, xx.xx.2008-ci il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, 2 nömrəli Zeytun sovxozu, Zeytun küçəsində istifadəsində olan 0,0202 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 141 kv.m yaşayış sahəsi olan 259 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -İddiaçı ilə X8 arasında Abşeron rayon 2 saylı dövlət notariat ofisində bağlanmış 4Ə-1-266 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin notariat işinə əlavə edilmiş Abşeron rayonlararası X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2003-cü il tarixli, 6700 nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Zeytun küçəsindəki 259 nömrəli fərdi yaşayış evi 21310 qeydiyyat vəqsiqəsinə əsasən X6 məxsusdur. Arayışda torpaq sahəsi ayrılması barədə qrafalar boş saxlanılmış, yalnız torpağın faktiki ölçüsünün 560,6 kv.m olması göstərilmişdir. İddiaçı tərəfin vəsatəti təmin edilərək Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Zeytun küçəsi 259 a saylı evə dair arxiv sənədləri müvafiq sorğu ilə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmişdir. Məktubda bildirilmişdir ki, 259 a saylı fərdi yaşayış evi X5 adına Abşeron RİHB-nin xx.xx.2001-ci il tarixli, 41 nömrəli sərəncamına əsasən xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış, lakin Abşeron rayonu 1 saylı notariat kontorounda təsdiq edilmiş xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, X4 özgəninkiləşdirilmişdir. Sözügedən fərdi yaşayış evinin ilkin qeydiyyatdan keçməsinə dair sənədlər arxiv əsaslarında aşkar olunmamışdır. -"xxxx" ASC-nin məhkəmənin sorğusuna cavab olaraq verdiyi xx.xx.2024-ce il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Zeytun küçəsindəki 259 nömrəli fərdi yaşayış evi "xxxx" ASC-nin balansında olan yüksək gərginlikli elektrik verilişi xətlərinin mühafizə zonasında yerləşmir. Beləliklə işin araşdırılması ilə müəyyən edilir ki, mübahisə predmetini təşkil edən əmlak Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Zeytun küçəsindəki 259 nömrəli ünvanda yerləşən sahəsi 591 kv.m olan torpaq sahəsidir. İddiaçı həmin ünvandakı fərdi yaşayış evinə dair X8 ilə arasında xx.xx.2003-cü il tarixdə bağlanılmış 185954 nömrəli müqaviləyə, dövlət reyestrindən verilmiş çıxarışa və fərdi yaşayış evinə dair tərtib edilmiş xx.xx.2022-ci il tarixli texniki pasporta istinadən həmin torpaq sahəsi üzərində müqlkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin məsələnin həlli təmin edilməmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na əsasən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı»na əsasən:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. rayonşəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26- dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar. - 2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət sayır. Lakin hazırkı halda iddiaçı həm inzibati icraat, həm də məhkəmə araşdırması dövründə mülkiyyətində olan fərdi yaşayış evinin 591 kv.m ha həyətyanı torpaq sahəsinə dair istər özünün, istərsə də əvvəlki mülkiyyətçi X5 adına verilmiş hər hansı hüquqmüəyyənedici sənəd təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, X5 adına verilmiş qeydiyyat vəsiqəsində Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Zeytun küçəsində yerləşən 259 saylı fərdi yaşayış evi üzərində mülkiyyət hüququ Abşeron RİHB-nin xx.xx.1998-ci il tarixli, 71 saylı sərəncamına əsasən qeydə alındığı göstərilsə də, həmin sərəncam ümumi xarakterlidir. Belə ki, bu sərəncamla 2 saylı Zeytun sovxozuna ayrılmış torpaq sahəsinin 25 ailə arasında 0,06 ha olmaqla sovxoz tərəfindən bölüşdürülməsinə icazə verilməsi göstərilmiş, torpaq sahələrinin torpaq sovxoz komissiyasının rəyi və sovxozun əmri ilə paylanmalı olduğu qeyd edilmişdir. Lakin istinad olunan sənəddə K.Nəsirovanın da istifadəsinə 0,06 ha torpaq sahəsinin ayrılması barədə məlumat mövcud olmamış, eyni zamanda işin araşdırılması zamanı belə bir sənədin mövcudluğu müəyyən edilməmişdir. Bu baxımdan sözügedən sərəncam K.Nəsirovaya torpaq sahəsi ayrılması haqqında hüquqmüəyyənedici sənəd kimi götürülə bilməz. Həmçinin iddiaçının K.Nəsirova ilə bağladığı alqı-satqı müqaviləsinin predmetinə torpaq sahəsi aid edilməmişdir. Belə ki, iddiaçının istinad etdiyi texniki pasport isə yuxarıda istinad olunan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmadığından iddiaolunan torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas təşkil etmir. Belə olan təqdirdə, iddiaçının adına bütövlükdə (yəni, həm evin tikinti altı, həm də həyətyanı) evin yerləşdiyi 591 kv.m ha torpaq sahəsinin mülkiyyət hüququ ilə reyestrdə qeydiyyata alınması üçün əsas yaranmır. Bu halda, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin tələbi baxımından, iddiaçının yalnız fərdi yaşayış evinin tikinti altı sahəsinə mülkiyyət hüququ qeydiyyata alınması mümkündür. İşə əlavə olunmuş cavabdeh qurum tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli "Texniki pasport”dan görünür ki, tikilinin altında yerləşən torpaq sahəsi 0,01917 ha təşkil edir. Məhkəmə qeyd edir ki, sözügedən evə mülkiyyət hüququ qeydiyyat alınmaqla sonradan özgəninkiləşdirilməsi həmin torpaq sahəsinin onun qanuni istifadəsində olması və bu halın hazırkı cavabdeh orqan tərəfindən də mübahisəsiz hal kimi qəbul olunmasını ehtiva edir. Belə ki, Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillər arası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra - çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 88.1-ci maddəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tikilisinin altında olan (tikintialtı sahəsi) 0,01917 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və bu barədə onun adına dövlət reyestrindən çıxarış verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tikilisinin altında olan (tikintialtı sahəsi) 0,01917 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və bu barədə onun adına dövlət reyestrindən çıxarış verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar