Məhkəmə qərarları › İş №2-1(112)-7480/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7480/2021

10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7480/2021 10.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun Qarabağ əlili kimi həyat yoldaşı, iki oğlu, bir qızı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması ilə bağlı sərəncam verilməsi öhdəliyinin Cavabdehnə həvalə edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Qarabağ döyüşlərində iştirak edərək əlil olmuş, İİ qrup müddətsiz əlildir. Bunu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 27.01.2020-ci il tarixli, **********6 saylı arayış təsdiq edir. Qarabağ döyüşlərində iştirakla əlaqədar 350 manat müddətsiz prezident təqaüdü alır. Pensiyaçı kimi isə ömürlük 260 manat pensiya alır. Mənzil şəraitinn yaxşılaşdırılmasına ehtiyacı var. Hal-hazırda yaşadığı mənzilin ümumi sahəsi 39.69 kv.m-dir. Bu isə 5 nəfərlik ailə üçün həddən artıq kiçikdir. Mənzil növbəsinə götürülmə ilə əlaqədar Cavabdehnə müraciət etsə də ona bildirilmişdir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydaları Azərbaycan Respublikası Nazirləri Kabineti tərəfindən müəyyən edilmədiyindən xahişinizin təmin edilməsi imkan xaricindədir”. Hesab edir ki, Cavabdeh imtinası qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 13.11.2019-cu il tarixli, **********58 nömrəli və 10.01.2020-ci il tarixli, **********85, **********86, **********87 nömrəli arayışlara əsasən müvafiq olaraq İddiaçı, X1, X3, X11 adına Bakı şəhər inzibati ərazi vahidi üzrə mənzil özəlləşdirilməsi barədə daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarələrinin arxiv fondunda məlumat yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Sabunçu Bələdiyyəsinin 30.06.2021-ci il tarixli, 59 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı; 09.01.1971-ci il təvəllüdlü X4; 03.12.1999-cu il təvəllüdlü X18; 02.08.2001-ci il təvəllüdlü X3 adına Sabunçu bələdiyyəsi tərəfindən bələdiyyə ərazisində torpaq sahəsi ayrılmamışdır. İş materiallarına əlavə edilmiş Sabunçu rayon Mənzil Kommunal Təsərüffat Birliyinin 44 saylı Mənzil Kommunal İstismar Sahəsinin 06.07.2021-ci il tarixli, 292 nömrəli arayışında qeyd edilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, həqiqətən o, Bakıxanov qəsəbəsi, Əfəndiyev küçəsi, 1 a saylı evin 29 nömrəli mənzilində pasport qeydiyyatındadır. Ailə tərkibi: X4 - h/yoldaşı, X18 - oğlu, X12 - oğlu, X19 - qızı. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin təqdim etdiyi 13.07.2021-ci il tarixli, **********48 nömrəli məktubunda bildirilmişdir ki, 1961-ci il təvəllüdlü İddiaçı adına ünvan 2 ünvanı (1/3 hissə) qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Sorğuda qeyd olunan digər şəxslərin adına hazırda Bakı şəhəri üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmənin sorğusu ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 30.08.2021-ci il tarixli, **********13 nömrəli və 12.11.2021-ci il tarixli, **********41 nömrəli məktublarla təqdim edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, ev 1a, 29 saylı mənzilə və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Müslüm Maqomayev küçəsi, ev 30, 7 saylı mənzilə dair hüquqmüəyyənedici sənədlərin surətlərindən görünür ki: - Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 1MK-2490/2007 nömrəli, 03 may 2007-ci il tarixli qətnaməsi ilə iddiaçı X7 apelyasiya şikayəti təmin olunmuş, iş üzrə Bakı şəhəri, Əzizbəyov rayon məhkəməsinin 05 dekabr 2006-cı il tarixli qətnaməsinə dəyişiklik edilmiş, ilkin iddia ərizəsi qismən, qarşılıqlı iddia ərizəsi bütövlükdə təmin olunmuş, X13, İddiaçı, X7 mərhum X8 birinci növbəli vərəsələri tanınması, mərhum X5 miras qalmış Bakı şəhəri, Buzovna qəsəbəsi, M.Maqomayev küçəsindəki 30 saylı evin 7-ci mənzilinin 1/3 hissəsinə X9, 1/3 hissəsinə X7, 1/3 hissəsinə İddiaçı vərəsəlik hüquqlarının tanınması, iddiaçılar X13, X14 və X2 həmin mənzilə köçürülməsi, qalan hissədə ilkin iddia ərizəsinin təmin olunmaması qət edilmişdir. - Qətnamə 03 may 2007-ci ildə qanuni qüvvəsini almış, 20 iyun 2007-cı il tarixdə İcra vərəqəsi verilmişdir. - Əzizbəyov Rayon İcra Hakimiyyətinin 27.12.2002-ci il tarixli, 034058 nömrəli orderi ilə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Qarabağ əlilləri üçün inşa edilmiş mənzil X10 istifadəsinə verilmişdir. Ailə üzvləri: İddiaçı, 1961 - özü, İmranova K.Ə, 1971 - h/yoldaşı, Məmmədov H.N., 1999 - oğlu, Məmmədzadə F.N., 2001 - oğlu. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, ev 1a, 29 saylı mənzil ümumi sahəsi 75 kv.m olmaqla xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına 22.07.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 22.07.2021-ci il tarixli Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, ev 1a, 29 saylı mənzilin texniki pasportuna əsasən mənzil 2 otaqlı, ümumi sahəsi 75 kv.m, yaşayış sahəsi 39 kv.m-dir. İş materiallarına əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı çıxarışa əsasən Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, Müslüm Maqomayev küçəsində istifadədə olan 0,0581 ha torpaq sahəsində yerləşən 30 nömrəli ünvanda 36 kv.m ümumi, 36 kv.m yaşayış sahəsindən ibarət 7 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə X9 1/3 hissə, X7 və İddiaçı 1/3 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 567 nömrəli reyestr kitabında qeydiyyata alınmışdır. Cavabdeh Bakı şəhəri Cavabdeh iddiaçının müraciətinə cavab olaraq ünvanladığı 01.06.2021-ci il tarixli, M-584-068 nömrəli məktubunda bildirilmişdir ki, sizin Cavabdehnə daxil olmuş mənzil növbəsinə qəbul olunmağınız barədə 14.12.2020-ci il tarixli ərizənizə baxıldı. Ərizənizlə əlaqədar nəzərinizə çatdırılır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-cı maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydaları müvafiq İcra Hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilmədiyindən xahişinizin təmin edilməsi imkan xaricindədir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi məcburetmə haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtləri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi və inzibati aktın qəbul edilməsindən imtina barədə məlumatın verildiyi vaxtdan 30 gün müddətində məhkəmədə iddia qaldırmasıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş və cavabdehin verdiyi 01.06.2021-ci il tarixli imtina cavabından sonra iddia ərizəsini 09.06.2021-ci il tarixdə poçt xidmətinə təqdim etmiş, beləlikə, 30 günlük iddia müddətini ötürməmişdir. İddia mahiyyət üzrə əsassızdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. -30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. -48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. -49.4-cü maddəsinə əsasən yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra - uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. -50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). -50.2-ci maddəsinə görə vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. -51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. -51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. -51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra - uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. -51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. -53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Qeyd edilən normalardan görünür ki, yaşayış sahəsinə ehtiyacı olan vətəndaş yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədləri müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar onun yaşayış sahəsi ilə təmin olunma səviyyəsini müəyyən edən yaşayış sahəsinin uçot normasıdır. Bu zaman uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan vətəndaşlar hesab olunurlar. ““Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu il tarixli 153 nömrəli Fərmanının 1.3-cü bəndi ilə Mənzil Məcəlləsinin 49.5-ci maddəsində nəzərdə tutulmuş dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün yaşayış sahəsinin uçot normasının və 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının müəyyən edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır. Lakin hazırkı tarixədək bu qaydalar qəbul edilməmişdir. Hazırda Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və yaşayış sahələrinin bölüşdürülməsi haqqında Nümunəvi qaydalar”ı qüvvədədir ki, həmin Qaydaların 26-cı hissəsinə əsasən yaşayış sahəsi vətəndaşlara, bir qayda olaraq, bir ailə üçün ayrıca mənzil şəklində, Azərbaycan SSR Mənzil Məcəlləsinin müəyyən etdiyi mənzil sahəsi norması həddində, lakin hər adama 8 kvadratmetrdən az olmamaqla verilir. Bu normanı əsas götürən məhkəmə qeyd edir ki, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onun yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas qismində çıxış edən yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması 8 kvadratmetrdən az ola bilməz. İşin sadalanan hallarından müəyyən olunur ki, iddiaçının ailə üzvləri 09.01.1971-ci il təvəllüdlü arvadı X4 və üç övladıdır - 03.12.1999-cu il təvəllüdlü X18, 02.08.2001-ci il təvəllüdlü X12 və 15.08.2008-ci il təvəllüdlü X15r. İddiaçının hazırda mülkiyyətində iki mənzil mövcuddur. Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, Müslüm Maqomayev küçəsində yerləşən 36 kv.m-dən ibarət mənzil 1/3 hissədə, yəni 12 kv.m hissədə iddiaçının paylı mülkiyyətindədir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, ev 1 a, 29 nömrəli mənzil isə ümumi sahəsi 75 kv.m olmaqla iddiaçının adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Hər iki mənzilin sahəsini Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən 50.2-ci maddəsinin tələbi baxımdan nəzərə aldıqda iddiaçıya məxsus mənzillərin yaşayış sahələrinin ümumi sahəsinin cəmi 87 kv.m (12 kv.m+75 kv.m) edir ki, bu da 5 nəfər ailə üzvü üçün nəzərdə tutulmuş normadan - 40 kv.m-dən (5x 8 kv.m) artıqdır. Bundan əlavə, iddiaçının hazırda yaşadığı Qarabağ əlilləri üçün inşa edilmiş və iddiaçının adına qeydiyyata alınmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, ev 1 a, 29 nömrəli mənzil belə ayrılıqda götürdükdə belə qeyd edilən mənzil iddiaçı və ailə üzvləri üçün uçot norması daxilindədir. Belə ki, sözügedən mənzil istər ümumi sahəsinin ölçüsü 75 kv.m, istərsə də mənzilin texniki pasportuna əsasən yaşayış otaqları olan iki otağın ölçüsü 39 kv.m (16.1 kv.m+22.9 kv.m) nəzərə alındıqda mənzilin sahəsi yenə də ailə üzvlərinin adambaşına düşən uçot norması tələbinə cavab verir. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, iddiaçının hazırda mülkiyyətində olan mənzillərin sahəsi onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas vermir. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan mənzil qanunvericiliyinin məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin edir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyaclarının ödənilməsi üçün köməklik göstərilməsidir. Hazırkı halda iddiaçı özünün həqiqətən də sosial müdafiəyə, həyat şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs olmasını sübuta yetirə bilməmişdir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınma” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar