Məhkəmə qərarları › İş №2-1(112)-748/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-748/2025

05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-748/2025 05.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı “qərarın aidiyyəti hissədə ləğv edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ona aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya ilk dəfə xx.xx.2017-ci il tarixdən ümumi xəstəlik səbəbindən olaraq 2-ci dərəcəli əlillik təyin edilmişdir. Təyin edilmiş əlillik 5 il müddətinə yəni xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. İddiaçı bir müddət əlilliyə görə əmək pensiyası almış lakin sonradan iddiaçıya təyin edilmiş əlillik əlillik altsistemində etibarsız hesab edilmişdir. Bundan sonra iddiaçı xx.xx.2019-cu il tarixli müraciət ilə DSMFin Nizami rayon şöbəsinə müraciət edərək pensiya ödənişinin bərpa edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi isə iddiaçıya imtina məktubu ünvanlayaraq xx.xx.2017-ci ildən xx.xx.2019-cu il tarixədək ödənilmiş 38748.97 manat vəsaitin DSMF-nin Nizami rayon şöbəsi hesabına geri qaytarılmasını bildirmişdir. Bundan sonra iddiaçı xx.xx.2019-cu il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək onun xx.xx.2019-cu il tarixdən əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)- 391/2020 saylı qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(103)-663/2021 saylı qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-391/2020 saylı qərarı ləğv edilmiş, iddia təmin edilmiş, iddiaçının xx.xx.2019-cu il tarixdən əlilliyin bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bundan sonra cavabdeh orqan tərəfindən həmin qərardan kassasiya şikayəti verilmiş, ancaq Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-489/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(103)-663/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra adıçəkilən qərar icraya yönəldilmiş və cavabdeh inzibati orqan tərəfindən icra edilərək iddiaçının dayandırılmış əlilliyi xx.xx.2019-cu il tarixdən bərpa edilmidir. Bərpa edilən zaman iddiaçının yaşa görə pensiya hüququ yarandığından onun əlillik qiymətləndirilməsi müddətsiz olaraq əlillik alt sistemində işlənilmişdir. Cavabdeh sonradan iddiaçıya müraciət edərək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əyani müayinəyə dəvət etmişdir. İddiaçı qeyd edilən tarixdə əyani müayinədə olmuşdur. Bundan sonra cavabdeh orqan xx.xx.2023-cü il tarixli Qərar ilə iddiaçıya təyin edilmiş əlilliyin ləğv edilməsi haqqında qərar qəbul etmişdir. Daha sonra cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixli, 3-17-4/2-H-33997/2023 saylı bildirişlə iddiaçıya müraciət edərək ona xx.xx.2017-ci il tarixdə təyin edilmiş 5 il müddətinə 2-ci dərəcəli əlilliyinin ləğvi barədə qərar qəbul edildiyini bildirmişdir. Ləğvetmə barədə qərarın mətni ilə e-sosial portalından tanış olunması göstərilsə də, həmin qərar bu günə qədər şəxsi kabinetdə öz əksini tapmamışdır. Adıçəkilən bildirişi tərtib edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 №-li Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.7-ci bəndinə istinad etmişdir. Cavabdehin qəbul etdiyi qərar iddiaçıya rəsmi olarq təqdim edilməmişdir. Bu əsasdan hesab edir ki, iddiaçı tərəfindən cavabdehin xx.xx.2023-cü il tarixli Qərarının mübahisələndirilməsi üçün müddəti ötürməmişdir. İddiaçı hesab ediri ki, cavabdeh inzibati orqan iddiaçının əlillik qiymətləndirilməsini ləğv edərkən düzgün qənaətə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 №-li Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxs əyani müainəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində alt sistemə daxil edilir. Göründüyü kimi cavabdeh inzibati orqan ləğvetmə barədə bildirişdə və qərarda adıçəkilən normaya istinad etsə də, əlilliyin qiymətləndirilməsi qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların nədən ibarət olması, həmin sübutların kim tərəfindən təqdim edilməsi, eləcə də risk qrupu dedikdə bu qrupa kimlərin hansı meyar əsasında daxil edilməsini əsaslandırmamışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-489/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı icra edildiyi dövrdə iddiaçının 64 yaş yarımı tamam olmuşdur. Yəni iddiaçı yaşa görə əmək pensiyası almaq hüququ verən yaş həddinə çatan şəxs statusuna malik şəxs olmuşdur. Belə olan halda iddiaçıya təyin edilmiş əlillik müddətsiz olaraq təyin edilsə də, sonradan qanunsuz və əsassız olaraq iddiaçıya müddətsiz olaraq təyin edilmiş 2-ci dərəcəli əlillik ləğv edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarının 4.4-cü bəndinə əsasən “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası istisna olmaqla) və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddətsiz müəyyən edilir. Göründüyü kimi, inzibati orqan tərəfindən «İnzibati icraat haqqında» AR Qanununun müddəaları, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020ci il tarixli, 11 nömrəli Qərarının 4.4-cü bəndinin tələbləri pozulmuşdur. İş materiallarından göründüyü kimi müddətsiz olaraq cavabdeh inzibati orqan tərəfindən əlillik təyin edilmişdir. Həmin əlillik təyin olunan zaman cavabdeh inzibati orqan tərəfindən qanunvercilikdə nəzərdə tutulmuş bütün prosedurlara riayət olunmuşdur. Buna baxmayaraq cavabdeh inzibati orqan tərəfindən hər hansı bir mötəbər və əsaslı sübut göstərilmədən qanunvericiliklə ona verilmiş səlahiyyətindən sui-istifadə etməklə iddiaçının əlillik qiymətləndirilməsinin ləğvinə yönələn hərəkətlər etməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə etiraz təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtinə (iddia müddəti) cavab verməklə təqdim olunmuşdur. Belə ki, iş materialları ilə mübahisələndirilən qərarın iddiaçıya təqdim (elan) edilməsi, eləcə də qərarda həmin inzibati akta qarşı mümkün hüquqi müdafiə vasitələrinin izah olunması müəyyən edilməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə doğulmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır. -İddiaçı əlillik vəziyyəti Bakı şəhər X4 4083003AACC7 saylı göndərişi əsasında xx.xx.2017-ci il tarixində elektron qaydada qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən 5 il müddətinə 2-ci dərəcə əlillik təyinatı aparılmışdır. -"xxxx" QSC-nin Həkim Sanitar Xidmətinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 dekabr 2018-ci il tarixli, **********1 nömrəli məktubuna dair ünvanladığı 86-46 nömrəli, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, QSC-nin Həkim Sanitar Xidmətinin tabeliyində olan tibb müəssisələri tərəfindən dəmir yolçulara, onların ailələrinə həmçinin müvafiq qanunverciliyin tələblərinə uyğun olaraq həmin müəssisələrin yerləşdiyi ərazilərdə məskunlaşan məcburi köçkünlərə və digər şəxslərə aidiyyəti tibb xidmətləri göstərilir. Nazirliyin müraciətində qaldırılan məsələ ilə bağlı tərəflərindən ətraflı araşdırma aparılmış məktubda qeyd edilən 52 nəfər şəxsdən 1 nəfərə (X2) həkim sanitar xidmətinin tabeçiliyində olan tibb müəssisələri tərəfindən tibbi göndərişin verilməsi iə bağlı hər hansı məlumat aşkar edilməmişdir. Tibbi göndərişlərin tərtib olunduğu digər şəxslərə aidiyyəti tibb müəssisləri, o cümlədən dövlət və özəl tibb mərkəzləri tərəfindən verilmiş tibbi rəylərin və epikrizlərin əsaslılığının müəyyən edilməsi məqsədi ilə həmin qurumlara sorğular edilmiş, qeyd edilən şəxslərdən 39 nəfəri göstərilən tibb müəssislərində müayinə və müalicə olunmadıqları, verilmiş tibbi rəylərin və epikrizlərin müəssisələrin rəsmi qeydiyyat kitablarında qeydiyyatdan keçmədiyi müəyyən olunmuşdur. Məktuba əlavə edilən siyahıda adları qeyd edilən 39 nəfər barəsində Həkim Sanitar Xidmətinin tabeçiliyində olan tibb müəssisləri tərəfindən verilmiş tibbi göndərişlərin etibarsız hesab edilməsi məsələsinə baxılması məqsədəuyğundur. Həmin siyahıda iddiaçının adı 11-ci qrafa göstərilmişdir. -Əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması məqsədi ilə “Azərbaycan Dəmir Yolları QSC” və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə araşdırılma həyata keçirilmiş və rəsmiləşdirilmiş göndərişlərin əsaslılığı yoxlanılaraq aparılmış əlillik təyinatlarının ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “əlillik” altsistemində vətəndaşa dair tibbi sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı xx.xx.2019-cu il tarixdə etibarsız hesab olunmuşdur. -İddiaçı tərəfindən cavabdeh orqanın etibarsızlığa yönəlmiş hərəkətlərinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət olunmuş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-391/2020 saylı qərarı ilə iddia rədd edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(103)-663/2021 saylı qərarından görünür ki, iddiaçının apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-391/2020 saylı qərarı ləğv edilmiş, iddia təmin edilmiş, iddiaçının xx.xx.2019-cu il tarixdən əlilliyin bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. -Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-489/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(103)-663/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. -Əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması çərçivəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “ürək xəstəlikləri”nə dair şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədi ilə bəzi şəxslər barədində inzibati icraat başlanılmışdır. Bununla əlaqədar olaraq cavabdeh orqan tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli, 3-17-4/2-R-26861/2025 nömrəli bildiriş göndərilmişdir. Adıçəkiən Bildirişdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 Yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.7-ci bəndinə əsasən iddiaçı xx.xx.2023-cü il tarixində saat 12:30-da Agentliyə əyani müayinəyə dəvət edilmişdir. -cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-1-95339/2023 nömrəli qərarından görünür ki, xx.xx.2023-cü ildən etibarən “tam reablitasiya olunması” barədə tibbi-sosial ekspert komissiyası tərəfindən qərar qəbul edilmişdir. -Cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, əlillik təyinatı barədə qəbul edilmiş qərarların əsaslılığına şübhə yaradan halların AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılması çərçivəsində “Ürək xəstəlikləri”nə dair şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanılmışdır. “İnzibati icraat haqqında” Qanunun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etməsi üçün vətəndaşın qeydiyyat ünvanına xx.xx.2023-cü il tarixli bildiriş məktubu göndərilərək xx.xx.2023-cü il tarixdə Agentliyə əyani müayinəyə dəvət olunmuşdur. Həmin tarixdə İddiaçı əyani müayinədə iştirak etmiş, təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından AR NK-nın göndərişin rəsmiləşdirildiyi tarixə qüvvədə olan xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və cavabdehin əlilliyin ləğv edilməsində ifadə edilən qərarı qanunauyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanundan: -2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olanmüəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibatiorqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi vəya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam. -13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. -13.3-cü maddəsinə müvafiq olaraq, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.4-cü maddəsinə görə, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. -13.5-ci maddəsinə müvafiq olaraq, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. -24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsbedən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından vənəzərə alınmasından imtina edə bilməz. -24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: ... 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; ... -61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. -64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. -64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. -65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. -65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. -65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. -67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiyabaxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. -67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. -67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməkləinzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. -67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. -67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi Tibbi Sosial Ekspert komissiyası tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Həmin Qaydanın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Beləliklə, işin müəyyən edilmiş hallarına görə, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2017-ci ildə 5 il müddətinə ümumi xəstəlik səbəbindən 2-ci dərəcəli əlillik təyin edilmişdir. Sonradan "xxxx" QSC-nin Həkim Sanitar Xidmətinin cavabdeh inzibati orqanın xx.xx.2018-ci il tarixli sorğusuna cavab olaraq verilmiş xx.xx.2019-cu il tarixli məktubu və məktuba əlavə edilmiş siyahı nəzərə alınaraq iddiaçıya təyin edilmiş əlillik dərəcəsi xx.xx.2019-cu il tarixdə etibarsız hesab edilmişdir. İddiaçı qeyd olunan qərarı məhkəmə qaydasında mübahisələndirmiş, nəticədə cavabdehə qarşı iddiası təmin olunmuş və məhkəmə qərarı ilə iddiaçının xx.xx.2019-cu il tarixdən əlilliyinin bərpa edilməsi cavabdehə həvalə edilmişdir. Qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı cavabdeh inzibati orqan tərəfindən icra edilmiş və iddiaçının əlilliyi xx.xx.2019-cu il tarixdən müddətsiz olaraq bərpa edilmişdir. Bundan sonra cavabdeh DTSERA eyni əsaslar üzrə, yəni iddiaçının əlilliyinin düzgünlüyünü şübhə altına alan əsaslı sübutların təqdim edilməsi ilə bağlı ("xxxx" QSC-nin Həkim Sanitar Xidmətinin məktubu) inzibati icraatı təzələmiş, iddiaçını əyani müayinəyə cəlb edərək, onun tam reabilitasiya olunması ilə əlaqədar xx.xx.2023-cü il tarixli qərarla əlilliyinin ləğv edilməsi barədə qəbul etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixli qərar qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməmiş və həmin qərarı qəbul edərkən əlilliyin ləğvi üçün səbəb olan sənədlər üzrə aşkar edilmiş məlumatların 1 il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamış və beləliklə də, iddiaçının qanunla qorunan etimad hüququnu nəzərə almamışdır. Belə ki, ləğv edilən xx.xx.2023-cü il tarixli qərar iddiaçıya münasibətdə əlverişli inizbati akt hesab olunur. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Cavabdehin həmin qərarı qəbul etməsi üçün əsas "xxxx" QSC-nin iddiaçıya verilmiş tibbi göndərişin etibarsız sayılmasına dair məlumatı, başqa sözlə sübutun qeyrimötəbərliyi olmuşdur. Nəzərə almaq lazımdır ki, inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə materiallardan və işin araşdırılmış hallarından qeyd olunan qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş halların mövcudluğu öz təsdiqini tapmamış, cavabdeh tərəfindən bu qənaətin əksini təsbit edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, həmin qanunun 67.12-ci maddəsinə müvafiq olaraq, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Məhkəmə razılaşır ki, baxılan işdə iddiaçının əlilliyinin düzgünlüyünü şübhə altına alan əsaslı şübhələrin mövcudluğu təsdiq olunur. Bununla belə yuxarıda qeyd olunduğu kimi həmin şübhələrin mövcudluğu halında belə, qanunvericilik inzibati icraatın təzələnməsi və qanunamüvafiq icraat aparılması üçün konkret müddət müəyyən etmişdir. Göstərilənləri işin hallarına tətbiq edərək məhkəmə qeyd edir ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə əlillik təyin edildiyi halda cavabdeh inzibati orqan ilk dəfə 2019-cu ilin mart ayında, yəni təxminən 1 il, 9 ay sonra sonra icraata başlamış və ilə iddiaçıya əlillik təyin edilməsi barədə xx.xx.2017-ci il tarixli qərarı ləğv etmək əvəzinə, etibarsız hesab sayılması barədə xx.xx.2019-cu il tarixli qərar qəbul etmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində inzibati aktın etibarsız sayılması üçün əsaslar dəqiq göstərilmişdir və həmin halların heç biri iddiaçının əlilliyinin etibarsız sayılması üçün qərarın qəbul edilməsi üçün hüquqi baza kimi çıxış etmirdi. Bundan başqa, “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.7-ci bəndinədən göründüyü kimi, TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, şəxsin əyani müayinəsinin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edilir. Bu mənada cavabdeh inzibati orqan əldə etdiyi sübutları təzələnmiş inzibati icraatda qiymətləndirib, 67.6-cı maddədəki əsaslar üzrə dəyərləndirməli, beləliklə də 67.12-ci maddəyə və yuxarıda göstərilən Qaydanın 3.7-ci bəndinə uyğun nəticəyə gəlməli idi. Qeyd olunmalıdır ki, şəxsə əlillik qiymətləndirilməsi cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Nəhayət, bu, məhdud ictimai resursların qeyri-məqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün qiymətləndirmə ilə bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur. Hazırkı halda cavabdeh inzibati orqan 2019-cu ildəki icraat üzrə deyil, təxminən 4 il sonra, yəni xx.xx.2023-cü il tarixdə təzələnmiş icraat üzrə səhvini düzəltmək üçün qanunla nəzərdə tutulmuş inzibati icraat aparmaq və təqdim edilmiş sübutlara hüquqi qiymət vermək qərarına gəlmiş, bu isə qanunsuz əlverişli inzibati aktın ləğv edilməsi üçün nəzərdə tutulan müddətin ötürülməsi ilə nəticələnmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının “İnzibati icraat haqqında” Qanunun 13.3, 13.4 və 67.5-ci maddəsinə əsasən etimadın qorunması hüququna istinad etməkdə haqlıdır. Nəzərə alınmalıdır ki, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin hər hansı bir məsələ ilə əlaqədar müddət tətbiq etməkdə məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etməkdən ibarətdir. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə bildirir ki, cavabdeh inzibati orqan dövlətin ona verdiyi səlahiyyətə əsasən əlillik təyinatının reallaşdırılması üçün zəruri olan bütün addımları atmaqda səlahiyyətlidir. Digər inzibati orqanlar kimi əlillik təyinatını həyata keçirən cavabdeh də öz fəaliyyət sferasına aid bütün normativ hüquqi aktları dəqiq bilməli və onları düzgün tətbiq etməlidir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqan hazırkı aparılmış inzibati icraat üzrə TSEK qərarının əsaslılığına şübhə doğuran hal kimi "xxxx" QSC-nin yuxarıda qeyd olunan məktubunu əsas götürsə də, əslində səhv təyinata səbəb olan hal elə həmin vaxt cavabdeh inzbati orqana məlum olduğundan, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı ləğv etməsi qanuni sayıla bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollefgiyasının 2-1(102)-3135/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında (üç ulduzla işarələnmiş) analoji hüquqi mövqe əks etdirilmişdir. Göstərilənələrə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin idarə heyətinin xx.xx.2023-cü il tarixli qərarının İddiaçı aid hissədə ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar