Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7481/2022 29.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (3-cü şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, X4) “məlumatların təqdim edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X1 qanuni nümayəndəsi Qanuni nümayəndə Əli qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (3-cü şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) “məlumatların təqdim edilməsi” barədə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən iddiaçının müraciətində tələb olunan – "xxxx" kollektiv Müəsissəsinin (VÖEN: **********) mülkiyyətində olmuş “Əmlak Kompleksi”nin və torpaq sahəsinin əldə edilməsinə görə hansı vergilərin və müvafiq vergilərin həqiqətən ödənilib-ödənilməməsi, eləcə də aparılmış özgəninkiləşdirmə əməliyyatının qanuni olub-olmaması, məsuliyyətə cəlb olunubolunmaması, X4 tərəfindən Əmlak Kompleksi və torpaq sahəsi mülkiyyətinə təhvil götürülən zaman, onun tərəfindən qanunun tələblərinə əməl olunmasını müəyyən etmək üçün- yəni vergi qanunvericiliyinin pozulub-pozulmamasını, eləcə də qanun pozuntusuna görə məsuliyyətə cəlb olunub-olunmaması, vergi ödənişləri üzrə borcun yaranıbyaranmamasını; vergi ödəyicisi kimi, o cümlədən ƏDV-nin məqsədləri üçün qeydiyyatda olub-olmamasını; vergi ödəyicisi olaraq sahibkarlıq fəaliyyətinin, həmçinin vergi tutulan əməliyyatlarının dayandırılıb-dayandırılmamasını, eyni zamanda riskli vergi ödəyicisi olubolmamasını müəyyən etməkdən ötrü dolğun məlumatların təqdim olunması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Bundan sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, qeyd etmişdir ki, iddia ərizəsi X5 adından məhkəməyə təqdim olunsa da, iddia ərizəsinin başlanğıcında “İddiaçı X1 qanuni nümayəndəsi Qanuni nümayəndə Əli qızı” kimi göstərilməklə yanlışlığa yol verilmişdir. Odur ki, yalnışlığ düzəldərək X3 əsl iddiaçı olaraq qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul edilməsi, iddiaçı X1 qanuni nümayəndəsi Qanuni nümayəndə Əli qızı əsl iddiaçı X5 ilə əvəz edilməsi qərara alınmışdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq Məhkəmə iddianın mümkün iddia olması ilə bağlı qeyd etmək istəyir ki, hər kəsin məlumat əldə etmək üçün müraciət etmək hüququ vardır. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu məlumat azadlığının həyata keçirilməsinin fiziki və hüquqi şəxslərin hüquq və mənafelərinin pozulmasına səbəb olmamasını, məlumatın əldə edilməsi üçün sorğunun verilməsi və məlumat əldə edilməsi haqqında sorğuya baxılması "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənməsi nəzərdə tutmuşdur. Qeyd olunmalıdır ki, qüvvədə olan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 30.2-ci maddəsində, “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanunun 4.1-ci maddəsində nəzərdə tutulmuş istisnalar, yəni kommersiya və ya vergi sirri olmayan məlumatların təqdim edilməsi məlumat azadlığı prezumpsiyası baxımından mümkündür. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malik olmuşdur. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “Vətəndaşların müraciətləri haqqında” Qanunun: 1.1. Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. 3.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 3.0.2. müraciət – müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən fərdi və ya kollektiv təklif, ərizə, şikayət 3.0.4. ərizə – hüquq və azadlıqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət; 3.0.5. şikayət – pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət; 3.0.11. yazılı müraciət – kağız üzərində və ya elektron formada tərtib edilmiş müraciət; 3.0.14. təkrar müraciət – müraciətin bu Qanunla müəyyən edilmiş baxılması müddəti ötdükdə və ya həmin müraciət cavablandırıldıqda eyni şəxsin eyni məsələ ilə bağlı eyni müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə göndərdiyi növbəti müraciət; 5.6. İnformasiya əldə edilməsi üçün sorğunun verilməsi və informasiya əldə edilməsi haqqında sorğuya baxılması qaydası “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunun:
1. Bu Qanunun məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən, həmçinin, ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaqdan ibarətdir. 2.1. Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. 2.2. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. 2.3. İnformasiya sahibinə müraciət edən hər kəs: 2.4. Fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. 2.4-1. İnformasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın. 3.0.1. informasiya dedikdə yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar başa düşülür. 3.0.5. informasiya sahibi dedikdə informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslər başa düşülür. 3.0.6. informasiya sorğusu dedikdə informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciət başa düşülür. 3.0.7. informasiya sorğusu verən dedikdə informasiya əldə etmək üçün yazılı və ya şifahi şəkildə müraciət edən hüquqi və ya fiziki şəxs başa düşülür. 7.1.Maddi daşıyıcıda mətn, səs və ya təsvir formasında qeydə alınan və identikləşdirməyə imkan verən istənilən rekvizitli informasiya mənbəyindən, saxlanma yerindən, rəsmi statusundan, mülkiyyət növündən, mənsub olduğu təşkilat tərəfindən yaradılıb-yaradılmadığından asılı olmayaraq sənədləşdirilmiş informasiya hesab olunur. 7.2. İnformasiya sahibi sənədə malikdir, əgər: 7.2.1. informasiya sahibində mövcud olan sənəd digər informasiya sahibinə məxsus deyilsə; 7.2.2. digər informasiya sahibində mövcud olan sənəd informasiya sahibinə məxsusdursa. 9.1. Aşağıdakılar informasiya sahibləri sayılır: 9.1.1. dövlət orqanları və bələdiyyələr; 10.1. İnformasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur. 13.1. Sorğuçu informasiya sorğusunu aşağıdakı üsulla təqdim edir: 13.1.1. informasiya sahibinin vəzifəli şəxsinə bilavasitə və ya telefonla müraciət etmək yolu ilə şifahi; 13.1.2. sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılı. 14.1. Sorğuçu yazılı sorğunun aşağıdakı formalardan birində və ya mövcud olan digər formalarda təmin edilməsini tələb edə bilər: 14.1.3. informasiya sahibinin texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması və ya sənədin təsdiqlənmiş surətinin verilməsi; 18.1. İnformasiya sahibi informasiya sorğusunu daxil olduğu gün qeydə alır və bu Qanunun 12-ci maddəsində göstərilən reyestrə bu Qanunun 15.1-ci maddəsində sadalanan məlumatları daxil edir. 18.2. İnformasiya sorğusu aşağıdakı hallarda qeydə alınmır və ona yazılı cavab verilmir: 18.2.1. sorğu anonimdirsə; 18.2.2. sorğu şifahi formada verilmişsə. 21.1. İnformasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edir: 21.1.1. sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə; 21.1.2. informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə; 21.1.3. sorğuçunun hansı informasiyanı əldə etmək istədiyini aydınlaşdırmaq mümkün olmadıqda. 27-1. Sorğuçu sorğunun icrasından imtina edilməsi, yaxud lazımınca icra olunmaması barədə məhkəməyə və ya Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) şikayət etmək hüququna malikdir. İnformasiya sorğusunu icra edən informasiya sahibi sorğuçunun bu hüququnu ona izah edir və təqdim edilən cavabda (məlumatda) qeyd edir. 29.1. İnformasiya sahibi cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə malik olduğu, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış, yaxud əldə olunmuş Maddənin 29.1.1- 29.1.34-cü maddəərində nəzərdə tutulan informasiyaları açıqlamalıdır: Qanunvericiliyin tələbindən də göründüyü kimi vətəndaşın şikayət və ərizə xarakterli müraciətlərinə yuxarıda adıçəkilən Qanunun tələblərinə uyğun müddət ərzində baxılması və cavalandırılması cavabdehin vəzifəsidir. Müraciət edən şəxs isə müraciətə baxılması barədə yazılı cavab və ya müraciətin aidiyyəti üzrə göndərilməsinə dair məlumat almaq hüququna malikdir. Qeyd olunmalıdır ki, informasiya sorğusunu verən informasiya sahibinə informasiyasının təqdim edilməsi ilə bağlı müraciət edərkən, nəzərə almalıdır ki, qanunvericilik konkret olaraq informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın. Hazırki tələbdən görünür ki, iddiaçı "xxxx" Kollektiv Müəssisəsi ilə bağlı məlumatların təqdim edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmiş və bu halı Vergi Məcəlləsinin 30.2-ci maddəsinin tələblərini rəhbər tutaraq məlumatarın kommersiya sirri olması ilə əsaslandırmışdır. Məhkəmə qeyd etmək istəyir ki, hazırki iddianın mahiyyəti üzrə əsaslı olubolmaması istiqamətində dəyərləndirmənin aparılması üçün ilkin olaraq iddiaçının hüquqi şəxs ilə bağlı tələb etdiyi məlumatların nə ilə bağlı olduğu aydınlaşdırılmalı, bundan sonra isə həmin məlumatların kommersiya və ya vergi sirri olub-olmamadığı müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, iddiaçı "xxxx" kollektiv müəssisəsi barədə aşağıdaki məlumatların cavabdeh tərəfindən təqdim edilməsini arzulayır: -vergi qanunvericiliyinin pozulub-pozulmaması; -qanun pozuntusuna görə məsuliyyətə cəlb olunub-olunmaması; -vergi ödənişləri üzrə borcun yaranıb-yaranmamasını; -vergi ödəyicisi kimi, o cümlədən ƏDV-nin məqsədləri üçün qeydiyyatda olubolmamasını; -vergi ödəyicisi olaraq sahibkarlıq fəaliyyətinin, həmçinin vergi tutulan əməliyyatlarının dayandırılıb-dayandırılmamasını; -riskli vergi ödəyicisi olub-olmaması. Məhkəmə hesab edir ki, hazırki məlumatların kommersiya və ya vergi sirri olubolmamasının müəyyən edilməsinin hüquqi əsasını Azərbaycan Respublikası Vergi Məcəlləsinin və “Kommersiya sirri” haqqında Qanunun müddəaları təşkil edir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 30.1. Vergi orqanları və onların vəzifəli şəxsləri (vergi orqanlarında işlədikləri dövrdə və ya işdən çıxdıqdan sonra xidməti vəzifələrini yerinə yetirərkən, vergi ödəyiciləri haqqında əldə etdikləri və ya onlara etibar edilən hər hansı məlumatın məxfiliyini qorumağa borcludurlar. 30.2. Aşağıdakı məlumatlar istisna olmaqla, vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat vergi sirri və şəxsi həyata dair məlumat hesab olunur: 30.2.1. vergi ödəyicisinin razılığı ilə aşkar edilən; 30.2.2. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi haqqında; 30.2.3. müəssisənin nizamnamə fondu (nizamnamə kapitalı) haqqında; 30.2.4. vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri haqqında. 30.2.5. vergi ödənişləri üzrə borclar. 30.2.6. hüquqi şəxslərin dövlət reyestrindəki məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla). 30.2.7. vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün qeydiyyatda olub-olmaması haqqında; 30.2.8. bu Məcəllənin 16.3-cü maddəsinə uyğun olaraq vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının dayandırılıbdayandırılmaması haqqında; 30.2.9. vergi ödəyicisinin riskli vergi ödəyicisi olub-olmaması haqqında. 30.3. Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən vergi ödəyicisinin kommersiya sirrini təşkil edən məlumatlar və ya vergi sirri vergi orqanları, onların vəzifəli şəxsləri tərəfindən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, açılmamalıdır. Kommersiya və (və ya) vergi sirrinin açılmasına əsas etibarilə, ancaq bununla məhdudlaşmayan, vergi yoxlaması zamanı vəzifələrini yerinə yetirərkən vergi orqanının vəzifəli şəxsinə, cəlb edilmiş mütəxəssisə və ya ekspertə bəlli olmuş vergi ödəyicisinin kommersiya və (və ya) vergi sirrinin istifadə edilməsi və ya başqa şəxsə verilməsi aiddir. 30.4. Vergi orqanına daxil olmuş və kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatların qorunmasının və əldə edilməsinin xüsusi rejimi vardır. Kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən siyahı üzrə vəzifəli şəxslər əldə edə bilər. 30.5. Kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatların itirilməsi və yaxud belə məlumatların açılması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanunun: 2.0.1. kommersiya sirri - hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlar; 4.1. Aşağıdakılar istisna edilməklə, hüquqi və fiziki şəxslərin bu Qanunun tələblərinə uyğun olan məlumatları kommersiya sirri hesab edilir: 4.1.1. dövlət sirrini təşkil edən məlumatlar; 4.1.2. təsis sənədlərində əksini tapan məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla); 4.1.3. sahibkarlıq fəaliyyətinin bəzi növləri ilə məşğul olmaq hüququ verən lisenziyalar haqqında məlumatlar; 4.1.4. qanunvericilikdə nəzərdə tutulan hallarda auditor rəyi daxil olmaqla maliyyə hesabatlarında olan məlumatlar; 4.1.5. Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən vergi ödəyicisi barədə vergi sirri hesab olunmayan məlumatlar; 4.1.6. əməyin ödənilməsi formaları və məbləği barədə, əmək haqqı və sosial ödənişlər üzrə borclar, işçilərin say tərkibini, boş iş yerlərinin mövcudluğunu əks etdirən məlumatlar; 4.1.7. patent və digər mühafizə sənədləri ilə qorunan əqli mülkiyyət obyektləri haqqında məlumatlar; 4.1.8. qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qiymətli kağızların emitenti, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, mərkəzi depozitar, səhmdar investisiya fondu və investisiya fondunun idarəçisi tərəfindən açılmalı olan məlumatlar; 4.1.9. qeyri-kommersiya təşkilatlarının fəaliyyəti barədə məlumatlar; 4.1.10. özəlləşdirmənin dövlət proqramının həyata keçirilməsi və konkret obyektlərin özəlləşdirmə şərtləri barədə məlumatlar; 4.1.11. hüquqi şəxsin ləğvi və onun kreditorları tərəfindən tələblərin irəli sürülməsi qaydası və müddəti barədə məlumatlar; 4.1.12. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən barəsində məsuliyyət növü nəzərdə tutulan əməllərə dair məlumatlar ; 4.1.13. ekoloji və antiinhisar qanunvericiliyinə əməl olunması, əməyin təhlükəsizliyinin təmin edilməsi, əhalinin sağlamlığına ziyan vura bilən məhsulların satışı ilə bağlı məlumatlar; 4.1.14. kommersiya sirri rejiminin qoyulması qüvvədə olan qanunvericiliklə məhdudlaşdırılan məlumatlar; 4.1.15. telekommunikasiya operatoruna və telekommunikasiya provayderinə nömrə resursunun ayrılması, dəyişdirilməsi və geri alınması haqqında məlumatlar; 4.1.16. qanunvericiliyə əsasən kommersiya sirri hesab edilməyən digər məlumatlar. Kommersiya və ya vergi sirri dedikdə, vergi ödəyicisinin razılığı ilə aşkar edilən, VMnin 30.2-ci maddəsində və “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsində səciyyələnmiş məlumatlar istisna olmaqla, vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat başa düşülür. Vergi orqanları və onların vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən vergi ödəyiciləri haqqında əldə etdikləri və ya onlara etibar edilən hər hansı məlumatın məxfiliyini qorumağa borcludur. Kommersiya və ya vergi sirrinin açılmasına əsas etibarilə, ancaq bununla məhdudlaşmayan, vergi yoxlaması zamanı vəzifələrini yerinə yetirərkən vergi orqanının vəzifəli şəxsinə, cəlb edilmiş mütəxəssisə və ya ekspertə bəlli olmuş vergi ödəyicisinin kommersiya (vergi) sirrinin istifadə edilməsi və ya başqa şəxsə verilməsi aiddir. Qeyd olunmalıdır ki, kommersiya (vergi) sirrini təşkil edən məlumatların açılmasına görə hüququ pozuntusu subyeklətlərinin onlar üçün hüquq normaları ilə nəzərdə tutulmuş əlvərişsiz vəziyyətə düşməsi ilə nəticələnir. Adı çəkilən hüquq pozuntularının törətdiyi nəticələrə görə hüquq pozuntusuna yol vermiş şəxslər inzibati məsuliyyətinə cəlb edilə bilərlər. Məhkəmə diqqətə çatdırır ki, kommersiya və ya vergi sirrini təşkil edən məlumatların açılması yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda mümkündür. Qeyd olunmalıdır ki, qanunvericilik kommersiya və ya vergi sirrinin açılmasına görə məsuliyyətin tətbiqini dəqiq müəyyən etmiş, həmçinin kommersiya və ya vergi sirri olmayan məlumatların əhatə dairəsini konkret olaraq təsbit etmişdir. Məhkəmə qeyd etmək istəyir ki, iddiaçının cavabdeh inzibati orqana etdiyi müraciətdə tələb etdiyi məlumatlar kommersiya və ya vergi sirri hesab olunmur. Belə ki, iddiaçı ümumiyyətlə "xxxx" kollektiv müəsissəsinin vergi qanunvericiliyinin pozulubpozulmamasını, eləcə də qanun pozuntusuna görə məsuliyyətə cəlb olunub-olunmaması, vergi ödənişləri üzrə borcun yaranıb-yaranmamasını; vergi ödəyicisi kimi, o cümlədən ƏDV-nin məqsədləri üçün qeydiyyatda olub-olmamasını; vergi ödəyicisi olaraq sahibkarlıq fəaliyyətinin, həmçinin vergi tutulan əməliyyatlarının dayandırılıb-dayandırılmamasını, eyni zamanda riskli vergi ödəyicisi olub-olmaması barədə məlumatların təqdim edilməsini arzulamışdır ki, bu məlumatlar mahiyyəti etibarı ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 30.2-ci və “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanunun 4.1-ci maddəsində nəzərdə tutulmuş kommersiya və ya vergi sirri olmayan məlumatların əhatə dairəsinə düşmüşdür. Beləliklə Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən Vergi Məcəlləsinin 30.2-ci və “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanunun 4.1-ci maddələri əsasında iddiaçının müraciətindən imtina edilməsi qanunamüvafiq hesab olunmur. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki mərhələdə bu məlumatların iddiaçıya təqdim olunması üçün hər hansı üçüncü şəxsin (təsisçiləri) məhkəmə icraatına cəlb edilməsi və ya razılığının alınmasına da ehtiyac yoxdur. Belə ki, "xxxx" kollektiv müəssisəsinin hazırda ləğv edilməsi, kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması və hüquqi varisinin olmaması onu deməyə əsas verir ki, hazırki mərhələdə "xxxx" kollektiv müəssisəsi ilə bağlı məlumatların (kommersiya və ya vergi sirri olanlar istisna olmaqla) təqdim edilməsi hər hansı şəxsin hüquq və mənafelərinin pozulmasına səbəb olmur. Bundan başqa Məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, iddiaçının müraciəti üzrə cavabdeh inzibati orqan tərəfindən xx.xx.2021-ci il tarixli cavab məktubunun ünvanlanması və "xxxx" kollektiv müəssisəsinin hazırda ləğv edilməsi, kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması və hüquqi varisinin olmaması ilə bağlı məlumatın təqdim edilməsi iddiaçının müraciətinə tam cavab verilməsi kimi qiymətləndirilmir. Belə ki, iddiaçının cavab verilməsi tələb etdiyi məlumatlar yuxarıda ətraflı olaraq göstərilən məlumatlardır ki, cavabdeh bu məlumatların kommersiya və ya vergi sirri olması əsası ilə təqdim edilməsindən imtina etmişdir. Göründüyü kimi iddiaçının müraciəti üzrə məlumatlar tam təqdim edilməmişdir. Beləliklə, öhdəliyin icrası haqqında iddia tələbi ilə bağlı iddianın təmin edilməsini istisna edən faktiki şərtin mövcudluğu cavabdeh tərəfindən sübut edilməmişdir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilsin. İddiaçının müraciətində tələb olunan – "xxxx" kollektiv müəsissəsinin vergi qanunvericiliyinin pozulub-pozulmamasını, eləcə də qanun pozuntusuna görə məsuliyyətə cəlb olunub-olunmaması, vergi ödənişləri üzrə borcun yaranıb-yaranmamasını; vergi ödəyicisi kimi, o cümlədən ƏDV-nin məqsədləri üçün qeydiyyatda olub-olmamasını; vergi ödəyicisi olaraq sahibkarlıq fəaliyyətinin, həmçinin vergi tutulan əməliyyatlarının dayandırılıb-dayandırılmamasını, eyni zamanda riskli vergi ödəyicisi olub-olmaması barədə məlumatların təqdim olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov