Məhkəmə qərarları › İş №2-1(112)-7480/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7480/2022

19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7480/2022 19.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “sosial təyinatlı mənzilin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ona Abşeron rayonu ərazisində (Bakı-Quba yolunun üstündə) verilmiş mənzilin Bakı şəhərində yerləşən sosial təyinatlı binalardakı mənzillə dəyişdirilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən ilk cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 izahatında bildirdi ki, iddiaçı valideyn himayəsindən məhrum olmuş məzun olaraq cavabdeh tərəfindən Abşeron rayonu ərazisində (Bakı-Quba yolunun üstündə), yəni iddiaçı üçün əlverişli olmayan rayonda və yerdə imtiyazlı şəxs kimi 1 otaqlı mənzillə təmin edilmişdir. İddiaçı xx.xx.1988ci ildə Bakı şəhərində anadan olmuş, valideyn himayəsindən məhrum edilmiş, 2007-ci ildən Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən 16 saylı (hazırda 12 saylı) İnternat məktəbini bitirmiş və uzun illər Bakı şəhərində işləyir və yaşayır. Bakı şəhərində Hövsan, Yasamal, Qara Qarayev, Ramana, Neftçilər ərazisində sosial təyinatlı binalar inşa edilmişdir. Bakı şəhərində kifayət qədər sosial təyinatlı binaların olmasına baxmayaraq, cavabdeh tərəfindən iddiaçıya Abşeron rayonu ərazisində (Bakı-Quba yolunun üstündə) 16 sentyabr 2021-ci il tarixində axşam saatlarında mənzil verilmişdir. İddiaçı oraya taksi ilə getməli olmuş, axşam olduğundan taksidə istiqaməti və uzaqlığı, mənzilin yerləşdiyi coğrafi ərazini dəqiq müəyyən edə bilməmişlər. Cavabdeh orqanın əməkdaşı hətta binadakı mənzili iddiaçıya göstərmədən qaranlıq vaxtı həyətdə mənzilin təhvil verilməsi aktına iddiaçıya qol çəkdirmişdir. Növbəti günü səhər çağlarında iddiaçı həmin mənzilin Bakı şəhərində işlədiyi əraziyə çox uzaq olduğunu, nəqliyyat xətlərindən çox uzaqda yerləşdiyini, ətrafda yaşayış üçün lazım olan infrastrukturun olmamasını görəndən sonra dərhal cavabdehə müraciət edib iradlarını bildirmişdir. İddiaçı həmin mənzildən hər gün Neftçilər metrosu ərazisinə kimi böyük məsafə qət etməli və qazandığı pulları yollarda xərcləməli olur. Həm maliyyə baxımından, həm də fiziki baxımından bu yaşayış yeri iddiaçıya sərf etmir. İddiaçı dövlətdən heç bir maliyyə yardımı almır, qazandığı pulları yol puluna sərf olunduğundan kommunal xərcləri ödəyə bilmir. İddiaçı mənzilin Bakı şəhərinə dəyişdirilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh orqan tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdeh orqan Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 492s nömrəli sərəncamına istinad etsə də, Nazirlər Kabinetinin saytında belə bir sərəncam ümumiyyətlə yoxdur. Abşeron rayonunun uzaq bir yerində mənzillə təmin olunmağı iddiaçını cəmiyyətə inteqrasiya etmir, əksinə daha da təcrid edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, iddiaçı xx.xx.2021-ci il tarixində Abşeron rayonu, Yeni yaşayış kompleksində 1 otaqlı mənzillə təmin olunmuşdur. Bu barədə tərəflər arasında təhvil-təslim aktı imzalanmış, bununla da iddiaçı mənzilə razılıq barədə iradə ifadəsini əks etdirmişdir. Əvvəllər valideyn himayəsindən məhrum olmuş məzunlara mənzilin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 7 oktyabr tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün "xxxx" Sosial Müəssisəsinin Nizamnaməsi ilə, hal-hazırda isə Nazirlər Kabinetinin 2021-ci il 16 avqust tarixli 492s Sərəncamı ilə tənzimlənir. Belə ki, mənzil təminatı ilə bağlı mövcud qanunvericilikdə mənzil verilərkən hər hansı ərazi meyarları əsas tutulmamış, əsas prinsip vətəndaşın sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzil təminatı məsələsi olmuşdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən İddiaçı nümayəndəsi X4 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış bu kateqoriyadan olan şəxslərin 2014- 2028-ci illər ərzində və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamının icrası çərçivəsində Siz 16 sentyabr 2021-ci il tarixində ünvan 1 ünvanında birotaqlı 18 nömrəli mənzillə təmin edilmisiniz. Sizə təqdim olunmuş mənzilin dəyişdirilməsi mümkün deyil. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq 16 sentyabr 2021-ci il tarixində ünvan 2 ünvanında 48 nömrəli birotaqlı mənzil təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş İddiaçı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndələrinin iştirak ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli Mənzillərin imtiyazlı şəxslərə təhvil verilməsi haqqında aktın surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021ci il 16 avqust tarixli 492s Sərəncamının icrası çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonu, Yeni yaşayış kompleksi 1 otaqlı mənzil imtiyazlı şəxs İddiaçı təhvil verilmiş, vətəndaş İddiaçı təhvil zamanı mənzilin təmir işlərində, avadanlıq, qurğu və inventarların təchizatında (mənzil tam təmirlidir, hamam və qovşaqlar üçün santexnik cihazlarla, elektrik və ya qaz plitəsi ilə təchiz edilmişdir) heç bir nasazlıq və ya çatışmazlıq aşkar olunmadığını və ona püşkatma yolu ilə təqdim olunmuş mənzilin mərtəbəsindən, otaq sayından, təmirindən razı olmasını imzası ilə təsdiq etmişdir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin məlumatdan görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrinin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyinlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamına əsasən İddiaçı Abşeron rayonu, Yeni Yaşayış kompleksindən (bina 43, mənzil 48, 1 otaq) mənzil verilmişdir. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin sosial müdafiəsi mövcud qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən təmin olunur və qorunur. Müvafiq icra hakimiyyəti orqanları valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların və onların arasından olan şəxslərin sosial müdafiəsi üzrə məqsədli proqramları hazırlayır və həyata keçirir, onlar üçün mərkəzləşmiş xüsusi yaşayış yerləri, habelə təhsil, sosial xidmət və digər müəssisələrin bazasında sosial uyğunlaşma və reabilitasiya üzrə dövlət müəssisələri yaradırlar. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin sosial müdafiəsi üzrə maliyyə xərcləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən minimum dövlət sosial standartlarına əsaslanır. 7-ci maddəsinə əsasən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə aid olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri verilir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 492s nömrəli Sərəncamının: 1-ci hissəsinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində inşa edilmiş 930 mənzil, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində inşa edilmiş 154 mənzil, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində inşa edilmiş 771 mənzil, Abşeron rayonunda inşa edilmiş 1890 mənzil, Lənkəran rayonunda inşa edilmiş 45 mənzil, Samux rayonunda inşa edilmiş 197 mənzil, həmçinin 2021-ci ilin sonunadək təhvil verilməsi nəzərdə tutulan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində inşa edilən 576 - mənzilin və Abşeron rayonunda inşa edilən 1152 mənzilin hesabına Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli 1633 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli sərəncamlarının 1-ci hissələrində nəzərdə tutulmuş şəxslərin, habelə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda uçota alınmış yuxarıda qeyd edilən sərəncamlara uyğun kateqoriyadan olan 2020-ci il ərzində uçota götürülmüş şəxslərin, eləcə də bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan, gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə istifadə edilməsi qərara alınmışdır. 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq müvafiq kateqoriyadan olan şəxslərə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzillərin verilməsinin təmin edilməsi tapşırılmışdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrinin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyinlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamına əsasən İddiaçı Abşeron rayonu, Yeni Yaşayış kompleksindən (bina 43, mənzil 48, 1 otaq) mənzil verilmişdir. Hazırda iddiaçı ona Abşeron rayonu ərazisində verilmiş mənzilin Bakı şəhərində yerləşən sosial təyinatlı binalardakı mənzillə dəyişdirilməsini tələb edir. Lakin iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı və cavabdehin nümayəndələrinin iştirak ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli Mənzillərin imtiyazlı şəxslərə təhvil verilməsi haqqında akta əsasən qeyd olunan mənzil İddiaçı tərəfindən təhvil alınmış, təhvil zamanı iddiaçı ona püşkatma yolu ilə təqdim olunmuş mənzildən razı olmasını imzası ilə təsdiq etmişdir. Göründüyü kimi, iddiaçı imtiyazlı şəxs kimi mənzillə təmin edilmiş, mənzil iddiaçı tərəfindən qəbul edilmiş və iddiaçının mənzillə bağlı, o cümlədən mənzilin yerləşdiyi ərazi ilə bağlı hər hansı iradı olmamışdır. İddiaçının mənzillə təmin edilməsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar